Azərbaycan-gürcü
ədəbi əlaqələrinə yeni töhfə
Tanınmış şair Rəşid Faxralının imzası oxuculara yaxşı tanışdır. İyirmi beş kitab müəllifi olan şairin keçən il üçcildliyi də nəşr olunub. Rəşid Faxralı Borçalıda doğulub, boya-başa çatıb. Şairin ruhunun həmişə Borçalıya (Gürcüstana) meyilli olması təbiidir, deyərdim ki, təqdirediləndir. Bəlkə, onun gürcü ədəbiyyatına marağı da bu amillə bağlıdır. Rəşid Faxralı gürcü şairi Mağvala Qonaşvilinin şeirlərini dilimizə çevirib, ona poema həsr edib. Tərcümələr ("Gürcüstan simfoniyası - 1") və poema gürcü dilində ("Gürncüstan simfoniyası - 2", İmir Məmmədli tərcümə edib) eyni kitaba daxil edilib. Poemanın əsas qayəsi Gürcüstan sevgisidir. Rəşidə görə, Gürcüstan həm də orada doğulub boya-başa çatanlarındır, orada yaşayanlarındır.
Nə zamandı, nə vaxtdı
bir həsrət yaşadıram
yurd sevgisi yerinə.
Orda, Sınıq körpüdə
baxışlarım ilişir
sərhəd dirəklərinə
-yazır Rəşid Faxralı. Bu, ata yurduna tükənməz sevginin təzahürüdür. Bu günlərdə Tbilisidə kitabın təqdimetmə mərasimi keçirilib. Mərasimdə tanınmış şairlər, tənqidçilər iştirak ediblər. Gürcüstan Yazıçılar Birliyinin sədri Mağvala Qonaşvili, Cansuq Çarkviani, Zezva Medulaşvili, Tamriqo Maxaroblidze, Tbilisi şəhər meriyasının şöbə müdiri Badri Kutateladze, "Gürcüstan" qəzetinin redaktoru Süleyman Süleymanov, Məmməd Gülməmmədov, tərcüməçi Oqtay Kazımoğlu, şair-tərcüməçi İmir Məmmədli çıxış edib, kitabın bədii məziyyətlərindən danışıb, kitabı gürcü-Azərbaycan ədəbi əlaqələrinə yeni töhfə kimi dəyərləndiriblər. Tədbirin sonunda Rəşid Faxralıya və İmir Məmmədliyə Tbilisi şəhər meriyasının "Gürcü-Azərbaycan ədəbi əlaqələr səfiri" diplomu təqdim edilib.
Paşa ƏMİRCANOV
Xalq qəzeti.- 2011.- 12 may.- S. 7.