Daha bir neft sazişi həyata vəsiqə aldı

 

Azərbaycan Respublikasının Milli Məclisi Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şəfəq-Asiman" perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı işlənməsi haqqında bp ilə ARDNŞ arasında imzalanmış yeni hasilatın pay bölgüsü sazişini ratifikasiya etmişdir.

 

bp-nin Azərbaycan, Gürcüstan Türkiyə üzrə regional prezidenti Rəşid Cavanşir "Şəfəq-Asiman" sturukturunun işlənməyə cəlb edilməsini nəzərdə tutan sazişin Milli Məclisdə yekdilliklə ratifikasiya olunmasını bp-nin Azərbaycanda uğurlu fəaliyyətinin qiymətləndirilməsinin bu ölkədə uzunmüddətli öhdəliyinə olan inamın göstəricisi kimi dəyərləndirmişdir. R. Cavanşir həmçinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə tərəfdaşlıqda işləyərək geoloji-kəşfiyyat işlənmə sahəsindəki ikitərəfli əməkdaşlığı daha da genişləndirmək niyyətində olduqlarını bəyan etmişdir.

Xatırladaq ki, "Şəfəq-Asiman " perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi 2010-cu ilin oktyabrında Bakı şəhərində imzalanmışdır. Hasilatın pay bölgüsünə dair sazişin müddəti 30 ildir. Sözügedən sazişə əsasən, bp Eksploreyşn (Azərbaycan) Limitid şirkəti əməliyyatçı olmaqla müqavilədə 50 faiz paya malikdir. Yerdə qalan 50 faizlik iştirak payı isə sazişin digər iştirakçısı Azərbaycan Dövlət Neft Şirkətinə məxsusdur.

Yeri gəlmişkən, "Şəfəq-Asiman" bloku Bakıdan təxminən 125 kilometr cənub-şərqdə yerləşir. Adı çəkilən sturuktur təqribən 1100 kvadratkilometr ərazini əhatə edir. Onu da qeyd edək ki, blokda indiyədək heç bir geoloji-kəşfiyyat işi aparılmamışdir."Şəfəq-Asiman" perspektiv strukturu dənizin dərinsulu hissəsində - suyun dərinliyinin təxminən 650-800 metr təşkil etdiyi bir ərazidə yerləşir. Burada kollektorun dərinliyi təxminən 7000 metrdir.

 

 

M.YAQUBZADƏ

 

Xalq qəzeti.- 2011.-11 may.- S. 8.