Heydər Əliyev
Azərbaycanda hüquqi dövlət quruculuğunun banisidir
Xalqımız qərinələr boyu
qazandığı dövlətçilik ənənələrini
məhz Heydər Əliyev epoxasında təkmilləşdirərək
sistem halına salmış, millət kimi mövcudluğunu,
özünüidarə bacarığını ən yüksək
həddə nümayiş etdirmişdir. Azərbaycanı
müstəqil dövlət quruculuğuna aparan kəşməkəşli
və şərəfli yol əslində məhz ulu öndərin
hakimiyyətə gəlişindən sonra
başlamışdır. Heydər Əliyev böyük siyasətdə
olduğu bütün dövrlərdə şəksiz
liderliyi, qətiyyət və prinsipiallığı,
uzaqgörənliyi ilə uğur qazanıb. Çünki o,
yaşadığı dövrün mürəkkəb, ziddiyyətli
proseslərindən bacarıqla baş çıxaran, ən
çətin vəziyyətdə belə təmkinini itirməyən
və son nəticədə xalqının maraqlarını
praqmatik dəqiqliklə hesablaya bilən lider idi.
Heydər Əliyevin 1969-cu ildə respublika partiya təşkilatının rəhbəri seçilməsi də sözsüz ki, onun liderlik keyfiyyətlərinə, təşkilatçılıq bacarığına, şəxsi-intellektual imkanlarına o vaxtkı SSRİ rəhbərliyi tərəfindən verilən yüksək qiymətin göstəricisi idi. Lakin burada bir məqamı vurğulamaq vacibdir. Heydər Əliyev bu etimadın müqabilində sadəcə respublikada Moskvanın təlimat və göstərişlərini həyata keçirən bir rəhbərə çevrilmədi. Əksinə, o, sovet idarəçiliyinin şablonlaşmış texnologiyasını respublikanın rifahına, inkişafına yönəltməyi bacaran bir lider kimi özünü təsdiq etdi. İndi bunu aydın dərk edirik ki, Heydər Əliyev o dövrdəki fəaliyyəti ilə həm də sovet dövlətinin iqtisadi imkanlarını Azərbaycanın uzun illər sonrakı tərəqqisi və nəticə etibarilə indiki müstəqil dövlətçiliyimiz üçün maksimum dərəcədə sərf etməyi bacarmışdır.
Heydər Əliyevin respublikaya birinci rəhbərliyi dövründə Azərbaycanda əldə edilən iqtisadi nailiyyətlər, təməli atılan nəhəng layihələr, həmin layihələrin bugünkü Azərbaycan üçün strateji önəmi barədə çox danışmaq olar. Amma mən sadəcə iki məqamı qeyd etmək istərdim.
Heydər Əliyev sovet Azərbaycanına rəhbərliyə başladığı dövrdə respublika bir çox sahələrdə olduğu kimi, yüksək ixtisaslı milli kadrların hazırlığı məsələsində digər respublikalardan geri qalırdı. Yüksək səviyyəli təhsil və tədrisin hər bir xalqın gələcəyinin mühüm şərti olduğunu nəzərə alan ulu öndər qısa müddət ərzində bu geriliyin aradan qaldırılması üçün kompleks qərarlar qəbul etdi. Azərbaycanda yeni ali təhsil müəssisələri, fakültələr açılmaqla yanaşı, hər il yüzlərlə azərbaycanlı gənc SSRİ-nin aparıcı təhsil ocaqlarına oxumağa göndərilirdi. Ümumilikdə 70-80-ci illərdə respublikadan 15 minə yaxın gənc keçmiş ittifaqın ən qabaqcıl ali məktəblərində təhsil almışdır. Yüksək ixtisasla respublikaya qayıdan bu gənclər ordusu Azərbaycanın elmi-texniki inkişafına, intellektual potensialına böyük töhfə idi və bu gün onların böyük hissəsi dövlət idarəçiliyində, iqtisadiyyatda, elm və təhsildə uğurla çalışırlar.
Heydər Əliyevin hələ 70-ci illərdə Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına nail olması isə onun ən mühüm tarixi xidmətlərindən biridir. Əlbəttə, indi bəziləri 1973-cü ildə Bakıda hərbi məktəbin yaradılmasını respublikada bir zavod, fabrik tikintisi qədər adi qərar hesab edə bilərlər. Amma o vaxt buna nail olmaq böyük iradə, cəsarət və uzaqgörənlik tələb edirdi. O vaxtlar SSRİ-də mövcud olan praktikaya görə hərbi məktəblər əsasən üç slavyan respublikasında - Rusiya, Ukrayna və Belorusiyada fəaliyyət göstərirdi, müsəlman-türk respublikalarında belə məktəbin açılmasından isə söz belə getmirdi. Heydər Əliyev 2003-cü ilin aprelində, C.Naxçıvanski adına hərbi məktəbin yubiley tədbirində həmin dövrü belə xatırlamışdı: "O vaxt düşünürdüm, yaxşı, biz Sovet İttifaqının bərabərhüquqlu müttəfiq respublikasıyıq. Biz nə üçün ordudan təcrid olunuruq? Və nəticədə bu məktəbi yarada bildik. Bu məktəbi yaradanda heç vaxt ağlıma gətirə bilməzdim ki, 30 ildən sonra mən yenə də bu məktəblə bir yerdə onun yubileyini keçirəcəyəm. Ancaq bu şərəf mənə qismət olub və mən özümü xoşbəxt hesab edirəm".
Azərbaycan müstəqilliyini bərpa edib milli ordu quruculuğuna başlayanda bu məktəb hərbi kadr hazırlığının mühüm baza tədris ocağına çevrildi. Bu, Heydər Əliyev uzaqgörənliyinin, vətənpərvər liderin xalqı qarşısında tarixi xidmətinin əyani təsdiqidir.
Ümummilli lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə dövlət-vətəndaş münasibətlərinin də hüquqi müstəvidə nizamlandığı, insan hüquq və azadlıqlarının təmin olunduğu ədalətli cəmiyyətin formalaşmasında müstəsna rol oynamışdır. Sözsüz ki, bu fəaliyyətin ən əhəmiyyətli hissəsini ulu öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövr təşkil edir. Heydər Əliyev 1993-cü ilin yayında xalqın çağırışı ilə respublikaya rəhbərliyə qayıdanda Azərbaycan bütünlüklə iflas həddində idi, hüquqi dövlət quruculuğu, ədalət və qanunçuluqdan danışmaq isə ümumiyyətlə, mümkün deyildi. 1991-1992-ci illərdə ölkədəki faktiki hakimiyyətsizlik, hərc-mərclik, cinayətkarlığın sürətlə artması dövlət təsisatlarının fəaliyyətinin ciddi şəkildə aşınmasına, hüquq sistemində qeyri-sağlam mühitin yaranmasına rəvac vermişdi. Ermənistanın ölkəmizə qarşı işğalçı müharibəsinin davam etməsi, ölkədə bütün sahələri bürümüş total böhran, daxili siyasi didişmələr Azərbaycanı dövlət olaraq məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu.
Belə bir vaxtda Azərbaycan xalqı üzünü Heydər Əliyevə tutdu, onun müdrikliyinə güvəndi. Həmin ümumxalq etimadı böyük öndərin dövlətçilik fəaliyyətində hər zaman ona güc, qüdrət verib.
"Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib".
Müstəqil Azərbaycanın çətin vaxtlarında, dövlətçiliyimizin ağır günlərində Heydər Əliyevin göstərdiyi əzm və qətiyyət bu sözlərdəki həqiqəti dəfələrlə təsdiqləyib.
Ulu öndərin Azərbaycan tarixində böyük missiyası olduqca ağır şəraitdə müstəqilliyimizi xilas etmək, hüquq və ədalətə, demokratik inkişafa əsaslanan güclü dövlətçiliyin əsasını qoymaq oldu. Məhz böyük öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanın müstəqillik tarixində yeni, real dövlət quruculuğu səhifəsi açıldı. Prezident Heydər Əliyevin 1994-cü il 9 avqust tarixli "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında" fərmanı respublikada qanunun aliliyinin əsas istiqamətlərini müəyyənləşdirən mühüm hüquqi sənəd idi. Heydər Əliyevin qətiyyəti, dövlətçilik əzmi sayəsində 1994-cü ilin oktyabr və 1995-ci ilin martında dövlət çevrilişi cəhdlərinin qarşısının alınması bu yöndə dönüş mərhələsi oldu. Ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsi, qanunsuz silahlı birləşmələrin fəaliyyətinə, hərbi çevriliş və qiyam vasitəsilə hakimiyyətə gəlmək cəhdlərinə birdəfəlik nöqtə qoyulması Azərbaycanın inkişafını möhkəm hüquqi rels üzərində çıxardı.
Böyük öndərin bilavasitə rəhbərliyi altında hazırlanan, geniş ictimai müzakirələrdən keçərək 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunan yeni Konstitusiya Azərbaycanda dövlət quruculuğu sahəsində fundamental islahatlara yol açdı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açdı. Bu hadisə dövlət müstəqilliyinin prioritet istiqamətlərini müəyyənləşdirmək və həyata keçirmək yolunda əsas istinad mənbəyi rolunu oynadı. Hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, Azərbaycanda mülki cəmiyyətin qurulması, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən ardıcıl işlər bütövlükdə müstəqillik və milli dövlətçilik amalının praktiki baxımdan bərqərar olmasına yönəlmişdir.
Beynəlxalq ekspertlər tərəfindən dünyanın demokratik konstitusiyalarından biri kimi qiymətləndirilən Əsas Qanun Azərbaycanın hüquqi-qanunvericilik müstəvisini dünyanın mütərəqqi, demokratik dəyərləri ilə zənginləşdirdi. Azərbaycanda hakimiyyət bölgüsü prinsipini, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsi qoyuldu. Konstitusiyanın mühüm cəhətlərindən biri də vətəndaş hüquq və azadlıqlarına aid geniş yer ayrılması (bütün müddəaların təxminən üçdə biri) ilə bağlıdır.
Yeni Konstitusiya əsasında demokratik cəmiyyətin formalaşdırılması üçün hər cür şərait yaradılmış, çoxpartiyalı sistem əsasında demokratik parlament seçilmiş, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlığı, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipləri bərqərar olmuşdur. Sistemli şəkildə həyata keçirilən köklü məhkəmə-hüquq islahatlarının, siyasi liberallaşmaya xidmət edən tədbirlərin əsas qayəsində insana qayğı, şəxsiyyətə və insan ləyaqətinə hörmət amili dayanmışdır.
Konstitusiya respublikamızın gələcək inkişaf prioritetlərini müəyyənləşdirmiş, iqtisadi, siyasi və hüquqi islahatların bazisinə çevrilmişdir. Əsas Qanunda xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, dövlətin demokratik, hüquqi və dünyəviliyi, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkil olunmasının təməl prinsipləri təsbit olunmuş, insan hüquq və azadlıqlarının təmini ali məqsəd kimi önə çəkilmişdir. Bu mərhələdən etibarən ümummilli lider Heydər Əliyevin rəhbərliyi və fəal iştirakı ilə ölkənin demokratik dəyərlər üzərində qurulan möhkəm qanunvericilik bazası yaradılıb, inkişaf etdirilərək təkmilləşdirilmişdir.
İctimai həyatın ən müxtəlif sahələrində haqq-ədalət prinsipinin qorunmasına çalışan, bunu xalq-dövlət münasibətlərinin əsas formuluna çevirən Heydər Əliyev yalnız bu yolla dövlətlə xalq arasında möhkəm mənəvi, siyasi və hüquqi bağlantıya, qarşılıqlı etimada nail olmağı mümkün hesab etmişdir. Ötən dövrə nəzər salsaq görərik ki, məhz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bu istiqamətdə zəngin hüquqi islahatlar yolu keçmiş, nəticədə keçmiş Sovet İttifaqından miras qalmış hüquq sistemi demokratik prinsiplər əsasında yenidən qurulmuşdur. 1995-ci ildən sonra insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi, qanunun aliliyinin təmini məqsədilə aparılan hüquqi islahatların əsasında inkişaf etmiş dövlətlərin hüquqi dövlət quruculuğu təcrübəsi, ümumbəşəri demokratik prinsiplər, Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələri dayanmışdır.
Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 21 fevral tarixli sərəncamı ilə yaradılmış Hüquq İslahat Komissiyası tərəfindən işlənib hazırlanmış "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında" qanunlar ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində atılan ilk mühüm addımlar olmaqla, müstəqil məhkəmə sisteminin yaradılmasına və fəaliyyət göstərməsinə imkan yaratmış, insan hüquq və azadlıqlarının müdafiəsi məqsədilə məhkəmə hakimiyyətinin müstəqil fəaliyyətinə təminat yaratmışdır. Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 1998-ci il tarixli "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə" fərmanı əsasında ardıcıl surətdə aparılan məhkəmə islahatlarının başlıca məqsədi Azərbaycanda Qanunun aliliyinin təmin edilməsi, məhkəmə hakimiyyətinin dövlət idarəçilik mexanizmində nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkili, cinayət və mülki mühakimədə demokratik prinsiplərin qorunması, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi və digər məsələlərin həlli olmuşdur.
Sistemli şəkildə həyata keçirilən məhkəmə-hüquq islahatlarının, siyasi liberallaşmaya xidmət edən tədbirlərin əsasında insana qayğı, şəxsiyyətə və insan ləyaqətinə hörmət amili dayanmışdır. 1998-ci il fevralın 10-da Azərbaycanda ölüm hökmü ləğv edildi. Qeyd etmək istərdim ki, Azərbaycan MDB məkanında bu tarixi qərarı qəbul edən ilk dövlət idi. O vaxt hətta Avropa Şurasının üzvü olan bir çox ölkələr analoji addım atmamışdılar. 1998-ci il iyunun 18-də isə böyük öndərin fərmanı ilə təsdiq olunan "Azərbaycanda insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" hüquqi islahatlar prosesində yeni mərhələ açdı. Dövlət Proqramında Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili təsisatının yaradılması, normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə tədqiqat və təhsil proqramları üzrə mütəxəssislərin hazırlanması və digər mühüm məsələlər nəzərdə tutulmuşdur.
Ötən müddət ərzində dövlət proqramında nəzərdə tutulmuş çoxşaxəli tədbirlər uğurlu həllini tapmışdır. Respublikamız qanunların təkmilləşdirilməsi mərhələsində təkcə beynəlxalq təcrübəni öyrənib tətbiq etməklə kifayətlənməmiş, eyni zamanda, müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşularaq insan hüquq və azadlıqlarına sadiqliyini sübuta yetirmişdir. Ötən müddətdə Azərbaycan 200-dən artıq beynəlxalq konvensiya və sazişə, o cümlədən "İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzaların qarşısının alınması haqqında", "İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında", "Ekstradisiya haqqında", "Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında", "Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılması, aşkar olunması, götürülməsi və müsadirə edilməsi haqqında" konvensiyalara qoşulmuşdur. Eyni zamanda, Azərbaycan BMT Baş Assambleyasının "İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında", "Aparteid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" "Genosid cinayətlərinin qarşısının alınması və onun cəzalandırılması haqqında", "Terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə haqqında" və bir sıra başqa konvensiyaların üzvü olmaqla, onlardan irəli gələn öhdəlikləri yerinə yetirmiş, eyni zamanda, hüquqi dövlət quruculuğu prosesində ATƏT, Avropa Şurası, BMT, Avropa Birliyi və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etmişdir.
Ölkəmizin qoşulduğu beynəlxalq sənədlərin təxminən yarıdan çoxu insan hüquq və azadlıqları ilə bağlıdır. Bütün bunlar isə demokratikləşmə prosesinin sürətlənməsinə əsaslı zəmin olan hüquqi dövlət ideyasının gerçəkləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 1998-ci ildə Azərbaycanda Konstitusiya Məhkəməsi fəaliyyətə başlamışdır.
1998-ci ildə "Məhkəmələr və hakimlər haqqında" qanunun qəbulu ilə başlanan məhkəmə sisteminin yeni əsaslarla təşəkkülü prosesinin birinci mərhələsi 2001-ci ilədək davam etmişdir. Aparılan islahatlar nəticəsində ölkənin bütün hüquq sistemində köklü dəyişikliklərə səbəb olmuş mütərəqqi qanunlar, yeni Mülki və Mülki-Prosessual, Cinayət və Cinayət-Prosessual, Cəzaların İcrası və s. məcəllələr qəbul edilmişdir. Bütün bu qanunlar demokratik prinsiplər və beynəlxalq hüquq normalarının tələblərinə uyğun hazırlanmış və beynəlxalq ekspertlər tərəfindən yüksək qiymətləndirilmişdir.
Bu islahatların başlıca nəticəsi keçmiş sovet məhkəmə sisteminin ləğvi və ölkədə birinci instansiya, apelyasiya və kassasiya instansiyalarından ibarət yeni üçpilləli müstəqil məhkəmə sistemi yaradılması olmuşdur. "Məhkəmələr və hakimlər haqqında" qanuna müvafiq olaraq hakimlərin test üsulu ilə seçilməsi üçün üç hakimiyyət qolu ilə qarşılıqlı fəaliyyət göstərən yeni qurumun - Məhkəmə Hüquq Şurasının yaradılması (2004-cü il) məhkəmə sistemində islahatlarda daha bir mühüm kimi qeyd olunmalıdır.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev hüquqi dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirmişdir. Ötən müddətdə Azərbaycanda həyata keçirilən dövlət siyasətinin üstün istiqamətlərindən biri də vətəndaş cəmiyyəti institutunu möhkəmlətmək, siyasi plüralizm, demokratikləşmə prosesini dərinləşdirmək və bu istiqamətdə Qərbə inteqrasiya - Avropa Şurası, Avropa Birliyi və ATƏT kimi mötəbər təşkilatlarla əməkdaşlıq xəttini davam etdirməkdən ibarətdir.
Azərbaycanın güclü, müasir və zəngin dövlətə çevrilməsi üçün həm iqtisadi, həm də hüquqi və siyasi islahatlar paralel şəkildə aparılmalı və onlar bir-birini tamamlamalıdır. Dövlət başçısı cənab İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə proseslərini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırır. Azərbaycan Prezidenti İlham Əliyev son illərdə cəmiyyətin hüquq sisteminin əsasını təşkil edən milli qanunvericiliyin təkmilləşdirilməsi prosesini diqqət mərkəzində saxlamışdır. Məhkəmə, ədliyyə, polis və prokurorluq orqanlarının daha səmərəli fəaliyyətinə, habelə insan hüquqlarının etibarlı təminatına yönəlmiş yeni qanun və qərarlar qəbul edilmişdir. 2009-cu il martın 18-də Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklərlə əlaqədar keçirilmiş referendum da xalqın suveren hüququnu və azad siyasi iradəsini ifadə etməsinə maksimum imkan yaratmaqla, demokratikləşmə prosesində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur.
Bütün bunlar göstərir ki, Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin inkişafı, ictimai həyatın bütün sahələrini əhatə edən demokratikləşmə prosesləri uğurla davam etdirilir, qanunun aliliyinin təmini, humanist, bəşəri dəyərlərin bərqərar olması üçün böyük işlər görülür. Azərbaycan qloballaşan dünyanın tərkib hissəsi kimi bu inteqrasiya magistralında uğurla irəliləyir, sürətlə demokratik dəyərləri mənimsəyir. Ölkəmizin ildən-ilə artan sosial-iqtisadi imkanları isə deməyə əsas verir ki, Azərbaycan demokratik keçid mərhələsini tezliklə başa vuraraq dünyanın bu sahədə inkişaf etmiş dövlətləri ilə eyni cərgədə dayanmaq imkanı əldə edəcəkdir.
Rövşən RZAYEV,
Milli Məclisin deputatı,
Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin
sədr müavini
Xalq qəzeti.- 2011.- 13 may.- S. 3.