Heydər Əliyev və müstəqil Azərbaycan

 

Mənim həyatımın məqsədi müstəqil Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır. Əgər mən buna nail ola bilsəm, ən xoşbəxt adam kimi həyatımı başa çatdıracağam. Buna nail olmağa çalışıram və çalışacağam.

 

Heydər ƏLİYEV,

Ümummilli lider

 

Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otuz ildən artıq bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövr ərzində Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuşdur.

Heydər Əliyev on dörd il Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə başçılıq edib (sovet dövründə bu, respublikanın rəhbəri demək idi); beş il SSRİ hökumətində ikinci şəxs və Sov. İKP. MK Siyasi Bürosunun üzvü olub; on ildən artıq müddətdə müstəqil Azərbaycanın postsovet dönəmində yaradılması və təşəkkül tapması da onun adı ilə bağlıdır.

Ulu öndər Heydər Əliyevin böyük siyasətə qayıdışı bir çox cəhətdən general De Qollun "başını itirmiş" Fransada hakimiyyətə qayıdışını xatırladır. Onların fəaliyyət göstərdikləri siyasi mühit və şəraitin bütün fərqlərinə baxmayaraq, bu iki tarixi şəxsiyyətin müqayisəsi ən başlıca cəhəti aşkara çıxarır; onlar üçün həlledici meyar öz ölkələrinin mənafeyi olmuşdur. Yeri gəlmişkən, məhz Heydər Əliyevin sərəncamı ilə 1999-cu ilin martında general de Qollun qırx dördüncü ildə Bakıda qonaq kimi qaldığı binanın üzərinə xatirə lövhəsi vurulub.

İstedad və iradə Heydər Əliyev şəxsiyyətinin ali keyfiyyətlərindən idi.Onun simasında böyük siyasətçinin uzaqgörənliyi və sərkərdə şücaəti cəmləşirdi.

Heydər Əliyevin dövlətçilik və siyasi fəaliyyəti bir-birinə zidd olan iki müxtəlif ictimai-siyasi sistemin qovuşuğundan keçmiş və bunların hər ikisinin imkanlarından bacarıqla istifadə edib ölkəmizin tərəqqisinə nail olmuşdu.

1969-cu il iyulun 14-də Azərbaycanda siyasi rəhbərliyə gələn Heydər Əliyev keçmiş İttifaqın iqtisadiyyatı üçün xammal mənbəyinə çevrilmiş respublikamızın yeni inkişaf strategiyasını hazırlayıb qısa müddətdə həyata keçirdi. Bunun nəticəsində əvvəllər bütün əsas göstəricilər üzrə ölkə miqyasından geri qalan Azərbaycan tezliklə İttifaqın ən inkişaf etmiş respublikalarından birinə çevrildi.

Heydər Əliyevin siyasəti nəticəsində o illərdə respublikada yaranmış güclü sosial, iqtisadi və intellektual potensial Azərbaycanın müstəqilliyi üçün mühüm zəmin oldu. Müasir Azərbaycan dövlətinin inkişafı məhz həmin illərdə yaradılmış bünövrə üzərində qurulub və bu gün də uğurla davam edir.

1993-cü ilin iyun ayında Azərbaycanda ictimai-siyasi böhran yaranmışdı, hakimiyyət iflic vəziyyətdə idi. Respublika idarə olunmurdu, parçalanma və məhvolma qarşısında idi. Belə bir vəziyyətdə Heydər Əliyevin hakimiyyətə qayıdışı bütün bu təhlükəli proseslərin qarşısını aldı.

Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətinin ikinci mərhələsi nə qədər təlatümlü, ziddiyyətli, ictimai- siyasi gərginliklərlə səciyyələnən dövrə təsadüf etsə də, ona xas uzaqgörənlik və siyasi müdriklik, iradə yenilməzliyi, ən əsası, doğma Vətəni düçar olduğu bəlalardan xilas etmək istəyi və bacarığı ölkəmizi sürətlə fəlakətə aparan təhlükəli proseslərin qarşısını almağa, xalqın müstəqilliyə və firavan gələcəyə inamını qaytarmağa imkan yaratdı.

Ümummilli liderimiz hakimiyyətə gəlişi ilə bütün qüvvələri öz yerinə qoydu: atəşkəs əldə olunmasından istifadə edərək, respublikada ictimai-siyasi sabitliyin bərpasına, kriminogen vəziyyətin aradan qaldırılmasına, vahid komandanlıq altında nizami ordunun yaradılmasına, bütün sahələrdə islahatların həyata keçirilməsinə rəvac verdi.

Müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbul edilməsi, demokratik yolla prezident və parlament, habelə respublika tarixində ilk dəfə olaraq bələdiyyə seçkilərinin keçirilməsi, Şərqdə ilk dəfə olaraq ölüm cəzasının ləğvi, senzuranın aradan qaldırılması, siyasi plüralizm və çoxpartiyalı sistemin dəstəklənməsi, Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, üçpilləli məhkəmə sisteminin yaradılması, ölkənin iqtisadi böhrandan azad olması və günü-gündən artan iqtisadi yüksəliş, beynəlxalq terrorizmlə mübarizənin dəstəklənməsi, " Əsrin müqaviləsi"nin imzalanması, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin həyata vəsiqə qazanması, " İpək yolu" nun bərpası Heydər Əliyevin adı ilə bağlıdır.

Yürütdüyü xarici siyasətin milli maraqlara və bəşəri dəyərlərə söykənməsi, habelə terrorçuluqla mübarizənin dəstəklənməsi və bu işdə xüsusi fəallıq göstərilməsi Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə yüksəldərək, onu sivil dövlətlər səviyyəsinə qaldırdı. Məqsədyönlü və uğurlu fəaliyyəti nəticəsində yeni əsrin başlanğıcı xalqımız üçün böyük uğurla - Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi ilə səciyyələndi. Dövlət müstəqilliyimizin 10-cu ildönümünün təntənəli şəkildə qeyd olunması, Dünya azərbaycanlılarının birinci qurultayının böyük müvəffəqiyyətlə keçirilməsi, onların milli özünüdərk və ümummilli ideya- azərbaycançılıq və milli dövlətçilik, milli- mənəvi dəyərlər ətrafında birləşməsi, diasporumuzun güclənməsi və formalaşması istiqamətində mühüm addım oldu.

2003-cü il dekabrın 12-də əbədiyyətə qovuşan Heydər Əliyevin dəfn mərasimi Azərbaycan xalqının öz dahi rəhbərinə olan ehtiramının dərinliyini, onun parlaq və unudulmaz xatirəsinin qədirbilən xalqımızın qəlbində həmişə yaşayacağını əyani şəkildə bütün dünyaya göstərdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən 10 mart 2004-cü il tarixdə imzalanmış " Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" fərman da dahi rəhbərimizə ürəkdən gələn ümumxalq məhəbbətinin təzahürüdür.

Heydər Əliyev azərbaycanlı olduğu üçün özünü xoşbəxt sanırdı. Azərbaycan xalqı da, bütün dünyanın qibtə edəcəyi Heydər Əliyev kimi Prezidenti olduğu üçün xoşbəxt idi. İndi də ona görə xoşbəxtdir ki, əsası Heydər Əliyev tərəfindən qoyulan bu xoşbəxtliyə Heydər Əliyev idarəçilik məktəbinin layiqli davamçısı, möhtərəm cənab İlham Əliyev tərəfindən möhkəm və sarsılmaz təminat yaradılmışdır.

Bəli, Heydər Əliyev həyatını cismən başa vursa da, ruhən bizimlədir, fəaliyyətimizin, nailiyyətimizin istiqamətvericisidir. Heydər Əliyev əbədi yaşardır, o, dünya durduqca Azərbaycan xalqının qəlbində yaşayacaq, bütün insanlar tərəfindən həmişə ən görkəmli ictimai-siyasi və dövlət xadimi kimi xatırlanacaqdır.

Heydər Əliyev Azərbaycanın günəşli səması altında dünyaya gəlmişdi. Bu işığı nə vaxtsa Vətəninə, hər bir insana, paylamaq üçün qəlbini nura qərq etmişdi. Tale ona 80 illik bir ömür qismət etdi. Ancaq Heydər Əliyevin nurlu ideyaları Azərbaycanın gələcək inkişaf yolunu həmişə işıqlandıracaqdır.

 

 

Ülviyyə BABAŞOVA,

Ədliyyə Nazirliyi Ədliyyə

Akademiyasının əməkdaşı

 

Xalq qəzeti.- 2011.- 13 may.- S. 4.