Ulu öndərin anadan olmasının 88-ci ildönümü Lerikdə qədirbilənliklə qeyd edilmişdir

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünün keçirilməsinə dair təsdiqlənmiş plana əsasən Lerik rayonunda silsilə tədbirlər keçirilmişdir. Tədbirlər planına uyğun olaraq rayonda fəaliyyət göstərən idarə, təşkilat və müəssisələrdə, ərazi icra nümayəndəliklərində şanlı ildönümünə həsr olunmuş tədbirlər, məktəblərdə isə inşa yazı və rəsm müsabiqələri, bilik və idman yarışları, unudulmaz dahi şəxsiyyətin həyat və fəaliyyətinə həsr olunmuş xüsusi dərslər keçirilmişdir.

Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlar, filmlər nümayiş etdirilmiş, həmçinin ulu öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərinə həsr olunmuş dəyirmi masalar keçirilmişdir.

 

***

 

Elmi-praktik konfrans xüsusi maraqla qarşılanmışdır. İştirakçılar əvvəlcə ümummilli liderin abidəsi önünə tər çiçək dəstələri qoymuş, Heydər Əliyev Mərkəzində eksponatlara baxmış, oradakı monitor vasitəsilə ülu öndərin həyat və fəaliyyətini əks etdirən filmə tamaşa etmişlər.

Tədbir rayon mədəniyyət evində ziyalıların, ağsaqqalların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə davam etmişdir. Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırovun "Heydər Əliyev və müasir Azərbaycan dövlətçiliyi" mövzusunda geniş məruzəsi dinlənilmişdir. O qeyd etmişdir ki, dünya şöhrətli siyasətçi, müdrik dövlət xadimi Heydər Əliyev Azərbaycan tarixində özünəməxsus yer tutan elə nadir şəxsiyyətlərdəndir ki, onun zəngin irsi hələ uzun illər boyunca tarixçilərin, politoloqların, filosofların və tədqiqatçıların diqqət mərkəzində olacaqdır. Ulu öndər Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsindəki misilsiz xidmətləri ilə hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş, dünya azərbaycanlılarının sonsuz məhəbbətini qazanmışdır. Məruzəçi sonra Heydər Əliyev dövlətçilik siyasətini uğurla davam etdirən, xalqın böyük etimadını qazanmış cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən möhtəşəm tədbirlərə diqqəti cəlb etmişdir. Fikirlərini sosial-iqtisadi inkişaf, ÜDM-nin, əhalinin pul gəlirlərinin, büdcə gəlirlərinin artırılması, regional inkişaf üzrə Dövlət Proqpamının uğurlu icrası, yeni iş yerlərinin yaradılması ilə bağlı konkret faktlarla əsaslandıran Rövşən Bağırov sonra Lerik rayonunun inkişaf dinamikasından bəhs etmişdir.

"Hüquqi dövlət quruculuğunda Heydər Əliyevin rolu" mövzusunda rayon prokuroru Salman Səmədovun, "Heydər Əliyev: Azərbaycan mədəniyyətinin və milli-mənəvi dəyərlərin hamisi" mövzusunda mədəniyyət və turizm şöbəsinin müdiri Aqil Sucayevin, "Heydər Əliyev və Azərbaycan təhsili" mövzusunda peşə məktəbinin direktoru, qabaqcıl təhsil işçisi Hüseynbala Əliyevin məruzələri də dinlənilmişdir. Rayon ağsaqqallarının nümayəndələri ümummilli liderlə bağlı xatirələrini söyləmişlər.

Tədbirdə vurğulanmışdır ki, regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası, xalqın həyat səviyyəsinin yüksəldilməsi əyani şəkildə göstərir ki, nə qədər müstəqil Azərbaycan var, qədirbilən xalqımız var, Heydər Əliyevin adı, ideyaları, siyasəti yaşayacaqdır.

 

***

 

9 May - Faşizm üzərində Qələbə Günü münasibəti ilə də Lerikdə ümumrayon tədbiri keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər. 1941-1945-ci illər Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə və "Şəhidlər" kompleksi önünə gül-çiçək dəstələri qoydular. Xatirə şəkli çəkdirildi.

Tədbir "Nur" şadlıq sarayında bayram süfrəsi arxasında davam etdirildi. Lerik Rayon Veteranlar Şurasının sədri Hidayət Bəşirov bildirdi ki, faşizm üzərində tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının əvəzsiz rolu olmuşdur. Ümummilli lider Heydər Əliyevin Böyük Vətən müharibəsi veteranlarına daim diqqət və qayğı ilə yanaşdığı, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasətin davam etdirildiyi qeyd olundu.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov bayram münasibəti ilə müharibə veteranlarını təbrik etdi.

Milli Məclisin deputatı İqbal Məmmədov, rayonun hərbi komissarı Elməddin Cəfərov, rayon ağsaqqallar şurasının sədri Həmzə Vəliməmmədov çıxış etdilər.

Müharibə veteranlarından Atamalı Şıxəliyev, Ənvər Ağayev, Salam Cabbarov və digərləri döyüş xatirələrini söylədilər .

Tədbir konsert proqramı ilə davam etdirildi.

Sonda müharibə iştirakçılarına rayon icra hakimiyyəti tərəfindən maddi yardımlar göstərildi.

 

***

 

Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibəti ilə idarə, təşkilat və müəssisələrin kollektivləri, məktəblilər, ağsaqqallar, ziyalılar ulu öndərin abidəsini ziyarət etmiş, Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar.

Rayon icra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri ulu öndərin abidəsi önünə tər gül-çiçək dəstələri qoymuş, Heydər Əliyev Mərkəzində dəyirmi masa ətrafında Heydər Əliyevin dövlətçilik fəaliyyətinin mərhələləri haqqında çıxışlar dinlənilmişdir.

 

***

 

Şanlı ildönümü münasibəti ilə məktəblilər arasında mini-futbol üzrə rayon birinciliyinin final yarışı keçirilmiş və yarışda qalib komandalar mükafatlandırılmışdır.

Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş gül bayramı da maraqla qarşılanmış, rayonun musiqi kollektivlərinin iştirakı ilə konsert proqramı nümayiş etdirilmişdir.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2011.- 13 may.- S. 5.