Ulu Bərdə keçmiş şöhrətini özünə qaytarır

 

Bölgə müxbiri kimi xidmət etdiyim rayonlardan, elə Bərdənin özündən də çox yazmışam. Ancaq etiraf edim ki, bu bölgəylə bağlı həmişə qəlbimdə bir narahatlıq, təəssüf hissi də olub. Özü də, bu təkcə bir vaxtlar böyük Nizaminin ilhamla vəsf etməsinə, tariximizin müəyyən bir mərhələsində ölkə paytaxtı olmasına, ötən əsrin 70-80-ci illərində nəinki respublikamızın, eləcə də keçmiş Sovetlər İttifaqının ən böyük pambıq istehsalçısı adını qazanmasına, özünün ən şöhrətli dövrünü yaşamasına baxmayaraq, burada son illər işlərin o qədər də uğurla getməməsi, inkişaf tempinin respublika, o cümlədən qonşu rayonlarla ayaqlaşa bilməməsi, quruculuq-abadlıq işlərinin daha çox kampaniya xarakteri daşıması, qeyri-ardıcıl və plansız olması ilə bağlı deyildi. Təəssüf və niğarançılığım bir də onunla bağlı idi ki, adamlar Bərdənin keçmiş şöhrətinin qayıtmasına ümidlərini itirmiş, necə deyərlər, xroniki xəstəliyə çevrilmiş işıq, qaz, su probleminin, nəhayət, həll olunacağına o qədər də inanmır, şəhərin abad, gözəl və yaraşıqlı görkəm almasına bir xəyal kimi baxırdılar. Halbuki, Bərdənin və bərdəlilərin buna ən azı mənəvi haqqı çatırdı.

 

Son illər isə, əgər belə demək mümkünsə, ətalət buzu əriməyə başlayıb. Hər yerdə canlanma, irəliləyiş və yüksəliş aydın görünür. Şəhərin elə bir guşəsi, prospekti, park, meydan və xiyabanı yoxdur ki, orada əsaslı tikinti-abadlıq, quruculuq və səliqə-sahman işləri aparılmasın. Bu, şübhəsiz ki, rayon sakinlərinin, elə qonaqların da marağına səbəb olur: axı, cəmi bir neçə ay bundan əvvəl də rayon elə həminki, adamlar da elə həminki idilər: Bəs, elə isə dəyişən nədir?

Əlbəttə, dəyişiklik var. Respublika Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə rayon icra hakimiyyətinin başçısı işdən azad edilmişdir. Bundan əvvəl Tərtər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Vidadi İsayev Bərdə Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur. Rayonda qısa müddət ərzində yaranan ab-hava, mənəvi-psixoloji mühit, tələbkar və səfərbəredici şərait bundan sonra yaranmışdır. Məsələnin kökü və mahiyyəti də bundadır.

Ancaq bir məsələnin başqa bir tərəfinə də toxunmaq istəyirik. Bu yazı üzərində işləyərkən Bərdənin hörmətli ağsaqqallarından olan Arif Əliyevlə görüşdük, söhbət etdik. Sözarası bayaqkı sualı ona da verdik. Cavab çox dəqiq və əslində, gözlədiyimiz kimi oldu:

- Söhbət inam və ümiddən, adamların işə münasibətindən, öz rayonları, kəndləri, qəsəbələri üçün təəssübkeşlik hissindən, vətəndaşlıq mövqeyindən gedir. Çatmayan bax, bunlar idi. Bərdəni daha abad və gözəl görmək təkcə rayon rəhbərliyinin arzusu deyil. Bu, indi hər bir bərdəlinin qəlbində baş qaldıran istək, onların qürur mənbəyidir. Əsas məsələ bax, budur.

Ağsaqqalın bu sözləri ilə səsləşən daha bir maraqlı fakt. Rayon icra hakimiyyətindən bizə verilən arayışda oxuyuruq: təkcə son həftə ərzində yerlərdən, ayrı-ayrı vətəndaşlardan 53 təklif, qeyd və arzu daxil olmuşdur. Onlardan 28-i nəzərə alınmış və onların konkret icrasına başlanılmışdır. Özü də bu təklif və qeydlərin arxasında konkret insanlar, canlı qüvvə dayanır. Məsələn, hazırda şəhərdə və ayrı-ayrı yaşayış məntəqələrində geniş vüsət alan tikinti-abadlıq və quruculuq tədbirlərində 500-dən çox rayon sakini könüllü olaraq iştirak edir. Onların içində gənclər də var, yaşlılar da, qadınlar da.

Burada yadıma iş üslubu və metodlarından, təşkilat və idarəetmə məsələlərindən danışarkən tez-tez işlətdiyimiz bir ifadə düşür: adamlarla dil tapmaq, onları inandırmaq, öz ardınca apara bilmək qabiliyyəti. Bu gün Bərdə Rayon İcra Hakimiyyətində, onun yerli strukturlarında formalaşmış başlıca istiqamətin əsas meyarı, həlledici amili bax, bundan ibarətdir.

İndi Bərdə şəhərinə qədəm qoyan hər kəs qəribə, maraqlı, bəlkə də qeyri-adi bir mənzərənin şahidi olur: şəhər, sözün həqiqi mənasında yenidən tikilir, qurulur, küçə və prospektlərdə, meydan və parklarda qızğın iş gedir. Hamı əlindən gələn köməyi edir, işin mümkün qədər tez və keyfiyyətli getməsinə çalışır. Özü də eyni vəziyyəti şəhərin dörd tərəfdən bütün girişlərində müşahidə etmək olar. Demək istəyirik ki, tikinti-abadlıq işləri şəhərin, demək olar ki, bütün küçələrində eyni sürət və keyfiyyətlə davam etdirilir. Yeri gəlmişkən, bəzi fakt və rəqəmləri bir daha yada salmaq istəyirik.

Rayon mərkəzində uzunluğu 6,3 kilometr olan Nizami, 1,2 kilometrlik H.Aslanov, 2,1 kilometrlik Koroğlu, 2,2 kilometrlik Bakı küçələrinin, şəhərin mərkəzi hissəsinin yenidən qurulmasına, mühəndis-kommunikasiya xətlərinin texniki normaya gətirilməsinə, magistral avtomobil yollarının, küçə və meydanların yaşıllaşdırılmasına başlanmışdır. İndiyədək 8 kilometrdən çox gecə işıqlandırılma sistemi qurulmuş, kommunal yaşayış evlərinin dam örtüklərinin və fasadlarının əsaslı təmirinə başlanmışdır. 52 obyektin tikintisi və yenidən qurulması aparılmış, obyektlərin müasir memarlıq üslubunda milli ornament elementlərindən istifadə olunması üçün tədbirlər görülmüşdür.

Mart ayı ərzində şəhərin mərkəzi küçələrində 15 min kvadratmetrdən çox hasar hörülmüş, 3,4 min kvadratmetr üzlük çəkilmiş, 200 mindən çox ağac və gül əkilmişdir. Yaşıllıqlara aqrotexniki qaydada xidmət göstərmək üçün ərazilər idarə, müəssisə və təşkilatları arasında bölünmüşdür. Rayon mərkəzində aparılan tikinti, abadlıq və quruculuq işlərinə 350 mindən çox mişar daşı, 394 ton sement, 2,1 min kubmetr qum, 400 ton asfalt, 1 tondan çox yağlı boya, 400 kubmetr çınqıl, 3 min kubmetr torpaq işlənmişdir.

Hazırda 8 küçədə mühəndis-kommunikasiya sistemlərinin yenidən qurulması və texniki qaydaya salınması, 8 küçənin asfatlaşdırılması üçün hazırlıq işləri aparılır. Bunlarla yanaşı, şəhərin Tərtər, Yevlax və Ağdam istiqamətindən giriş hissələrində abadlıq işlərinə başlanmış, küçə və meydanların müasir memarlıq üslubunda milli ornamentlə qurulması üçün tədbirlər görülməkdədir.

Rayon ərazisində magistral avtomobil yollarının ağır yüklü avtomobillərin hərəkəti nətiçəsində çökmüş hissəsi təmir edilmiş, dağılmış yollar bərpa olunmuş, genişləndirilmiş, yol və yol nişanları rənglənmiş, istismara yararsız yol nişanları yeniləri ilə əvəz edilmiş, Tərtər çayının məcrasında təmizləmə işləri aparılmışdır. Müasir tələblərə cavab verən 14 mənzilli ikimərtəbəli yaşayış binası, Qarabağ müharibəsi əlilləri üçün 17 fərdi yaşayış evi istifadəyə verilmişdir. Bundan başqa, 220 yerlik birinci Hacallı kənd tam orta məktəbi tikilmiş, 6 kəndə təbii qaz verilmişdir. Hazırda 220 şagird yerlik Şahvəllər kənd orta məktəbinin tikintisi davam etdirilir.

Qısa müddət ərzində 192 ədəd aşağı gərginlikli şəbəkənin dirəkləri, 18 kilometr istifadəyə yararsız naqillər yenisi ilə, 6,5 kilometr naqillər SİP kabellə, 5 ədəd transformator yenisi ilə əvəz edilmiş, 550 ədəddən çox "Smart" tipli sayğac quraşdırılmışdır. Rayon mərkəzində elektrik xətlərinin texniki normaya uyğun vəziyyətə gətirilməsi, şəhəri hörümçək toru kimi bürümüş elektrik xətlərindən təmizlənməsi, kəndlərin elektrik xətlərinin yenidən qurulması, istismara yararsız vəziyyətdə olan dirəklərin təzələnməsi üçün tədbirlər görülməkdədir.

Son 2 ayda 6,4 kilometr 200 millimetr, 13,6 kilometr 160 millimetr qaz kəmərləri çəkilmiş, Şatırlı, Kürdborakı, Samux, Mirasəfli, Mirzəalıbəyli və Qaraməmmədli kəndlərində 813 evə təbii qaz verilmişdir. Qəhrəmanlı, Həsənqaya, Saatlı, Gərənə, Qazaxlar, Hacılar, Nazırlı kəndlərinin qazlaşdırılması üçün işlər davam etdirilir. Rayonun digər kəndlərinin qazlaşdırılması üçün yeni qazpaylayıcı stansiyanın quraşdırılmasına da başlanmışdır.

Əhalinin içməli su ilə təchizatının yaxşılaşdırılması, su itkilərinin qarşısının alınması üçün tədbirlər görülmüş, Nizami və Babək küçələrində 2 beşmərtəbəli binanın su xətləri yenidən çəkilmiş, 42 subartezian quyusunun dərinlik nasosları təmir edilmişdir.

Türkmən kəndində 264 nömrə tutumu olan yeni elektron ATS quraşdırılmış, Qaradəmirçi, Şirvanlı, Əmirli, Mehdixanlı və Həsənqaya kəndlərində genişzolaqlı internet şəbəkəsinin yaradılması üçün tədbirlər görülmüş, Tərtər və Yevlax istiqamətində hava rabitə xətləri yeraltı qoruyucu borularla keçirilmiş, mərkəzi poçtamtın əsaslı təmirinə başlanılmışdır.

Kənd təsərrüfatı məhsullarının istehsalının artırılması üçün ziyanvericilərə qarşı 4432 hektar sahədə mübarizə tədbirləri aparılmışdır.

Əkinlərin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq, vegetasiya dövründə əkinlərin suya tələbatının daha dolğun ödənilməsi məqsədilə meliorasiya və irriqasiya işləri genişləndirilmişdir. Rüb ərzində 27822 metr drenlər 125850 kubmetr suvarma kanalları 220 min kubmetr lildən təmizlənmiş, 36494 kubmetr torpaq işi görülmüşdür. 40 hidrotexniki qurğu, 7 hidrometrik post, 1 nasos stansiyası, 2 dizel mühərriki, 5 elektrik mühərriki, 2 nasos, 6 borulu keçid, 1,05 kilometr kanal cari, 64 ədəd subartezian quyularının dərinlik nasosları, 12 ədəd quyunun transformatorları, 310 metr beton kanal əsaslı təmir edilmişdir. Yeni bir ədəd artezian quyusunun vurulması üçün hazırlıq işləri aparılır.

Bərdə ənənəvi kənd təsərrüfatı rayonudur. Ona görə də bitkiçilik və heyvandarlıq məhsulları istehsalının artırılması diqqət mərkəzindədir. Rayonda yazlıq bitkilərin kütləvi əkini müvəffəqiyyətlə aparılmış, 4553 hektar sahədə yazlıq bitkilər, o cümlədən 3128 hektar sahədə yonca, 132 hektar sahədə kartof, 317 hektar sahədə tərəvəz, 62 hektar sahədə pambıq, 200 hektar sahədə şəkər çuğunduru, 54 hektar sahədə bostan bitkiləri, 50 hektar sahədə günəbaxan və s. əkilmişdir.

Əkinçilik sahəsində aparılan məqsədyönlü tədbirlərin nəticəsidir ki, istehsalçılarla 2955 hektar, keçən ildəkindən 78 faiz çox pambıq əkilməsi barədə müqavilə imzalanmışdır. Cari ilin birinci rübündə 2010-cu ilin müvafiq dövrünə nisbətən iri buynuzlu mal-qaranın sayı 1,9 faiz, qoyun və keçilərin sayı 1,1 faiz artmışdır. Müqayisə olunan dövrdə isə ət istehsalı 9,5 faiz, yun istehsalı 5,2 faiz, süd istehsalı 7,0 faiz, yumurta istehsalı 4,6 faiz çoxalmışdır. Hər həftə Bakı şəhərində keçirilən yarmarkalara 92,4 ton məhsul göndərilmişdir.

Uşaq kitabxanasının oxu zalı, daha 4 otaq əsaslı təmir edilmişdir, doğum evinin əsaslı təmiri başa çatmaq üzrədir. Rayonda "Allah-Allah" və "Axsaban baba" türbələrinin, İbrahim məscidinin və Şirvanlı hamamının təmiri, Soğanverdilər və Zümrüxan kəndlərində məktəb, 7 kənddə uşaq bağçasının, 5 kənddə poçtamt binalarının tikilməsi üçün tədbirlər görülür.

Vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılması, vacib sosial məsələlərin vaxtında və operativ həlli sahəsində ardıcıl və sistemli iş görülmüşdür. Təkcə onu qeyd edək ki, mart ayından indiyədək rayon icra hakimiyyəti başçısının 8 səyyar qəbul görüşləri keçirilmişdir. Bu görüşlərdə 16 kəndin sakinləri iştirak etmişlər.

... Bərdədə bizi cavan bir oğlanla tanış etdilər.

- Adım Rəhmandır, - dedi. - 3 ildir ki, evimizdən-eşiyimizdən ayrı düşmüşdüm. Dolanışıq üzündən məcbur olub Bakıda, tikintidə işləyirdim. İndi öz ev-eşiyimdə, ailəmin içindəyəm, tikintidə çalışıram. Özü də tək deyiləm, mənimlə birlikdə 300-dən çox bərdəli də öz rayonumuza qayıdıb.

Rəhmanın bu sözləri yadıma başqa bir faktı saldı. Hazırda Bərdədə aparılan genişmiqyaslı tikinti-abadlıq və quruculuq işlərində 170 briqada fəaliyyət göstərir. Təkcə son 2 ayda burada 1551 yeni iş yeri açılmışdır ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 4,7 dəfə çoxdur.

Bu gün Bərdədə həyatın axarı gurdur. Hara getsən, kimlə söhbət etsən eyni mənzərənin şahidi olarsan, eyni sözləri eşidərsən. Qaynar, yaradıcı iş, maraqlı təşəbbüslər, vaxtı, zamanı qabaqlayan sürət və keyfiyyət, bir də sabaha olan dərin inam və ümid. Bəli, itirilmiş şöhrət qayıdır, çoxdan gözlənilən inkişaf və sıçrayış bax, belə başlanır. Gözün aydın, ulu Bərdə...

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2011.- 13 may.- S. 6.