"Bağlıyam yurduma getsəm də
hara"...
Aqillərdən
ibrət götür, sözün dinlə, öyrən ki, sən,
Aqilliyin
zirvəsinə sən özün də yüksələsən.
Bu
kövrək və müdrik misralar tanınmış şair
Hikmət Mahmuda məxsusdur. O, neçə-neçə
ürəklərə mənəvi zövq verən şeir kitablarının
və mahnı mətnlərinin müəllifidir. Hikmət
Mahmud dövrünün dərin zəkalı, istedadlı
ziyalısı, hərtərəfli biliyə malik şəxsiyyət,
geologiya-mineralogiya elmləri doktoru, görkəmli alim,
professordur. O, Azərbaycan Yazıçılar Birlyinin
üzvü, "Qızıl qələm" və "Vətən"
mükafatları laureatıdır.
Hikmət
İsmayıl oğlu Mahmudov 1936-ci il may ayının 15-də
İsmayıllı rayonunun ecazkar təbiətli Mican kəndində
dünyaya göz açmışdır. İsmayıllı
rayonunda orta məktəbi bitirdikdən sonra Azərbaycan
Dövlət Universitetinin (hazırda BDU) geoloji-coğrafiya
fakültəsində təhsil almışdır. Oxuduğu
müddətdə fakültənin ən fəal və
istedadlı tələbəsi kimi tanınmışdır.
1963-cü ildə universiteti bitirərək mühəndis-geoloq
ixtisasına yiyələnmiş və təyinatını
Qazaxstan Respublikasına almışdır. 1963-1964-cü illərdə
Aktyubinski Vilayətinin Muqodjar geoloji-partiyasında texnik-geoloq və
geoloq vəzifələrində
çalışmışdır. Bu müddət ərzində
H.Mahmudov gərgin və səmərəli axtarışlar
apararaq Aktyubinski vilayətində bir neçə
qızıl, gümüş, nadir elementlər, pyezokvars və
digər yataqlar aşkar etmişdir. O, Qazaxstanda, xüsusən
də Cənubi Muqodjar sahəsində qızılın
olmasını ilk dəfə aşkar etmişdir. Rəhbərlik
tərəfindən təşəkkürnamələr, fəxri
fərmanlar və pul mukafatları almışdır.
1965-ci ildə
isə onu Qazaxstan Respublikiası Aktybinski vilayətinin Mərkəzi
Geoloji Partiyasında yetkin mütəxəssis kimi rəis vəzifəsinə
təyin edirlər. Qazaxstanın rəhbər orqanları ona
bacarığına və istedadına görə Əlcazairə
göndərmək qərarına gəlirlər. Lakin bu təklif
Vətən sevgisi ilə əvəz olunur. O, doğma Azərbaycana
qayıdır. Hikmət Mahmudov Azərbaycan Geologiya İdarəsində
(hazırkı Ekologiya və Təbii Sərvətlər
Nazirliyi) geoloji fəaliyyətini davam etdirir. Gənc tədqiqatçının
elmə olan marağı və həvəsi 1967-ci ildə onu
Azərbaycan Elmlər Akademiyası Geologiya İnstitutunun
aspiranturasına gətirir. 1971-ci ildə apardığı səmərəli
tədqiqat işləri nəticəsində o, "Kəlbəcər
rayonunun perlitləri, onların fiziki-kimyəvi xüsusiyyətləri"
mövzusunda elmi işini müvəffəqiyyətlə
müdafiə edərək geologiya-mineralogiya elmləri namizədi
alimlik dərəcəsi adına layiq görülür.
1992-ci ildə isə o, "Azərbaycanın mezo-kaynazoy
yaşlı vulkanik şüşələri"
mövzusunda doktorluq dissertasiyasını müdafiə edir.
Hikmət
Mahmudov geokimya, vulkanologiya və ekologiya elmləri üzrə
tanınmış mütəxəssisdir. Əsas elmi istiqaməti
isə qeyri-filiz faydalı qazıntıların fiziki-kimyəvi
və geokimyəvi xüsusiyyətlərinin öyrənilməsidir.
Respublikada aşkar edilən perlit yataqlarının geokimyəvi
xüsusiyyətlərini ilk öyrənən və onları
hərtərəfli tədqiq edən, habelə miosen
yaşlı "Güneydaq" perlit yatağını
aşkar edən məhz professor Hikmət Mahmudovdur. O, vakuum
sistemli cihaz yaradaraq dünya elm təcrübəsində ilk dəfə
vulkanik süxurlardan suları və qazları almış,
onların fiziki-kimyəvi xüsusiyyətlərini öyrənmişdir.
Hikmət
Mahmudov həm də bu süxurlarda ilk dəfə olaraq
hidrogenin ağır izotopunu (deyterini) və oksoni növ suyu
(H3O) aşkar etmişdir ki, bunların da geokimya elmində
çox böyük əhəmiyyəti vardır. Bu tədqiqatlar
dərinlik maqmasının fiziki-kimyəvi, geokimyəvi və
filizləşmə xüsusiyyətlərinin öyrənilməsində
mühüm əhəmiyyət kəsb edir. Hikmət Mahmudov həmçinin
şüşəvi süxurların şişməsinin səbəblərini
yeni faktlarla açıqlamışdır. O, perlitin tətbiq
olunması ilə əlaqədar geniş elmi-təcrübi
işlər aparmış və bu mineralın sənayedə,
xalq təsərrüfatının müxtəlif sahələrində,
habelə ekologiyada hərtərəfli tətbiqini müəyyənləşdirmişdir.
Onun bu tədqiqat işləri keçmiş SSRİ
İxtiralar və Kəşflər Komitəsi tərəfindən
bir neçə müəlliflik şəhadətnamələri
ilə təsdiqlənmişdir. Perlitin iqtisadiyyat, ekologiya, kənd
təsərrüfatı, habelə insan
sağlamlığı üçün çox böyük
əhəmiyyət kəsb etdiyini ilk dəfə professor
H.Mahmudov aşkar etmişdir.
Alimin
apardığı elmi-tədqiqatların nəticələri
onun namizədlik və doktorluq dissertasiyalarında, respublika və
xarici ölkələrin nəşrlərində, habelə 15
elmi kitabında, o cümlədən 9 monoqrafik əsərdə,
4 dərslik və dərs vəsaiti kitablarında, 170-dən
çox elmi məqalələrində, elmi hesabatlarda, 7 müəlliflik
şəhadətnamələri və səmərələşdirici
təkliflərdə öz əksini tapmışdır.
H.Mahmudovun
"Təbii ehtiyatların istifadəsi və mühafizəsi"
adlı tədris vəsaiti, "Faydalı qazıntılar və
onların tətbiqi", "Asiyanın ürəyi",
"Geokimyanın əsasları", "Azərbaycanın
mineral xammal sərvətləri və ətraf mühit" və
bir çox digər kitabları nəinki geoloq və ekoloqlar,
habelə ali məktəb müəllimləri və tələbələri
üçün də çox faydalıdır.
O, 45 ildən
çoxdur ki, ali məktəblərdə dərs deyir.
Hazırda Hikmət müəllim Bakı Dövlət
Universitetində öz pedaqoji fəaliyyətini davam etdirərək
geokimya və ekologiya fənlərindən mühazirələr
aparır. Vaxtilə onun dərs dediyi tələbələr
bu gün artıq Azərbaycan Milli Elmlər
Akademiyasının həqiqi üzvləri, professorlar, dekan və
kafedra müdirləridir.
Hikmət
Mahmudov görkəmli alim, pedaqoq olmaqla yanaşı, həm də
geniş oxucu məhəbbəti qazanmış incə qəlbli
şair və nadir şəxsiyyətdir. Hikmət Mahmud
imzasıyla tanınan bu şairin 8 şeirlər kitabı və
10 poeması işıq üzü görüb. Bir çox
şeirləri türk, rus, alman, bolqar, gürcü, fars və
digər dillərə tərcümə edilib. Məşhur bəstəkarlarımız
onun 100-ə qədər şeirlərinə mahnılar bəstələyiblər.
Hikmət Mahmudun poeziyasında aşıq musiqisinə də
geniş yer verilir. Bir çox elm korifeyləri və
böyük ədəbi simalar Hikmət Mahmud
yaradıcılığına yüksək qiymət veriblər.
Hər şeydən
əvvəl Hikmət Mahmud Vətənə, torpağa, elə-obaya
vurğun alim və şairdir. Onun poetik misralarını
oxuduqca və sözünü dinlədikcə
saflaşırsan. Bu ustad qələm sahibinin şeir və
poemalarında dərin məna, sadəlik və səmimiyyət
vardır. Onun hər sətrində haqqa, ədalətə,
doğruluğa, Vətəni sevməyə, eli-obanı
yaşatmağa, ecazkar təbiətin
füsünkarlığından zövq almağa bir
çağırış duyulur, - "Çiçəklərin
intizarı", "Danışanda-güləndə",
"Qocalmağa tələsmə", "Könül
açan söz deyək", "Dünya, sənin nəyin
yoxdur" kitablarında olduğu kimi. "Qıyma gözəlliyə"
adlı kitabında da təbiətlə Vətən amalı
birləşir. O, təbiəti insaniləşdirir. Şair
demək istəyir ki, təbiəti sevməyənlər
özünü də sevə bilməz, özünü sevə
bilməyən isə Vətəni sevə bilməz.
Elm fədaisi
olan H.Mahmudov incə duyğulu bir şair kimi insanları qəlb
açan, göz oxşayan ana təbiətimizi qorumağa
çağırır:
Çiçəyi
yetirib, gülü bitirib,
Yerlərə,
göylərə bər-bəzək verib,
İnsanı
dünyaya bəxşiş gətirib,
Allahın
nə gözəl, xoş təbi varmış.
Hikmət
Mahmudun elmi yaradıcılığı və poeziya
dünyası o qədər geniş, çoxşaxəli və
zəngindir ki, onu bir neçə vərəqdən ibarət
yazıyla açıqlamaq qeyri-mümkündür. Onun əsərlərilə
tanış olduqca bu böyük insanın, görkəmli
alimin, istedadlı şairin yerin altını da,
üstünü də dərindən bildiyinin şahidi olursan.
Hikmət Mahmudun qəlbi bu gün də yazıb-yaratmaq
eşqiylə döyünür. O, cəsarətli, dəyərli
və mənalı şeirləriylə ürəkləri fəth
edir:
Aldı
ağuşuna min xəyal məni,
Kədər
məst eylədi, qəm bihal məni.
Hikmətəm,
taleyim gülmədi üzə,
Təki
unutmasın bu mahal məni.
Bəşər
dünyasını yaşadan, gözəlliklər məskəni
olan ana təbiətimizə qarşı nankorluq edənləri,
onu korlayanları şair aşağıdakı misralarla tənbeh
edir və onları insaflı olmağa
çağırır:
Ürək
insaflı ol, ey insan, əl çək,
Qıyma
gözəlliyə bu gen cahanda,
Buna hər
birimiz cavab verəcək
Bəşərin
gələcək imtahanında.
Şairin
Vətənə, el-obaya, ata-baba ocağına vurğun
olması onun aşağıdakı misralarından da aydın
görünür:
Hikmətəm,
ürəyim eldə-obada,
Bağlıyam
yurduma getsəm də hara.
Kəndimin
bir uçuq daxmasını da,
Dəyişmərəm
zəngin şah saraylara.
Elm, təhsil
və poeziya sahələrində xüsusi xidmətləri
olan Hikmət Mahmud kimi elm və sənət xadimlərini dəyərləndirmək
hər birimizin borcudur. May ayının 15-də 75 yaşı
tamam olacaq bu böyük alim və istedadlı şairin Vətən,
torpaq, təbiət sevgilərinə biz də qoşuluruq. Ona ən
səmimi ürək sevgimizi bildiririk və onu yubileyi
münasibətilə ürəkdən təbrik edirik. Bu
müdrik insana yeni-yeni yaradıcılıq uğurları və
mənalı həyat sevincləri arzulayırıq.
Budaq BUDAQOV,
akademik, AMEA-nın Coğrafiya
İnstitutunun direktoru
Xalq qəzeti.- 2011.- 14 may.- S. 7.