Geofizik alimin karikatura sərgisi

 

Azərbaycan ictimaiyyəti neft geofizikası sahəsində görkəmli alim, AMEA-nın müxbir üzvü Kərim Kərimovu uzun illərdən bəri həm də istedadlı karikaturaçı kimi tanıyır. Alim-rəssam sayca 19-cu sərgisi ilə Vəcihə Səmədova adına Sərgi Salonunda sənətsevərlərin görüşünə gəlmişdir.

Ekspozisiyanın açılışında Azərbaycan Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov 60 ildən bəri bəşəri bəlaları hədəfə alaraq, 5 mindən artıq karikatura yaratmış Kərim Kərimovun yaradıcılıq uğurları və növbəti ekspozisiyanın özəlliyi barədə ətraflı məlumat verdi. O bildirdi ki, tanınmış karikaturaçı "Terrorizmə və torpaqlarımızın işğalına son!" adlandırdığı bu sərgisinə son illərdə çəkdiyi 135 əsərini çıxarmışdır. Karikaturalarda dünya imperializminə nökərçilik edən, Qarabağda və ətraf bölgələrimizdə misilsiz vəhşiliklər törədən Ermənistanın separatçılıq, işğalçılıq, soyqırım əməlləri sərt görüntülərlə ifşa edilir.

Artıq çoxdan beynəlxalq bəla elan olunmuş "terrorizm və narkomaniya" rəssamın nəzərində Azərbaycanın 20 faiz torpağını işğal etmiş Ermənistanın bitib-tükənməyən vandallığı ilə qovuşaraq "ermənizm" adlı bəşəri təhlükəyə çevrilmişdir. İnsanlıq sifətini itirmiş ermənilərin min bir cinayətinin ən ümumi cəhətlərini - xəyanəti, qəddarlığı, haqsızlığı, yalanı, hiyləni ifadəli detallarla göstərən rəssam bu əməlləri ittiham hədəfinə çevirməyi bacarır. Bununla da Kərim müəllim insanlığa qənim düşmənin kimliyini ortaya qoyur, xalqımızın haqq işinə kömək edir.

Mərasimə toplaşanlardan rəssam Rafiq Kərimov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov, Azərbaycan - Almaniya Dostluq Cəmiyyətinin sədri Çingiz Abdullayev, geoloq-şair Hikmət Mahmud və başqaları Kərim Kərimovu növbəti sərgisinin açılışı münasibətilə təbrik etdilər, ona yeni yaradıcılıq uğurları arzuladılar. Sonra məclisin qonaqları sərgi ilə tanış oldular. Sənət biliciləri rəssamın yaradıcılıq hesabatını yüksək qiymətləndirdilər, ermənilərin torpaqlarımıza təcavüzünü bir daha açıqlayan bu əsərlərin ölkəmizdən kənarda geniş sərgilənməsinin vacibliyini söylədilər.

Qocaman neftçi-jurnalist Ələsgər Cabbarov sərgi barədə təəssüratını belə ifadə etdi:

- Mən Kərimi ötən əsrin 50-ci illərində Neft Akademiyasında oxuduğumuz vaxtdan tanıyıram. Zəkası, istedadı, fəallığı ilə o vaxtdan seçilirdi. Tələbəlik illərindən respublika mətbuatında karikaturaları dərc olunurdu. Bu, onu populyarlaşdırdı, yetkin bir fırça sahibi kimi tanıtdı. Sonrakı həyatında dostumuz elmi, sənəti və təşkilatçılığı paralel olaraq davam etdirdi, layiqli yüksəliş yolu keçdi.

İndi arxaya baxanda Kərim Kərimovun həyatda çox ciddi uğurlar qazandığını, ölkəmizin sayılan-seçilən ziyalıları ilə bir sırada dayandığını görürük. Onu kənarda da yaxşı tanıyır, alimliyini və rəssamlığını yüksək dəyərləndirirlər. AMEA-nın müxbir üzvü, professor Kərim Kərimovun neft geofizikası, zəlzələ proqnozlaşdırılması sahəsində elmi yenilikləri həyatın müxtəlif sahələrində böyük iqtisadi səmərələr gətirir. Bu gün dünyada tanınan Azərbaycan Dövlət Geofizika Elm-İstehsalat Birliyi Kərim Kərimovun elmi zəkasının və yüksək təşkilatçılığının canlı əsəridir.

Kərim karikaturaçı kimi keçmiş SSRİ-nin ən məşhur rəssamlarından biri sayılırdı. Onun vaxtilə Moskvada, Sankt-Peterburqda sərgiləri böyük uğurla keçmişdi. Türkiyədə nümayiş etdirilən əsərlər qardaş ölkədə Kərim müəllimə böyük uğur, hörmət qazandırdı. Kərim, həqiqətən, milli ensiklopediyamız sayılan "Molla Nəsrəddin" jurnalında formalaşmış satirik-siyasi karikatura üslubunun, Əzim Əzimzadə məktəbinin istedadlı davamçısıdır. Onun bugünkü sərgidə nümayiş etdirilən hər bir karikaturası erməni faşizminin bel sütununa sancılan süngüdür. Bizim sözlə deyə bilmədiyimiz bir çox mətləbləri Kərim konkret, aydın təsvirlərlə necə gözəl verə bilib.

Böyük alim, tanınmış rəssam qardaşımıza bütün bunlara görə bizim nəslin adından sağ ol deyir, ona möhkəm cansağlığı arzulayırıq. Kərim indi Prezident təqaüdçüsüdür. İnanırıq ki, onun, onsuz da, boş keçməyən vaxtı yeni əsərlər yaratmağa sərf olunacaq.

Rəssam özü isə son sərgisini belə səciyyələndirdi:

- Rəsm əsəri, karikatura çəkmək həmişə mənim üçün mənəvi bir zərurətə çevrilib. Mən digər uğurlarıma görə də bədii yaradıcılığa borcluyam. Estetik düşüncə həmişə elmdə məni yeniliklərlə üzləşdirib. Elmi fəaliyyət hissiyatımı yeni mövzulara tuş edib. Mən rəsm əsəri çəkəndə, sanki dincəlirəm, güc toplayıram. Minlərlə karikaturanın hər biri bəşəriyyətə ölüm, qan, itki gətirən siyasi dairələrin konkret əməllərindən doğan ağrılarımın məhsuludur.

Ötən əsrin 60-70-ci illərində dünyadakı lokal müharibələri törədənlərin qanlı caynaqlarını və yırtıcı dişlərini karikaturalarımda göstərəndə alğıma da gəlməzdi ki, bir gün onlar bizim gözəl Qarabağımızı da qan çanağına çevirəcəklər. Nə qədər acı olsa da, 23 ildir ki, biz bu qanlı faciənin cəngindəyik. Mənim indiki sərgim bu həqiqəti bütün dünyaya göstərmək yanğısından qaynaqlanır. Hər bir karikaturamla vicdanlı insanlara demək istəyirəm ki, günahsız uşaqlara, qocalara, qadınlara aman verməyən erməni, bax budur. Erməni yalanları çox vaxt ona görə işə keçir ki, onun özündən də amansız havadarı var.

Mən dilində sülh şüarı erməniyə arxa olan siyasət dəllallarını da göstərməyə çalışmışam. İnanıram ki, haqq işimiz tezliklə qalib gələcək. Bu inamı sərgiyə təqdim etdiyim karikaturalarda ümumi fon kimi götürmüşəm.

Bir də inanıram ki, dünyada ədalətin tərəfində olan insanlar daha çoxdur. Sadəcə, biz onlara öz səsimizi çatdırmalı, həqiqəti göstərməyi bacarmalıyıq. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin başladığı bu böyük savaşı uğurla davam etdirir. Bizim hər birimiz bu savaşın sadiq əsgəriyik.

 

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2011.- 14 may.- S. 7.