"Jurnalistlər üçün hüquqi terminlər lüğəti"

 

Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Baş Prokurorluğu, Mətbuat Şurasının və Hüquqşünaslar Konfederasiyasının birgə təşəbbüsü ilə çapdan çıxan "Jurnalistlər üçün hüquqi terminlər lüğəti" kitabının təqdimat mərasimi keçirildi.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Baş Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirdi ki, media ilə əlaqələlərin gücləndirilməsi dövlət qurumları qarşısında duran mühüm məsələlərdəndir. Baş Prokurorluqda bununla əlaqədar ciddi iş aparılır. Qurumun ictimaiyyətlə əlaqələr sahəsindəki işi gücləndirilib. Jurnalistlər üçün yardımçı vəsaitlər də hazırlayırıq. 2005-ci ildə çapdan çıxmış "Jurnalistlər üçün hüquqi terminlər lüğəti"nin bu gün təqdim olunan yeni, daha əhatəli nəşri media təmsilçilərinin hüquqi biliklərinin artırılmasında, peşəkarlıqlarının dərinləşdirilməsində öz rolunu oynayacaq.

Mətbuat Şurasının sədri Əflatun Amaşov Baş Prokurorluğun media ilə əlaqələrinin daim yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdırdı. O bildirdi ki, təqdimatına toplaşdığımız kitab da xoş məramdan irəli gəlir. Jurnalistlər üçün olduqca dəyərli olan bu nəşr Mətbuat Şurasının Baş Prokurorluqla əməkdaşlığının sayca üçüncü məhsuludur. Əminəm ki, qarşılıqlı fəaliyyətimiz daha böyük nailiyyətlər əldə etməyimizə imkan verəcək. Fikrimcə, lüğətin tirajının artırılması zəruridir, belə kitabların sayı çoxaldılmalıdır.

Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri, Milli Məclisin deputatı Əli Hüseynov bildirdi ki, jurnalistlər bu kitab vasitəsilə hüquqi terminlərin çox dəqiq izahı ilə tanış olmaq imkanı əldə edəcəklər. O, nəşrin media mənsublarının yaradıcılıqlarının daha da təkmilləşməsində, yol verdikləri nöqsanların aradan qalxmasında müstəsna rol oynayacağına inandığını vurğuladı.

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev ölkəmizdə söz və mətbuat azadlığı prinsiplərinin dərinləşməsini, KİV-lərin inkişafı ilə əlaqədar tədbirlərin dövlət siyasətinin prioritet yönü olduğunu vurğuladı. O bildirdi ki, hər bir dövlət qurumu özünə aid istiqamətdə jurnalistlər üçün belə maarifləndirici vəsaitlər hazırlamaqla mediamızın inkişafına kömək etmiş olar.

İctimai Teleradio Yayım Şurasının sədri, Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli, "Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, MŞ sədrinin müavini Umud Rəhimoğlu, Şuranın İdarə Heyətinin üzvləri - "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Yeni Azərbayan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev və başqaları yeni kitabın jurnalistlərə layiqli hədiyyə olduğunu söylədilər.

 

 

Elçin ABBASOV

 

Xalq qəzeti.- 2011.- 14 may.- S. 7.