Firuz MUSTAFA:
"Tamaşaçı həmişə haqlıdır"
Firuz Mustafanın yaradıcılığı
geniş oxucu və tamaşaçı auditoriyasına
yaxşı tanışdır. Onun pyesləri teatrlarda
uğurla oynanılır, nəsr əsərləri oxucular tərəfindən
maraqla oxunur. Beləliklə, müsahibimiz yazıçı, dramaturq,
esseist Firuz Mustafadır.
-
Firuz müəllim, biz sizi daha çox bir dramaturq kimi
tanıyırıq. Əvvəlcə elə bu rakursdan
çıxış edərək soruşmaq istərdik:
teatrlarla əlaqələriniz sizin özünüzü qane
edirmi?
- Nə
qədər qəribə də görünsə, mən
öz əsərlərimlə əlaqədar olaraq teatrlara,
daha doğrusu, teatrların rəhbərlərinə elə də
tez-tez müraciət etmirəm. Doğrudur, yeni
tamaşaları diqqətdən qaçırmamağa
çalışıram. Amma hansısa əsərimin
hansısa teatrda oynanılması üçün heç
vaxt xüsusi israr və təşəbbüs göstərmirəm.
- Axı bizə məlumdur ki, siz bu gün Azərbaycan teatrının ən məhsuldar dramaturqlarından birisiniz. Və teatr repertuarına düşmək o qədər də asan məsələ deyildir.
- Mənə elə gəlir ki, bütün sənət ocaqları, o cümlədən bizim teatrlar yaxşı, istedadla yazılmış əsərlərə həmişə ehtiyac duyur. Sizə bir şey deyim, daha doğrusu, bir "sirr" açım: dram əsərlərini digər ədəbi janrlardan fərqləndirən bir sıra amillər vardır. Əvvəla, bu cür əsərlərin, tamaşaların teatrlarda ciddi "hesabatı" gedir. Bir kitabın neçə oxucu tərəfindən oxunduğunu dəqiq müəyyənləşdirmək bəlkə də qeyri-mümkün olsa da, əvəzində tamaşanın "oxucusunu" tam dəqiqliklə müəyyənləşdirmək mümkündür. Kitab var ki, onun bir nüsxəsini bir neçə nəfər oxuya bilər, kitab da var ki, illər uzunu "ağzı açılmadan" rəfdə yatıb qala bilər. Amma tamaşaya qoyulan əsərin "oxucusunun", yəni tamaşaçısının ciddi statistikası aparılır; çünki ən azından bu haqq-hesabın dəqiq, obyektiv aparılmasında teatrların özünün marağı vardır. İkincisi, dramaturgiya fərqli bir janrdır. Əsl, peşəkar dramaturqlar teatrın spesifik cəhətlərinə yaxından bələd olmalıdır və olurlar da. Axı bir saat-saatyarım vaxt ərzində tamaşaçı özünü "başqa" bir aləmdə hiss etməlidir. Üçüncüsü, dramaturq, deyək ki, nəsr əsərində və digər ədəbi janrlarda olduğu kimi, personajların həyatına birbaşa "müdaxilə" edə bilmir, pyesdə hər obraz özü-özünü təqdim etməli olur. Dördüncüsü, mənə elə gəlir ki, bu sənət sahəsi elmə, məsələn, memarlığa daha yaxındır; çünki, atılan hər addımın, deyilən hər replikanın " xronometrajı" aparılır, hər bir mizan ən kiçik detalına qədər hesablanır. Nəhayət, verilən suala bir də qayıdaraq deyirəm: əksər hallarda teatrlara mənim özümdən əvvəl yazdıqlarım gedir. Belə ki, adətən yeni çıxan kitablarımı (pyeslərimi) teatrlara göndərirəm və çox vaxt teatrlardan müsbət cavablar gəlir. Görünür, həmin əsərlər teatrları qane edir.
-Amma gəlin, etiraf edək ki, tamaşaçılara təqdim edilən əsərlərin heç də hamısı uğur qazana bilmir. Bəs bunun səbəbi nədədir?
- Səbəblər çoxdur. Belə hesab
edirəm ki, başlıca səbəb bədii materialın zəifliyindədir.
Təəssüf ki, bəzən
teatrlara dramaturgiyaya dəxli olmayan "makulatura" da yol tapa
bilir. Təbii ki, zəif aktyor və rejissor işini də
buraya əlavə etmək olar.
- Bəs
tamaşaçı zövqü?..
- Söz
yox ki, hər bir səhnə əsərinin taleyi həm də
tamaşaçıdan asılıdır. Amma məsələ
burasındadır ki, tamaşaçının yetişdirilməsinin
özü də uzun, davamlı bir prosesdir. Bəli,
tamaşaçı da aktyor kimi, rejissor kimi illər uzunu
yetişməli, yetkinləşməli,
formalaşmalıdır. Tamaşa var ki,
tamaşaçının zövqünü korlayır,
tamaşaçı da var ki, sözün yaxşı mənasında,
səhnəni öz "təsir dairəsində" saxlayir.
Mən sənətə bu prizmadan yanaşan insanlara istinadən
deyirəm: "tamaşaçı həmişə
haqlıdır".
- Son
zamanlar hansı əsərləriniz səhnələşdirilib?
- Keçən
il bir sıra teatrlar mənim əsərlərimə müraciət
edib. Amma doğrusunu deyim ki, bir fakt mənim üçün
daha maraqlı və gözlənilməz oldu. Belə ki,
ötən ilin sonunda Qusarda fəaliyyət göstərən
Ləzgi Dram Teatrı mənim "Ayı təbəssümü"
adlı tragiokomediyamı tamaşaya qoyub. Bu, mənim
üçün gözlənilməz olsa da, sevindirici hadisədir.
Qəzetiniz vasitəsi ilə həmin teatrın kollektivinə
öz dərin təşəkkürümü bildirirəm. Təəssüf
ki, hələlik həmin əsərə özüm baxa bilməmişəm.
- Bəs
cari ildə hansı teatrlar sizin yaradıcılığınıza
müraciət edəcək?
- Mənim
bildiyimə görə, artıq bir neçə teatrda pyeslərimin
məşqləri gedir. Amma mən yaradıcılıqdan
söhbət düşəndə həmişə gələcək
zamanda yox, keçmiş zamanda danışmağı
xoşlayıram. Yəni nəyin necə olacağını
yalnız gələcək göstərə bilər.
- Bəzən
deyirlər ki, bizdə güclü dramaturq və güclü
rejissor yoxdur. Bu fikrə sizin münasibətiniz necədir?
- Bu fikirlə
qətiyyən razı deyiləm. Azərbaycanın çox zəngin
teatr və sənət ənənələri vardır.
Dramaturgiyamızın Axundovla, Cabbarlı ilə, Əfəndiyevlə
bağlı mühüm mərhələləri vardır. Bu
isimlər hələ təkcə mərhələlərdir.
Bunlardan başqa onlarla klassik və müasir dramaturqun da
adını çəkmək olar. Mən
Yazıçılar Birliyində dramaturgiya bölməsinə
rəhbərlik edirəm. Bizə tez-tez istedadlı gənclər
də müraciət edirlər. Amma onlara mane olanlar
çoxdur.
Xatirinizdədirsə,
bir müddət əvvəl görkəmli dövlət və
elm xadimlərindən birinin belə bir müddəası səsləndi
ki, ədəbi müstəvidə və teatrlarda
lazımı rezonans verən əsərlər yoxdur. O vaxt məsələnin
mahiyyətini anlamayan, anlamağa qadir olmayan və ya bunu anlamaq
istəməyənlər, yəni bu sahədə
çalışan bütün yaradıcı adamların
(daha doğrusu, yaradıcılıq sahəsinin məmurlarının)
az qala hamısı xorla etiraz səslərini ucaltdılar. Amma
diqqət yetirsəniz həmin tezisdə əsərlərin
yoxluğundan yox, onların arzu edilən əks-sədanı
doğura bilməməsindən söhbət gedirdi. Mən də
o fikirlə razıyam ki, bəzən istedadla
yazılmış əsərlər belə,
"havasızlıq" şəraitində boğulub məhv
olur. Bunun əksinə olaraq zəif əsərlərin "səs-küy"
saldığının şahidi oluruq. Təəssüf hissi
ilə qeyd etməliyəm ki, bu cür əsərlərin
intişar tapmasında ədəbi tənqidin
süstlüyü də az "rol" oynamır. Teatr tənqidi
barədəisə heç danışmağa dəyməz.
Burada uzun illərdən bəri bir qəbiristanlıq
sükütü hökm sürməkdədir. Ən
yaxşı halda isə "tənqidçilərimiz" tərəfdən
az qala hamı bir ucdan təriflənir, dahi elan olunur. Halbuki ədəbi-bədii
təsərrüfatda tənqid olunası, lap elə ifşa
ediləsi o qədər nəsnələr, "əsərlər"
var ki.
- Oxucular
sizi həm də bir nasir kimi tanıyırlar. Bu sahədəki
fəaliyyətiniz özünüzü qane edirmi?
-
Ümumiyyətlə, mən həmişə öz
yaradıcılığıma tənqidi yanaşan adamam. Və
bu mənada belə hesab edirəm ki, ürəyimdən
keçənlərin əksəriyyətini lazımi səviyyədə
realizə edə bilmirəm. Sizin sualınıza cavab olaraq onu
deyə bilərəm ki, son bir il ərzində mənim bir
neçə kitabım işıq üzü görüb.
"Musiqili məktublar" kitabına mənim monopyeslərim
daxil edilib. "Dəniz köçü" əsərim
üç dildə - Azərbaycan, rus və ingilis dillərində
çap olunub. Beş cilddən ibarət olan "Teatr
meydanı" romanımın birinci cildi təkrar nəşr
edilib. Dramaturgiyada olduğu kimi, bu il mənə nəsrdə
də "sürpriz" edilib. Özbəkistanda yaşayan,
üzünü belə görmədiyim bir tərcüməçi
xanım - Şahlo Kasımova mənim Azərbaycan mətbuatında
çap olunan əsərlərimi internetdən toplayaraq rus və
özbək dillərinə tərcümə edib. İndi həm
Özbəkistanda, həm də bizdə həmin əsərlərin
kitab şəklində çapı üzərində iş
gedir. Amma yenə təkrar edirəm: etdiklərim məni qane
etmir. Mənə elə gəlir ki, imkanlarımdan istənilən
səviyyədə istifadə edə bilmirəm. Axı daha
çox iş görmək, daha səmərəli fəaliyyət
göstərmək olar. Yazıçı uçub gedən
vaxtı yalnız stol arxasında "tutub saxlaya" bilər,
özü də yalnız yeni əsərlərlə. Təəssüf
ki, vaxt bizim qulağımızın dibindən ötüb
gedir. Biz isə özümüzü o ötüb gedən
vaxtı görməməzliyə vururuq.
-
Bildiyimiz kimi, siz həm də pedaqoji fəaliyyətlə məşğulsunuz.
Yeri gəlmişkən, bu gün təhsil alan tələbələrin
səviyyəsi sizi qane edirmi?
- Bəli.
Mən tələbələrimizdən çox razıyam. Əgər
onların fəaliyyətində müəyyən bir
qüsur, çatışmayan cəhət varsa, bu işdə
onlar yox, müəllimlər günahkardır. Bayaq teatr və
tamaşaçı haqda dediyim ifadəni eynilə tələbələrə
də aid edə bilərəm: tələbələr, gənclər
həmişə haqlıdır. Biz burada da
özümüzü "təftiş etməli", zamanla
ayaqlaşmalı, irəliyə doğru baxmalıyıq.
-
Müsahibə üçün sağ olun.
Söhbəti yazdı: Məsaim
ABDULLAYEV
Xalq qəzeti.- 2011.- 14 may.- S. 7.