Dövlətimizin qayğısı sayəsində Bakı şəhəri və onun ətraf qəsəbələri sürətlə inkişaf edir

 

Azərbaycan Respublikasının müstəqilliyinin iyirminci ildönümü ərəfəsində dönüb geriyə baxanda ölkədə nə qədər möhtəşəm işlər görüldüyünün şahidi oluruq. Doğrudur, bu inkişaf, bu tərəqqi asan başa gəlməmişdir. Müstəqilliyin ilk illəri xüsusilə ağır keçmişdir. Bədnam qonşularımız olan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə təcavüzü, ölkə daxilində hakimiyyət uğrunda gedən mübarizə respublikamızın müstəqilliyini böyük təhlükə qarşısında qoymuşdu. 1993-cü ilin ortalarında ölkədə vətəndaş müharibəsi başlayırdı, Azərbaycan parçalanaraq ayrı-ayrı dövlətlərin tərkibinə qatılmaq təhlükəsi ilə üz-üzə qalmışdı.

 

Bax, belə bir ağır məqamda anadan olmasının 88-ci ildönümünü qeyd etdiyimiz ümummilli lider Heydər Əliyev canından artıq sevdiyi Vətəninin imdadına çatdı. Dövlət quruculuğunda xüsusi istedad sahibi olan ulu öndərimiz xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq ölkəni məhv olmaq təhlükəsindən xilas etdi. Bu dahi şəxsiyyət, ilk növbədə, ölkədaxili vəziyyəti sabitləşdirmək üçün hakimiyyət uğrunda mübarizə aparan qüvvələri zərərsizləşdirməyə başladı, iki dəfə dövlət çevrilişinə cəhdin qarşısını aldı, Ermənistanla gedən müharibədə atəşkəs rejiminə nail oldu və ən nəhayət, respublikanın dirçəlişini təmin edəcək iqtisadi stimulları müəyyənləşdirərək "Əsrin müqaviləsi"ni imzalamaqla Azərbaycanın müstəqilliyini maddi cəhətdən etibarlı, möhkəm dayaq üzərində qurdu.

Əslinə qalsa, Azərbaycan son on beş ildə rahat nəfəs almağa başlayıb. Ölkəmizin bu gün dünya miqyasında söz sahibinə çevrilməsində ümummilli liderimiz Heydər Əliyevin xidmətləri əvəzsizdir. Məhz ulu öndərimiz tərəfindən qurulan yeni Azərbaycan Respublikası XXI əsrə böyük uğurlarla qədəm qoydu. Hazırda dünyanı bürümüş maliyyə böhranının Azərbaycana elə də ciddi təsir etməməsi çoxlarını təəccübləndirir. Ancaq xalqımız bundan qürur hissi keçirir. Ona görə ki, bu respublikanın təməli dünya şöhrətli siyasətçi Heydər Əliyev tərəfindən möhkəm, sarsılmaz dayaqlar üzərində qurulmuşdur. Ümummilli liderimizin siyasi, iqtisadi və sosial -mədəni kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin son illər imzaladığı qanun, fərman və sərəncamlar ölkəmizin daha sürətli inkişafını təmin edir, əhalinin yaşayış səviyyəsini getdikcə yaxşılaşdırır. Bunu son səkkiz ildə görülən nəhəng işlər, həyata keçirilən möhtəşəm layihələr də daha aydın göstərir.

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı sahəsində qəbul edilmiş dövlət proqramları çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər ölkədə makroiqtisadi sabitliyi təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş, əhalinin həyat səviyyəsini xeyli yaxşılaşdırmışdır. Bu dövlət proqramları, o cümlədən "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı", "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", eləcə də iqtisadiyyatın inkişafı ilə bağlı qəbul edilmiş müxtəlif sahəvi dövlət proqramları çərçivəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Bakı şəhərində də abadlıq-quruculuq işlərinin sürətlənməsinə, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşmasına, ümdə məsələlərin həlli istiqamətində irimiqyaslı işlər görülməsinə şərait yaratmışdır. Qeyd olunan proqramların icrası sayəsində Bakı şəhəri sürətlə inkişaf etmiş, yol təsərrüfatının və şəhər nəqliyyatının işinin yaxşılaşdırılması, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidməti, sosial infrastruktur sahəsində xidmət səviyyəsinin yüksəldilməsi üzrə layihələr həyata keçirilmiş, nəticədə şəhər abadlaşmış, tikinti işləri geniş vüsət almış, yeni müəssisələr və iş yerləri açılmışdır.

Dövlətimizin rəhbəri cənab İlham Əliyev görülən işlərlə kifayətlənmir, Azərbaycanı daha zəngin, abad diyara çevirmək üçün yeni-yeni ideyaların həyata keçirilməsinə rəvac verir. Bu mənada Bakı şəhərinin və onun qəsəbələrinin inkişafının sürətləndirilməsi, burada yaşayan əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində görülmüş işləri davam etdirmək üçün 4 may 2011-ci il tarixli sərəncamı ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nı təsdiq etmişdir. Həmin proqrama əsasən respublikamızın paytaxtı Bakı şəhərində və onun ətrafındakı qəsəbələrdə yaxın üç il ərzində görüləcək sosial-iqtisadi tədbirlərin maliyyə mənbələri və konkret müddəti müəyyənləşdirilmişdir.

Qeyd etmək lazımdır ki, indiyədək qəbul edilmiş proqramların həyata keçirilməsi ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əzmlə davam etdirilməsini, qeyri-neft sahələrinin inkişafının sürətləndirilməsini, sahibkarlıq fəaliyyəti üçün daha münbit şəraitin yaradılmasını, vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasını təmin etmişdir. Bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərin, o cümlədən "Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı"nın uğurlu icrası nəticəsində Bakının bütün rayonlarında, o cümlədən qəsəbələrində infrastruktur təminatı daha da yaxşılaşdırılmış, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişaf etdirilməsini təmin edən tədbirlər həyata keçirilməyə başlanmış, yeni məktəblər, əlavə sinif otaqları, xəstəxana, poliklinika, ambulatoriya binaları tikilmiş, mövcud binalar əsaslı təmir edilmiş, müasir tipli idman kompleksləri istifadəyə verilmişdir.

Tədbirlər Proqramının icrası nəticəsində Bakının Sabunçu, Binəqədi, Suraxanı, Səbail, Qaradağ, Nizami, Xətai, Xəzər rayonlarının qəsəbələrində yeni qaz xətləri çəkilmiş, mövcud qaz kəmərlərində əsaslı təmir və yenidənqurma işləri aparılaraq, əhalinin qaz təchizatının yaxşılaşdırılması sahəsində nəzərdə tutulmuş işlər başa çatdırılmışdır. 2006-2007-ci illər ərzində layihə sənədlərinə uyğun olaraq 272,2 km uzunluğunda qaz kəməri və müvafiq qaz qurğuları tikilib istifadəyə verilmişdir.

Bakının Şüvəlan qəsəbəsində ümumi gücü sutkada 221 min kubmetr olan kanalizasiya təmizləyici qurğusunun tikintisi başa çatdırılmış, təkcə 2007-ci il ərzində Bakı şəhəri üzrə 189 km uzunluğunda istismara yararsız su xətti, 21,3 km uzunluğunda kanalizasiya xətti əsaslı təmir olunmuş, 933 elektrik mühərriki və 491 su nasosu yenisi ilə əvəz edilmiş və yaxud təmir olunmuş, 21,3 km uzunluğunda elektrik kabeli dəyişdirilmişdir. Ümumi həcmi 221,8 min kubmetr olan su anbarları yuyulmuş və zərərsizləşdirilmişdir.

Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılması və çirkab suların dənizə axıdılmasının qarşısının alınması məqsədi ilə Hövsan aerasiya stansiyasının genişləndirilməsi və 2 saylı Zığ nasos stansiyasının yenidən qurulması layihəsi həyata keçirilmişdir. Bibiheybət və Sabunçu rayonu ərazilərində neftlə çirklənmiş 100 hektara yaxın sahə rekultivasiya edilmiş, lay suları axıdılan açıq kanalların 1200 metr hissəsi qapalı dəmir-beton kanalla əvəz edilmişdir. Buzovna qəsəbəsində gücü 10 min kubmetr/sutka olan bioloji təmizləyici qurğular kompleksi istifadəyə verilmişdir.

Ötən müddət ərzində qəsəbələrdə elektrik enerjisinə olan tələbatın təmin olunması məqsədi ilə Bakı şəhərində modul tipli elektrik stansiyası tikilib istifadəyə verilmiş, 2007-ci il ərzində Bakıda uzunluğu 75 km olan 10 kv-luq və 280 km olan 0,4 kv-luq kabel xətləri çəkilmiş, 6/10 kv-luq 121 yeni transformator məntəqəsi quraşdırılmış, 110 və 35 kv-luq 12 yarımstansiya və 186 transformator məntəqəsi əsaslı təmir olunmuş, 272 transformator daha güclüləri ilə əvəz edilmişdir.

Mərkəzləşmiş qaydada istiliklə təmin edilməsi nəzərdə tutulan obyektlərin istilik təminatının yaxşılaşdırılması məqsədilə 2007-ci ildə Bakı şəhərində 29 qazanxana tikilib istifadəyə verilmişdir. Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi məqsədi ilə həmin il respublikaya iri və orta tutumlu 233 avtobus gətirilərək istismara buraxılmışdır. Yol qovşaqlarının və piyada keçidlərinin inşası sahəsində 2006-2007-ci illərdə 6 yol ötürücüsü və 6 piyada keçidi tikilərək istifadəyə verilmişdir.

Ümumi uzunluğu 43,9 km olan Xırdalan dairəvi-Binəqədi-Balaxanı avtomobil yolu təmir olunmuş, respublikanın 3 magistral yolunu birləşdirən, uzunluğu 21,5 km olan "Bakı dairəvi yolu"nun, "Əzizbəyov" metro stansiyası dairəsindən Heydər Əliyev Beynəlxalq Aeroportuna qədər (14 km) avtomobil yolunun və 6 zolaqlı Zığ-Binə, həmçinin Bilgəh-Pirşağı avtomobil yolunun tikintisi davam etdirilmişdir.

Bakı Metropoliteni üçün 2004-2007-ci illərdə 50 yeni vaqon alınmış və şəhər sakinlərinin istifadəsinə verilmişdir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda da Bakı şəhərinin rayon və qəsəbələri üçün kompleks tədbirlər nəzərdə tutulmuş, eyni zamanda paytaxtda genişmiqyaslı yenidənqurma, abadlıq və yaşıllaşdırma işlərinin aparılması, Bakı şəhərinin qəsəbələrində avtomobil yollarının tikintisi və təmiri, əhalinin elektrik enerjisinə olan tələbatının etibarlı şəkildə ödənilməsi, ekologiyanın sağlamlaşdırılması, yeni səhiyyə və təhsil obyektlərinin tikintisi üçün Azərbaycan Respublikasının Prezidenti müvafiq sərəncamlar imzalamışdır.

Məhz bunların nəticəsində ötən dövrdə paytaxt əhalisinin elektrik enerjisinə olan tələbatının təmin olunması məqsədi ilə yeni elektrik stansiyaları tikilib istifadəyə verilmiş, qaz təchizatı sahəsində Sabunçu, Binəqədi, Suraxanı, Səbail, Qaradağ, Nizami, Xətai, Xəzər rayonlarının qəsəbələrində yeni qaz xətləri çəkilmiş, ümumilikdə Bakı şəhərinin 97 faizi qazlaşdırılmışdır. Əhalinin su təminatının yaxşılaşdırılması üçün Oğuz-Qəbələ-Bakı su kəmərinin inşası nəticəsində şəhər əhalisinin 70 faizi Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə cavab verən keyfiyyətli içməli su ilə davamlı olaraq təmin ediləcəkdir.

Son dövrdə əhaliyə göstərilən kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində xeyli iş görülmüş, Bakıya Almaniya, Rusiya və Yaponiya istehsalı olan ixtisaslaşdırılmış maşınlar gətirilmişdir. Yeni texnika və texnologiyanın tətbiqi ilə məişət tullantılarının mütəmadi olaraq yığılması və emalı təmin ediləcəkdir. Paytaxtda ekoloji tarazlıq yaradılması üçün Balaxanı Bərk Məişət Tullantıları Zavodunun tikintisi davam etdirilmiş, Bakı şəhərində yaşıllıqların salınması məqsədi ilə milyonlarla ağac əkilmişdir.

Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi məqsədi ilə 32 piyada keçidi tikilmiş, 23 yol ötürücüsü, körpü və tunellər istifadəyə verilmişdir. Həmçinin Bakı şəhərində sərnişin nəqliyyatının hərəkətinin tənzimlənməsinin və idarə olunmasının təkmilləşdirilməsi məqsədi ilə nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin cari ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Bu sistemin tətbiq edilməsi ilə Bakı şəhəri üzrə sərnişindaşımada və avtomobil nəqliyyatı vasitələrinin hərəkətində yaranmış problemlərin aradan qaldırılmasına və nəqliyyatın hərəkətinin tənzimlənməsinə, sərnişindaşıma marşrutlarının optimallaşdırılmasına və vahid mərkəzdən idarə edilməsinə nail olunacaqdır.

Paytaxt sakinlərinin rahat və təhlükəsiz daşınmasında müstəsna rol oynayan metro nəqliyyatı sahəsində bir sıra işlər aparılmış, o cümlədən "Nəsimi" və "Azadlıq prospekti" yeni metro stansiyaları inşa olunmuş, "İçərişəhər" və "28 may" stansiyaları yenidən qurulmuş, Beynəlxalq Avtovağzal Kompleksi istifadəyə verilmişdir.

Sahibkarlığın inkişafı və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində ölkədə aparılan islahatlar Bakı şəhərində də yeni müəssisələrin və iş yerlərinin yaradılmasına təkan vermişdir. Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və bu sahəyə dövlət qayğısının artırılması məqsədilə 2006-cı ildən ötən müddət ərzində Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına Bakı şəhəri üzrə 629 sahibkarlıq subyektinə 99 milyon manat güzəştli kredit verilmişdir. Ölkə paytaxtında biznes mühitinin inkişafı sahəsində son illər həyata keçirilmiş layihələr nəticəsində Şüşə Məmulatları İstehsalı Zavodu, Pambıq Emalı Fabriki, Qranit-mərmər Zavodu istifadəyə verilmiş, gəmiqayırma zavodunun təməli qoyulmuşdur. "Azərbaycan İnvestisiya Şirkəti" ASC tərəfindən Hövsan qəsəbəsində gündəlik istehsal gücü 200 ton olan yeni süd emalı zavodunun, "Qaradağ Sement" ASC-də yeni klinker sobasının inşası davam etdirilmişdir. Məhz görülən işlər nəticəsində son 7 ildə Bakı şəhəri üzrə ümumilikdə 23 minə yaxın müəssisə, 191 mindən çox yeni iş yeri yaradılmışdır.

Heç şübhə yoxdur ki, Bakı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair nəzərdə tutulan yeni Dövlət Proqramının həyata keçirilməsi paytaxtımızı və onun ətraf qəsəbələrini daha abad və daha gözəl edəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə kənd və qəsəbələrdə abadlıq və quruculuq işləri ilə bağlı verdiyi tapşırıqların icrası ilə tanış olmaq üçün ayrı-ayrı yaşayış sahələrinə getmiş, görülən işlərin keyfiyyətindən və sürətindən razı qaldığını bildirmişdir.

Dövlətimizin rəhbəri qısa müddətdə Sabunçu, Suraxanı, Nizami, Xətai, Qaradağ, Binəqədi rayonlarındakı qəsəbələrdə görülən işlərlə tanışlıqdan sonra, mayın 12-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində olmuşdur. Prezident İlham Əliyevə məlumat verildi ki, Bakının başqa qəsəbələrində olduğu kimi, Mərdəkanda da qəsəbədaxili yolların əsaslı yenidən qurulması işləri sürətlə aparılır. Artıq 16,5 min kvadratmetr sahəyə asfalt döşənmişdir. Daha 19 min kvadratmetr yola asfalt salınacaqdır. Dövlət Proqramında nəzərdə tutulan işlər qrafik üzrə aparılır.

Prezident İlham Əliyev başqa yerlərdə olduğu kimi, Mərdəkan qəsəbəsində də sakinləri maraqlandıran məsələlərə aydınlıq gətirdi. Ölkə başçısı əmin etdi ki, proqramda nəzərdə tutulan tədbirlərin hamısı layiqincə həyata keçiriləcəkdir.

 

 

Telman ƏLİYEV

 

Xalq qəzeti.- 2011.- 14 may.- S. 1-2.