Ulu öndər və Dağlıq Qarabağ probleminin həlli yolları

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ümummilli lider Heydər Əliyevin xarici siyasətində başlıca yer tuturdu.Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və mahiyyəti, onun ağır nəticələri dünya birliyinə yaxşı məlumdur. Bu münaqişə Azərbaycan torpağı olan Dağlıq Qarabağı özünə birləşdirməyə çalışan Ermənistanın Azərbaycana ərazi iddiaları nəticəsində yaranmışdır. 1988-ci ildə münaqişə başlananda keçmiş Sovet İttifaqı rəhbərliyinin Azərbaycana qarşı ədalətsiz və qərəzli mövqeyi, problemin vaxtında qarşısını almaq istəməməsi nəticəsində münaqişə dərinləşərək müharibəyə çevrildi.

 

1991-1992-ci illərdə hərbi əməliyyatlar geniş vüsət almağa başladı. Erməni silahlı birləşmələri ən müasir silahlardan istifadə edərək 1992-ci ilin fevral ayında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində 613 nəfər günahsız insanın vəhşicəsinə öldürülməsi, 487 nəfərin şikəst olması, 1275 nəfərin əsir götürülməsi və 150 nəfərin itkin düşməsi ilə nəticələnən Xocalı soyqırımını həyata keçirdi. 1992-ci ilin mayında isə bu hücumlar Şuşanın, sonra da Laçının süqutu ilə nəticələndi. Beləliklə, erməni silahlı qüvvələri Dağlıq Qarabağın ətrafındakı rayonların da işğalına başladı. BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 nömrəli qətnamələrində erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması və qaçqınların öz doğma yerlərinə qaytarılması tələb olunsa da, bu sahədə beynəlxalq ictimaiyyətin səylərinə və çağırışlarına məhəl qoymayan erməni silahlı birləşmələri Azərbaycan rayonlarını işğal etməkdə davam etdi. 1993-cü ilin aprelindən başlayaraq bir neçə ay ərzində Kəlbəcər, Ağdam, Cəbrayıl, Qubadlı, Füzuli, Zəngilan işğal olundu. Onu da qeyd etmək lazımdır ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti beynəlxalq ictimaiyyət tərəfindən pislənsə də, Ermənistan faktiki olaraq heç bir dövlət tərəfindən təcavüzkar kimi tanınmadı. Yalnız 1993-cü ilin aprel ayında Pakistanın Kəraçi şəhərində İslam Konfransı Təşkilatının 21-ci konfransında Ermənistanın təcavüzkar dövlət olduğu bəyan edildi.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə baş qaldırmış separatçı qüvvələri, Azərbaycan dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər törədən cinayətkar qrupları zərərsizləşdirdi, ölkədaxili ictimai-siyasi sabitliyi, dövlət ilə xalqın birliyini təmin etdi.

Ordu quruculuğunda düzgün siyasətin yeridilməməsi nəticəsində xalqın orduya etdiyi yardımlara, ayrı-ayrı döyüşlərdə xalqımızın vətənpərvər və igid oğullarının düşmənə layiqli müqavimət göstərmələrinə baxmayaraq, Silahlı Qüvvələrimiz bütövlükdə uğursuzluğa düçar olurdu.

Ümummilli liderin hakimiyyətə qayıdışından sonra döyüşçülərimizin əhval-ruhiyyəsi yüksəldi, özlərinə inamı artdı. Yeni Ali Baş Komandanın əmri ilə hücuma keçərək düşməni geri oturtdu. Xeyli torpaqlarımızı, qəsəbə və kəndlərimizi işğaldan azad etdi. Cəbhə bölgələrindəki yeni vəziyyət erməni tərəfini atəşin dayandırılması barədə ciddi düşünməyə vadar etdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə, onun qətiyyəti, əzmkarlığı və uzaqgörənliyi nəticəsində 1994-cü ilin may ayının 12-də Ermənistanla atəşkəs haqqında razılaşma əldə olundu, beş ildən artıq davam edən hərbi əməliyyatlar dayandırıldı, münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün ilkin şərait yarandı.

1994-cü ilin dekabrında ATƏM-in Budapeştdə keçirilən zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏM-in fəaliyyətinin intensivləşdirilməsi barədə qərar qəbul olundu. ATƏM dövlətlərinin başçıları nizamlamanın mərhələli xarakterini müəyyən edərək və ATƏM-in Minsk Konfransının həmsədrlərinə silahlı münaqişənin dayandırılması barədə saziş hazırlamağı tapşırıldı. Saziş bütün tərəflər üçün münaqişənin əsas nəticələrinin aradan qaldırılmasını özündə əks etdirməli və Minsk Konfransının çağırılması üçün əsas olmalı idi. Münaqişə zonasında sülhün təmin edilməsi üçün ATƏM-in çoxmillətli qüvvələrinin yerləşdirilməsi barəsində bir qərar qəbul olundu.

ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində bir sıra mühüm təkliflər irəli sürüldü. Xüsusilə 1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşü zamanı Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycanın mövqeyi Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən qəbul edildi, tanındı və müdafiə olundu.

Heydər Əliyev 1993-cü ildən 2001-ci ilədək 68 ölkənin prezidenti və dövlət başçısı ilə 485 görüş keçirmişdir. Bu görüşlərin hamısında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmuşdur. Konkret rəqəmlərlə ifadə etsək, Heydər Əliyev ABŞ-ın Prezidenti, xarici işlər naziri ilə bu məsələni 18, Fransa rəhbərləri ilə 16, Rusiya ilə 23, Türkiyə rəhbərləri ilə 78 dəfə müzakirə etmişdir. BMT-nin baş katibləri ilə onlarca görüş olmuşdur, NATO-nun, Müstəqil Dövlətlər Birliyinin zirvə görüşlərində, İslam Konfransı Təşkilatının iki, İqtisadi Əməkdaşlıq Təşkilatının dörd zirvə görüşündə, türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşlərində hər dəfə Heydər Əliyev Ermənistan-Azərbaycan münaqişəsini gündəliyə çıxarmışdır.

ATƏT-in Lissabon zirvə görüşündən sonra Minsk qrupunun həmsədrləri dünyanın üç böyük dövləti - Rusiya, ABŞ, Fransa oldu. Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair indiyədək üç təklif vermişlər. Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin paket həllini, 1997-ci ilin oktyabrında verdikləri ikinci təklif isə münaqişənin mərhələli həllini nəzərdə tuturdu. 1998-ci ilin noyabrında həmsədrlər yeni, üçüncü təklif - "ümumi dövlət" təklifini verdilər.

Nəhayət, 1999-cu ilin aprelindən başlayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində yeni bir format yaranıb və o, öz fəaliyyəti ilə əslində ATƏT-in Minsk qrupunun işini tamamlayır. Bu, Azərbaycan və Ermənistan prezidentlərinin birbaşa dialoqudur. Heydər Əliyevin Ermənistan Prezidenti Robert Koçaryan ilə Cenevrədə, Moskvada, İstanbulda, Parisdə, Minskdə, Davosda, Yaltada, Soçidə, respublikamızın sərhədində çoxsaylı görüşləri olmuşdur.

Bu gün danışıqlar prosesində yaranmış vəziyyət isə beynəlxalq münasibətlərdə təhlükəli presedent yaradır. Dünya birliyi beynəlxalq hüququn norma və prinsiplərinə ciddi əməl olunmasını, bunların möhkəmləndirilməsini təmin etmək əvəzinə, qətiyyətsizlik göstərir. Ərazi bütövlüyünün toxunulmazlığı, sərhədlərin pozulmazlığı kimi beynəlxalq hüququn fundamental norma və prinsipləri sual altına qoyulur və bununla da Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda yaşayan bir ovuc erməniyə görə beynəlxalq hüququn və praktikanın on illər boyu formalaşmış dayaqları sarsıdılır.

 

 

Şəlalə QULUZADƏ,

Ədliyyə Akademiyasının əməkdaşı

 

Xalq qəzeti.- 2011.- 14 may.- S. 4.