Milli muğam ifaçılığının Xanı

 

Xan Şuşinski - 110

 

Şuşa haqlı olaraq Qafqazın konservatoriyası təbirini və təyinini qazanmışdır. Şuşa Konservatoriyasının parlaq nümayəndələri dünyanın hər yerində Azərbaycan musiqisini ləyaqətlə təmsil edərək ona şöhrət gətirmişlər. Şuşa - Mir Möhsün Nəvvabın, Xarrat Qulunun, Hacı Hüsünün, Mirzə Sadıqın (Sadıxcanın), Məşədi İsinin, Əbdülbağı Zülalovun, Cabbar Qaryağdıoğlunun, Keçəci oğlu Məmmədin, Məşədi Məmməd Fərzəliyevin, İslam Abdullayevin, Seyid Şuşinskinin, Bülbülün, Zülfi Adıgözəlovun, Xan Şuşinskinin, Məşədi Cəmil Əmirovun, Qurban Pirimovun, bəstəkarlardan Üzeyir Hacıbəylinin, Zülfüqar Hacıbəyovun, Fikrət Əmirovun, Niyazinin, Əfrasiyab Bədəlbəylinin, Soltan Hacıbəyovun, Əşrəf Abbasovun, Süleyman Ələsgərovun, müğənni Rəşid Behbudovun vətənidir.

 

XX yüzilin əvvəllərində ictimai-siyasi və mədəni yüksəliş şəraitində Üzeyir Hacıbəyli müasir Azərbaycan professional musiqi mədəniyyətinin əsasını qoydu və şifahi ənənəli milli sənətlə bəstəkar yaradıcılığının sintezini yaratdı.

Muğam Azərbaycan xalqının mədəni-mənəvi irsinin möhtəşəm abidəsidir. Azərbaycan musiqisini zəngin fəlsəfi və ədəbi zəmində təşəkkül tapmış muğamsız təsəvvür etmək mümkün deyildir. Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsi onun nadir sənət növü olduğunu göstərir.

Azərbaycan muğam sənətinin görkəmli ifaçısı Xan Şuşinski 1901-ci ilin avqustun 20-də Şuşada dünyaya göz açıb. Əsl adı İsfəndiyardır. İsfəndiyar Cavanşirov Şuşanın bünövrəsini qoyan Cavanşir sülaləsindən olan Aslan bəyin ailəsində dünyaya göz açıb. Musiqini dinləmək, qavramaq qabiliyyəti çox güclü olan gənc müğənni muğamların yolunu, xalq mahnı və təsniflərinin ifa tərzini ustadından öyrənmişdir. İsfəndiyar Cavanşirova "Xan" təxəllüsünü də 1918-ci ildə İslam Abdullayev vermişdir.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Bakıdan Şuşaya gəlmiş bədii təşviqat briqadasına qoşulan gənc xanəndə bir çox rayon və kəndlərdə verilən konsertlərin iştirakçısı olmuşdur. O, ilk dəfə geniş tamaşaçı qarşısında 1923-cü ildə Bakıda Müdafiə Evində (indiki M.Maqomayev adına Azərbaycan Dövlət Flarmoniyasında) çıxış etmişdir. Bakı səfərindən qayıdandan sonra gənc xanəndə fəhlə klublarında, kənd zəhmətkeşləri qarşısında, hərbi hissələrdə, xalq şənliklərində müntəzəm olaraq konsertlər vermişdir.

Xan Şuşinskini 1928-ci ildə Gürcüstan İncəsənət İttifaqı Tiflis şəhərinə dəvət etmişdir. O, bir çox müəssisələrdə, o cümlədən N.Nərimanov adına klubda çıxışlar etmişdir. Sonra Xan İrəvan şəhər maarif evində konsert vermiş, yolüstü Naxçıvan zəhmətkeşləri qarşısında da böyük proqramla çıxış etmişdir. O, müxtəlif vaxtlarda bir sıra kəndləri və kolxozları, həmçinin hərbi hissələri hamiliyə götürmüş, mədəni tədbirlərdə fəal iştirak etmişdir. 1929-cu ildə gənc xanəndə Ağdamda qırxa yaxın sazəndə və xanəndəni birləşdirən xalq çalğı alətləri ansamblı da yaratmışdır.

Xan Şuşinski Tiflisdə keçirilən Zaqafqaziya xalqlarının I incəsənət olimpiadasında (1934) böyük uğur qazanaraq birinci mükafata layiq görülmüş və Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin I dərəcəli fərmanı ilə təltif olunmuşdur.

Xan Şuşinski 1939-cu ildən Bakıda yaşamış, həmin vaxtdan M.Maqomayev adına Azərbaycan Dövlət Flarmoniyasının solisti olmuşdur. O, Böyük Vətən müharibəsi illərində sovet döyüşçülərinə mədəni xidmət göstərilməsində fəal iştirak etmişdir. Müğənni 1944-cü ildə bir qrup Azərbaycan incəsənət xadimi ilə birlikdə üç ay İranda qastrol səfərində olmuş, Tehran, Təbriz, Ərdəbil, Qəzvin, Rəşt və sair şəhərlərdə verilən konsertlərdə uğurla çıxış etmişdir. O, şah sarayında təşkil edilmiş məclisə də dəvət olunmuş, tarzən Allahyar Cavanşirovun və kamançaçı Hafiz Mirzəliyevin müşayiəti ilə "Mirzə Hüseyn Segahı"nı və "Qarabağ şikəstəsi"ni böyük məharətlə oxumuş, qiymətli hədiyyə ilə mükafatlandırılmışdır.

Görkəmli xanəndə Tiflisdə keçirilən Zaqafqaziya respublikalarının musiqi dekadasının (1944) və Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyünün (1959) iştirakçısı olmuşdur. P.İ. Çaykovski adına konsert zalında, M. Qorki adına Mərkəzi Mədəniyyət və İstirahət Parkında, Böyük Teatrda, kütləvi şənliklərdə böyük uğurla çıxış etmişdir.

Nadir istedadı, geniş diapozonu, gur və məlahətli səsi, yüksək ifaçılıq mədəniyyəti sayəsində Xan Şuşinski hələ gənclik illərində böyük şöhrət qazanmışdır. O, Azərbaycan muğamlarını zənginləşdirmiş, bir neçə muğama yeni guşələr və şöbələr əlavə etmiş, özünəməxsus xırdalıq və gəzişmələrlə muğamları daha da təkmilləşdirmişdir. "Mirzə Hüseyn Segahı"nın "Manəndi-müxalif", "Rast" və "Kürdü-Şahnaz"ın "Dilkəş"şöbələri həmin muğamlara ilk dəfə Xan Şuşinski tərəfindən qoşulmuşdur. Azərbaycan klassik xanəndələrinin ənənələrinin layiqli davamçılarından biri olan görkəmli sənətkar oxuduğu muğamlarda gəzişmə və zəngulələrdən məharətlə istifadə etmişdir.

Azərbaycan xanəndəlik sənəti tarixində özünəməxsus məktəb yaratmış Xan Şuşinskinin repertuarında "Rast", "Bayatı-Şiraz", "Şur", "Çahargah", "Mahur", "Qatar", "Şahnaz", "Mirzə Hüseyn Segahı", "Heyratı", "Qarabağ şikəstəsi" və s. muğamlar, bir sıra təsniflər, "Qara qaşın vəsməsi", "Süsən sünbül", "Alma almaya bənzər", "Girdim yarın bağçasına", "Apardı sellər Saranı" kimi xalq mahnıları başlıca yer tutmuşdur. O, oxuduğu muğamların ruhuna uyğun qəzəl və qoşmalar (Nizami, Füzuli, Vaqif, Əlağa Vahid, Səməd Vurğun və başqalarının sözlərinə) seçmişdir. Türk və fars mahnılarının gözəl ifaçısı olmuşdur. Yaradıcı xanəndə bir sıra mahnı ("Qəmərim", "Şuşanın dağları", "Məndən gen gəzmə", "Ay gözəl", "Al yanağında", "Dağlarda çiçək", "Gözəl yarım", "Ölürəm, a ceyran bala", "Ay qəşəng ceyran" və s.) və təsniflər də bəstələmişdir. O, oxuduğu hər bir muğama və mahnıya öz ustadlıq möhürünü vurmuşdur.

Gürcü kinematoqrafçıları Xan Şuşinskinin ifasında "Heyratı", "Zəminxarə", "Mənsuriyyə" muğamlarını lentə alaraq "Gürcüstanfilm"in istehsalı olan "Georgi Saakadze" filmində səsləndirmişlər. "Azərbaycanfilm"in istehsal etdiyi "O olmasın, bu olsun" bədii filmində Xan, qonaqlıq səhnəsində "Şahnaz" muğamından parçalar, operettanın radio üçün səhnələşdirilmiş ədəbi-musiqili verilişində gəlin gətirmə mərasimində "Qarabağ şikəstəsi" oxumuş, "Azərbaycan incəsənətinin baharı" filmində isə oxumaq məqamında çəkilmişdir. Xanəndə Hüseyn Cavid, Əlağa Vahid, Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim kimi şəxsiyyətlərlə dostluq etmiş, yaradıcılıq əlaqəsi saxlamışdır.

Simfonik orkestrin müşayiəti ilə ilk dəfə simfonik muğamlarda solo hissəni, musiqi tariximizdə ilk dueti Şövkət xanım Ələkbərova ilə birlikdə Xan Şuşinski oxumuşdur. Xan Şuşinski "Şərəf nişanı" ordeni, bir çox medallarla və fəxri fərmanlarla təltif edilmişdir.

Xatirəsi bütün şuşalılar üçün əziz olan Xan Şuşinskinin fitri istedadı, yüksək peşəkarlığı dövlət müstəqilliyi illərində yüksək qiymətləndirilmişdir. 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə Respublika Sarayında Xan Şuşinskinin 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir. Ulu öndərimiz Xan Şuşiniskinin yaradıcılığına yüksək qiymət verərək demişdir: "60 illik yaradıcılığı ilə Azərbaycan xanəndəlik sənəti tarixində özünəməxsus məktəb yaratmış Xan Şuşinski ölkəmizdə istedadlı ifaçılar nəslinin yetişdirilməsinə də böyük əmək sərf etmişdir."

Ümummilli lider Heydər Əliyevin musiqimizin inkişafına göstərdiyi yüksək diqqət və qayğını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Cənab Prezidentin Azərbaycan musiqisinə, mədəniyyətinə verdiyi yüksək dəyər həmişə şuşalılar tərəfindən də böyük rəğbətlə qarşılanır. Dövlət başçısının yüksək qayğısı sayəsində muğam sənəti sürətlə inkişaf edir. Bakıda Beynəlxalq Muğam Mərkəzinin açılması, respublikamızda muğam müsabiqələrinin, beynəlxalq festivalların, simpoziumların keçirilməsi, rəsmi tədbirlərdə muğam sənətinə yetərincə yer ayrılması dövlət qayğısının parlaq təzahürüdür.

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın muğam sənətinin inkişafında misilsiz xidmətləri vardır. Mehriban xanımın gərgin zəhmətinin bəhrəsidir ki, muğamımız da YUNESKO-nun "Xüsusi mühafizə edilən irs" siyahısına salınmışdır. Məhz onun təşəbbüsü sayəsində sistem halında gerçəkləşən layihələr, keçirilən müsabiqələr, festivallar istedadlı gənclərin üzə çıxmasına şərait yaradır. Mehriban xanım Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun dəstəyi hesabına işıq üzü görən "Qarabağ xanəndələri" kitab-albomunda görkəmli xanəndə Xan Şuşinskinin musiqi fəaliyyətinə geniş yer verilimişdir.

Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu, ölkənin iqtisadi potensialının güclənməsi Qarabağın azad edilməsinə yönəlmişdir. Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı aparılan məqsədyönlü siyasəti nəticəsində inanırıq ki, üçrəngli bayrağımız işğaldan azad olunmuş tarixi yurdlarımızda, doğma Şuşamızda hökmən dalğalanacaqdır. Şuşalılar inanırlar ki, mədəniyyət mərkəzi Şuşada yenə də "Xarı bülbül" festivalları, Vaqif poeziya günləri keçiriləcək, məşhur şəxsiyyətlərin ev muzeyləri bərpa olunacaq, qədim diyar əvvəlki çal-çağırlı həyatına qayıdacaqdır.

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin mütəmadi keçirdiyi tədbirlərin bir istiqaməti də görkəmli insanların həyat və fəaliyyətini dərindən öyrənmək, tariximizi, mədəniyyətimizi yaşatmaq, yeni nəsillərə ötürməkdir. Milli-mədəni irsimizi qorumaq istiqamətində görüləcək işlər isə çoxdur.

Bu il ustad sənətkarımız Xan Şuşinskinin 110 yaşı tamam olur. "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi, Şuşa Rayon İcra Hakimiyyəti, ziyalılar, çoxsaylı mədəniyyət işçiləri, musiqisevərlər həmişəyaşar ustad sənətkarımız Xan Şuşinskinin anadan olmasının 110 illiyini layiqincə qeyd etməyə hazırlaşırlar.

 

 

Bayram SƏFƏROV,

"Azərbaycan Respublikası Dağlıq

Qarabağ Bölgəsinin Azərbaycanlı İcması"

İctimai Birliyinin sədri, Şuşa Rayon İcra

Hakimiyyətinin başçısı

 

Xalq qəzeti.- 2011.- 15 may.- S. 8.