İkinci Kəlbəcər
əməliyyatı: qələbənin bir
addımlığında...
Həmin
döyüşlərin iştirakçısı olmuş
zabitin xatirələri
Bu ilin aprelində Kəlbəcər rayonunun erməni
faşistləri tərəfindən işğalının
18-ci ili tamam oldu. Rayonun düşmənə təslim edilməsinin
səbəbləri bu gün də müəmmalı olaraq
qalmaqdadır. Sonradan ərazinin işğaldan azad edilməsi
üçün əməliyyat aparılmış, lakin bu cəhd
də uğursuzluqla nəticələnmişdi. Vaxtilə
bütün bu hadisələrlə bağlı komissiya
yaradılmış, təhqiqat işləri
aparılmışdı. "Xalq qəzeti"nin 29 mart
1997-ci il tarixli sayında komissiyanın gəldiyi nəticələrlə
bağlı geniş bir yazı da dərc edilib. Materialda Kəlbəcərin
işğaldan azad edilməsi uğrunda döyüşlərdə
iştirak etmiş, hətta xeyli uğurlar qazanmış
briqada komandiri, polkovnik-leytenant Valeh Rəfiyevin də adı
çəkilir. Hünərvər komandirin döyüş
yolu haqqında qeydləri hörmətli oxucuların nəzərinə
çatdırırıq.
Keçən
əsrin 90-cı illərinin əvvəlləri Azərbaycan
üçün, sözün həqiqi mənasında, məşəqqətli
bir dövr idi. Ermənistanın Azərbaycana qarşı ərazi
iddiaları üzündən ölkədə ictimai-siyasi
sabitlik pozulmuş, Dağlıq Qarabağda yaşayan ermənilər
müstəqillik niyyətinə düşmüş, Azərbaycan
xalqı tarixi torpaqlarımızın müdafiəsinə
qalxmışdı. Belə bir zamanda keçmiş SSRİ
ordusunda xidmət edən azərbaycanılar da doğma Vətənə
can atır, torpaqlarımızın düşmən
tapdağından azad edilməsinə öz töhfələrini
verməyə çalışırdılar. Xüsusilə
peşəkar hərbçilər öz bilik və
bacarıqlarını Azərbaycanın xidmətinə verməyə
tələsirdilər. Əlbəttə, mümkün deyildi
ki, Vətən torpaqları düşmən tərəfindən
işğal oluna, sən də əynində hərbi mundir
ola-ola durub kənardan baxasan. Həmin illərdə
keçmiş SSRİ Silahlı Qüvvələrindən
çıxıb Azərbaycanın hələ yenicə
formalaşmağa başlayan Milli Ordusunun sıralarına can
atanlardan biri də peşəkar hərbçi,
polkonik-leytenant Valeh Rəfiyev idi. Valeh Rəfiyev Azərbaycan
ordusunda xidmətə Müdafiə Nazirliyi aparatında
başlayıb. Lakin o, bütün işğal
altındakı rayonlarımızın azad olunması
üçün ön cəbhəyə can atırdı. Və
təbii ki, qanlı döyüşlərin mərkəzində
olmaq ona da nəsib oldu...
Polkovnik-leytenant
Valeh Rəfiyev 1947-ci il dekabın 8-də Qax rayonunda anadan olub.
Uşaqlığı İkinci Dünya Müharibəsindən
sonrakı ağır illərə təsadüf edib.
1963-cü ildə Bakıya gələrək burada həm
peşə məktəbində oxuyub, həm də gecə məktəbində
orta təhsil alıb. M.Ə.Sabir adına Pedaqoji Texnikumu
bitirdikdən sonra 1967-ci ildə hərbi xidmətə gedib.
Bakı ətrafındakı Pirəkəşkül qəsəbəsində
hərbi xidmətdə olarkən ürəyində hərbçi
olmaq arzusu baş qaldırıb. 1968-ci ildə Bakıdakı
Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olub və
1972-ci ildə təhsilini uğurla başa vurub. 1989-cu ildə
Leninqrad Arxa Cəbhə və Nəqliyyat Akademiyasının
komandanlıq fakültəsində kurslar keçib və
qırmızı diplom alıb.
Hərbi
xidməti SSRİ Silahlı Qüvvələrinin Uzaq Şərqdəki
hərbi hissələrində, Çin və Koreya sərhədlərində,
o zaman təhlükəli hesab olunan zonalarda keçib. 1977-ci
ildə Azərbaycandakı hərbi hissələrdən birinə,
1981-ci ildə isə xidmətini davam etdirmək
üçün Bakıya göndərilib. 1985-ci ildə
rütbəsi və vəzifəsi artırılaraq Gəncədəki,
iki ildən sonra isə Almaniyadakı qoşunlarda xidmətə
təyin olunub. Elə Dağlıq Qarabağda erməni
separatizminin baş qaldırması barədə ilk xəbərləri
də Almaniyada eşidib və ürəyində Vətənə
qayıtmaq arzusu baş qaldırıb. Lakin ilk vaxtlarda bu
arzusunu həyata keçirmək mümkün olmayıb. Nəhayət,
1991-ci ildə Almaniyadakı sovet qoşunları ixtisara
düşməyə başlayanda Valeh Rəfiyevin xidmət
etdiyi hərbi hissə Ukraynanın İvano-Frankovsk vilayətinə
gördərilib. Həmin ilin avqustunda Vətənə
qayıtmaq arzusunu reallaşdırmaq mümkün olub və o,
Zaqafqaziya Hərbi Dairəsinə təyinat alaraq Bakıya gəlib.
1992-ci ilin mart ayından isə Valeh Rəfiyev yenicə yaranan
Azərbaycan ordusunda hərbi xidmətə başlayıb,
Müdafiə Nazirliyində şöbə müdirinin
müavini vəzifəsinə təyin olunub.
Lakin
peşəkar hərbçi olan və bir ovuc Qarabağ ermənisinin
8 milyon əhalisi olan Azərbaycana meydan oxumasına dözə
bilməyən Valeh Rəfiyev düşmənə həddini
göstərmək üçün ön cəbhəyə
can atırdı. Əvvəlcə bu, mümkün olmasa da,
sonralar o, Qəbələdəki təlim düşərgəsində
müdafiə nazirinin nümayəndəsi təyin olunur.
1992-ci ilin may ayına qədər burada gənc əsgərlərin
döyüşlərə hazırlanmasında iştirak edir.
Mayın 8-də
Qeyd etmək
lazımdır ki, həmin vaxtlar cəbhədə vəziyyət
olduqca gərgin idi. Azərbaycan ordusu təcavüzkar
düşmənə qarşı bir neçə cəbhədə
mübarizə aparırdı. Gəlbəcər, Goranboy
istiqamətində, Şuşa ətrafında
döyüşlər gedirdi. Bəzi istiqamətlərdə
döyüşlər uğurlu keçsə də, bəzi cəbhələrdə
uğursuzluqlar olurdu. Goranboy təlimlərində
hazırlanmış gənc əsgərlər Şuşa
istiqamətində döyüşlərə göndərilmişdi.
Onlar ağır döyüşlər apara-apara bir sıra kəndlərimizi
düşməndən azad etmişdilər. Lakin bu
zavallılar Daşaltı əməliyyatı zamanı
amansız xəyanətin qurbanı olaraq uğursuzluğa
düçar oldular.
Valeh Rəfiyev
isə müəyyən səbəblərdən
Daşaltı əməliyyatına cəlb olunmamış əsgərlərlə
Şəmkirdəki hərbi hissəyə göndərilib.
Bununla da əvvəllər rus ordusunun bazası olmuş həmin
hərbi şəhərcikdə N saylı Azənbaycan hərbi
hissəsi yaradılıb. Noyabr-fevral aylarında burada yeni briqada
formalaşdırılıb və 1993-cü il fevralın 13-də
Ağdərə istiqamətində döyüşlərə
göndərilib. Rayonun Drambon kəndi ətrafında ermənilərlə
şiddətli döyüş baş verib və briqada
komandirinin müavini Valeh Rəfiyev hərbi təcrübəsindən
istifadə edərək hissəni çətinliklə də
olsa, düşmən mühasirəsindən xilas edə bilib.
1993-cü
ilin yayında o vaxtkı müdafiə naziri əvəzi,
hazırkı müdafiə naziri general-polkovnik Səfər Əbiyev
onu yanına - Gəncəyə dəvət edərək
briqada komandiri təyin edir. Bu, Kəlbəcər uğrunda
döyüşlərdən çıxmış, pərakəndə
vəziyyətə düşmüş bir hissə idi. Valeh Rəfiyevin
onunla müəyyən tanışlığı vardı.
Şəmkirdəki hissə ilə Murov istiqamətində
döyüşlər zamanı həmin briqadanın şəxsi
heyəti ilə görüşləri olmuşdu. Murov istiqamətindəki
döyüşlərin birində Valeh Rəfiyevin
döyüşçüləri 100-ə qədər erməni
əsgərini məhv edib, külli miqdarda silah-sursat,
döyüş maşınları ələ
keçirmişdi. Düşmən Ömər
aşırımından geri çəkilməyə məcbur
olmuşdu. Valeh Rəfiyevin yeni təyin olunduğu
briqadanın qarşısında da düşmənin
qarşısını saxlamaq, Ömər
aşırımından keçərək Kəlbəcəri
geri almaq vəzifəsi dayanırdı. Komandir az müddət
ərzində hissəni komplektləşdirərək
döyüş hazırlıqlarına başlayıb.
Müdafiə
xətti Ömər aşırımı boyunca keçirdi.
Komandir döyüş hazırlıqları ilə bərabər
kəşfiyyat işləri də aparır,
qarşıdakı döyüşlərə ciddi
hazırlaşırdı. Eyni zamanda, ön mövqelərdə
müxtəlif təyinatlı qarşılıqlı
döyüşlər gedirdi. Valeh Rəfiyev əvvəlcə
müdafiə xəttini genişləndirmək qərarına
gəlir. Beləliklə, sağ tərəfdən Daşkəsənin
Alaxançallı, Zivliyən kəndləri, sol tərəfdən
Goranboyun Canbaz dağ yüksəkliyi və Buzluq kəndinə
qədər müdafiə xətti genişləndirilib. Bu,
hava xətti ilə 60 kilometrə yaxın məsafə demək
idi. Eyni zamanda, Toğana tərəfdən düşmənin
ordu hissəmizin arxasına keçməsinin
qarşısını almaq üçün də müvafiq
ehtiyat tədbirləri görülüb.
1993-cü
ilin noyabrında Prezident Heydər Əliyev Gəncəyə gəlib,
burada ictimaiyyət nümayəndələri, ağsaqqallar, eləcə
də hərbçilərlə görüşüb. Həmin
görüşdə Valeh Rəfiyev də iştirak edib və
Prezidentin cəbhədəki vəziyyətlə bağlı
suallarına cavab verib. "Prezident vəziyyəti o qədər
dəqiqliklə təhlil etdi və o qədər dəqiq
tapşırıqlar verdi ki, mən hücuma keçməmək
üçün heç bir əsasım
qalmadığına əmin oldum. Mən bu görüşdən
çox qürurlandım. Heydər Əliyevlə bircə dəqiqəlik
görüş də adama böyük ruh verirdi. Mən
bildirdim ki, briqada onun tapşırıqlarının öhdəsindən
gələ bilər, yalnız şəxsi heyət sarıdan
bir qədər çətinlik var. Heydər Əliyev
Bakıya qayıtdıqdan sonra çox çəkmədi ki,
bizə lazımi kömək gəldi. Bu da ulu öndərin
dediyi hər sözə əməl etdiyini, heç nəyi
unutmadığını bir daha əyani şəkildə
göstərdi", - deyə Valeh Rəfiyev etiraf etdi.
Bundan
sonra kifayət qədər güclənmiş hərbi hissə
düşmənə qarşı kəşfiyyat xarakterli
döyüşləri intensivləşdirməyə
başlayıb. Bu isə o demək idi ki, düşmən Azərbaycan
ordusunun qış vaxtı hələ güclü
döyüşə başlamaq niyyətində
olmadığı qənaətinə gəlsin. Əslində,
doğrudan da, belə idi. Murovda avqustda da qar olurdu.
Qışın bu oğlan çağında Ordumuzun
geniş hücuma keçəcəyinə düşmən
inanmırdı. Valeh Rəfiyevin fikri isə məhz belə
bir vaxtda hücum edib Ömər aşırımını
keçmək, Kəlbəcər istiqamətinə, Susuzluq kəndinə
çıxmaq, bununla da müdafiə xəttini irəli
aparmaq idi. Bu isə 12-15 km irəli getmək demək idi. Beləliklə,
komandir taborlardan birini Kəlbəcərin Suqovuşan deyilən
ərazisinə, Yanşaq kəndi istiqamətinə göndərir.
Yanşaqda ermənilərin qərargahı yerləşirdi. Məqsəd
həm Yanşaq istiqamətindən ora köməyə gələcək
ermənilərin qarşısını almaq, həm də
hücum zamanı Ömərdən geri qaça biləcək
düşmən qüvvələrini məhv etmək idi.
İkinci taboru Valeh Rəfiyev Ağdərədən köməyə
gələ biləcək ermənilərin
qarşısını almaq üçün Kəpəz
dağı istiqamətindən Ağdaban kəndinə
doğru, üçüncü taboru isə Daşkəsən
rayonunun Zivliyən, Alaxançallı kəndlərindən
Ermənistanın Zod aşırımı istiqamətində
göndərir. Bununla da düşmənin Zod və digər
istiqamətlərindən gələcək ordu hissələrinin
qarşısı alınır, Kəlbəcərə yol
açılırdı. Bundan sonra Laçın istiqamətində
irəliləmək, Laçını, Şuşanı azad
etmək və Xankəndinə çıxmaq mümkün
idi.
Dekabrın
şaxtalı günlərində ermənilər qəfil
hücumu gözləmədiyindən döyüşlər
çox uğurlu başlanıb. Briqada Yanşaq kəndinə
qədər dayanmadan irəliləyib. Ömər
aşırımından qabaqda, Yol evi deyilən yerdə ermənilər
külli miqdarda silah-sursat anbarları yerləşdiribmiş. Döyüşçülərimiz
burada 400 nəfərdən çox ermənini məhv edərək
həmin anbarları ələ keçirib. Valeh Rəfiyev təcili
olaraq böyük qənimət barədə Müdafiə
Nazirliyinə məlumat verib. Bundan sonra cəbhənin hər
yerindən gələrək buradan silah-sursat, xüsusən 82
millimetrlik minaatanlar üçün mərmilər
aparıblar. Bu da ordu hissələrimizin sursatla təchizatı
işini xeyli yaxşılaşdırıb. Eyni zamanda, xeyli
miqdarda müxtəlif markalı döyüş
maşınları, 3 tank ələ keçirilib. Demək
olar ki, bir gecə ərzində başa gəlmiş bu
böyük uğur əsgərlərimizin hədsiz sevincinə
səbəb olub. Digər istiqamətlərdə, eləcə
də Güzgü adlanan yerdə də hücumlar uğurla nəticələnib,
xeyli erməni məhv edilib, işğal altındakı 10-a
yaxın kəndimiz azad edilib.
Qələbədən
ruhlanan komandir qazanılmış uğurlar barədə
Bakıya, Müdafiə Nazirliyinə məlumat vermək
üçün Gəncəyə yol alıb. Toğana kəndində
onu xeyli maşın və insan qarşılayıb. Bildiriblər
ki, bunlar qonşu rayonların icra başçıları,
onların müavinləridir, Bakıdan da gələnlər
var. Məlum olub ki, Valeh Rəfiyevin briqadasının qələbə
sorağı bir an ərzində bütün ətrafa, hətta
Bakıya yayılıb.
Ancaq təəssüf
ki, sonradan Valeh Rəfiyev o vaxtkı müdafiə naziri Məmmədrəfi
Məmmədovun əmri ilə heç bir səbəb olmadan
sərəncama çıxarılıb, onun
başçılıq etdiyi briqadaya yeni komandir təyin olunub
və qazanılmış mövqelər yenidən itirilib. Hazırda
Ömər aşırımı da düşmənin
işğalı altındadır. Bu gün istefada olan komandir
Kəlbəcərin geri alınmasının mümkün
olduğu bir vaxtda nəinki bu rayonun, hətta bu istiqamətdəki
mövqelərin itirilməsini neçə illərdir ki, unuda
bilmir. Həmin ərazinin hər qarışını
yaxşı tanıyan polkonik-leytenant Valeh Rəfiyev hələ
də Ömər aşarımını aşıb Kəlbəcəri
geri almaq arzusu ilə yaşayır.
Paşa ƏMİRCANOV
Xalq qəzeti.- 2011.- 15 may.- S. 7.