Heydər Əliyev və Azərbaycan tarixi

 

Söhbət ulu öndərin Azərbaycan tarixi və tarixşünaslığına dair milli konsepsiyanın formalaşması sahəsində xidmətlərindən gedir

 

Tarixi olduğu kimi yazmaq lazımdır.

 

Heydər ƏLİYEV,

Ümummilli lider

 

Bu günlər xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibəti ilə Azərbaycanın, demək olar ki, hər yerində - ayrı-ayrı müəssisələrdə, əmək kollektivlərində, elm və təhsil ocaqlarında təntənəli yubiley tədbirləri keçirilmişdir. Bizim üçün çox xoşdur ki, bu cür yubiley tədbirləri dünyanın bir sıra ölkələrində, xüsusən də, azərbaycanlıların kompakt yaşadığı yerlərdə də keçirildi.Biz fəxr edə bilərik ki, Heydər Əliyevin adı və xidmətləri təkcə onun doğum, yaxud da anım günlərində deyil, hər yerdə və həmişə hörmət və ehtiramla yad edilir. Heydər Əliyevin adı və xidmətləri azərbaycanlılarla yanaşı, dünyanın bir çox digər xalqları, ulu öndəri özunə müəllim bilən,dost hesab edən, onun iş təcrübəsindən, məsləhət və tövsiyələrindən faydalanan bütün insanlar tərəfindən də hörmət və ehtiramla yad edilir.

 

Heydər Əliyevin həyatı , fəaliyyəti və onun xidmətləri haqqında çox deyilib, çox yazılıb. Müasir dünyanın ən mötəbər siyasətçiləri, nüfuzlu dövlət xadimləri, onu yaxından tanıyan çox məşhur elm və sənət adamları Heydər Əliyev fenomenini ən müxtəlif rakuslardan səciyələndirərək bu dahi şəxsiyyətin örnək ola biləcək keyfiyyətləti barədə mülahizə və fikirlərini bildirmişlər. Bu mülahizə və fikirlər elə indinin özündə xalq arasında ulu öndərlə bağlı müdrik kəlamlar kimi yayılaraq məşhurlaşmışdır.

Heydər Əliyevin əməli fəaliyyətinin ayrı-ayrı aspektləri, o cümlədən onun konkret elm sahələri ilə bağlı fəaliyyəti, düşüncə və tövsiyələri, bütövlükdə ulu öndərin elmə və elm adamlarına münasibəti xüsusi araşdırma tələb edən kifayət qədər geniş bir tədqiqat mövzusudur. Son vaxtlar ayrı-ayrı elm sahələrini təmsil edən çox görkəmli alimlərin bu istiqamətdə aparmış olduğu elmi araşdırmaların nəticəsi olaraq neçə-neçə sanballı tədqiqat əsəri, monoqrafiya və məqalələr işıq üzü görüb.

Heydər Əliyev əksər elm sahələrini kifayət qədər yaxşı bilirdi. Məruzə və çıxışlarından, ayrı-ayrı elm adamları ilə görüş və söhbətlərindən onun hümanitar elmləri xüsusilə yaxşı bildiyi dərhal nəzəri cəlb edirdi. Bu, əlbəttə, hər şeydən öncə, ulu öndərin iti təfəkkürə, möhkəm məntiqə , fenomenal yaddaşa, geniş və zəngin dünyagörüşünə malik olduğundan, ən nəhayət, onun yorulmaq bilmədən mütaliə etdiyindən xəbər verirdi. O, ixtisasca tarixçi olduğundan, şübhəsiz, tarix elmini və onun problemlərini digər elmlərdən daha yaxşı və daha dərindən bilirdi.

Ulu öndərin tərcümeyi-halından bəlli olduğu kimi, onun əmək fəaliyyətinə başladığı ilk iş yeri Milli Azərbaycan Tarixi Müzeyi olub. O, 1940-cı ildə, 17 yaşında ikən Tarix Müzeyində təşkil olunmuş "Sovet Azərbaycanının 20 illiyi" sərgisində bələdçi vəzifəsində çalışıb.

Müharibə dövrünün çətinlikləri ucbatından Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsilini yarımçıq dayandırmalı olub. Müharibə başa çatandan sonra isə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub və 1957-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurub. O, Dövlət Təhlükəsizliyi orqanlarında çalışarkən, daha sonra isə respublika partiya təşkilatına rəhbərlik edərkən Azərbaycan tarixinin problemlərinə və Azərbaycanda tarix elminin durumuna daha dərindən bələd olub. Fikrimi əsaslandırmaq üçün ulu öndərin tarix və memarlıq abidələrinə, onların mühafizəsinə, tədqiqinə, konservasiyyasına və təbliğinə diqqət və qayğısından xəbər verən bir neçə konkret fakt üzərində dayanmaq istərdim. Məsələn, Heydər Əliyev 1969-cu ildə respublika rəhbərliyinə gələrkən ilkin olaraq gördüyü tədbirlərdən biri Azərbaycan ərazisindəki tarix və memarlıq abidələrinin uçotunun dəqiqləşdirilməsi və onların yenidən qeydiyyata alınması işi oldu. Bu məqsədlə bölgələrə akademiyanın alimləri və Mədəniyyət Nazirliyinin əməkdaşlarından ibarət işçi qrupları göndərildi. Nəticədə əvvəllər dövlət qeydiyyatında olmayan bir çox yeni abidə aşkar edilərək qeydiyyata alındı. O da müəyən olundu ki, əvvəllər dövlət qeydiyyatına alınmış bəzi abidələr ötən əsrin 50-60-cı illərində müəmmalı şəkildə yoxa çıxıb. Bəzi abidələrin üzərindəki kitabələrin qoparıldığı , yazılarının məhv olunduğu, yaxud da onlara məqsədli şəkildə bu və ya digər saxta əlavələr edildiyi üzə çıxdı. Sən demə biz erməniləri özümüzə dost və qardaş bilərək süfrəmizin başında oturdanda onlar da bizim sadəlövhlüyümüzdən sui-istifadə edərək Azərbaycana məxsus tarixi-mədəni dəyərləri oğurlayıb Ermənistana aparmış, yaxud da onları sındırıb məhv etmək, beləliklə də özlərinə saxta tarix yaratmaqla məşğul olublar.

Təbiidir ki, ulu öndərin rəhbərliyi ilə həyata keçirilən tədbirlər sayəsində, bir tərəfdən, ermənilərin iç üzü açıldı, digər tərəfdən isə, xalqımıza məxsus tarix və memarlıq abidələrinin mühafizəsinə və təbliğinə münasibət dəyişdi. Ulu öndərin tarixi-mədəni irsə münasibəti ilə bağlı daha bir prinsipial və ibrətamiz məqamı da yada salmaq istərdim. Uzun illər Tarix İnstitutunun direktoru işləmiş mərhum akademik İqrar Əliyevin "Elm" qəzetinin 10 may 2002-ci il tarixli sayında dərc olunmuş xatirələrində oxuyuruq: "1977-ci ilin sonları idi. Eşitdik ki, hərbçilər RLS-ə işıq çəkmək bəhanəsi ilə Qəbələni dağıdırlar. Mən dərhal Ali Sovetin Rəyasət Heyyətinin sədri Qurban Xəlilovla telefon əlaqəsi yaradaraq vəziyyəti ona izah etdim. O da öz növbəsində bu barədə təcili olaraq Heydər Əliyevə məruzə edəcəyini bildirdi.

Ertəsi gün məni Mərkəzi Komitəyə çağırdılar və Heydər Əliyevin qəbulunda oldum. O, sona qədər məni çox diqqətlə dinlədi. Sözümü qurtaranda o, Moskvaya, keçmiş SSRİ Müdafiə Nazirliyinin yüksək rütbəli marşallarından birinə zəng etdi. O, marşala olduqca sərt və acı sözlər dedi və mən Heydər Əliyevin öz Vətəninə, tarix və mədəniyyətimizə nə qədər dərindən bağlı olan mərd bir şəxsiyyət olduğunu gördüm.

Bir gün sonra Q.Xəlilovun sədrliyi ilə Dövlət Komissiyası Qəbələyə yola düşdü. Vəziyyət doğrudan da çox acınacaqlı idi. Orada bizə məlum oldu ki, sən demə, Qəbələ RLS layihə institutlarının birində işləyən milliyətcə erməni qadın tərəfindən layihələşdirilibmiş və Azərbaycanın qədim paytaxt şəhəri olan Qəbələnin üzərində tikilməli imiş.

Bir neçə gündən sonra Qəbələ məsələsi MK-nin büro iclasının müzakirəsinə çıxarıldı. Heydər Əliyevin təklifi ilə tarixi-mədəni irsi dağıtmaq cəhdlərinə görə çox yüksək çinli hərbiçilərdən bir neçəsinə ağır partiya cəzası verildi. Olaya münasibətdə seyrici mövqe tutduqlqrına və prinsipsizlik etdiklərinə görə Akademiyanın və Qəbələ rayonunun bir neçə məsul işçisi də MK bürosu tərəfindən cəzalandırıldı. Aradan bir neçə gün keçəndən sonra isə məhz Heydər Əliyevin tapşırığı ilə Qəbələ şəhərinin ərazisi tarix və mədəniyyət qoruğu elan edildi. Orada çox genişmiqyaslı tədqiqat və bəndsalma işlərinə başlanıldı."

Gəlin etiraf edək ki, bu və ya digər rəhbər vəzifədə çalışan məmurlarımız zaman-zaman buna bənzər vandal hərəkətlərin yanından çox soyuqqanlıqla ötüb keçiblər. Belələiklə, elə özümüzün biganəliyimiz ucbatından tariximizə, mədəniyyətimizə sağalmaz yaralar vurulub.

Ulu öndərin keçmişimizin yadigarı olan tarix və mədəniyyət abidələrinə olan diqqət və qayğısını əks etdirən çoxsaylı misallar çəkə bilərəm. Onun İçəri- şəhərdə abidələrin konservasiyası və qorunması, Şirvanşahlar sarayı, Atəşgah, Möminəxatun türbəsi, Nizami Gəncəvinin məqbərəsi, Şabran şəhərinin arxeoloji tədqiqi ilə bağlı tarixi əhəmiyyətli sərəncam və göstərişləri, sözün tam mənasında, hər bir dövlət xadimi və hökumət rəsmisi üçün tarixi-mədəni irsə qayğıkeş münasibət nümunəsidir.

Ulu öndərlə təmasda olan tarixçi alimlərin də etiraf etdikləri kimi, Heydər Əliyev Azərbaycan tarixinin bütün dövrləri ilə maraqlanırdı və bu problemləri kifayət qədər yaxşı bilirdi. Təsadüfü deyildir ki, o, hər dəfə alimlərlə görüşündə çoxcildlik " Azərbaycan tarixi ", "Azərbaycan şəhərlərinin tarixi ", "Azərbaycan xalqının hərb tarixi", habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyətini əks etdirən fundamental əsərlərin yazılması zərurətini dönə-dönə xatırladırdı.

Məlum olduğu kimi, 1991-ci ilə qədər Azərbaycanda tarixi tədqiqatlar, SSRİ-nin digər respublikalarında olduğu kimi, marksist-leninçi metodologiya əsasında aparılmış və əsasən sosializm- kommunizm quruculuğu problemlərinin tədqiqinə istiqamətləndirilmışdir. Bu səbəbdən də tarixi tədqiqatlarda birtərəflilik hökm sürmüş, represiyalar və təzyiqlər ört-basdır edilmişdir. Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra isə tarix elmimizdə nihilizim, diletantçılıq meyilləri baş qaldırıb. 1920-ci il ildən 1991-ci ilə qədər olan dövr bir çoxları tərəfindən, demək olar ki, inkar edilib. Heydər Əliyev hər iki meylin əleyhinə idi. Ulu öndərin 1994-ci ildə Bakı Dövlət Universitetinin 75 illik yubileyindəki nitqi bu cəhətdən mövqelərə aydınlıq gətirdi: "Bəzi yeni siyasətçilər deyəndə ki, Nəriman Nərimanovdan başlanan və indiyə qədər, bizə qədər olan dövr tarix deyildir, mən dəhşətə gəldim. Belə ədalətsizliyə yol vermək olmaz. Bunu etmək istəyənlər tarixinə xor baxan, tarixinə düşmən çıxan adamlardır."

Heydər Əliyev tariximizin yazılmasında populizmə, diletantçılığa, nihilizmə yol verənlərə qarşı qəti mübarizə aparırdı. Onun Azərbaycan Respublikası gənclərinin birinci forumundakı nitqi bu cəhətdən bir növ proqram sənədidir. Görün, ulu öndər nəyi tövsiyə edirdi: "Tariximizin hər mərhələsi bizim üçün qiymətlidir: ən qədim dövr də, orta əsrlər də, sonrakı dövr də".

Ulu öndər XX əsrin Azərbaycan tarixində tutduğu yeri ümumi şəkildə belə qiymətləndirirdi: "XX əsrdə Azərbaycan xalqı bir sıçrayış dövrü keçib. Ən böyük nailiyyətlərimizdən biri odur ki, XX əsrdə ilk dəfə Azərbaycanda demokratik respublika yarandı. O, süqut etsə də, Azərbaycan xalqı öz inkişafında davam edib. Azərbaycanın Sovetlər İttifaqı tərkibində olduğu 70 illik dövr onun inkişaf dövrüdür. Bu dövrə qara yaxmaq olmaz, bu dövrü qiymətləndirmək lazımdır. Bu dövrdə Azərbaycan xalqının elmi, təhsili, mədəniyyəti sürətlə inkişaf edibdir. Müstəqil Azərbaycanın təməli, özəyi, əsası həmin dövrdə yaranmış iqtisadiyyat, o dövrdə yaranmış elmi potensial, o dövrdə yaranmış mədəni potensialdır. Bunu biz qiymətləndirməliyik".

Ulu öndər uzun illər təhlükəsizlik orqanlarında rəhbər vəzifələrdə çalışdığından ayrı-ayrı tarixi dövrlərdə günahsız insanlara qarşı törədilmiş repressiyalarla bağlı tarixçilərdən daha artıq məlumatlı idi. Repressiya illərində xalqımızın başına gətirilən fəlakətlərlə bağlı bir neçə faktı diqqətinizə çatdırmaq istərdim. Məsələn, 1937-ci ildə Azərbaycanda 29 min nəfər "xalq düşməni" adı altında güllələnib, ya da Sibirə sürgün edilib. 1937-ci il dekabrın sonunadək yalnız Xəzər Dənizçiliyi İdarəsindən 200 nəfər rəhbər partiya işçisi, 19 gəmi kapitanı repressiyaya məruz qalmış, İsmayıllı rayonunun Kürdmaşı kəndinin bütün kolxozçuları, demək olar ki, kütləvi şəkildə həbs edilmiş və onlardan 63 nəfəri yeni ilə kimi güllələnmişdir.

Ulu öndərin təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününə həsr olunmuş təntənəli yığıncaqdakı nitqi repressiyalarla bağlı tariximızı doğru-dürüst öyrənmək baxımından çox gərəkli mənbə kimi dəyərləndirilməlidir: " Təhlükəsizlik orqanlarında işlədiyim vaxtlar mən bir işçi kimi arxiv materialları ilə, xüsusən, 37-38-ci illərin, ondan sonrakı dövrün materiallrı ilə tanış olarkən daim öz-özümə sual vermişəm: bu antisovet qruplar, Sovet hakimiyyətini devirmək istəyən qruplar, filanlar kimlərdir,hansılardır? Onların bir qismi həbs edilmiş, öldürülmüş, yaxud da uzaq Sibirdə həlak olmuşdur. Bir qismi isə həbs olunmamışdı... Bu faktlar nə qədər ədalətsizliklər, uydurmalar, quraşdırmalar, əsassız materiallar toplandığını sübut edir və bunlar tarixçilər tərəfindən dərindən öyrənilməlidir".

Ulu öndər Azərbaycan Respublikasının Konstitusiya layihəsini hazırlayan komissiyanın iclasında söylədiyi nitqində bir daha represiyalara toxunaraq demişdir: "1920-30-cı illərdə nə qədər repressiyalar olunub, insanlar öz yer-yurdundan sürgün ediliblər... Heç yerdə Azərbaycanda olduğu qədər adam sürgün edilməyibdir".

Sovet hakimiyyətinin ilk illərində, lap elə 30-40-cı illərdə Azərbaycanda milli tarixçi kadrlar, demək olar ki, yox dərəcəsində idi. Yalnız 50-60-cı illərdən başlayaraq milli tarixçi kadrların sıraları bir qədər genişləndi. Bütün bunlara görə də Heydər Əliyev Azərbaycan tarixinin yeni dövrün tələbləri səviyyəsində yazılmasına çox ciddi önəm verirdi. 21 sentyabr 1993-cü ildə Elmlər Akademiyasında ziyalılarla keçirdiyi görüşdə o, bu məsələ üzərinə bir daha qayıdaraq demişdir: "Tarixçilərimizin xatirində olmalıdır ki, mən Azərbaycanda işləyən dövrdə -70-ci illərdə və 80-ci illərin əvvələrində dəfələrlə onlara müraciət etmişdim ki, bizim tariximiz - həm qədim tariximiz, həm orta əsrlər tariximiz , həm də son dövrlərin, yəni XVIII, XIX, XX əsrlərin tarixi istənilən səviyyədə yazılmayıb".

Tariximizin ayrı-ayrı dövrlərinin yazılmasında birtərəfliliyə yol verilməsi, bir sıra hadisə və faktların məqsədli şəkildə təhrif olunması və bu kimi neqativ hallar Heydər Əliyevi daim düşündürür, narahat edirdi. Odur ki, ziyalılarla görüşündə ulu öndər bu məsələ üzərində xüsusi olaraq dayandı, özünün irad və tövsiyələrini bildirdi: "Ötən 70 illik dövrdə tariximiz təhrif edilmişdir. Həm XX əsrin, həm XIX əsrin, həm də ondan əvvəlki dövrlərin tarixi təhrif olunmuşdur. Demirəm ki, tamam təhrif edilmişdir, amma tarixə dair əsərlərimizdə təhrif ünsürləri var. İndi isə bir qütbdən o biri qütbə keçmək meyli görünür. O nədən ibarətdir? Ondan ibarətdir ki, deyirlər bütün bu 70 ildə olanların hamısı yaramazdır, pisdir, Azərbaycan xalqı üçün bəladır." Bu cür düşüncələrin əleyhinə olan dahi rəhbər tarixçilərə tövsiyə edərək bildirirdi ki, tariximizin bütün dövrləri bizim üçün əzizdir: " Ona görə də heç bir dövrü, heç bir şəxsi ideallaşdırmaq lazım deyildir. Təssüf ki, bu ideallaşdırma xəstəliyi 70 ildir beynimizə girmişdir. Bundan xilas olmaq lazımdır. Əgər 70 il müddətində bütün ideoloji sistemimiz marksizm-leninizm elmini, onun prinsiplərini , Marksı, Lenini ideallaşdırmışdırsa, indi də ancaq Məmmədəmin Rəsulzadəni ideallaşdırırlar. Mən yenə də deyirəm: Məmmədəmin Rəsulzadə və onunla bərabər Azərbaycan Respublikasının böyük şəxsiyyətləri XX əsrin əvvələrində və xüsusən, 1918-ci ildə, Azərbaycan Demokratik Respublikası qurarkən böyük şücaət göstərmişlər, böyük iş görmüşlər. Bu şəksiz-şübhəsizdir. Ancaq gəlin, açıq danışaq : belə çıxır ki, tariximizdə Məmmədəmin Rəsulzadədən başqa heç kim yoxdur. Bəs Fətəlixan Xoyski, Nəsibbəy Yusifbəyov, Hacinski, Əlimərdanbəy Topçubaşov, Behbudbəy Şahtaxtinski və başqaları?! "

Heydər Əliyev zaman-zaman Azərbaycan xalqı içərisindən yetişən görkəmli şəxsiyyətləri, onların Vətən və xalq qarşısındakı xidmətlərini daim yüksək qiymətləndirirdi. Hakimiyyətdə olduğu illərdə ulu öndərin təqdimatı əsasında xalqımızın ən layiqli elm və sənət adamları yüksək adlara layiq görülüb, orden və medallarla təltif olunub. Elə bir klassikimiz , elə bir canlı korifeyimiz olmayıb ki, onların yubileyləri və ya ad günləri rəsmi səviyyədə, həm də böyük təntənə ilə qeyd olunmasın: "Bizdən ötrü Mirzə Fətəli Axundov da, Əhməd bəy Ağayev də, Məmmədəmin Rəsulzadə də böyük şəxsiyyətlərdir.Ancaq son zamanlar Nəriman Nərimanovdan başlayaraq bütün siyasi xadimlərin Azərbaycana düşmən olmaları barədə deyilən fikirlərlə heç cür razılaşmaq olmaz. Bunu deyən adamların Nəriman Nərimanov səviyyəsinə qalxmaları üçün bəlkə də on illərlə siyasi fəaliyyət göstərmələri lazımdır... Bütün bunlarla mən öz fikrimi açıq demək istəyirəm: tarixi təhrif etmək olmaz. Tarixi təhrif edənlər xalqa xəyanət edir, onu çaşdırırlar. Buna son goymaq lazımdır".

Ümummilli liderin 31 yanvar 1997-ci il tarixdə Azərbaycan Elmlər Akademiyyasının rəhbərliyi, həqiqi və müxbir üzvləri, institut direktorları və aparıcı alimləri ilə görüşdə səsləndirdiyi fikirlər, tarixçi alimlərə verdiyi tövsiyə və məsləhətlər Azərbaycan tarixi və tarixşünaslığının milli konsepsiyyasının formalaşmasında çox mühüm və həlledici məqam kimi dəyədləndirilməlidir. Çünki ulu öndərin həmin çıxışında tarix elminin digər elmlər sırasında yeri, rolu və əhəmiyyəti, onun problemləri və inkişaf perspektivləri ilə bağlı konkret fikir və istiqamətlər öz əksini tapmışdır.

Heydər Əliyev tarixçi alimlərə heç vaxt göstəriş vermirdi. O, daha çox öz təkliflərini, məsləhət və tövsiyələrini bölüşürdü: " Mən bir məsələ barəsində konkret təklifimi bildirmək istəyirəm. Bu da Azərbaycanın tarixi ilə bağlıdır. Məlumdur ki, geniş kütlə, xalq, millət üçün ən çox təsirlisi hümanitar elmlərdir və xüsusən millətin, xalqın... tarixidir. Bu indi bizim üçün xüsusi ilə lazımdır. Əlbəttə, müstəqil Azərbaycanda fizika, riyaziyyat, biologiya, kimya, yaxud başqa fənlərin hamısı inkişaf etməlidir. Bunların hərəsinin özünəməxsus çərçivəsi var. Amma tarix hər bir insan üçün yeniyetməlikdən başlayaraq ömrünün sonuna qədər lazımdır. Ona görə də biz indi xalqımızın tarixinin yazılması işini gərək diqqət mərkəzinə alaq. 70-ci illərdə mən dəfələrlə Elmlər Akademiyyası qarşısında vəzifə qoymuşdum ki, Azərbaycan tarixi yazılmalıdır. Amma... tarixçilərimiz bu vəzifəni yerinə yetirmədilər."

Ulu öndər bir çox tarixi məsələlərin yenidən, həm də yeni dövrün tələbləri səviyyəsində yazılmasını tövsiyə edirdi: "Azərbaycan tarixi yazılmalıdır... Alimlərimizin, tarixçilərimizin günahından yox, o vaxtkı ümumi ideologiyanın təsiri, yaxud da ideologiyanın tələbi ilə yazılan tarix də, şübhəsiz ki, indi bizi qane edə bilməz."

Heydər Əliyev müstəqillik dövrünün tələblərinə uyğun dərsliklər yazılması işinə də xüsusi önəm verirdi: " Məktəbə gedən gənc gərək Azərbaycan tarixini bilsin, oxusun, öyrənsin. Amma o, köhnə dərsliklərdən bunu öyrənə bilməz. Dərsliyi də hərə öz istədiyi kimi yazmamalıdır. Gərək bizim xalqımızın tarixi yazılsın. Orta və ali təhsil məktəbləri üçün tarix dərslikləri yazılsın."

Azərbaycan tarixininin yazılması işinin bəzi subyektiv səbəblər ucbatından ləngidilməsi Heydər Əliyevi çox narahat edirdi və akademiyadakı görüşdə o, bu narahatçılığını bir daha tam ciddiliyi ilə bəyan etdi: " İndi vəzifə ondan ibarətdir ki, Azərbaycanın tarixi yazılmalıdır. Mən bunu bir neçə dəfə demişəm. Ancaq təəssüflər olsun ki, mənim bu təkliflərim müqabilində Elmlər Akademiyası tərəfindən konkret bir təklif almamışam".

Ulu öndər XX əsrin tarixinin yazılmasına da xüsusi önəm verirdi: "XX əsrdə yaşadığımız ideologiyaya və onun konsepsiyasına görə bizim tariximiz təhrif olunmuşdur. Ona görə də mən çox çalışdım ki, biz XX əsrin tarixini yazaq. Çünki, tariximiz, bir tərəfdən, təhrif olunub, digər tərəfdən isə, bəziləri keçmişdə nə varsa, götürüb qəzetlərdə, kitablarda qaralamağa, pisləməyə başlayıblar. Vaxtilə hamımız gənc idik, o vaxtki, ideologiya bizə nə verirdisə, onu da qəbul edirdik. Biz Kommunist Partiyasının, Oktyabr İnqilabının tarixini, Azərbaycanda Sovet hakimiyyəti qurulmasının, 26 Bakı komissarının tarixini öyrənirdik. Bunun üçün indi günahkar axtarmaq düzgün deyil".

Heydər Əliyev böyük siyasətçi və dövlət xadimi olmaqla bərabər, həm də son dərəcə obyektiv və ədalətli bir insan idi. O, Sovet hakimiyyəti illərində Azərbaycan tarixinin yazılmasında yol verilən təhriflərə və birtərəfliliyə görə heç zaman tarixçi alimləri ittiham etməyib.

Akademiyadakı nitqində dahi rəhbər bir daha bu məqama toxunmuşdur: " Mən sizi günahlandırmıram. Çünki bizə qalmış miras o idi. Siz də, bizim o, yaşlı tarixçilərimiz də, 1970-ci illərdən fəallıq göstərən tarixçilərimiz də onlardan istifadə edirdilər. Ona görə də biz onların hamısını ideologiyanın konsepsiyasında bizə verilən kimi əks etdirirdik."

Heydər Əliyevi narahat edən o idi ki, tariximizin yazılmasında kommunist üsul-idarəsi dövründə yol verilən səhvlər bir qədər başqa formada müstəqilliyimizin ilk illərində də təkrar olunmaqda idi: "Kommunist ideologiyası vaxtında buraxılan səhvlər indi də təkrar erilir. Həmin səhvlər o vaxtlar bir istiqamətdə, indi başqa istiqamətdə buraxılır."

Problemin mahiyyətinə və anatomiyyasına dərindən bələd olan ulu öndər akademiyadakı çıxışında onun aradan qaldırılması yolları ilə bağlı təklifini də bildirdi: "Mən bilirəm ki, indi tariximizin hamısını yazmaq çətindir. Bunun üçün illərlə vaxt lazımdır... Belə hesab edirəm ki, indi akademiyanın qarşısında duran vəzifələrdən biri Azərbaycan xalqının XIX-XX əsrlər tarixinin yazılmasıdır. Bunun üçün mən bu gün konkret bir təklif vermək istəyirəm. Siz bir müəllif kollektivi yaradın və onun tərkibini mənə təqdim edin. XIX-XX əsrlər tarixinin yazılması üçün mən xüsusi vəsait ayıracağam. Bəli, mən Azərbaycanın XIX-XX əsrlər tarixinin yaranmasına qrant verirəm. Mən bunu dövlətin büdcəsindən ayırıram. Çünki bu, dövlət üçün ən vacib bir məsələdir."

Bütün bunlar onu deməyə əsas verir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan tarix elminin inkişafı naminə ömrünü-gününü bütünlüklə bu elmə həsr etmiş hər hansı bir peşəkar tarixçi alimdən qat-qat artıq işlər görüb. Bu gün məmnunluq hissi ilə onu da qeyd eləmək istərdim ki, ulu öndərin Azərbaycan tarix elminin gələcəyi ilə bağlı narahatlığı, qayğı və düşüncələri, məsləhət və tövsiyələri nəticəsiz qalmadı. Son illər Azərbaycanın tarixçi alimləri tərəfindən tariximizin həm qədim, həm orta əsrlər, həm də XIX-XX əsrlər dövrünə aid yüksək peşəkarlıqla hazırlanaraq nəfis şəkildə çap olunan və bir sıra xarici dillərə tərcümə edilən çoxsaylı sanballı əsərlər Heydər Əliyev ideallarına sədaqətlə xidmət nümunəsi kimi dəyərləndirilə bilər. Ulu öndər Azərbaycan tarixçilərindən məhz belə əsərlər gözləyirdi.

Bir neçə gün bundan öncə Milli Elmlər Akademiyasında keçirdiyi görüş zamanı Prezident İlham Əliyev də Azərbaycan tarixçilərinin bu sahədəki işini çox yüksək dəyərləndirdi. Mən fürsətdən istifadə edərək tarixçi alimlərin işini belə yüksək dəyərləndirdiyinə görə möhtərəm Prezidentə öz dərin təşəkkürümü və minnətdarlığımı yetirmək istərdim.

Azərbaycanın dövlət müstəqilliyi uğrunda mübarizə tarixinin tədqiq olunmasında Heydər Əliyevin məruzə və çıxışları, bəyanat və məktubları çox qiymətli ilk mənbə kimi olduqca mühüm elmi əhəmiyyət kəsb edir. Ulu öndər tərəfindən, bir qayda olaraq, tarixi hadisələrin müfəssəl izahı və təhlili verilməklə səbəb və nəticələri ətraflı şəkildə təqdim olunur, hadisə və faktlara kifayət qədər obyektiv, həm də ədalətli elmi-tarixi və siyasi qiymət verilir. Bütün bunlar isə həm müasir, həm də gələcək tarixçilər nəsli üçün son dərəcə qiymətli hesab oluna biləcək elmi- metodoloji və siyasi əsasdır.

Heydər Əliyev Azərbaycan xalqının dünyaya bəxş etmiş olduğu ən böyük siyasətçi, ən nüfuzlu dövlət xadimi olmaqla yanaşı, həm də sözün əsl mənasında, qurucu və yaradıcı bir insan idi. O, Müstəqil Azərbaycanın həm memarı, həm də qurucusudur. Təsadüfi deyildir ki, tanınmış Amerika senatorlarından biri Heydər Əliyevi "Asiyanın Corc Vaşinqtonu" adlandırmışdır. Yəni, Corc Vaşinqton ABŞ dövlətini qurduğu kimi, Heydər Əliyev də müstəqil Azərbaycanı bizə ərməğan etmişdir.

Ulu öndərin söhbətlərində, məruzə və çıxışlarında tez-tez eşitdiyimiz belə bir kəlam var: "Dağıtmaq asan işdir, amma yaratmaq çox çətindir. Tarix də, insanlar da həmişə quranları, yaradanları qiymətləndirir". Heydər Əliyev də dünyanın tanıdığı, qəbul etdiyi quran, yaradan dövlət xadimlərinin ön cərgələrində duran böyük tarixi şəxsiyyət idi. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Heydər Əliyev kimi dünyanın ən tanınan siyasətçiləri və dövlət xadimləri sırasında xüsusi yeri olan rəhbəri, milli lideri olub. Azərbaycan xalqı bir də ona görə xoşbəxt xalqdır ki, Prezident İlham Əliyevin şəxsində dövlətimizin Heydər Əliyev tərəfindən müəyyən olunmuş daxili və xarici siyasət strategiyasını bu gün də uğurla davam etdirən, özünün qətiyyəti, intellekti, qabiliyyəti, enerjisi və ən nəhayət, peşəkar siyasətdəki yüksək səriştəsi ilə hamını və hər kəsi heyran edən yeni və gənc bir lideri var.

 

 

Qafar CƏBİYEV,

Milli Televiziya və Radio

Şurasının üzvü, tarix elmləri

doktoru

 

Xalq qəzeti.-  2011.- 15 may.- S. 3.