Sosial-iqtisadi
inkişafın Azərbaycan modeli region dövlətləri
üçün nümunə ola bilər
Aparılan məqsədyönlü və
ardıcıl iqtisadi siyasət nəticəsində bu gün
Azərbaycan sürətlə inkişaf edir.Ümummilli
liderimiz Heydər Əliyevin uğurlu siyasi kursunu yeni çalarlarla
zənginləşdirərək davam etdirən Azərbaycan
Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu
bütün vəzifələrin icra olunması,
çoxşaxəli iqtisadiyyatın
formalaşdırılması istiqamətində ardıcıl
tədbirlərin həyata keçirilməsi, mühüm əhəmiyyətə
malik sosial proqramların reallaşdırılması nəticəsində
ölkəmiz bütövlükdə Cənubi Qafqaz regionunun
lider dövlətinə çevrilmişdir.
Qlobal maliyyə böhranı dünyada böyük fəsadlar törətsə də ötən illər ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, dövlət büdcəsinin həcmi durmadan artmış, əhalinin yaşayış səviyyəsi xeyli yüksəlmişdir. Beləliklə, beynəlxalq maliyyə qurumlarında, o cümlədən dünyanın aparıcı ölkələrində böyük marağa səbəb olan sosial-iqtisadi inkişafın Azərbaycan modeli yenidən ciddi müzakirələrin mövzusuna çevrilmişdir.
Ölkəmiz bu səviyyəyə çox
çətin mərhələlərdən keçərək
çatmışdır. 1990-cı illərin əvvəllərində
yenicə müstəqillik əldə etmiş Azərbaycanda
iqtisadi çətinliklərlə yanaşı, xaos, anarxiya,
hərc-mərclik də hökm sürürdü.
İctimai-siyasi sabitliyin olmaması və naşı
iqtidarın yarıtmaz siyasəti nəticəsində
yeraltı və yerüstü sərvətlərlə zəngin
olan ölkəmizdə dözülməz vəziyyət
hökm sürürdü. Ərzaqla təminatda ciddi problemlərin
olması insanları aclıq təhlükəsi ilə
üz-üzə qoymuşdu. Məhz belə bir məqamda ulu
öndər Heydər Əliyev hakimiyyətə gəldi.
Sabitlik bərpa olunmaqla yanaşı yeni və müasir tələblərə
cavab verən iqtisadi siyasət həyata keçirilməyə
başlanıldı. Ancaq vəziyyəti
yaxşılaşdırmaq o qədər də asan deyildi.
Çünki əvvəlki iqtidar ölkəni elə dəhşətli
vəziyyətə salmışdı ki, ondan xilas olmaq
üçün xeyli vaxt tələb olunurdu. 1994-cü ildə
"Əsrin müqaviləsi"ni imzalayan Azərbaycan
müstəqil dövlət kimi, özünün neft
strategiyasını həyata keçirməyə
başladı. Ulu öndərin əsasını qoyduğu bu
strategiyanın məqsədi, bir tərəfdən xarici
investorları ölkəmizə cəlb etməklə
iqtisadiyyatın zəruri maliyyə mənbələrini
formalaşdırmaq, digər tərəfdən, enerji amilini
davamlı iqtisadi inkişafın təməl daşına
çevirmək idi. Bu mənada
neft amilli mili inkişaf modelinin vacib elementi kimi qiymətləndirilir.
Neft
strategiyasının həyata keçirilməsi ilə
yanaşı, artıq sabitliyə qovuşmuş ölkədə
iqtsadi-siyasi islahatların da həyata keçirilməsinin
vaxtı çatmışdı. Beləliklə, inkişafa
aparan yolun növbəti mərhələsində, yəni
1996-2003-cü illərdə iqtisadiyyatın müxtəlif sahələrində
uğurlu islahatlar aparıldı. Ölkədə bazar
iqtisadiyyatına keçidi təmin edən bir sıra qanunlar
qəbul olundu, özəlləşdirmə prosesi uğurla
aparıldı, torpaq əsl sahiblərinə - kəndlilərə
paylanıldı, orta sahibkarlar sinfinin formalaşması
üçün şərait yaradıldı. 2003-cü ildən
başlayaraq möhtəşəm iqtisadi siyasəti yeni
dövrün tələblərinə uyğun olaraq davam etdirən
Prezident İlham Əliyev ötən 7 ildə yeni
inkişafyönümlü proqramlar, fərmanlar imzaladı.
Bütövlükdə ölkə iqtisadiyyatının
inkişafı, qeyri-neft sektorunun xüsusi əhəmiyyətə
malik sahələrinin yaradılması və ölkə əhalisinin
iş yerləri ilə təmin olunması üçün
2004-cü ilin fevralında çox mühüm əhəmiyyətə
malik bir sənəd - "Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi (2004-2008) inkişafı
Dövlət Proqramı" qəbul edildi. Bu proqramın həyata
keçirilməsi nəticəsində Azərbaycanın
bütün rayonlarında infrastruktur müasir tələblər
səviyyəsində yenidən quruldu, müxtəlif istehsalat
sahələri yaradıldı, yeni iş yerləri açıldı
və sahibkarlığın inkişafı istiqamətində
əsaslı addımlar atıldı.
Ölkə
regionlarının mövcud potensialından daha səmərəli
istifadə etməklə yerli sənaye sahələrinin və
kənd təsərrüfatının inkişafını
sürətləndirmək, bu işdə sahibkarlara hərtərəfli
yardım göstərmək, əhalinin həyat səviyyəsini
daha da yaxşılaşdırmaqla yoxsulluq problemini aradan
qaldırmaq məqsədi ilə 2009-cu il aprelin 14-də
"Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı" qəbul olundu. Proqram
regionların növbəti mərhələdə
inkişafına təkan verdi, ölkəmizin dünyanın təsərrüfat
sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və
kommunal xidmətlərin
yaxşılaşdırılmasına və əhalinin həyat
səviyyəsinin yüksəldilməsinə öz töhfəsini
verdi.
Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramı
özünün real nəticələrini verməkdə davam
edir. Məlumdur ki, bir sıra inkişaf etmiş Avropa ölkələrində
qlobal maliyyə böhranının törətdiyi fəsadlar
nəticəsində xeyli işsizlər ordusu meydana gəlmişdir.
Azərbaycanda isə bunun tam əksini görürük.
Keçən il ölkəmizdə 70 mindən çox iş
yeri açılmışdır, onun 53 mini daimi iş yeridir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramının icrasının başlanmasından, yəni
2004-cü ilin fevralından bu günə qədər isə
ölkəmizdə 900 mindən çox iş yeri
açılmışdır. Təkcə ötən il ərzində
regionlarda 160-dan çox sənaye, kənd təsərrüfatı,
xidmət və ticarət müəssisəsi tikilib istifadəyə
verilmiş, 200-dən çox müəssisənin tikintisi
davam etdirilmişdir. 2010-cu ildə ümumi daxili məhsul (ÜDM)
5 faiz artaraq 41, 6 milyard manata çatmışdır.
Qeyri-neft
sektorunun artım tempi isə 7, 9 faiz olmuşdur ki, bu cür
artım hətta dünyanın bəzi qabaqcıl ölkələrində
belə qeydə alınmamışdır. Qeyri-neft sektorunun
inkişafını göstərən digər əhəmiyyətli
bir fakta diqqət yetirək: Son 15 il ərzində Azərbaycana
95 milyard ABŞ dolları həcmində sərmayə
qoyulmuşdur. 2010-cu ildə yatırılan 15, 5 milyard dollar həcmində
sərmayənin 9,3 milyard dolları məhz qeyri-neft sektorunun
payına düşür. Digər bir fakta diqqət yetirək:
2009-cu ildə dünyada neftin qiyməti 4 dəfəyədək
düşsə də həmin il Azərbaycan iqtisadiyyatı
9,3 faiz artmışdır. Bu da sübut edir ki, Azərbaycan
iqtsadiyyatının neftdən
asılılığının azaldılması istiqamətində
əsaslı işlər görülmüş və
qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi
addımlar atılmışdır.
Yeri gəlmişkən,
neft-qaz ixracatının artması iqtisadiyyatımızın
inkişafına öz töhfəsini verir. Keçən il bu
sektorda 51 milyon ton neft, 27 milyard kubmetr qaz hasil edilmişdir. Bu
il qazın hasilatı və ixracının daha da
artacağı gözlənilir. Keçən il Azərbaycan
Dövlət Neft Şirkəti tərəfindən aşkar
edilən "Ümid" qaz yatağı bizim qaz ixracı
potensialımızı dəfələrlə artırır.
Bu nəhəng qaz yatağı ilə birlikdə ölkəmizin
təsdiq edilmiş qaz ehtiyatları 2,2 trilyon kubmetrdir. Yəni
ölkəmizin təbii sərvətlərinin bol olması və
bu amildən düşünülmüş şəkildə
istifadə edilməsi Azərbaycanın hələ uzun illər
iqtisadi yüksəlişini təmin edəcəkdir.
2011-ci
ilin dövlət büdcəsinin 16 milyard, ümumilikdə
strateji valyuta ehtiyatlarının 29, 1 milyard dollar olması da
bunun əyani sübutudur. Son 10 ilin iqtisadi göstəricilərinə
nəzər salanda isə görürük ki, bu dövrdə
real iqtisadi artım 4 dəfə olmuş, ixracın həcmi
15 dəfədən çox, dövlət büdcəsi 15 dəfəyə
qədər, investisiya xərcləri 96 dəfə, strateji
valyuta ehtiyatları isə 31 dəfə artmışdır.
2003-2010-cu illərdə iqtisadi artım tempi 17 faiz olmuş,
bununla da ölkəmiz dünyada lider dövlətə
çevrilmiş, iqtisadi inkişafın Azərbaycan modeli
özünün uğurlu nəticələrini bir daha
göstərmişdir.
İqtisadi
inkişafın digər bir göstəricisi isə turizm sahəsidir.
Beynəlxalq ekspertlərin qənaətinə görə, hər
hansı bir ölkədə turizmin inkişaf etməsi
üçün həmin ölkənin infrastrukturunun -
yollarının, otellərinin və digər əlaqədar
sahələrin yüksək səviyyədə olması
vacibdir. Reallıqda da görürük ki, quruculuq-abadlıq
işləri həyata keçirilmədən turizm inkişaf
edə bilməz. Sevindirici haldır ki, bu gün turizm
üçün çox cəlbedici ölkə kimi qiymətləndirilən
Azərbaycanın istər paytaxtı, istərsə də
regionları tələb olunan inkişaf səviyyəsinə
yüksəlib. Bu mənada möhtərəm Prezidentimiz
İlham Əliyevin bu il fevralın 15-də "Azərbaycan
Respublikasında 2011-ci ilin "Turizm ili" elan edilməsi
haqqında" sərəncam imzalaması təsadüfi
deyil. Bu sərəncamdan irəli gələn vəzifələrin
həyata keçirilməsi zəngin coğrafi landşafta
malik ölkəmizin təbiət abidələrinin və eləcə
də xalqımızın qədim mədəni-tarixi irsinin
geniş miqyasda tanıdılmasını təmin edəcək.
Bu il Bakıda 5 beşulduzlu 5 mehmanxananın
açılışı olacaq. Bu, dünyada analoqu olmayan bir
hadisədir. 2009-cu ildə tikintisinə başlanılan və
2 milyard avroyadək sərmayə yatırılması nəzərdə
tutulan "Şahdağ" Kurort Mərkəzi dünya səviyyəli
mərkəzə çevriləcək. Bir sözlə, Azərbaycanda
turizmin inkişafı üçün kifayət qədər
potensial var.
Ölkəmizdə
əhalinin sosial müdafiəsinə də xüsusi əhəmiyyət
verilir və bu, dövlət siyasətinin əsasını təşkil
edir. Ulu öndərin rəhbərliyi ilə hazırlanaraq
1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul
edilmiş Azərbaycan Respublikasının Konistitusiyasında
da milli iqtisadi inkişaf modelinin əsas prioritetləri
hüquqi kontekstdə göstərilmiş, insanların həyat
şəraitinin yaxşılaşdırılması,
onların rahat yaşayışının təmin edilməsi
dövlətin ali məqsədi kimi təsbit olunmuşdur. Əsas
Qanunun 16-cı maddəsinin I hissəsində deyilir: "Azərbaycan
dövləti xalqın və hər bir vətəndaşın
rifahının yüksəldilməsi, onun sosial müdafiəsi
və layiqli həyat səviyyəsinin qayğısına
qalır". 2009-cu il martın 18-də Azərbaycan
Respublikası Konistitusiyasının 12-ci maddəsinə
ümumxalq səsverməsi - referendum yolu ilə edilmiş bir
sıra mütərəqqi əlavələr də Azərbaycanda
hər bir vətəndaşın yaşayış şəraitinin
yaxşılaşdırılması, sosial rifah səviyyəsinin
yüksəldilməsi istiqamətində həyata keçirilən
tədbirlərin mahiyyətindən irəli gəlirdi. Həmin
maddədə edilmiş dəyişikliyə görə, insan
və vətəndaş azadlıqları ilə
yanaşı, "Azərbaycan Respublikasının vətəndaşlarının
layiqli həyat səviyyəsinin təmin edilməsi"
dövlətin ali məqsədləri sırasına daxil
edilmişdir.
Azərbaycan
iqtidarı Əsas Qanunla müəyyənləşdirilən
sosialyönümlü bazar iqtisadiyyatı modelini uğurla
formalaşdırmış və yeni proqramlar həyata
keçirmişdir. Həmin proqramlar sırasında Azərbaycan
Prezidenti tərəfindən imzalanan "2006-2015-ci illərdə
Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və
davamlı inkişaf Dövlət Proqramı"nın
hazırlanması haqqında" 21 iyun 2005-ci il tarixli,
"Ahıl vətəndaşların sosial müdafiəsinin
gücləndirilməsi üzrə Dövlət
Proqramının təsdiq edilməsi barədə" 18 aprel
2006-cı il tarixli, "Azərbaycan Respulikasının məşğulluq
Strategiyasının həyata keçirilməsi üzrə
Dövlət Proqramı"nın (2007-2010-cu illər) təsdiq
edilməsi barədə" 16 may 2007-ci il tarixli sərəncamları
vətəndaşların sosial rifah səviyyəsinin
yaxşılaşdırılmasına xüsusi əhəmiyyət
verildiyinin göstəricisidir. Eyni zamanda, aztəminatlı ailələrin
sosial müdafiəsinin təmin olunması məqsədilə
Milli Məclisdə "Ünvanlı sosial yardım
haqqında" Azərbaycan Respublikasının Qanunu
hazırlanaraq qəbul edilmişdir ki, bu da hazırda 550 minədək
aztəminatlı ailənin ünvanlı sosial yardım
almasına şərait yaratmışdır.
Digər
tərəfdən, keçən il Azərbaycan Prezidenti
İlham Əliyevin imzaladığı sərəncamlarla 1,3
milyon nəfərdən artıq insanın pensiyasının
baza hissəsinin 13 faizlik artımı həyata
keçirilmiş, dövlət büdcəsindən maliyyələşən
800 min nəfərədək elm, təhsil, mədəniyyət,
səhiyyə və digər sahələrdə işləyən
insanların vəzifə maaşları
artırılmışdır. Dövlət
başçısının 2011-ci il fevralın 15-də
imzaladağı "Əmək pensiyalarının
sığorta hissəsinin indeksləşdirilməsi
haqqında" sərəncamı da bütün növ əmək
pensiyalarının sığorta hissəsinin istehlak qiymətləri
indeksinə uyğun olaraq artırılmasını təmin
etmişdir. Bu artımlar dünyada baş verən proseslər
fonunda ölkəmizin möhtəşəm uğuru hesab edilə
bilər. Çünki qeyd etdiyimiz kimi, qlobal maliyyə
böhranı səbəbi ilə hətta iqtisadi cəhətdən
kifayət qədər inkişaf etmiş ölkələrdə
belə maliyyə resurlarının azalmasına paralel olaraq əhalinin
bütün növ gəlirləri azalır.
Dünyada yoxsulluğun sürətlə artdığı bir vaxtda Azərbaycanda onun səviyyəsinin xeyli aşağı düşməsi, ən əsası isə bu müsbət prosesin davamlı xarakter alması da beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Belə ki, 2003-cü ildə Azərbaycanda yoxsulluq şəraitində yaşayanlar əhalinin 49 faizini təşkil edirdisə, bu rəqəm 2010-cu ildə 9, 1 faizədək aşağı düşmüşdür. Bu, o deməkdir ki, son yeddi il ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi təxminən 5 dəfə azalmışdır. Məhz bütün bunlara görə, hazırda sosial-iqtisadi inkişafın Azərbaycan modelinin uğurlu nəticələri bir sıra region və dünya dövlətləri tərəfindən araşdırılır və nümunə kimi qəbul olunur.
Azərbaycan iqtidarı isə daha yüksək nailiyyətlər əldə etmək və inkişafın qarşısındakı maneələri tam aradan qaldırmaq üçün bütün sahələrdə korrupsiyaya qarşı mübarizəni daha da gücləndirmişdir. Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 14-də Nazirlər Kabinetinin geniş iclasında xüsusilə vurğulamışdır ki, ölkəmiz daxili və xarici siyasətdə böyük uğurlara imza atsa da bəzi məsələlərdə hələ də tam nəticə əldə edə bilməmişik. Onlar arasında Dağlıq Qarabağ problemini, sahibkarlığın inkişafına maneçilik törədilməsi, ölkənin işgüzar imicinə mənfi təsir göstərən korrupsiya və rüşvət hallarını qeyd etmiş, buna qarşı ciddi mübarizə aparmağa çağırmışdır. 2011-ci il yanvarın 27-də Azərbaycan Respublikasının Prezidentinin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirilmiş, görülən işlər və qarşıda duran vəzifələr bir daha diqqətə çatdırılmışdır. Tədbirdə bildirilmişdir ki, dövlət başçısı iqtisadiyyatdakı inhisarçılıq meyillərinin qarşısını almağı, azad rəqabət mühitinin yaradılmasını təmin etməyi, vergidən yayınma hallarına qarşı təsirli tədbirlər görməyi, qiymətlərin süni şəkildə şişirdilməsinə yol verməməyi, hakimiyyət orqanları tərəfindən aparılan əsassız yoxlamalara son qoymağı, ölkə həyatının bütün sahələrində rüşvətxorluğa və korrupsiyaya qarşı daha ciddi və sistemli mübarizə aparmağı aidiyyəti dövlət orqanlarının əsas vəzifəsi kimi müəyyənləşdirmişdir. Qarşıya qoyulan vəzifələr uğurla həyata keçirildikdən sonra dünya Cənubi Qafqazda növbəti Azərbaycan möcüzəsinin şahidi olacaq.
Rauf ƏLİYEV
Xalq qəzeti.- 2011.- 15 may.- S. 1.