Bakı "Mədəniyyətlərarası
Dialoq Paytaxtı" statusunu qazanmağa tam layiq şəhərdir
Bunu ölkəmizin
tarixi, coğrafiyası, mədəniyyəti, insanları və
inkişafı haqqında çoxsaylı elmi fikirlər də
təsdiq edir
Bakı şəhərinin "Mədəniyyətlərarası
Dialoq Paytaxtı" elan olunması üçün
hazırlıq işlərinin görülməsi ilə
bağlı Azərbaycan mədəniyyət və turizm
nazirinin televiziyada səsləndirdiyi fikir hamımız
üçün maraqlı idi. Bu sahə ilə
yaxından maraqlanan bir şəxs kimi, mənim
üçün ilk baxışda burada təəccüblü
heç nə yoxdur. Çünki, illərdən bəri Azərbaycanın
bu sahəyə verdiyi töhfələr, Bakı şəhərində
keçirilən çoxsaylı beynəlxalq tədbirlər
bu məsələdə bizə tam haqq verir.
Ancaq
məni düşündürən əsas məqam məsələnin
digər tərəfi idi. Belə ki, Bakı şəhərinin
"Dialoq paytaxtı" statusunu qazanması üçün
beynəlxalq təşkilatların da bu faktı etiraf edib,
tanıması tələb olunur. Əgər nəzərə
alsaq ki, müasir dünyada "Mədəniyyətlərarası
Dialoq" məsələsi çox aktualdır və bir
çox dünya ölkələri bu statusa iddia edə bilər,
o zaman bu işin necə çətin olması aydın olar. Bundan
əlavə, məlumdur ki, adicə Avropa və ya İslam mədəniyyətinin
paytaxtı kimi adları almağın özü heç də
asan məsələ deyil və bunun üçün dövlətlər
bəzən uzun illərlə gözləməli və xeyli zəhmət
çəkməli olurlar. Bu baxımdan "Mədəniyyətlərarası
Dialoq Paytaxtı" statusuna sahib olmaq istəyi ilə, bu sahədə
heç də az işlər görməmiş Rusiya,
Qazaxıstan, İspaniya, Türkiyə, İordaniya, Səudiyyə
Ərəbistanı, Qətər və s. dövlətlərin
paytaxtları da çıxış edə bilər. Çünki
bu dövlətlər də Mədəniyyətlərarası
Dialoq sahəsində bir çox təşəbbüslərə
imza atmış, bəziləri hətta BMT səviyyəsində
beynəlxalq konfranslar, zirvə toplantıları təşkil
etmişdir.
Ona
görə də, mənə belə gəlir ki, Bakı
şəhərinin "Mədəniyyətlərarası
Dialoq Paytaxtı" elan olunmağa daha layiqli olduğunu
sübut etmək üçün başqa meyarlardan
çıxış edilməli, digər ölkə
paytaxtlarında mövcud olmayan üstünlüklər qeyd
edilməli, hətta lazım gələrsə, bunun elmi-nəzəri
baxımdan əsaslandırılması mümkündür.
Elə
isə nəyə görə məhz Bakı? Azərbaycanı
və onun paytaxtını başqalarından fərqləndirən
və ona xüsusi özəllik verən cəhət nədən
ibarətdir?
Bir
müddət öncə "mədəniyyətlərarası
dialoq" mövzusundakı elmi araşdırmalar çərçivəsində
böyük İslam tarixçisi və filosofu İbn Xəldunun
mədəniyyət və sivilizasiya haqqındakı fikirlərini
tədqiq edən zaman, yuxarıdakı suallara elmi cavab ola biləcək
maraqlı bir fikrə rast gəldim. Xatırladım ki, bu dahi
alim sivilizasiyanın meydana gəlməsi, inkişafı və
dövri olaraq bir-birini əvəzləməsinə dair öz
universal nəzəriyyəsi ilə italyan filosofu Viko
(1667-1744), nisbətən müasir alman filosofu Osvald Şpenqler
(1880-1936) və ingilis tarixçisi Arnold Toynbi (1889-1975), eləcə
də digər Qərb alimlərinin sələfi olmuşdur.
Bu
mövzuda diqqətimi çəkən əsas məsələ
isə, İbn Xəldunun təbii və coğrafi amillərin
sivilizasiyalara təsiri ilə bağlı irəli
sürdüyü nəzəriyyə idi. İbn Xəldun
özünün məşhur "Müqəddimə" əsərində
"Mülayim və sərt iqlimlər, havanın
insanların (dərisinin) rənginə və bir çox
başqa hallarına təsiri" adlı fəslində Yer kürəsini
7 iqlim qurşağına bölür - onlardan şimala
yaxın olanlar sərt soyuq, cənub və ona yaxın olanlar
qızmar isti, şimal və cənub arasında yerləşənlər
isə mülayim iqlimlərə malik olduğunu bildirir. İbn
Xəldun bu bölümdə qeyd edir ki, həddən artıq
soyuq və ya isti olan bölgələr sivilizasiyanın
inkişafı üçün əlverişli deyil,
mülayim iqlimə malik bölgələrdə isə elm, sənətkarlıq
və maddi mədəniyyət formalaşır, oranın
sakinləri də fiziki, əqli və əxlaqi baxımdan daha
mükəmməl olur. Bakı məhz bu qurşaqda yerləşir.
İbn
Xəldunun iqlim amilinin insana təsiri haqqındakı fikirləri
sonradan oxşar şəkildə fransız filosoflar Can Boden və
Oqüst Kont tərəfindən irəli
sürülmüşdür. Həmçinin coğrafi amilin
və təbii mühitin bəşər tarixinə və
sivilizasiyasına təsiri barədə İbn Xəldunun
dedikləri, ingilis tarixçiləri Henri Tomas Bokl, Arnold Toynbi
və sair Avropa alimlərinin ideyalarına güclü təsir
göstərmişdir.
Yuxarıda
qeyd edilən fikirləri ehtiva edən və müasir dövrdə
coğrafi determinizm adı ilə tanınan konsepsiyanın
yaradıcısı fransız mütəfəkkiri Can Boden
hesab edilir. Onun ideyalarına görə təbii faktorlar
arasında ən əsas rolu bu və ya digər ölkənin
iqlimi oynayır. Bu mütəfəkkir də İbn Xəldun
kimi başlıca olaraq üç iqlim bölgəsini fərqləndirir:
cənub, mülayim və şimal. Bodenin fikrinə görə,
sivilizasiyanı inkişaf etdirmək mülayim bölgələrin
sakinlərinə başqalarından daha artıq müyəssər
olur.
Coğrafi
determinizm ideyasını daha sonra başqa bir fransalı alim
Şarl Lui Monteskyö da inkişaf etdirmişdir. 1748-ci ildə
nəşr olunmuş "Qanunların ruhu haqqında"
adlı əsas əsərində Monteskyö cəmiyyətin
həyatına coğrafi mühit faktorları barədə nəzəriyyə
işləyib hazırlamışdı. "İqlimin
gücü dünyada ən birinci gücdür"-deyən
Monteskyö iddia edirdi ki, iqlim şəraiti insanın fərdi
xüsusiyyətlərini, xarakterini və təmayülünü,
onun bədən quruluşunu müəyyən edir.
Burada
xüsusilə qeyd etmək istərdim ki, istər İbn Xəldun,
istərsə də ondan sonra gələn Hegel, Toynbi və
Şpenqler kimi alimlər təbiət, iqlim və mədəni
şəraitlə bağlı zahiri fərqliliklərə
baxmayaraq, bəşəriyyətin eyni xarakterə malik
olduğunu vurğulamışlar. Mənə belə gəlir
ki, bu amillərin insan və xalqların həyatına və
xarakterinə təsirini mütləqləşdirməyin
doğru olmadığı kimi, onu tam inkar etmək də
düzgün olmaz.
Məlum
olduğu kimi, Azərbaycan Respublikası nadir coğrafi
mövqeyinə və müxtəlif iqlim
qurşaqlarının mövcudluğuna görə zəngin
biomüxtəlifliyə malik ölkədir. Belə ki,
1956-cı ildə məşhur iqlimşünas B.Alisovun
hazırladığı iqlim növlərinin təsnifatına
əsasən, hava kütlələrinin coğrafi tiplərinə
və atmosfer sirkulyasiyasının xüsusiyyətinə
görə 13 iqlim qurşağı ayrılır. Bu təsnifata
istinad edəsi olsaq qeyd edilən 13 iqlim qurşağından
9-u Azərbaycan ərazisində müşahidə olunur.
Hazırda
dünyada geniş yayılmış, V.Köppen (1846-1940) tərəfindən
təklif olunan, temperatur rejimi və rütubətlilik dərəcəsinə
əsasən iqlim təsnifatına görə isə, Yer
kürəsində 11 iqlim tipi mövcuddur ki, bunlardan da 8-nin Azərbaycanda
olduğu müəyyən edilmişdir.
İndi
isə gəlin baxaq, yuxarıda sadaladığımız
coğrafi və təbii mühit şəraitinin təsiri məsələsi,
Azərbaycan xalqının həyatı və şəraitində
öz əksini nə dərəcədə tapıb. Məlum
olduğu kimi, Azərbaycan ərazisinin əlverişli təbii-coğrafi
mühiti hələ qədimdən insanların burada məskən
salmasına və sivilizasiyanın ən qədim mərkəzlərindən
biri olmasına şərait yaratmışdır. Antik müəlliflər
Herodot, Polibi, Strabon, Klavdi Ptolemey və başqaları öz əsərlərində
Azərbaycanın coğrafi mövqeyi, təbiəti,
yaşayış məntəqələri, burada məskunlaşmış
müxtəlif tayfalar və s. haqqında məlumatlar vermişlər.
Strabon özünün "Coğrafiya" əsərində
burada yaşayan müxtəlif dilli və ləhcəli 26 alban
tayfası barədə məlumat verir. Azərbaycan
xalqının təşəkkülündə iştirak
etmiş qədim etnoslar bu regionda yaranmış qədim mədəni
mühitin formalaşmasında, həmçinin
bütövlükdə Yaxın və Orta Şərqin
ictimai-mədəni həyatında, qədim dövlətçilik
tarixində çox mühüm rol oynamışlar. Tarix boyu
bu torpaqlarda yaşayan xalqımız qonaqpərvərliyi və
insansevərliyindən dolayı, müxtəlif millət, din və
mədəniyyət nümayəndələrinə qucaq
açaraq, onlara öz qoynunda yer vermişdir. Məsələn
Babil hökmdarı II Novuxodonosurun (e.ə. 586-cı il) Yerusəlimi
(indiki Qüds) zəbt etməsi nəticəsində talan
olmuş İudeya çarlığından qaçan yəhudi
köçkünləri Azərbaycan torpağında özlərinə
sığınacaq tapmışlar. Sonradan dağ yəhudiləri
kimi tanınan bu xalq artıq 2500 ilə yaxındır ki, Azərbaycan
ərazisində mehriban münasibət şəraitində
yaşayaraq öz dini və milli adət ənənələrini
indiyə qədər qoruyub saxlamışlar.
VII əsrdən
sonra Xilafətin tərkibinə daxil olan Azərbaycan ərazilərinə
xeyli ərəb tayfası köçmüşdür. Öz
ölkələrindən baş götürərək, əsasən
indiki Şamaxı rayonu ərazisində məskunlaşan bu
tayfalar, elə həmişəlik burada qalaraq, yerli xalqla
qaynayıb-qarışmışdı. Həmin dövrdən
başlayaraq indiyə kimi Azərbaycanda ərəb etnonimli kənd
adları meydana gəlmişdir. Bu hadisənin izlərinə
Şirvan toponimikasında (Ərəbmehdibəyli, Ərəbbəsrə,
Ərəbqardaşbəyli, Ərəbqubalı, Ərəbsarvan,
Ərəbocaqçı, Ərəbqədim, Ərəbşalbaş,
Ərəbşahverdi, Ərəbcəbirli), Naxçıvan
toponimikasında - (Ərəbyengicə) Qəbələ
rayonunun Vəndam kəndinin məhəllələrindən
birinin "Ərəbli" istilahı ilə adlanmasında təsadüf
olunur.
O
zamanlar Azərbaycana pənah gətirmiş ərəblər
arasında şiəlikdə VII imam olan Museyi-Kazımın (ə.)
qızı Həzrəti Həkimə xanım, imamın iki
oğlan və bir qız nəvəsi də var idi. 1257-ci ildə
dünyasını dəyişən həmin xanımın məzarı
Bakı şəhərindəki hazırda ziyarətgaha
çevrilmiş Bibiheybət məscidində yerləşir. Rəvayətlərə
görə, həmin məsciddə uyuyan Həkimə
xanım, öz ölkəsindəki təqiblərdən
qurtulmaq üçün Bakıya gələrək,
qardaşı İmam Rzanın uşaqları ilə
ömrünün axırına kimi burada sığınacaq
tapmışdır.
Nisbətən
yaxın tarixdə, yaşadıqları Yaxın Şərq
ölkələrinin xalqları ilə yola getməyən ermənilər
19-cu əsrin əvvəllərində kütləvi şəkildə
Azərbaycanın tarixi torpaqlarına köçürülərək,
burada məskən tapmışlar. Xalqımız
genişürəklilik göstərərək
köçkün ermənilərə öz torpağında
yer vermiş, onları ölkənin ən səfalı
guşələrində yerləşdirmişdi...
Azərbaycan
çar Rusiyası tərəfindən işğal edildikdən
sonra, daha dəqiq desək, XIX əsrin 30-cu illərindən
başlayaraq onun ərazisində Ruslar da məskunlaşmağa
başladı. Çar Rusiyası dövründə minlərlə
rus ailəsi Azərbaycana sürgün edilmişdir. Onlar əsasən
Rus Pravoslav Kilsəsindən ayrılmış molokan təriqətinə
bağlı ruslardan ibarət idilər. Bu səbəbdən
onlar etiqad etdikləri təriqətə görə çar
hökumətinin qəzəbinə düçar olub,
Rusiyanın mərkəzindən Qafqaza sürgün
olunmuşdular. Həmin ruslar tez bir zamanda burada özlərinə
yurd salıb, yerli azərbaycanlılarla yaxın dost münasibətləri
qurmuşlar. Hazırkı vaxtda onlar hələ də
İsmayıllı rayonunun İvanovka kəndində, Gədəbəy
rayonunun Novosaratovka, Novoivanovka, Qorelsk kəndlərində,
Goranboy rayonunun Rus Borisi kəndində, Şamaxı rayonunun
Çuxuryurd, Qızmeydan və Nağaraxana kəndlərində
kompakt halda yaşayırlar. XIX əsrin əvvəllərindən
Azərbaycanda erməni, rus və alman əhalisinin məskunlaşdırılması
nəticəsində onun ərazisində qeyri- aborigen etnoslara
şamil olan yaşayış məskənləri
yaranmışdır.
Ayrı-ayrı xalqların Azərbaycana köç etməsi prosesinin XX əsrdə də davam etməsini görürük. Belə ki, 1944-cü il noyabr ayında özlərinin əzəli ata-baba yurdları sayılan Gürcüstanın Ahıska mahalından Orta Asiya və Qazaxıstan çöllərinə sürgün edilən Ahıska türkləri XX əsrin 50-ci illərində bəraət alsalar da, tarixi torpaqlarına qayıda bilmirdilər. Belə bir şəraitdə 1958-ci ilin sentyabrından Ahıska türklərinin ilk dəstəsi Azərbaycana gəlməyə başladı. Azərbaycan hökumətinin qərarı və razılığı əsasında Orta Asiya və Qazaxıstanda sürgünlük həyatı keçirmiş ahıskalıların bir hissəsinin respublikanın Saatlı, Sabirabad, Quba və Xaçmaz rayonlarında məskunlaşmasına başlandı. Azərbaycanın adları çəkilən rayonlarında bu etnosa aid onlarla kəndlər salındı.
Ahıska türklərinin Azərbaycanda məskunlaşmasının ikinci dövrü isə 1989-cu ilin yayında bu etnosa qarşı çevrilmiş Fərqanə hadisələri ilə bağlıdır. Cinayətkar ünsürlər tərəfindən dinc, zəhmətkeş ahıskalılara qarşı təşkil edilmiş bu qırğından sonra əhalinin burada da yaşaması qeyri-mümkün oldu. Nəticədə güc-bəla ilə özlərinə yaşayış şəraiti yaratmış əhali Orta Asiya və Qazaxıstandakı evlərini tərk etmək məcburiyyətində qaldı. Bu dövrdə də onlar yenə xalqımıza inanaraq onsuz da Ermənistanın işğalı nəticəsində böyük sayda qaçqınlar ordusuna malik olan Azərbaycana gəldilər. Beləliklə, XX əsrin sonunda respublikanın etnik xəritəsində Ahıska türklərinə məxsus yeni yaşayış məskənləri yaranmış oldu. Hazırda respublikada 100 mindən artıq Ahıska türkü yaşayıb-yaradır. Onların hər biri Ahıska adlı əzəli torpaqlarına dönmək arzusu ilə yaşasa da, Azərbaycanı özlərinə ikinci vətən sayır. Çünki onlar həm dövlət, həm də Azərbaycan xalqının qayğısı ilə əhatə olunmuşlar.
Göründüyü kimi, özünün qədim tarixi, maddi və mənəvi mədəniyyəti, həm də zəngin etnik tərkibi ilə məşhur olan ölkəmizdə əsrlər boyu müxtəlif dinli və etnik mənşəli xalqlar yaşayıb-yaratmışlar. Bu xalqlar sayca azlıq və çoxluq təşkil etmələrindən asılı olmayaraq, özlərinə Vətən saydıqları bu məmləkətdə daim dinc, əmin-amanlıq şəraitində yaşamışlar. Azərbaycan bəlkə də yeganə dövlətdir ki, onun ərazisində bu gün dünyada analoqu, oxşarı olmayan- xınalıqlar, buduqlar, udilər, hapıtlar, ceklər, qrızlar, yengiloylar və b. adlarla məlum olan etnoslar yaşayır. Maraqlıdır ki, bu etnoslar sayca bir neçə mindən artıq olmayıb, Azərbaycanın bir və ya bir neçə kəndində yaşayır.
O da qeyd olunmalıdır ki, Azərbaycanı özünə vətən seçən bu millət və etnoslar tarix boyu öz milli, mədəni və dini adət-ənənələrini qoruyub saxlaya bilmiş və bu adətlər buradakı digər xalqlarla onlar arasında heç bir qarşıdurma və ya ixtilafa səbəb olmamışdır. Hazırda ölkədə milli azlıqların 20-yə yaxın mədəniyyət cəmiyyəti fəaliyyət göstərir. Eləcə də respublikada 1000-dən çox məscid, 22 kilsə, altı sinaqoq və digər dini məbədlər fəaliyyət göstərir. Ötən il Azərbaycanda 102 müxtəlif təmayüllü dini icma qeydiyyatdan keçib və bununla da ölkədə dini qurumların sayı 534-ə çatıb. Bunların hamısı ölkədə olan tolerantlıq və qarşılıqlı ehtiram mühitinin bariz nümunəsidir.
Azərbaycanın təbii və etnik-mədəni-dini mühiti barədə aparılan bu paralellərdən sonra artıq qəti şəkildə inanmağa başlayırsan ki, Azərbaycanın təbii mühiti ilə etnik-mədəni mühiti arasında doğurdan da sıx əlaqə mövcuddur. Belə ki, burada özünü göstərən təbii və bioloji müxtəliflik, onun üzərində yaşayan xalqın milli, etnik və mədəni müxtəlifliyi ilə düz mütənasibdir. Analogiyanı davam etdirərək, Azərbaycanın zəngin yeraltı və yerüstü sərvətləri ilə onun əhalisinin zəngin mənəvi və maddi sərvətləri arasında tam uyğunluq olduğunu demək olar. Amma bu başqa bir söhbətin mövzusudur. Bu qədər təbii, həmçinin etnik-mədəni müxtəlifliyi bir araya gətirmək hər ölkənin qismətinə yazılmayıb. Buradakı fərqin açıq-aşkar şahidi olmaq üçün heç də uzağa getməyib, Azərbaycanın rəngarəng, zəngin təbiəti və çoxmillətli, multikultur əhalisi ilə onun qonşusu Ermənistanın kasıb təbiəti və monoetnik əhalisini müqayisə etmək kifayətdir.
Bu qədər müxtəlifliyi ahəngdar şəkildə bir araya gətirən məkan və xalq, "Dünya Dialoqunun Mərkəzi" olmağa və bu məsuliyyəti daşımağa daha layiqdir. Çünki bu, təbii bir missiya olub, tarixən Azərbaycan diyarının və Azərbaycan xalqının taleyinə yazılmış bir yazıdır. Beynəlxalq aləm tərəfindən Azərbaycanın paytaxtı Bakı şəhərinin "Mədəniyyətlərarası Dialoq Paytaxtı" kimi tanınması istənildiyi vaxt, məhz bu məqamdan çıxış edilməlidir. Bakının hələ keçən əsrdən indiyədək "beynəlmiləl şəhər" kimi tanınması, bundan əlavə, küçələrində gəzərkən rast gəlinən yanaşı tikilmiş bir çox məscid, kilsə, sinaqoq və sair dini məbədlərin ansamblı, Avropa ilə Şərq memarlıq üslubunun sintezini özündə əks etdirən yaraşıqlı binalar, qədim və müasir memarlıq inciləri və sair Bakıya müxtəlifliklərin harmonik vəhdətindən doğan bir şəhər siması bəxş edir.
Yuxarıdakı analogiyalardan çıxış edərək yenə də vurğulamaq olar ki, Avropa ilə Asiya qitələrinin qovuşduğu yerdə yerləşən Azərbaycan, həm də Qərblə Şərq sivilizasiyasının görüşdüyü, təmas qurduğu yerdə qərar tutmuşdur. Qədim zamanlardan "Şərqin Qapısı" kimi tanınan Vətənimiz, əks tərəfdən baxanda "Qərbin Qapısı" kimi görünür. Məhz bu səbəbdəndir ki, Azərbaycan tarixən bu iki sivilizasiyanın müxtəlif müsbət dəyərlərini özündə cəmləyib, onların vəhdətini yarada bilmişdir. Bu vəhdət nəticəsində o həm Qərbi, həm də, Şərqi gözəl anlamışdır. Tərsinə desək - bu anlaşma öz növbəsində Qərblə Şərqin vəhdətinə yol aça bilər. Məncə, sivilizasiya və mədəniyyətlərin dialoqu üçün məhz elə həmin anlaşmaya ehtiyac var.
Tarixən Azərbaycan təbii və mədəni müxtəliflikləri birləşdirmə, qovuşdurma və toplama missiyasını uğurla həyata keçirmişdir. Öz üzərindən keçən "Böyük İpək Yolu" ilə Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən Azərbaycan, bu gün həmin regionları Tarixi İpək Yolunun bərpasını nəzərdə tutan TRASEKA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) layihəsi ilə qovuşdurmaq əzmindədir. Azərbaycanın Qərblə Şərqin arasında tutduğu strateji mövqe, Avropadan Orta və Şərqi Asiya ölkələrinə gedən bir sıra mühüm beynəlxalq əhəmiyyətli yolların onun ərazisindən keçməsi, ölkəmizi öz təbii missiyasına uyğun olaraq regional əməkdaşlığa, inteqrasiyaya, dialoqa öz töhfəsini verməyə təşviq edir. Şükürlər olsun ki, ölkəmiz bu gün həyata keçirdiyi məlum beynəlxalq neft-qaz kəmərləri, dəmiryol layihələri ilə bu vəzifənin öhdəsindən lazımınca gəlir. Məncə, Azərbaycan tərəfindən irəli sürülmüş Trans-Avrasiya İnformasiya Super Magistral layihəsi təşəbbüsü də, onun beynəlxalq inteqrasiya və dialoqa verdiyi töhfənin rəmzi ifadəsi sayıla bilər. Bütün bunlar isə son nəticədə mədəniyyətlərarası dialoq üçün də yaradılan güclü bir əsas təşkil edir.
Hələ 2010-cu ilin 26 aprel tarixində Bakıda keçirilən dünya dini liderlərinin sammitində çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev demişdir:
"Azərbaycan Avropa ilə Asiya arasında təbii bir körpüdür. Əsrlər boyu bu diyarda müxtəlif dinlərin, millətlərin nümayəndələri bir ailə kimi yaşamışlar. Bu gün Azərbaycanın müasir həyatında da bu iki vacib amil özünü göstərir. İyirmi ilə yaxındır ki, Azərbaycan İslam Konfransı Təşkilatının üzvüdür. On ilə yaxındır ki, Azərbaycan Avropa Şurasının üzvüdür. ...Ümid edirəm ki, gün gələcək, Bakı Avropa mədəniyyətinin də paytaxtı seçiləcəkdir. Beləliklə, Azərbaycan Avropa və Asiya, xristian və müsəlman dünyası ilə əlaqələrin inkişafı işinə daha da böyük töhfə verəcəkdir."
Bu çıxışı hər dəfə xatırlayarkən, düşünürəm ki, cənab Prezident "Azərbaycan Avropa ilə Asiya arasında təbii bir körpüdür" deyən zaman, məhz yuxarıda izah etməyə çalışdığım 17 təbii, coğrafi amilin ölkəmizin taleyinə vurduğu möhürü və ondan doğan təbii missiyanı nəzərdə tutmuşdu.
Rasim ABDULLAYEV
AMEA Şərqşünaslıq İnstitutunun dissertantı, Məqalə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunmuş müsabiqəyə təqdim edilir
Xalq qəzeti.- 2011.- 15 may.- S. 4.