Saatlı ilbəil yeniləşir, müasirləşir

 

"Elə işləməliyik ki, insanlarımızın rahat və firavan həyatı təmin edilsin" devizi rayonda əsas fəaliyyət prinsipinə çevirilib

 

Rayonun inkişafı ilə bağlı müvafiq göstərişlər verilmişdir. Bildiyiniz kimi, təbii fəlakətdən sonra xüsusi diqqət göstərilir, təmir-bərpa işləri gedir. Böyük bir qəsəbə salınmışdır - 178 evdən ibarət qəsəbə. Artıq orada vətəndaşlar yerləşiblər. Ondan əlavə, 350 yeni ev tikilmişdir. Təmir-bərpa işləri də davam edir. Çünki, hələ qəzalı vəziyyətdə evlər vardır. Biz onları da təmir edəcəyik ki, təbii fəlakətin bütün fəsadlarını aradan qaldıraq. İşlərin böyük əksəriyyəti görülmüşdür. İndi məktəblər, yollar, evlər, sosial obyektlər tikilir. Bütün bunlar böyük vəsait tələb edir. Bu vəsaiti Azərbaycan dövləti ayırır ki, biz insanların yaşayış səviyyəsini yaxşılaşdıraq.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 5-də Saatlı rayonuna səfəri zamanı yerli sakinlərlə görüşdəki nitqindən

 

2011-ci ilin birinci rübü tarixə qovuşsa da, bu zaman məsafəsində görülmüş işlərdən istənilən qədər bəhs etmək olar. Bu dövrü uğurla yola salan rayonlardan biri də Saatlıdır. Burada cəmisi üç ay ərzində görülmüş işləri, mübaliğəsiz-filansız, bir ilə də sığışdırmaq mümkündür. İnsaf naminə qeyd etmək lazımdır ki, insan əlinin əməyi, doğrudan da, Muğanın bu bölgəsində xarüqələr yaradır. Saatlının bu günü ilə keçmişini müqayisə etdikdə göz önündəki dəyişikliklər, yeniliklər istər-istəməz, adamın diqqətini çəkir. Həmişə yerli əhalinin qayğıları ilə maraqlanan və onların problemlərinin həllini önə çəkən rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun dediyi kimi, Muğan Muğan olsa... nələr edə biləcəyini hamı yaxşı bilir, əsas odur ki, can yandırasan, gördüyün işi, necə deyərlər, candərdi yox, ürəklə görəsən, bax, onda nəticələr də sevindirici olar.

 

Doğrudan da, rayon rəhbərinin sözünə qüvvət, Saatlıda görülən işlərə can yandırılır ki, uğurlar da bir-birini əvəzləyir. İlk növbədə bunu xüsusi vurğulamaq lazımdır ki, Dövlət Proqramında öz əksini tapmış 8 bölmə üzrə 100-ə qədər layihə rayonun sosial-iqtisadi həyatının bütün sahələrini-sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsini, ekologiya və təbii sərvətlərdən istifadə, yol təsərrüfatı və nəqliyyat tədbirləri, elektrik enerjisi, istilik və qaz təchizatı ilə təminat, rabitə, su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması, meliorasiya və irriqasiya tədbirləri, səhiyyə, mədəniyyət, idman, təhsil müəssisələrinin inşası və yenidən qurulması kimi ən vacib tədbirləri geniş əhatə edir.

Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda dövlət başçısının nitqlərindən irəli gələn vəzifələr, görülmüş işlər və nəzərdə tutulan tədbirlər RİH başçısı yanında şuranın iclasında geniş müzakirə olunmuş, əməli təkliflər hazırlanmış və yerinə yetirilməsi üçün bütün imkanlar səfərbər edilmişdir. 2 mart 2011-ci ildə keçirilmiş həmin konfransda Saatlı Rayon İcra Hakimiyyətinin başçısı da çıxış edərək Dövlət Proqramının icrası ilə bağlı rayonda görülən işlərdən danışmış, bir sıra əməli təkliflər, o cümlədən aqrar sahənin inkişafı ilə əlaqədar təkliflər vermişdir.

Dövlət Proqramının icrasından ötən müddət ərzində rayon üzrə görülmüş işlərin təhlili və statistik hesabatlar onu göstərir ki, nəzərdə tutulan tədbirlərin müəyyən hissəsi yerinə yetirilmişdir. İqtisadiyyatda əldə olunan göstəricilər makroiqtisadi sabitliyin qorunmasına, məhsul istehsalının artmasına əsaslı zəmin yaratmışdır. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2011-ci ilin birinci rübündə ümumi məhsul istehsalının həcmi 50,4 faiz artaraq 24 milyon 29 min manat həcmində olmuşdur. Ümumi məhsul buraxılışında kənd təsərrüfatının payı 7 milyon 839 min manat və ya 32,6 faiz, ticarətin payı 8 milyon 834 min manat və ya 36,8 faiz, tikinti 4 milyon 840 min manat və ya 20,1 faiz, sənaye 1 milyon 913 min manat və ya 8 faiz, nəqliyyat 540,4 min manat və ya 2,2 faiz, rabitənin payı isə 63 min manat və ya 0,3 faiz təşkil etmişdir.

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı üzrə 17,7 faiz, sənaye üzrə 30,7 faiz, tikinti üzrə isə 8,9 dəfə artım qeydə alınmışdır. 2010-cu ilə nisbətən bu ilin birinci rübündə pərakəndə əmtəə dövriyyəsinin həcmi 20,3 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 18,5 faiz artmış, bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 9,8 faiz artaraq 204,5 manat olmuşdur.

2011-ci ilin birinci rübündə əsas kapitala 4 milyon 879 min manat həcmində investisiya qoyulmuşdur ki, bu da 2010-cu ilin müvafiq dövrünə nisbətən 8 dəfə çoxdur. Rüb ərzində rayonda 123 yeni iş yeri açılmışdır ki, bunun da 108-i daimi iş yerləridir. Ümumiyyətlə, 2009-2010-cu illər və cari ilin I rübü ərzində 1472 yeni iş yeri açılmışdır ki, bunun da 640-ı daimi iş yerləridir.

Rayon üzrə 2011-ci ilin birinci rübündə pambıq zavodları ilə hüquqi və fiziki şəxslər də daxil olmaqla istehsalçılar arasında 6463 hektar sahədə pambıq toxumu əkilməsinə dair müqavilə bağlanmışdır. Rayonda fəaliyyət göstərən pambıq zavodları tərəfindən əhaliyə avans olaraq 208,6 ton çiyid, 414 min manat nağd pul verilmişdir. "Aqroservis"in Saatlı filialı tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli şərtlərlə 1426,4 ton mineral gübrələr satılmışdır. Hazırda Saatlı şəhərində tikilən "Aqrolizinq" ASC-nin Saatlı filialının baza kompleksində işlər tamamlanmaq üzrədir. Kompleksin ərazisi 1 hektar olmaqla 4 min ton mineral gübrə saxlayan anbar binası, 50-yə yaxın maşın və texnika saxlamaq üçün talvar, təmir emalatxanası, ofis binası inşa edilir. Birinci rüb ərzində kompleksdə 1 milyon manata yaxın məbləğdə iş görülmüşdür. Kompleksin əhatə etdiyi əraziyə asfalt vurulacaq, müxtəlif növ dekorativ ağaclar və gül kolları əkilməklə yaşıllıq zolaqları salınacaqdır.

2011-ci ilin məhsulu üçün 2010-cu ilin payızında 22001 hektar taxıl əkilmişdir. Bundan 19530 hektarını buğda, 2471 hektarını isə arpa əkini təşkil edir. Həmçinin 1598 ton ət, 7270 ton süd və 1574 min ədəd yumurta istehsal edilmişdir. Hazırda rayonda bütün təsərrüfat kateqoriyaları üzrə qaramal 65616 baş, o, cümlədən ana inək və camışların sayı 30968 baş, qoyun və keçilərin sayı isə 93472 baş olmuşdur.

Son illər rayonda sahibkarların fəaliyyətinə lazımı şərait yaradılmışdır. İş adamları, fermer və sahibkarlar tərəfindən yeni istehsal müəssisələrinin açılması, iş yerlərinin yaradılması istiqamətində bütün təkliflərə rayon icra hakimiyyəti dəstək verməklə bu sahələrə Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyinin edilməsinə də hərtərəfli kömək göstərmişdir. Məhz bunun nəticəsidir ki, regionda analoqu olmayan "Biyan" məhsulları istehsalı zavodu istifadəyə verilmiş, şəhər mərkəzində plastik materiallar istehsal edən müəssisə tikilmiş, "CTS-Aqro" MMC Saatlı pambıq zavodu, nar şirəsi emal edən "Yeni Texnologiya AAA" MMC, xidmət təyinatlı özəl müəssisələr və sexlər açılmış, "Aqroservis" filialı, broyler quşçuluq müəssisəsi, 59 saylı Yol istismar idarəsi fəaliyyətə başlamış, yeni asfalt-beton istehsalı zavodu işə salınmış, özəl bölmədə çoxsaylı ticarət, iaşə, məişət, sosial-mədəni şəbəkələr xidməti yaradılmışdır.

Bu sahədə görülən ən mühüm işlərdən biri rayonun Gomuşçu kəndi ərazisində, magistral yolun kənarında tutumu 2000 ton olan və 1,5 hektar ərazini əhatə edən, smeta dəyəri 3,2 milyon manat təşkil edən soyuducu anbar kompleksinin tikintisidir. Soyuducu kameranın inşası üçün Sahibkarlığa Kömək Milli Fondu 2 milyon manat uzunmüddətli güzəştli kredit ayırıb. Avadanlıqlar Türkiyə, Almaniya, İtaliya istehsalıdır. Obyektdə 24 nəfər daimi işçi çalışacaqdır. Mövsümü aylarda isə 60 nəfər əlavə işçi cəlb ediləcəkdir.

Suvarılan torpaqların su təminatının yaxşılaşdırılması üçün suvarma kanallarının yenidən qurulması, torpaqların şoranlaşmasının qarşısının alınması və münbitliyinin qorunması məqsədilə kollektor-drenaj şəbəkələrinin yenidən qurulması və digər tədbirlər üzrə bir sıra işlər görülmüşdür. Regionların inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunları ilə bağlı konfransdakı nitqində ölkə başçısı suvarma məsələlərindən danışarkən yeni əkin sahələrinin dövriyyəyə qatılmasını, kənarda qalan torpaqların suvarılmaqla münbit vəziyyətə gətirilməsini qeyd etmişdir. İki ildən artıqdır ki, rayonda mövcud olan belə torpaqlar müəyyən edilməklə 10 min hektara yaxın torpağın əkin dövriyyəsinə daxil edilməsi barədə aidiyyəti orqanlara müraciətlər edilmişdir. Bu məsələlər barədə hazırlanmış təkliflərlə 2010-cu ilin 2 aprelində Yevlax şəhərində keçirilən regional müşavirədə, həmçinin bu ilin mart ayının 2-də Prezidentin sədrliyi ilə keçirilən konfransdakı çıxışlarında rayon icra hakimiyyətinin başçısı lazımi məlumatlar vermişdir. Təkliflər maraqla qarşılanmışdır. Buna görə də yaxın vaxtlarda iri fermer təsərrüfatlarının yaradılması, ərzaq proqramının yerinə yetirilməsi ilə bağlı taxılçılığın inkişafına diqqətin artırılması, torpaqların əkin dövriyyəsinə cəlb edilməsi kimi vacib məsələlərin öz həllini tapacağı gözlənilir.

Məlum olduğu kimi, ötən il baş vermiş təbii fəlakət rayonun iqtisadiyyatına, əsasən də kənd təsərrüfatının bitkiçilik sahəsinə, bir neçə yaşayış məntəqəsinin sakinlərinin fərdi təsərrüfatlarına, ev və tikililərinə, əkinlərinə ciddi ziyan vurmuşdur. Bu gün də hökumət qərarlarına uyğun olaraq, dəymiş ziyanla bağlı əhaliyə göstərilən maliyyə yardımları ödənilməkdə davam edir.

Cari ilin birinci rübündə Nərimankənd, Dəllər və Musalı kənd sakinlərindən 99 nəfərə dəymiş ziyana görə evlərin təmir və bərpa edilməsi məqsədilə 133 min manat, əkin sahələrinə görə 1334 nəfərə 725 min 472,5 manat (5790,71 hektara) kompensasiya ödənilmişdir. Ümumiyyətlə, ötən müddətdə əhaliyə dəymiş ziyanın həcminin müvafiq komissiya tərəfindən qiymətləndirilməsi əsasında rayon üzrə bu günə kimi 1 milyon 983,4 min manat kompensasiya ödənilmişdir.

Dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı, tapşırıq və göstərişləri, aidiyyəti dövlət orqanlarının, xüsusən də Fövqəladə Hallar Nazirliyinin böyük səyi, ardıcıl tədbirləri sayəsində subasmaya məruz qalmış yaşayış məntəqələrində iqtisadi və sosial həyat bərpa olunmuş, bütün infrastruktur yenidən qurularaq insanların rahat şəraiti təmin edilmişdir.

Saatlının iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Ona görə də torpaqların su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya tədbirlərinin davamlı olaraq yerinə yetirilməsinə xüsusi diqqət göstərilir. Cari ilin birinci rübündə bu sahədə 395 min manatlıq iş görülmüşdür ki, bundan da 183,5 min manatı kollektor-drenajların lildən təmizlənməsi, 205,1 min manatı suvarma kanallarının qazılaraq təmizlənməsi, 6,4 min manatı isə mövcud hidrotexniki qurğuların cari təmiri işləri üzrə olmuşdur. Rüb ərzində görülən işlər sırasında Dəllər kəndi ərazisində uzunluğu 1,8 kilometr olan mühafizə bəndi təmir-bərpa edilərək möhkəmləndirilmiş, Novruzlu kəndinin əkin sahələrinin su təminatını yaxşılaşdırmaq üçün Kür çayı üzərində NDK-40 markalı nasos aqreqatı qurulmuş, Azadkənd kəndinin əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün Aşağı Muğan kanalı üzərində D-1250-14 markalı nasos aqreqatı elektrik xətti ilə birlikdə quraşdırılıb istifadəyə verilmiş, rayon ərazisində meşə zolaqlarının salınması işi davam etdirilmişdir.

Cari ilin birinci rübündə də tikinti-quruculuq, abadlıq, yaşıllaşdırma və təmizlik sahəsində rayonda geniş həcmli işlər görülmüş, Saatlı şəhərinin, habelə digər yaşayış məntəqələrinin daha abad, təmiz və müasir görkəmdə olması üçün bütün qüvvə və imkanlar səfərbər edilmişdir.

Rayonun sosial-iqtisadi həyatında ən mühüm tədbirlərdən biri dövlət başçısı İlham Əliyevin 21 oktyabr 2010-cu il tarixli sərəncamına əsasən Saatlı-Musalı-Məzrəli avtomobil yolunun yenidən tikilməsidir. Bu, əsasən Araz çayı sahili boyu yerləşən və 20 min nəfərdən artıq əhalinin məskunlaşdığı yaşayış məntəqələrinin, o cümlədən şəhərin M.F.Axundov və M.Ağayev küçələrinin sakinlərinin də həyatını asanlaşdıracaq vacib əhəmiyyətli bir tədbirdir. Bu gün hər kəs yolun tikintisi ilə bağlı həyata keçirilən geniş həcmli işlərin şahididir.

Ümumi uzunluğu 17 kilometr olan Saatlı-Musalı-Məzrəli avtomobil yolu (14,6 km Saatlı şəhər-Məzrəli kəndi, 2,4 kilometr Musalı kəndi yoludur) qonşu İmişli rayonuna qədər olan məsafəni 40 kilometrə qədər qısaldacaqdır.

Hazırda avtomobil yolunun müasir səviyyədə, yüksək keyfiyyətlə qurulması məqsədilə sürətli iş gedir. Yol kənarında piyadalar üçün səkilər düzəldilir, yaşıllıqlar salınması ilə əlaqədar ağaclar əkilir, yol boyu ətraf ərazi abadlaşdırılır. M.F.Axundov və M.Ağayev küçələrində 2000 kvadratmetrdən artıq mişar daşından, 1600 kvadratmetr sinklənmiş metal vərəqələrdən hasar çəkilmişdir. 950 kvadratmetr aqlay piltələrdən səki düzəldilmiş, 4000 kvadratmetrdən artıq rəngləmə işləri görülmüş, avtomobil yolunun sağ və sol hissələrində olan tikililərin müasir görkəmə gətirilməsi üçün işlər görülmüşdür. Şəhərin M.F.Axundov, M.Ağayev, H.B.Zərdabi və C.Cabbarlı küçələrini işıqlandırmaq üçün 108 ədəd müasir işıq dirəkləri qurulmuşdur. Avtomobil yolunun üzərindəki yol keçidlərinin bərpası, mövcud olan elektrik xətlərinin yerlərinin dəyişdirilməsi, yolun alt və üst qatlarının möhkəmləndirilməsi, birinci qat asfalt-beton örtüyünün vurulması başa çatmaq üzrədir. İndiyədək görülən işlər 2 milyon manatdan artıq məbləğdə qiymətləndirilir. May ayında yolun istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Abadlıq və yaşıllaşdırma sahəsində diqqət çəkən işlərdən biri də ümumi sahəsi 5,6 hektar olan Heydər Əliyev adına parkın və meydanın yenidən əsaslı şəkildə qurulmasıdır. Heydər Əliyev meydanının 5000 kvadratmetrdən artıq sahəsinə milli ornamentli bəzək piltələri döşənmiş, park və meydanın ərazisinə həmişəyaşıl və dekorativ ağaclar, gül kolları əkilərək yaşıllıq zolaqları salınmış, meydan bütünlüklə müasir görkəmdə abadlaşdırılmışdır.

Ötən dövrdə idarə, müəssisə, təşkilatları, yerli icra strukturlarını və bələdiyyələri, əmək kollektivlərini cəlb etməklə yaşıllıqlar salınması məqsədilə ağacəkmə kampaniyası davam etdirilmişdir. Şəhərin Heydər Əliyev prospekti, M.F.Axundov, M.Ağayev və digər mərkəzi küçələri boyu, eləcə də Saatlı şəhərindən başlamaqla Məzrəli kəndinə qədər olan yol boyu, habelə Bəylik kəndindən Varxan kəndinə qədər olan 25 kilometr məsafədə torpaq işləri görülmüş, ərazilər hazırlamaqla eldar şamı, görüş, Gəncə çinarı, limon (şərq) tuyası, şəmşəd, sərv, zeytun, lüqustra kimi ağacların əkilməsi təmin edilmişdir. Rüb ərzində minlərlə rayon sakininin iştirak etdiyi ümumrayon iməcliklərində 20 mindən çox həmişəyaşıl və dekorativ ağaclar, gül kolları və bəzək ağacları əkilmişdir.

Əlbəttə, rayon icra hakimiyyətinin gündəlik diqqət ayırdığı sahələrdən biri də əhalinin elektrik enerjisi, qaz, istilik və içməli su təminatının yaxşılaşdırılması, mövcud problemlərin müəyyən edilərək aradan qaldırılması, bu sahələrdə neqativ halların baş verməməsi üçün sayğaclaşmanın başa çatdırılması, istehlak olunan elektrik enerjisi, qaz və suyun dəyərinin bütünlüklə toplanılmasına nəzarətin artırılması olmuşdur.

Artıq iki ilə yaxındır ki, rayonun elektrik şəbəkələrinin və yarımstansiyaların yenidən qurulması tədbirləri həyata keçirilir. Dövlət Proqramına uyğun olaraq ötən müddətdə Saatlı şəhəri ilə yanaşı, rayonun Mollavazlı, Qıraqlı, Mustafabəyli və Bəylik kəndlərində SİP kabel sisteminə keçirilməsi başa çatdırılmışdır. 2011-ci ilin I rübündə 51,9 min manatlıq iş görülərək Saatlı şəhər ərazisində bu işlər tamamlanmışdır. 225 ədəd dayaq basdırılmış, 23 ədəd Smart-kart tipli sayğac qoyulmuş və 1,7 kilometr SİP tipli kabel çəkilmişdir. 2011-ci ildə əlavə olaraq rayonun Sarıcalar və Qara Nuru kəndlərində bu işlərin davam etdirilməsi nəzərdə tutulub.

Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Milli su təchizatı və kanalizasiya xidmətləri" layihəsi çərçivəsində Saatlı şəhəri də daxil olmaqla respublikanın 22 şəhər və rayon mərkəzində su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması nəzərdə tutulmuşdur. Cari ildə bu tədbirin həyata keçirilməsi ilə əlaqədar "Azərsu" ASC rəhbərliyinin məktubuna müvafiq olaraq tələb olunan həcmdə torpaq sahəsinin ayrılması üçün işlər görülmüş, aidiyyatı mərkəzi icra orqanlarına məlumatlar verilmişdir. Bundan əlavə, ötən dövrdə yaşayış məntəqələrində içməli su qurğularından istifadə edilməsi, yenilərinin tikilməsi və şəhər əhalisini təmiz içməli su ilə təmin etmək üçün mövcud su qurğuları sisteminə nəzarətin gücləndirilməsinə başlıca diqqət ayrılmışdır. Yaşayış məntəqələrində son illər istifadəyə verilmiş 19 sudurulducu qurğudan və inşa olunmuş bulaqlardan səmərəli istifadəyə və yaranmış nasazlıqların aradan qaldırılmasına xüsusi fikir verilmişdir. 17 yaşayış məntəqəsində sudurulducu qurğuların yanında iri tutumlu su anbarlarının inşa olunması da təqdirəlayiqdir.

Təqdirəlayiq haldır ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən son illər Saatlı rayonunda da sosial yönümlü məsələlər ardıcıl olaraq öz həllini tapır. Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmiri ilə bağlı əhalinin müraciətlərinin nəzərə alınması və dərhal işlərə başlanılması haqqında rayon ictimaiyyətinin ölkə başçısına ünvanladığı minnətdarlıq məktubları bunu bir daha təsdiqləyir. Bu gün hər şey göz önündədir. Heç kəsə sirr deyil ki, dövlət başçısının yüksək diqqət və qayğısı sayəsində Saatlı rayonunda irimiqyaslı işlər görülür. Əhalinin həyat şəraitinin yaxşılaşdırılması üçün əvəzsiz tədbirlər həyata keçirilir.

Bu tədris ilinin əvvəlində Kamallı kəndində 200 şagird yerlik yeni məktəb binası istifadəyə verildi. Bundan əlavə, Novruzlu kəndi üçün salınmış yeni qəsəbədə müasir tələblərə cavab verən məktəb inşa edildi. Regionların inkişafı Dövlət Proqramına uyğun olaraq 2009-2013-cü illərdə 7 yeni məktəb binasının tikintisi və 11 məktəbdə əsaslı təmir işlərinin aparılması nəzərdə tutulmuşdur.

... Göründüyü kimi, Saatlıda təzə ilin əvvəlindən xeyli iş görülüb. Siyahını uzatmaq da olar. Ancaq əsas məqsəd bu deyil. Əsas olan odur ki, bütün bunlar insanların - nəciblikləri ilə seçilən saatlılıların sabaha inamlarını artırır, onların daha yaxşı şəraitdə yaşamaq istəyinin, arzusunun gerçəkləşməsi üçün dövlətin birinci şəxsi səviyyəsində ən qətiyyətli, ən vacib addımların atıldığından xəbər verir.

 

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2011.- 15 may.- S. 6.