Ermənilər
Laçın rayonunda daha bir dəfinəni qarət etmişlər
Tarix boyu ermənilər torpaqlarımızı, maddi və mənəvi dəyərlərimizi mənimsəmiş, özününküləşdirmişlər. Bu gün Ermənistanın əksər muzeylərində, şəxsi kolleksiyalarda Azərbaycanın istənilən qədər maddi mədəniyyət nümunələrinə rast gəlmək olar. Bunların sırasında dünya şöhrətli Azərbaycan xalçaları və toxuculuq məmulatları, bəzək əşyaları, xalq tətbiqi sənəti nümunələri, hətta arxeoloji tapıntılar vardır. Dəhşətli odur ki, bütün bunlar dünya ictimaiyyətinə erməni maddi mədəniyyəti nümunələri kimi təqdim olunur.
Ermənilər əsassız ərazi iddiaları ilə yanaşı, indi də işğal etdikləri rayonlarda özbaşına qazıntılar aparır və qədim tariximizə aid tapıntıları öz adlarına çıxırlar. Bu yaxınlarda onlar daha bir cinayətə əl atmış, Laçın rayonunun Sonasar kəndi ərazisindəki qədim qəbiristanlıqda apardıqları qanunsuz qazıntı zamanı əldə etdikləri tapıntıları Yerevanda Ermənistan Tarixi Muzeyinə vermişlər. Bu barədə İnternet saytlarında ermənilər özləri məlumat yaymışlar. Bu qənimətlər arasında qızıl, gümüş, bürüncdən hazırlanmış müxtəlif bəzək əşyalarıdır.
Mətbuatın yazdığına görə, həmin xəzinənin ümumi dəyəri 23,3 min ABŞ dolları qiymətləndirilmişdir. Erməni xislətinə aid bir məsələni də qeyd etmək lazım gəlir. Belə ki, Ermənistanın rəsmi dairələri ilə Dağlıq Qarabağ separatçıları arasında bu dəfinə üstündə qalmaqal başlayıb. Tərəflərdən hər biri bu xəzinəyə sahib olmaq istəyir.
Qeyd olunmalıdır ki, hələ XIX əsrin sonlarında Laçın rayonu ərazisindən tapılmış bir sıra maddi mədəniyyət nümunələri bu bölgənin qədim yaşayış məskənlərindən biri olduğunu göstərmişdir. Burada tarixin müxtəlif mərhələlərini özündə əks etdirən zəngin abidələr aşkar edilmişdir. Onlar əsasən təbii mağaralardan, siklop tikililərdən, qədim yaşayış yerlərindən, qəbiristanlıqlardan, qayaüstü təsvirlərdən, suvarma sistemlərindən, müdafiə qalalarından ibarətdir.
Bu abidələrdən tapılmış, e. ə. III minilliyə aid çoxlu gil qab qırıqları, dən daşları, dəvəgözü və çaxmaq daşlarından düzəldilmiş bıçaqlar və ox ucluqları qədim Tunc dövrünə, həmin dövrdə yaşamış əkinçi-maldar tayfaların iqtisadi və ictimai həyatına dair qiymətli tarixi mənbələrdir. Hələ 1896-cı ildə Laçında tapılmış bir əşya - yuxarı hissəsində satirik teatr maskası təsvir edilmiş tunc lampa Peterburq Arxeoloji Komissiyasına aparılmışdır.
1924-cü ildə Laçın rayonunun Mirik kəndi ərazisində köhnə şəhər yeri açılmış və oradan 82 ədəd gümüş sikkə tapılmışdır. Bu sikkələrin 39-u Səfəvi hökmdarları I Təhmasibin, 3 ədədi II İsmayılın hakimiyyəti dövründə XVl əsrdə zərb olunmuşdur. Digər 39 ədəd gümüş alman talerinin də XVl əsrə aid olduğu sübut edilmişdir.
1925-ci il avqust ayının axırlarında Laçın şəhərində kooperativ binanın özülü qoyularkən böyük daş plitədən düzəldilmiş, üstü də həmin ölçüdə digər plitə ilə örtülmüş qəbirlər çıxmışdır. Onlar bir-birinin üstündə üç cərgədən ibarət idi. Həmin qəbirlərin birinin yanında isə 5 ədəd əzilmiş qızıl sikkə tapılmışdır. Həmin sikkənin hamısı eyni ölçüdə - 22-25 mm., əzilmiş halda idi. Üzərində: A+KooNacıL-oD OUKAS - (Konstantin bayraqla labarum) təsviri verilmiş. R?lhs x REX-Rkgnxtıum - (Xristos taxtda) təsvir edilmişdir. Bu qızıl sikkələr Bizans imperatoru XIII Konstantin Dukanın (bəlkə də XII və ya XI Duka) imperator l İsaak Komnepin (1057-1059) oğlunun hakimiyyəti dövrünə aiddir.
1983-cü ildə isə Laçın rayonunun Əhmədli kəndində yenə də Azərbaycan Səfəvilər dövlətinə aid dəfinə tapılmışdır. Həmin dəfinənin içərisində I Sultan Süleyman və I Sultan Hüseynin hakimiyyəti dövründə Təbriz, Həmədan, Xoy, Naxçıvan, Gəncə və Şamaxıda zərb edilmiş gümüş pullar olmuşdur. Laçın tarix-diyarşünaslıq muzeyində saxlanılan bu dəfinə də işğal zamanı ermənilər tərəfindən qarət edildi.
Bunları deməkdə məqsədimiz Laçın rayonunun Azərbaycan xalqına məxsus maddi mədəniyyət abidələri ilə zəngin bir bölgə olduğunu göstərməkdir. Və bu cür dəfinələrin tapılması təbiidir. Bu ərazi ən qədim yaşayış məskəni olmaqla, eyni zamanda, burada mədəniyyət və iqtisadiyyat inkişaf etmiş,Azərbaycanın böyük şəhərləri və digər ölkələrlə sıx ticarət əlaqələri olmuşdur. Həmin dövrdə bu yerlərə hələ erməni ayağı dəyməmişdi. Belə olan halda tapılmış maddi mədəniyyət nümunələrini onların öz adlarına çıxması gülüncdür.
Bunları nəzərə alaraq, belə hesab edirik ki, vaxtilə və hazırda Laçından və Azərbaycanın digər işğal olunmuş ərazilərindən Ermənistana aparılmış maddi mədəniyyət nümunələri YUNESKO-nun mədəniyyət sərvətlərinin qaytarılması barədə Beynəlxalq Konvensiyalarının tələblərinə uyğun olaraq ölkəmizə qaytarılmalıdır.
Solmaz MƏHƏRRƏMOVA,
Laçın
Rayon Tarix-Diyarşünaslıq
Muzeyinin direktoru, əməkdar
mədəniyyət işçisi
Xalq qəzeti.- 2011.- 15 may.- S. 5.