Yanvar-aprel
aylarında ölkənin iqtisadi və sosial
inkişafının makroiqtisadi göstəriciləri
Dövlət Statistika Komitəsinin məlumatına
görə, 2011-ci ilin dörd ayı ərzində ölkənin
iqtisadi və sosial sahələrində baş vermiş dəyişiklikləri
əks etdirən makroiqtisadi göstəricilər məhsul
istehsalı və xidmət sahələrinin
inkişafını və eyni zamanda sosial məsələlərin
uğurla həll edildiyini göstərir.
Belə
ki, dörd ay ərzində 13,7 milyard manatlıq əlavə dəyər
istehsal edilmiş və 2010-cu ilin müvafiq dövrü ilə
müqayisədə 0,8 faiz artmışdır.
Ötən ilin yanvar-aprel ayları ilə müqayisədə məhsul istehsalı qeyri-neft sektorunda 6,2 faiz artmış, neft-qaz sektorunda isə 4 faiz azalmışdır. Əgər neft-qaz sektorunda məhsul istehsalı 100 faiz səviyyəsində olsa idi ümumi daxili məhsul istehsalı 3 faiz artmış olardı. Orta hesabla ölkənin hər bir sakininə düşən ümumi daxili məhsulun həcmi 1522,5 manata və ya 1916,3 ABŞ dollarına çatmışdır.
Fiziki şəxs kimi fəaliyyət göstərənlərin
istehsal etdikləri məhsulların dəyəri də nəzərə
alınmaqla dörd ay ərzində 9,8 milyard manatlıq, yaxud
keçən ilin müvafiq dövründə olduğundan 0,9
faiz az sənaye məhsulu istehsal edilmişdir. Sənaye məhsulunun
75,4 faizi mədənçıxarma bölməsində, 17,9
faizi emal bölməsində, 6,1 faizi elektrik enerjisi, qaz, buxar
istehsalı, bölüşdürülməsi və təchizatı
bölməsində, 0,6 faizi su təchizatı,
tullantıların təmizlənməsi və emalı
bölməsində istehsal olunmuşdur. Sənayenin qeyri-neft
sektorunda məhsul istehsalı 10.7 faiz artmış, neft-qaz
sektorunda isə 3,6 faiz azalmışdır. Neft-qaz sektorunda məhsul
istehsalı 100 faiz təşkil etsə idi o zaman sənaye məhsulları
istehsalı 2,2 faiz artmış olardı. Mədənçıxarma
bölməsində ötən ilin yanvar-aprel ayları ilə
müqayisədə məhsul istehsalı 2,9 faiz
azalmışdır. Dörd
ay ərzində 15,9 milyon ton neft, 8,4 milyard kub metr qaz hasil
olunmuşdur.
Emal
bölməsində məhsul istehsalı 5,3 faiz artmış,
bölməyə daxil olan məhsullardan qida məhsulları
istehsalı 8,4 faiz, içki istehsalı 8,3 faiz, tütün məmulatları
istehsalı 1,6 faiz, toxuculuq sənayesi məhsulları
istehsalı 10,5 faiz, geyim məhsulları istehsalı 14,5 faiz,
dəri və dəridən məmulatlar, ayaqqabı
istehsalı 34,6 faiz, ağac emalı və ağacdan məmulatlar
istehsalı 48 faiz, kağız və karton istehsalı 39 faiz,
kimya sənayesi məhsulları istehsalı 36,8 faiz, rezin və
plastmas məmulatları istehsalı 2,5 faiz, metallurgiya sənayesi
məhsulları istehsalı 81 faiz, elektrik avadanlıqları
istehsalı 2 dəfə, maşın və avadanlıqlar
istehsalı 11,9 faiz, avtomobil və qoşquların istehsalı
67 faiz, maşın və avadanlıqların
quraşdırılması və təmiri 52,5 faiz
artmışdır.
T.ƏLİYEV
Xalq qəzeti.- 2011.- 15 may.- S. 5.