Ucarlı
dünya çempionu
Rayona xoş xəbər gəlib. Şəhər 4 saylı orta məktəbin səkkizinci sinif şagirdi Xatun Bağırova Polşanın Krakov şəhərində keçirilən şahmatçı məktəblilərin şəxsi dünya birinciliyi yarışlarında yüksək nəticə göstərərək (5 qələbə, 4 heç-heçə) 9 mümkün xaldan 7 xal toplayaraq 15 yaşadək qızlar arasında dünya çempionu olub. Xəbər ildırım sürətilə bütün rayona yayılıb. İndi rayonda hara gedirsən hamı bu qələbədən danışır. Hamı kiçik şahzadənin uğuruna sevinir.
Rayon təhsil şöbəsinin müdiri Fuad İsrafilovla söhbət edirəm. "Sevincimizin həddi-hüdudu yoxdur, - deyir. - Bu xəbəri eşidən kimi bütün kollektivi yığdım. İnanın çox böyük uğurdur. Əslində bu qələbəni biz gözləyirdik. Çünki Xatun keçən il Avropa çempionu olanda bilirdik ki, bu qızın böyük gələcəyi var. Xatun Bağırovanın bu uğurlu qələbəsinə görə onun oxuduğu 4 saylı orta məktəbin direktoru Elmira Sultanova çıxış edərək Azərbaycan bayrağını zirvəyə qaldıran Xatunun məhz onların yetirmələri olması ilə fəxr etdiyini bildirdi". Bu günlərdə dünya çempionu Xatun Bağırova rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov tərəfindən qəbul olundu. İcra hakimiyyətinin başçısı bildirdi ki, son illər Azərbaycanda idmana qayğı diqqət mərkəzindədir. Təsadüfi deyildir ki, ölkə Prezidenti İlham Əliyev bu sahəyə xüsusi önəm verir. Rayonlarda olimpiya kompleksləri, şahmat məktəbləri, idman meydançaları tikilir. Sevindirici haldır ki, biz bunun nəticələrini görürük. Həmyerlimiz Xatun Bağırova nəinki doğulduğu Ucarın, bütöv Azərbaycanın adını yüksəklərə qaldırıb. Bu yaxınlarda rayonumuzda istifadəyə veriləcək şahmat məktəbində hər cür şərait yaradılıb. Mənə belə gəlir ki, gələcəkdə Xatunun ardıcılları çox olacaq.
Görüşdə çıxış edən şahmat məktəbinin direktoru Rahib Hüseynov, Xatun Bağırovanın məşqçisi Nəsir Nuriyev, rayon təhsil şöbəsinin müdiri Fuad İsrafilov göstərdikləri diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Görüşun sonunda dünya çempionuna pul mükafatı və xatirə hədiyyəsi təqdim edildi.
İ.MUSAOĞLU
Xalq qəzeti.- 2011.- 15 may.- S. 7.