Sevgilərdən hörülmüş söz çələngi

 

Yeni kitablar

 

Gənc şair-publisist Ramin Sərdaroğlu Əhmədovun son illərdəki fəal yaradıcılıq axtarışları "Murovun xatirəsi" "Qayıt" kitablarında toplanıb. Azərbaycan Yazıçılar Birliyində keçirilən mərasimdə hər iki toplu söz sərraflarının xeyir-duası ilə oxuculara təqdim olundu.

Məclisi giriş sözü ilə açan Yazıçılar Birliyinin əməkdaşı şair Dayandur Sezgin ədəbi yaradıcılıqda inamlı addımlar atan, bədii sözə qəlbən bağlı olan Ramin Sərdaroğlunun hər iki kitabını söz xiridarları qarşısında ilk ciddi hesabat kimi dəyərləndirdi. O bildirdi ki, Şərur rayonunun Bərməziyar kəndində dünyaya göz açmış Raminin ilk poetik düşüncələri xalqımızın milli azadlıq hərəkatı və dövlət müstəqilliyi qazanması dövrünə təsadüf edir. Sevgi gözəllikdən qaynaqlanan kövrək bir şeiriyyət ətrafda baş verən ağrılı, mürəkkəb hadisələrin təsiri ilə getdikcə ictimai məna, məfkürəvi mahiyyətlə dolğunlaşmışdır.

Ramin Sərdaroğlu iqtisadçı ixtisasına yiyələnsə də poeziyadan uzaq düşməmiş, redaktoru olduğu "Yeni liqa" qəzetindəki yaradıcı mühit onu ədəbiyyat aləminə daha möhkəm bağlamışdır. Gənc şair poeziyanın əzəli-əbədi mövzularında öz "lirik mən"ini inamla ifadə edir. Milli-mənəvi dəyərlərimiz də onun qələmində bütün doğmalığı ilə orijinal düşüncələrə çevrilir, çağdaş tələbatın süzgəcindən keçir.

Respublika Ağsaqqallar Şurasının sədri, təbiətşünas akademik, milli poeziyamızın vurğunu Budaq Budaqov gənc şairin yeni kitablarının bədii-estetik məziyyətlərindən geniş söz açdı. Görkəmli alim bildirdi ki, o, həmişə təbiətin gözəlliyində şeiriyyət, poeziyada saflıq təbiilik axtarmış, bu qoşa tələbin kəsişməsində misilsiz bir ülviyyətə, qüdsiyyətə qovuşmuşdur. Azərbaycanın ünlü şairləri ilə onun yaxınlığı, dostluğu, "Təbiət və poeziya" kitabı da bu məcrada yaranmışdır. Akademik daha sonra qeyd etdi ki, poeziyamıza yeni istedadların gəlişini də diqqətlə izləyir, mövzu üslub yeniliyi ilə seçilən gənclərin qələm təcrübələrini xüsusi maraqla oxuyur. Onun Ramin Sərdaroğlunun poetik aləmi ilə yaxın tanışlığı da belə bir tələbat və diqqətin nəticəsidir. Gənc yazarın "Yadigar üzük", "Murovun xatirəsi" kitablarını oxuduqdan sonra poeziyamızın qocaman dostu Raminin yeni şeirlərini nəzərdən keçirmiş duyğu-düşüncələrini "Qayıt" kitabına yazdığı "Ön söz" ifadə etmişdir.

Sevginin gücü ilə, şairə görə, ölüm mənasını dəyişir:

 

Kaş ki, sən yanımda olaydın bu an,

İsti nəfəsində donub qalardım.

Əgər qucağında ölsəydim, inan,

Dünyada ən xoşbəxt ölü olardım.

 

Raminin başqa şeirlərindən məna duyğu yüklü misralara istinad edən alim uğurlarına görə onu təbrik etdi, xoş arzularını söylədi.

Mərasimdə çıxış edən qocaman jurnalist Ələsgər Cabbarov da Ramin Sərdaroğlunun sevgi dünyasının sayrışan misralarından seçmələr səsləndirdi.

O bildirdi ki, "Talan olmuşam", "Sevgi nədir?", "Niyə?", "Məhəbbət nağılı", "Ayrılıq", "Tənha qadın", "Sənə vermişəm", "Heyf", "Bağışla", "Ümidim" kimi şeirlərdə sevgi fəlsəfəsinin pozulmaz düsturları qaynar bir ürəyin hərarəti ilə bir daha mənalandırılır, sədaqət andı ilə möhürlənir.

Hər iki kitabın redaktoru, yazıçı-jurnalist Şərafət Şəfa mərhum şair Ramiz Heydərin "Murovun xatirələri" kitabına yazmış olduğu aşağıdakı ön sözləri yada saldı: "Ramin Əhmədov ixtisasca ədəbiyyatçı olmasa da onun mənəvi dünyası çox-çox zəngindir. Quru, cılız mövzulardan yan qaçmağa çalışan ədibin yazılarında, şeirlərində bir dünyəvilik, bəşəri ağrılar kövrək sızıltı var:

 

Raminin köksünə bax,

Dəli könlüm yamaq-yamaq.

Tufanımdan verin soraq -

Vətənim ağladır məni.

 

Yaxşı dost, yaxşı insan yaxşı ailə başçısı olan gənc yazarımız, demək, yaxşı da vətəndaşdır".

Məclisdə çıxış edən digər natiqlər yeni kitablarla ilkin tanışlığın təəssüratını bölüşdülər, Ramin Sərdaroğluya yeni yaradıcılıq uğurları, bol sənət sevinci arzuladılar.

 

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2011.- 15 may.- S. 7.