Yeni Dövlət Proqramı Bakı şəhəri və ətraf qəsəbələrin davamlı inkişafına etibarlı təminat yaradır

 

Son illər regionların, eləcə də Bakı şəhərinin və ətraf qəsəbələrin inkişafı, abadlaşdırılması, müasirləşdirilməsi istiqamətində geniş miqyaslı tədbirlər həyata keçirilir. Ölkə Prezidenti İlham Əliyev paytaxtın milli üslubda inkişaf etməsi, gözəlliyi, müasirliyi ilə göz oxşaması, infrastrukturunun yeniləşdirilməsi üçün ardıcıl işlər görür. Paytaxtın mərkəzi küçələrində, eləcə də ətraf qəsəbələrdə sakinlərlə görüşən dövlət başçısı onların problemlərini, qayğılarını öyrənir, təmir-tikinti və quruculuq işlərinin müasir memarlıq üslubuna uyğun, özü də zövqlə aparılması ilə bağlı müvafiq göstəriş və tapşırıqlarını verir.

 

Prezident İlham Əliyev Bakının dünyanın ən gözəl paytaxt şəhərlərindən birinə çevrilməsi, ətraf qəsəbələrin inkişafı, müasirləşməsi ilə bağlı bir sıra mühüm qərarlar qəbul etmişdir. Möhtərəm Prezidentimizin 2006-cı ilin fevralın 28-də imzaladığı "Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı"nın təsdiq edilməsi haqqında" sərəncamı paytaxtın və ətraf qəsəbələrin inkişafına ciddi təkan vermiş, yerli xarakterli bir sıra problemlərin həllində əhəmiyyətli rol oynamışdır. Eyni zamanda, ötən illərdə dövlət başçısının paytaxtda ekoloji vəziyyətin yaxşılaşdırılması - Xəzər dənizinin çirklənmədən qorunması, mənzil-kommunal təsərrüfatının, habelə istilik-qazanxana sisteminin təkmilləşdirilməsi məqsədilə imzaladığı sərəncamlar da Bakını müasir və təmiz şəhərə çevirmək, paytaxt sakinlərinin yaşayış səviyyəsini yüksəltmək, bir sözlə, şəhərin sosial qayğılarını aradan qaldırmaq məqsədindən irəli gəlmişdir.

Bakı şəhəri qəsəbələrinin sosial-iqtisadi mənzərəsinin, sakinlərin maddi-rifah halının yaxşılaşdırılmasına, əhalini narahat edən problemlərin aradan qaldırılmasına xidmət edən birinci Dövlət Proqramının müsbət nəticələri artıq hamıya məlumdur. Belə ki, ötən illərdə Bakının, Bakıətrafı qəsəbə və kəndlərin sosial-iqtisadi və mədəni siması xeyli dəyişmiş, qaza, suya, elektrik enerjisinə olan tələbatın ödənilməsi, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin qurulması, ictimai nəqliyyatın fasiləsiz işləməsi, sosial təyinatlı obyektlərin - məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin tikintisi və bərpası, müasir avadanlıqla təchiz edilməsi ilə bağlı xeyli iş görmüşdür. Son illər ərzində Bakı qəsəbələrində 34 məktəb, 18 tibb müəssisəsi tikilmiş, bir çoxları əsaslı şəkildə təmir edilmişdir. Paytaxtı keyfiyyətli içməli su ilə təmin etmək üçün Oğuz-Qəbələ-Bakı su kəməri çəkilmişdir.

Prezident İlham Əliyev Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair cari ilin mart ayının 9-da keçirilən müşavirədə demişdir: "Bakının inkişafına çox böyük diqqət göstərilir. Bakının müasir meqapolisə, böyük şəhərə çevrilməsi səylərimiz öz nəticəsini verməkdədir. Şəhərimizdə həm abadlıq-quruculuq işləri uğurla aparılır, həm də infrastruktur layihələri icra edilir. Bir daha demək istəyirəm ki, Bakı bu gün, sözün əsl mənasında, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir. Bu, mənim qəti fikrimdir".

Yeri gəlmişkən, dövlət başçısı İlham Əliyev paytaxtda müxtəlif obyektlərin, yolların, körpülərin təməlqoyma və açılış mərasimlərində də iştirak etmiş, eyni zamanda, qarşıya çıxan problemlərin ən qısa zamanda həlli üçün müvafiq göstərişlər vermişdir. Bütün bunların nəticəsidir ki, son bir neçə ildə şəhərimizdə 23 yol ötürücüsü, körpülər, tunellər istifadəyə verilmiş, yolların genişləndirilməsi layihələri icra olunmuş, 32 piyada keçidi tikilmişdir. Ölkə başçısının diqqət və qayğısı paytaxt və paytaxtətrafı qəsəbələrin dinamik inkişafına, uzun illərdən yığılıb qalan bir çox problemlərin həllinə əsaslı təkan vermişdir. Başqa sözlə desək, Azərbaycanın müxtəlif guşələrində müşahidə olunan abadlıq, tərəqqi və yüksəliş Bakının simasında daha qabarıq görünür. Bakı özünün tarixi ənənələri, milli mədəniyyət nümunələri, mühüm coğrafi özəllikləri ilə seçilməklə yanaşı, həm də işgüzar insanların məskunlaşdığı məkan kimi getdikcə daha çox məşhurlaşır.

Lakin etiraf edək ki, indiyə kimi həyata keçirilən tədbirlərlə yanaşı, görüləsi işlər də az deyil.Bu kimi məsələlərə dövlət başçımız çıxışlarında dəfələrlə toxunmuşdur. Eyni zamanda, Azərbaycan Prezidenti martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı tapşırıqlar vermişdir. Sonradan Prezidentimiz verilən tapşırıqların icrası ilə yerindəcə tanış olmaq üçün Bakının ayrı-ayrı rayonlarında, qəsəbələrində olmuş,görülən işləri nəzərdən keçirmişdir. Prezident İlham Əliyev sözügedən müşavirədə Bakıətrafı qəsəbələrin inkişafı məqsədilə xüsusi Dövlət Proqramının qəbul ediləcəyini diqqətə çatdırmışdı.Bundan az sonra dövlət başçısı Bakının Badamdar qəsəbəsində aparılan tikinti-quruculuq işləri ilə tanış olarkən demişdir: "Bütövlükdə ölkəmizdə böyük quruculuq işləri aparılır. Hər bir bölgəyə, hər bir rayona dair xüsusi proqramlar var. Belə olan halda, Bakı qəsəbələrinin inkişafı ilə bağlı, əlbəttə ki, daha da ciddi tədbirlər görülməlidir... Son illər ərzində müəyyən işlər görülübdür. Məktəb tikintisi, tibb məntəqələrinin tikintisi layihələri icra olunubdur. Ancaq növbəti illərdə daha da genişmiqyaslı işlər görülməlidir. Yəni insanların rahatlığı üçün, işləməsi üçün, yaxşı yaşaması üçün bütün işləri biz görürük. Bu, birinci addımdır. Bundan sonra daha da böyük işlər görüləcəkdir. Yenə də demək istəyirəm ki, qəbul olunacaq proqram bütün qəsəbələri əhatə edəcək və hər bir qəsəbə üçün ayrıca iş qrafiki tərtib olunacaqdır. Bu, böyük bir işdir. Çünki Bakının ətrafında 40-dan çox qəsəbə var. O qəsəbələrdə 800 mindən artıq əhali yaşayır. Necə deyərlər, - mən bir dəfə demişəm, - özlüyündə böyük bir şəhər boyda qəsəbələrdir. Əlbəttə ki, bu işləri görmək üçün böyük vəsait və vaxt tələb olunacaqdır. Ancaq mən istəyirəm ki, bütün bu işləri maksimum qısa müddət ərzində görək".

Cənab İlham Əliyevin qeyd etdiyi həmin proqram artıq işlək bir sənədə çevrilmişdir. Başqa sözlə, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" dövlət başçımızın 4 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmişdir. Həmin proqramda göstərilir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əzmlə davam etdirilməsi, qeyri-neft sahələrinin inkişafının sürətləndirilməsi, sahibkarlıq fəaliyyəti üçün daha münbit şəraitin yaradılması, vətəndaşların sosial müdafiəsi tədbirləri ölkənin sosial-iqtisadi siyasətində mühüm yer tutur. Bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərin, o cümlədən "Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı"nın uğurlu icrası nəticəsində Bakının bütün rayonlarında, o cümlədən ətraf qəsəbələrdə infrastruktur təminatı daha da yaxşılaşdırılmış, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişaf etdirilməsini təmin edən tədbirlər həyata keçirilməyə başlanmış, yeni məktəblər, əlavə sinif otaqları, xəstəxana, poliklinika, ambulatoriya binaları tikilmiş, mövcud binalar əsaslı təmir edilmiş, müasir tipli idman kompleksləri istifadəyə verilmişdir.

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda da elektrik enerjisi, qaz, su və kanalizasiya, istilik təchizatı sahəsində davamlı işlərin aparılması nəzərdə tutulmuşdur.Bundan başqa, yolların və digər infrastruktur obyektlərinin inşası, ekoloji vəziyyətin yaxşılaşdırılması, sosial-mədəni infrastruktur obyektlərinin beynəlxalq standartlara uyğun yenidən qurulması və inkişafı, yeni iş yerlərinin yaradılması, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması qarşıda mühüm vəzifələr kimi durur.

Növbəti üç il ərzində Bakı şəhərində və onun qəsəbələrində müxtəlif nəqliyyat növlərinin ardıcıl inkişafı, rabitə-informasiya və kommunikasiya infrastrukturunun genişləndirilməsi özəl sektorda ixracın stimullaşdırılması və təşviqi, rəqabət qabiliyyətli sənaye məhsullarının istehsalının dəstəklənməsi, ixrac mallarının çeşidinin artırılması, sahibkarlara məsləhət xidməti, informasiya təminatı sahəsində kömək göstərilməsi ilə bağlı da mühüm tədbirlər reallaşdırılacaqdır. Şəhərətrafı qəsəbələrdə suvarma və meliorasiya təminatının yaxşılaşdırılması, aqrar sektora xidmət edəcək yeni strukturlara dəstək verilməsi, yeni məktəblərin inşası, onların texniki və kadr təminatının yaxşılaşdırılması, tarix və mədəniyyət abidələrinin qorunması, istifadəsi və bərpası işlərinin təkmilləşdirilməsi yönündə də tədbirlər həyata keçiriləcəkdir.

Möhtərəm Prezidentimiz paytaxtın qədim memarlıq nümunələrinin qorunub saxlanması, onların təmir-bərpasına xüsusi qayğı və diqqətlə yanaşmaqla bərabər, şəhərimizin gözəlliyinə xələl gətirən köhnə, yöndəmsiz tikililərin sökülərək yerində yeni, ən müasir yaşayış komplekslərinin, park və xiyabanların inşa edilməsi ilə bağlı göstəriş və tövsiyələr verir. Yeri gəlmişkən paytaxt Bakımıza heç cür yaraşmayan, şəhərimizin ümumi görünüşünə xələl gətirən belə tikililərin sökülməsinə hələ sovet hakimiyyəti illərində başlanmışdır. Sadəcə, bu iş böyük maliyyə vəsaiti tələb etdiyindən proses indiyədək ləngimişdir. Buna baxmayaraq, son illər köhnə, yarıuçuq və yöndəmsiz tikililərin, "gecəqondu"ların xeyli hissəsi dövlət vəsaiti xərclənmədən sahibkarlar tərəfindən sökülmüş, onların yerində yeni, müasir binalar ucaldılmışdır. Bunun da nəticəsində bütöv məhəllələr abadlaşdırılmış, eyni zamanda, minlərlə ailə mənzil şəraitini yaxşılaşdırmaq imkanı qazanmış, çoxsaylı yeni iş yerləri açılmış, bütün kommunikasiya xətləri yeniləşdirilmişdir.

Prezident İlham Əliyev martın 9-da Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair keçirdiyi müşavirədə də bu vacib məqama toxunaraq demişdir: "Bakımızın inkişafı davam edir, şəhərimiz gözəlləşir, abadlaşır. Hazırda yeni böyük layihə icra edilməyə başlamışdır - "Ağşəhər" layihəsi. Bu layihənin də çox böyük rəmzi mənası vardır. Çünki tarixi "Qaraşəhər" adlandırılan ərazidə yeni inkişaf layihəsi təqdim edilibdir. Beynəlxalq sərgilərdə "Ağşəhər" layihəsi təqdim olunur. Böyük bir yaşayış mərkəzi olacaqdır. Kiçik bir şəhərə bərabər inkişaf layihəsi olacaqdır. Yəni, əslində Bakının içində ekoloji cəhətdən ən yararsız yerlərdə, neftlə, neft tullantıları ilə çirklənmiş torpaqlarda müasir, ekoloji təmiz, gözəl yeni bir tikinti layihəsi icra ediləcəkdir. Orada yaşayış, ofis binaları, ticarət mərkəzləri, istirahət parkları tikiləcək, dənizə çıxışı olacaq yeni bulvar salınacaqdır. Yəni, çox böyük vəsait tələb edən layihədir və bu layihəni biz həm dövlət tərəfindən maliyyələşdirəcəyik, həm də ki, əsas yükü özəl sektor üzərinə götürəcəkdir"... "Ağşəhər" layihəsinin icrası, mən hesab edirəm ki, şəhərimizin, ölkəmizin, yeni inkişaf strategiyamızın təzahürü kimi də dünya şəhərlər xəritəsində öz yerini tutacaqdır".

Bütün bunlar onu göstərir ki, sürətli inkişafın təmin olunduğu, sosial-iqtisadi problemlərin tədricən həllini tapdığı Azərbaycanda şəhər infrastrukturu ilə bağlı qayğıların da aradan qaldırılması diqqət mərkəzindədir. Prezident İlham Əliyevin zəngin idarəçilik təcrübəsi, işgüzar keyfiyyəti, ən əsası isə xalqa olan dərin məhəbbəti respublikanın hər bir guşəsinin, o cümlədən Bakıətrafı qəsəbələrin davamlı inkişafına, problemlərin həllinə etibarlı təminat yaradır.

Azərbaycanın gələcəyini sahibkarlığın, özəl bölmənin inkişafında görən ümummilli liderimiz Heydər Əliyevin iş adamlarına göstərdiyi diqqət və qayğı bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir. Təsadüfi deyil ki, ölkə sahibkarlarının himayədarı kimi çıxış edən dövlət başçısı bütün icra strukturlarından iş adamlarına kömək göstərməyi, onları incitməməyi tələb edir. Hesab edirəm ki, özəl sektorda fəaliyyət göstərən hər bir sahibkar da öz növbəsində bu diqqət və qayğıya əməli işi ilə cavab verməli, ölkəmizin çiçəklənməsi naminə daha böyük səylə çalışmalıdır.

Sonda onu da qeyd etməyi vacib sayıram ki, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın iqtisadi qüdrətinin daha da artırılmasına, əhalinin güzəranının yaxşılaşdırılmasına yönəldilmiş mühüm dövlət proqramlarının qəbul edilməsi ölkədə işgüzarlığın və təşəbbüskarlığın genişlənməsinə səbəb olmuşdur. Elə dövlət başçısının bir neçə gün əvvəl qəbul etdiyi "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" da hüquqi-təşkilati formasından asılı olmayaraq, bütün müəssisə və təşkilatlar üçün geniş iş imkanları yaradır. Azərbaycanın inşaat sektorunda uzun illərdir fəaliyyət göstərən özəl tikinti şirkəti kimi biz də ölkəmizin çiçəklənməsi, Bakının dünyanın ən abad və yaraşıqlı bir paytaxt şəhərinə çevrilməsi üçün əlimizdən gələni etməyə hazırıq.

 

 

İnqilab HƏZİYEV,

"100 il Qarant" MMC-nin təsisçisi

 

Xalq qəzeti.- 2011.- 17 may.- S. 6.