Gəncə dünən, bu gün və sabah

 

Gəncə Azərbaycanın, Azərbaycan xalqının qədim, zəngin tarixini əks etdirən diyardır, gözəl bir məkandır.

 

Heydər ƏLİYEV,

Ümummilli lider

 

Gəncəyə xüsusi diqqət, münasibət olmalıdır. Şəhər, necə deyərlər, öz qədimliyini, tarixi gözəlliyini saxlamaq şərti ilə müasirləşməlidir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Gəncə Azərbaycanın elə bir guşəsidir ki, orada baş verən proseslər təkcə gəncəliləri deyil, az qala ölkənin hər bir vətəndaşını maraqlandırır. Dahi Nizami, görün, öz Vətəni haqqında necə gözəl deyib:

 

Gəncə-Harut sehirli Babil deyil, bəs nədir?

Ürəyim - ulduzlara nur saçan bir Zöhrədir.

Zöhrə təki ucalıb Nizan bürcünə Gəncə,

Onu belə ucaldan ülvi sözümdür, məncə.

 

Ulu öndər Heydər Əliyev Gəncədə əhali ilə olan görüşlərinin birində demişdi: "Biz hamımız - harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı - Gəncə ilə, onun qədim və zəngin tarixi ilə fəxr edirik və Gəncənin tarixinə, Gəncənin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərə minnətdarlığımızı bildiririk".

Gəncənin tarixi haqqında bir yazıda geniş danışmaq mümkün deyil. Təkcə onu demək kifayətdir ki, Gəncə təxminən 900 il əvvəl, Azərbaycanda Eldəgizlər sülaləsinin hökmranlığı dövründə Yaxın Şərqin ən gözəl, möhtəşəm və əhalisi sıx olan şəhərlərindən biri və bəlkə də birincisi idi. Əgər 1141-ci ildə baş verən zəlzələ nəticəsində 300 min nəfərdən çox Gəncə sakini həlak olmuşdusa, şəhərin necə böyük, əzəmətli olmasının zənnimcə, sübuta ehtiyacı yoxdur.

Başı bəlalar çəkmiş Gəncə tarixin bütün sınaqlarından, keşməkeşlərindən üzüağ, mərdliklə çıxmış, öz adını, keçmişini, milli adət-ənənsini qoruyub saxlaya bilmişdir.

Şəhər 70-80-ci illərdə, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xeyli inkişaf etmiş, burada iki inzibati rayon yaradılmışdır. Gəncənin elə bir yeri yoxdur ki, orada ulu öndərin izi görünməsin.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yaxından diqqəti və köməyi sayəsində də Gəncə son illər öz simasını xeyli dəyişdirmişdir.

Bəs bu gün Gəncədə nələr baş verir? Qədim Nizami torpağında nə kimi yeniliklər var? Şəhərin yaxın gələcəyi necə görünür?

Suallara cavab almaq üçün gecədən xeyli keçənədək işıqları yanan şəhər icra hakimiyyətinin inzibati binasına, orada çalışanların iş otaqlarına getməyə, arayışlar istəməyə, faktlar, rəqəmlər toplamağa ehtiyac yoxdur. Hansı məhəlləyə, küçəyə, park və xiyabana, yaşayış binasının ətrafına getsən, ən azı bir səhifəlik fakt toplaya bilərsən və elə ilk yazının da adını belə qoyarsan:

 

Şəhər sanki qaynayır

 

Başqalarını deyə bilmərəm, amma mən son 30-35 il ərzində Gəncədə belə bir miqyasda təmir-tikinti, abadlıq-quruculuq, yenidənqurma işlərinin eyni vaxtda aparılmasının şahidi olmamışam. Aldığımız məlumatlara görə hazırda şəhərdə 300-dən çox obyektdə iş gedir. Bəli, 300-dən çox obyekt, 300-dən çox ünvan.

Maraqlı burasıdır ki, hər gün axşam saatlarında şəhər icra hakimiyyətinə toplaşan məsul şəxslər, əlaqədar təşkilatların rəhbərləri görülən işlər haqqında şəhər rəhbərinə məlumat verirlər. Düzü, bu qədər işin hamısına nəzarət etmək, konkret tapşırıqlar, tövsiyələr verməklə problemləri yerindəcə həll etmək, ertəsi günün vəzifələrini müəyyənləşdirmək mexanizminin necə həll olunmasına həm heyrət, həm də qibtə hissi ilə baxmamaq mümkün deyil.

İlk günlər şəhər rəhbərliyini, necə deyərlər, "topa tutan" cılız qüvvələr, üzdəniraq müxalifət qəzetləri indi bu işləri sadəcə seyr etməklə kifayətlənir, Gəncənin tezliklə necə bir şəhərə çevriləcəyini dillərinə gətirmək istəmirlər.

Şəhər sakinləri də abadlıq, təmizlik, yenidənqurma işlərində artıq yaxından iştirak etməyə başlayıblar. İndi əksər sakin başa düşüb ki, lüzumsuz, primitiv tikililərlə şəhəri eybəcər hala salmaq olmaz. Əgər kimsə öz mənzilinin sahəsindən bəzən iki dəfədən də çox balkon artırırsa və bunun kənardan necə göründüyünü, özü və başqaları üçün də təhlükəli olduğunu nəzərə almırsa, o zaman hansı inkişafdan, müasir şəhərsalmadan, abadlıq-quruculuq işlərindən söhbət gedə bilər?!

Eybəcər tikililərdən söhbət düşmüşkən bir neçə il qabaq şəhərin müxtəlif yerlərində iridiametrli qaz borularını ilk dəfə görəndə dəhşətə gəlmişdim. Bəzən yerin üstündə, bəzən hava ilə əyilib qatlanan boruları deyirəm. Düzü, elə bilirdim müvəqqəti haldır, tezliklə torpağın altına basdıracaqlar. Amma illər, aylar ötdü, bu baş vermədi. Sən demə, elə layihəyə də bu cür salınıb. Sanki kimsə, kimlərsə Gəncəyə qənim kəsilibmiş. İndi həmin borular kəsilir, doğranır, yerin altına salınır, səliqə-səhman yaradılır. Asan iş deyil. On min metrlərlə yer qazılır, bərkitmə, qaynaq işləri görülür, lazımı qurğular birləşdirilir, asfalt örtük yenidən salınır və sair.

Elektrik, su, kanalizasiya xətlərinin çəkilişində də əksər hallarda bu eybəcər metodlardan istifadə olunub. Bəzən şəhərin hətta mərkəzində belə bir qədər başını yuxarı qaldıranda sanki nəhəng hörümçək yuvasına baxırsan. Müxtəlif naqillər, dəmir çıxıntılar necə gəldi, hara gəldi bağlanıb. İndi bu işlər də qaydaya salınır.

Yaşayış binalarının, ticarət, ictimai iaşə obyektlərinin, təhsil, səhiyyə ocaqlarının fasadları, dam örtükləri təzələnir, gözəlləşdirilir. Şəhər sakinlərinin ən çox sevdiyi yerlərdən biri olan "Üç bulaq" kompleksi tamamilə yenidən qurulur. Bu dəfə daha müasir, yeni üslubda, orijinal və zövqlə. Ümumiyyətlə, yeri gəlmişkən qeyd edək ki, Gəncənin su və kanalizasiya sisteminin tamamilə kökündən dəyişdirilməsi üçün kompleks tədbirlər həyata keçirilməsinə başlanıb və ötən ay şəhər icra hakimiyyətində Nazirlər Kabineti, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti və Almaniya İnkişaf Bankının məsul işçilərinin iştirakı ilə layihənin geniş müzakirəsi keçirilmişdir. Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə həyata keçiriləcək layihə gəncəliləri çox sevindirib. Qeyd edək ki, hazırda şəhərdə əhalinin təxminən 65 faizi su ilə təmin olunur. Qalanları isə yaxşı vəziyyətdə deyil. Təmizləyici qurğular yararsız hala düşüb, suyun az qala yarısı itkiyə gedir və sair. İndi təzə layihəyə əsasən Gəncəyə üç istiqamətdən, yəni Göygöl, Qızılqaya və tikilməkdə olan Şəmkir dəryaçasından su veriləcəkdir.

Heydər Əliyev parkında, Şəhidlər Xiyabanında, Gəncəçayda, neçə-neçə digər yerlərdə yenidənqurma, təmir-tikinti işləri göürülür. Hazırda Şəhidlər Xiyabanında səkkizguşəli abidənin də tikintisi davam etdirilir. Abidənin üstü gümbəz şəklindədir. Şəhidlərin məzarları da yenidən qurulur. Xiyabanın yolları asfaltlanır, ətrafa qranit mərmər döşənir və sair.

1979-cu ilin mart ayının 3-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınan və hazırda onun adını daşıyan, 300 hektardan çox sahəsi olan park tamamilə başqa görkəmdə olacaqdır. Parkın girəcəyində möhtəşəm tağ (arka) qurulacaq və parkın özünədək 60 metr uzunluğunda ikitərəfli yol uzanacaq. Nəzərdə tutulub ki, bura müasir standartlar səviyyəsində qurulsun və dahi şəxsin mərkəzi yaradılsın. Heydər Əliyev Mərkəzinin binası üçmərtəbəli olacaq. Onun ümumi sahəsi 7 min 500 kvadratmetr təşkil edəcək.

"Yaradılacaq", "tikiləcək", "yenidən qurulacaq" və sair sözləri gələcək zaman kimi qəbul etməyin. Artıq bu işlərin hamısına başlanılıb və özü də o qədər sürətlə gedir ki, hər gün bir yeniliyin, irəliləyişin şahidi olursan. Şəhərin altı girişinin hər birində irimiqyaslı təmir-tikinti, abadlıq, yaşıllaşdırma, yenidənqurma işləri aparılır. Onlardan biri də Gəncənin Bakı istiqamətindən giriş qapısıdır.

 

"Nizaminin qiyməti dünyada heç nə ilə ölçülə bilməz"

 

Bu sözləri şəhər icra hakimiyyətinin başçısı Gəncədə yenicə fəaliyyətə başladığı günün ertəsi mətbuat işçiləri ilə görüşdə demişdi. Söhbət Nizami Gəncəvidən, onun şəhərin girəcəyindəki məqbərəsindən düşmüşdü. Kimsə dedi ki, magistral yolun üstündə yerləşdiyindən məqbərə maşınların gediş-gəlişindən titrəyir və nəticədə çatlar əmələ gəlib. Elmar Vəliyev diqqətlə qulaq asdıqdan sonra "həlli mümkün olmayan iş yoxdur", dedi, sonra da "elə materiallar var ki, yüz illər də keçsə o nə aşılanır, nə də çat verir. Doğrudur, bir qədər bahadır, lakin deyin, bizim Nizamidən bahalı, qiymətli nəyimiz ola bilər ki...Nizaminin qiyməti dünyada heç nə ilə ölçülə bilməz" - deyə əlavə etdi.

On gün sonra yenidən Bakıdan Gəncəyə qayıdarkən Nizami məqbərəsinin ətrafında gördüklərim məndə bir daha əminlik yaratdı ki, xalqın keçmişinə, tarixi irsinə, böyük şəxsiyyətlərinə hörməti olan, sözlə əməli vəhdət təşkil edən hər bir kəs - istər rəhbər işçi olsun, istərsə də adi vətəndaş, dəxli yoxdur, mütləq seviləcək, hörmət-izzətlə, inamla yanaşılacaq.

Məqbərənin dörd yanı işçi qüvvəsi, texnika ilə əhatə olunmuşdu. Məqbərə önündəki körpüdə, istinad divarlarında, ətrafda elə qızğın iş gedirdi ki, kənardan baxanda adam istər-istəməz qürur hissi keçirir, hansısa bir işin qulpundan yapışmaq istəyirsən. Elə sonradan icra hakimiyyəti başçısının təşəbbüsü ilə burada keçirilən iməciliklərdə on minlərlə gəncəlinin həvəslə iştirak etməsi, yaşıllıqlar salması bir daha göstərdi ki, Nizami doğrudan da elə bir sərvətdir, elə bir dühadır, onu heç nə ilə əvəz etmək olmaz.

İndi bu yerlər tamamilə dəyişib. Şəhərə daxil olan hər bir kəs yolboyu dahi şairin həyat və yaradıcılığı, qəhrəmanları, müdrik sözləri ilə tanış ola biləcək. Ona görə "biləcək" sözünü işlədirik ki, işlər hələ tam başa çatdırılmayıb. Şəhərin yeni baş planına (bu barədə bir qədər aşağıda söhbət açacağıq - H.Q.) əsasən giriş qapısı və qala divarları xeyli qabağa çəkiləcək. Nizami məqbərəsindən şəhərin Göy-göl rayonunun çıxışınadək olan yola Nizami prospekti verilməsi qərara alınıb. Bundan başqa, Nizami Gəncəvinin adını daşıyan mərkəz yaradılacaq və burada 100 nəfərə yaxın işçinin çalışacağı gözlənilir.

Nizami irsinin qorunub saxlanması və inkişaf etdirilməsi ilə bağlı o qədər maraqlı işlər var ki, onların hamısı haqqında bir yazıda məlumat vermək mümkün deyil.

 

İki dəfə böyüyən şəhər

 

Lap bu yaxınlaradək Gəncənin ərazisi 9980 hektar idi. İndi isə 17 min hektara çatdırılır və başqa sözlə, şəhər təxminən iki dəfə böyüyür. Təbii ki, gəncəlilər bu xəbəri hədsiz sevinclə qarşılayıblar. Zarafat deyil, görün qədim şəhərdə bundan sonra nə qədər yeni-yeni binalar tikiləcək, yollar, parklar salınacaq, yaşıllıqlar artırılacaq və sair. Əslində beynəlxalq standartlara görə şəhərlərdə əhalinin sıxlığının normal olması üçün adambaşına 18 kvadratmetr mənzil sahəsi düşməli olduğu halda, Gəncədə bu göstərici 13,9 kvadratmetrdir. İndi 2015-ci ilədək bu rəqəmin 15,5 kvadratmetrə çatdırılması nəzərdə tutulur ki, buna görə 1 milyon 990 min kvadratmetr yaşayış binaları tikilməli, 2015-2030-cu illər arasında isə daha 2 milyon 572 min kvadratmetr mənzil sahəsi istifadəyə verilməlidir.

Gəncənin yeni Baş planına əsasən küçələrin genişləndirilməsi, ekoloji tədbirlərin həyata keçirilməsi, yaşıllıqların, istirahət guşələrinin artırılması nəzərdə tutulur. Hazırda şəhərdəki 145 hektar yaşıllıq sahəsi on dəfədən də çox artırılaraq 2251 hektara çatdırılmalıdır.

Baş plana görə şəhərin 2030-cu ilədək inkişaf strategiyası və infrastrukturu, şəhərin iri meqapolisə çevrilməsi üçün şərait yaradılmalıdır və artıq indi bütün qüvvələr bu istiqamətə yönəldilmişdir. Ərazisi genişləndirilən şəhərdə yeni zonalar yaradılacaq, o cümlədən Milli Qoruq zonası Gəncənin tarixini qoruyub saxlamağa, milli-memarlıq abidələrinin gələcək nəsillərə çatdırılmasına, təbliğinə geniş imkanlar açacaq.

Şəhər rəhbərliyi belə bir vacib məsələ qaldırıb ki, 217 qədim binası, 300-dən çox tarixi abidəsi olan Gəncədə nə üçün turizm lazımınca inkişaf etdirilməsin. Şəhərin özündə gəzməli, görməli, baxmalı yerlər olduğu halda onun imkanlarından hərtərəfli istifadə olunmur. Burada daha iki müasir otelin tikintisi, Gəncə çayı ərazisində xüsusi parkın salınması, çayın 1 kilometr uzunluğunadək olan ərazisində bənd çəkilməklə istirahət zonası yaradılması nəzərdə tutulur. Bu işlərin həyata keçirilməsi üçün ölkə Prezidentinin Gəncəyə 5 milyon manat ayırmasını şəhər sakinləri hədsiz razılıq hissi ilə qarşılayıblar və indi həmin işləri böyük maraqla, həvəslə izləyir, inanırlar ki, Gəncə tezliklə dünya turistləri üçün ən sevimli, arzu olunan bölgəyə çevriləcəkdir.

Daha bir tarixi abidə - gəncəlilərin və bütün şərq aləminin müqəddəs yeri sayılan "İmamzadə" kompleksində aparılan abadlıq, yenidənqurma işləri diqqəti cəlb edir. Ölkə Prezidenti İlham Əliyevin tarixi-dini kompleksin təmiri və bərpası ilə əlaqədar imzaladığı sərəncama uyğun olaraq təmir-bərpa işlərinə xüsusi nəzarət olunur. İndi burada görülən işlər daha da sürətləndirilmiş, şəhər ilə "İmamzadə" arasındakı 5 kilometrdən çox yolun abadlaşdırılması və asfaltlaşdırılması üçün hazırlıq görülür. Şəhər icra hakimiyyətinin təşəbbüsü ilə "İmamzadə" ziyarətgahının ətrafında inşa edilmiş, sonralar təbii aşınmalar nəticəsində məhv olmuş tarixi tikililərin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması istiqamətində də işlər aparılır.

Gəncənin baş meydanı da tezliklə öz görkəmini dəyişəcək. Hazırda inzibati binanın istər daxilində, istərsə də ətrafında geniş abadlıq, təmir-tikinti, yenidənqurma işləri aparılır. 60-cı illərin əvvəllərində istifadəyə verilmiş əzəmətli, özünəməxsus memarlıq üslubu ilə seçilən binanın sağ və sol tərəfindəki beşmərtəbəli yaşayış binalarının fasad hissələri yenidən qurulur, milli elementlərdən istifadə edilməklə inzibati bina ilə uyğunlaşdırılır və tezliklə meydana xüsusi gözəllik gətirəcəkdir.

Ümumiyyətlə, yaxın vaxtlarda şəhərdə inzibati binaların sayının artırılması gözlənilir. Şəhər təhsil, mədəniyyət və bir sıra digər dövlət müəssisələri üçün yeni inzibati binaların inşası nəzərdə tutulur. Gənclər sarayı, şəhər stadionu, olimpiya kompleksi və digər tikililərə necə deyərlər, "ikinci həyat" veriləcək, onlar böyüdüləcək, yenidən qurulacaq, müasir şəklə salınacaqdır.

Şəhər icra hakimiyyəti yanında 34 nəfər üzvü olan şəhərsalma və Memarlıq Şurasının yaradılması yuxarıda sadaladığımız və hamısının adlarını çəkə bilmədiyimiz işlərin həyata keçirilməsində mühüm rol oynayacaq. Şuranın 11 nəfərdən ibarət idarə heyəti təsdiqlənib. İcra hakimiyyəti başçısının sədr olduğu şura şəhərdə tikilən hər bir işin qanunauyğun şəkildə aparılması, onun memarlıq üslubuna xələl gətirilmədən həyata keçirilməsi üçün əlindən gələni əsirgəməyəcəkdir.

Bu yaxınlarda başqa bir xəbər - Gəncə filarmoniyası üçün 26 milyon manatlıq yeni filarmoniyanın tikintisinə başlanılacağı xəbəri şəhər sakinlərini hədsiz sevindirib.

 

"Yaxşı, xeyirxah işə sevinməyi bacarmaq lazımdır"

 

Üç aydır ki, ölkə Prezidentinin sərəncamı ilə Gəncəyə bundan əvvəl Yevlaxda icra hakimiyyətinin başçısı işləmiş Elmar Vəliyev rəhbərlik edir. Əslində bu təyinat gözlənilməz deyildi və adamların əksəriyyətini sevindirdi. Sevinməyə də əsas vardı. Çünki Yevlaxla Gəncəni cəmi 65-70 kilometr məsafə ayırır və burada gedən işlərdən gəncəlilərin əksəriyyətinin xəbəri vardı. Bölgə müxbiri kimi mən də hər dəfə Gəncəyə gedəndə və qayıdanda Yevlaxda baş verən dəyişikliklərin, inkişafın bir növ canlı iştirakçısına çevrilirdim.

Tələbə yoldaşım - Əminə Yusifqızının rəhbərlik etdiyi "Kür" qəzetinin internet saytına da ara-sıra daxil olub rayonda baş verən yeniliklərdən, inkişafdan, tərəqqidən xəbər tuturdum. Diqqətimi çəkən ən mühüm məqam isə həyata keçirilən işlərin qloballığı, keyfiyyəti, məzmunlu və möhtəşəm olması, başlıcası isə ardıcıllığı idi.

Gəncədə fəaliyyətə başladığı andan yalnız abadlıq, quruculuq, yenidənqurma işlərinə start verən, adamların sosial problemlərinin həllini ön plana çəkən E.Vəliyev bir sıra müxalifət mətbuatı tərəfindən böhtan, şantaj atəşinə tutulsa da mövqeyindən geri çəkilməyəcəyini, özünün dediyi kimi, ölkə Prezidentinin etimadını doğruldacağını bildirməklə hər cür söz-söhbətə qısa vaxt ərzində son qoydu. Adamlar artıq hiss edirlər ki, Gəncə tezliklə çox möhtəşəm, cazibədar, qədimliklə müasirliyi özündə birləşdirən bir şəhərə çevriləcəkdir.

"Cənab Prezidentin tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncə Şəhər İcra Hakimiyyəti sahibkarlığın, özəl bölmənin inkişafına qayğı və diqqətlə yanaşır. Buna baxmayaraq, sahibkarlığın formalaşması və inkişafında qeyri-sağlam meyllər də nəzərə çarpır. Yüngül qazanc əldə etmək məqsədi ilə xidmət sahələrinə daxil olmuş şəxslərin bəd əməlləri nəticəsində bir sıra hallarda şəhərsalma, vergi, sanitar, ticarət, ictimai-iaşə, texnoloji və yanğın təhlükəsizliyi qayda və normaları kobud şəkildə pozulur. Bu da öz növbəsində əhali arasında narazılığa səbəb olur. Şəhər icra hakimiyyəti belə halları yolverilməz hesab edir. Hər kəs bilməlidir ki, öz işini, ilk növbədə, qanun çərçivəsində qurmalıdır. Şəhərin görkəminə, təmizliyinə, abadlığına, ən əsası isə insanların sağlamlığına ziyan vurulmamalıdır".

Bu fikirlər şəhər icra hakimiyyətinin ötən ay keçirilən hesabat yığıncağındakı məruzədən götürülmüşdür. İndi işlər tədricən yoluna qoyulur, qayda-qanuna dəvət edilənlər özləri də görürlər ki, şəhəri eybəcər tikililərdən, lüzumsuz artırmalardan təmizləmək hamının borcudur və Gəncəni sevmək azdır, onu əməli işlə sübut etmək lazımdır.

- Yaxşı, xeyirxah işə sevinməyi bacarmaq lazımdır...

Bu sözləri isə iri çinarın altındakı skamyada əyləşən, ətrafda baş verənləri sakitcə seyr edən 80-85 yaşlarında bir ahıl dedi.

Zənnimcə, şərhə ehtiyac yoxdur.

 

 

Hamlet QASIMOV

 

Xalq qəzeti.- 2011.- 17 may.- S. 5.