Azərbaycan "Eurovision"
telemusiqi yarışmasının qalibi oldu
Xalqımız öz dostları ilə
birlikdə möhtəşəm bir qələbə sevinci
yaşadı
Arzu
olunduğu və gözlənildiyi kimi, "Eurovision"
telemusiqi yarışmasının final mərhələsinə
çıxmış Azərbaycan təmsilçiləri Eldar
Qasımov və Nigar Camal ölkəmizə birincilik
qazandırdılar. Xalqımız nə qədər ürəkdən
arzulasa da, ekspertlərin söylədikləri rəylər nə
qədər yüksək olsa da bu, inanılmaz, Tanrı
töhfəsi kimi bir qələbə oldu. İstəklərimiz,
diləklərimiz Eldar və Nigar duetinin məftunedici
çıxışı, təşkilatçıların qətiyyəti,
Yerdə haqsevər insanların dəstəyi, Göydə Ulu
Yaradanın razılığı ilə gerçəkləşdi.
Sayca
56-cı, 43 ölkənin qatıldığı, dünya
teleməkanında canlı izlənilən, ən populyar beynəlxalq
musiqi müsabiqəsində yarışmaya cəmi
dördüncü dəfə qoşulan Azərbaycanın bu qələbəsi
nə qədər inanılmazdırsa, bir o qədər də
təbiidir, mütləqdir. Ölkəmiz bu müsabiqəyə
birinci iştirakdan böyük inamla, əzmlə, məsuliyyətlə
girişdi. Birinci il onluğa düşməklə qələbəyə
inamı çoxaldı. İkinci il üçüncü
yeri qazanmaqla əzmini artırdı. Üçüncü il
dördüncü yer daha böyük məsuliyyət
yaratdı. Nəhayət, bu inam, əzm və məsuliyyət
yeni bir qəlibdə birləşib Azərbaycanı
yarışmanın zirvəsinə yüksəltdi.
İştirakçıların
"yaxşıların yaxşılarının
yaxşıları" meyarı ilə seçilməsi,
yarışmaya ən yüksək hazırlıq, təşkilatçı
qurumların daxildə və kənarda apardığı dəqiq,
ardıcıl iş "Eldar və Nigar"
cütlüyünün Düsseldorf müsabiqəsində qələbəsini
təmin etdi. Bununla dövlət müstəqilliyinin 20-ci ilində
gənc Azərbaycan Respublikası 56-cı "Eurovision"
yarışmasına ev sahibliyi etmək hüququ qazandı.
Mayın 14-ü qədim, zəngin Azərbaycan mədəniyyətinin
yeni tarixinə parlaq, şərəfli gün kimi
yazıldı.
Tarixi
haqlarına bütün sahələrdə - dərinliyi və
genişliyi ilə sahib çıxan, uğurları ilə
dünya dövlətləri və xalqları sırasında
layiqli yerini tutan Azərbaycan bu qələbəsi ilə
yüksək mədəni dəyərlər ölkəsi
olduğunu təsdiqlədi. Ayağı misilsiz saz sənətinə
dayanan, qəlbi muğam hikmətləri ilə döyünən
Odlar Yurdunun başı Avropa musiqisinin zirvəsinə
çatdı. Saz və muğam sənətini bəşəri
musiqi kimi dünya mədəni irsinə ərməğan edən
xalqımız Avropanın musiqi aləmini onun öz dəyərləri
ilə fəth etdi. Bu, Azərbaycanın mədəni qatın
dərinliyi, çoxqatlığı, zənginliyi üzərində
ucalan bir məmləkət olduğunu bir daha dünyaya
göstərdi.
Belə
bir qələbəyə, özünütəsdiqə,
dostları sevindirməyə, düşmənləri
düşündürməyə Azərbaycan çoxdan
möhtac idi. Faciələr, fəlakətlər silsiləsindən
sıyrılıb çıxan, dirçələn, dikəlib
yüksəlişə səmtlənən bir ölkə belə
bir uğurun qazanılmasına artıq məhkum idi.
Xalqımız dünyada boy verən, dəyərləndirilən
belə bir qələbənin sevincinə təşnə idi.
"Eurovision" mübarizəsi Azərbaycanın nəyə
qadir olduğunu dünyaya göstərib, qəbul etdirmək,
qalib gəlmək yürüşü kimi uğurla nəticələndi
və böyük qələbəmizin
mümkünlüyünə,
qarşısıalınmazlığına ümumxalq
inamını qüvvətləndirdi.
Bu sənət
triumfu 9 milyonluq Azərbaycan Respublikasının adını
ulduz yüksəkliyinə çatdırdı. Bu qələbənin
sevinci 9 milyonu misilsiz bir mərhəmliklə ən yüksək
duyğuların ağuşuna aldı. Eyni məmnunluq,
coşğunluq, mənəvi yüksəklik
uşaqlı-böyüklü, iqtidarlı-müxalifətli,
sevincli-hüznlü, zövqlü- zövqsüz hər kəsi
duyğulandırdı, hamını həmrəyləşdirdi.
Azərbaycanlı olmağımızdan könül dolusu
öyünc duyduq. Qəlbimizdə illərdən bəri qurum
bağlamış ağrı-acıların hisi-pası bir
anda qopub töküldü. Ruhumuz sevinc qanadlarında qələbənin
ulduz yüksəkliyinə qanad açdı. Qarabağ
müharibəsində qəlbi yaralanmış şəhid
analarının da eyni açıldı, qələbə
sorağından qəddi dikəldi.
Bu qələbə
qonşu dövlətlərdə, yaxın-uzaqlarda yaşayan
50 milyonluq azərbaycanlıları, 80 milyonluq qardaş
Türkiyəni, 300 milyonluq türk dünyasını türk
balalarının xalqlar yarışmasında ən yüksək
pilləyə qalxmasından doğan bir məmnunluqla sevindirdi,
hamıya bir türklük iftixarı gətirdi. Bu
yarışmada xalqımızın dostları və
düşmənləri, havadarları və bədxahları
da açıq-aydın göründü. Eldarla Nigarın ifa
etdiyi "Ürküb-qaçan" adlı duet müsabiqənin
ən cazibəli, təsirli ifası kimi qabaqcadan etiraf olunsa
da, finalda şahanə məharətlə təqdim olunsa da, həqiqi
qiymətin qeydə alınması bundan da artıq diqqət, ədalət
tələb edirdi.
Azərbaycan
nümayəndə heyəti və onun arxasında
dayanmış rəsmi və ictimai qurumlarımız xaricdə
nəvazişlə "El and Nikki" adlandırılan
cütlüyə layiq olduğu qiyməti qazandırdı. Azərbaycanın
hesabına yazılan 221 balın 36-nı 12 ballarla - Türkiyə,
Rusiya və Malta; 50-ni 10 ballarla Ukrayna, Rumıniya, Moldova,
Xorvatiya və San-Marino; 72-ni 8 ballarla - Gürcüstan, Albaniya,
Polşa, Avstriya, Portuqaliya, İslandiya, Kipr, Estoniya və Litva
verdi. Beləliklə, 18 dövlətin 158 balı ümumi
hesabın 72 faizini təşkil etdi.
Slovakiyanın
və Macarıstanın 7 balları, Fransanın, Belarusun və
Hollandiyanın 6 balları, Finlandiyanın və
Yunanıstanın 6 balları rəqəmi 200-ə
çatdırdı. İsrailin verdiyi 4, İsveçin və
Belçikanın 3, Latviyanın 2 balları olmasaydı belə
Azərbaycan 185 bal toplayan İsveçi və 189 bal
yığan İtaliyanı geridə qoyaraq qalib gələcəkdi.
Bu rəqəmlərin heç biri təsadüfi deyil, ya Azərbaycana,
ya da sənətə verilən qiymətləri ifadə edir.
"Eurovision"
təcrübəsi və sənət potensialı daha
güclü olan qardaş Türkiyənin finala çıxa
bilməməsi Azərbaycan komandasının üzərində
ikiqat yük qoymuşdu. Bu həm də Azərbaycana Türkiyəyə
verməli olacağı yüksək balla əlavə manevr
imkanı qazandırdı. Türkiyə 12 balı qardaş Azərbaycana
ürəkgenişliyi ilə bağışladı. Bu həm
sənətə, həm də qardaşlığa sədaqət,
sevgi nümunəsi oldu. Qələbə prizini əllərində
yüksəldən Eldarla Nigarın səhnəyə Azərbaycan
və Türkiyə bayraqları ilə çıxması bu
sevginin duyğulu əvəzi, türklüyə ehtiram kimi
diqqətdən yayınmadı.
Rusiyanın
12 balında yaxın keçmişin ortaq dəyərlərinin
təsiri vardısa, uzaq və kiçik
Rumıniyanın,
Xorvatiyanın və San-Marinonun 10, Avstriyanın,
İslandiyanın, Polşanın, Portuqaliyanın,
Bosniya-Hersoqovinanın, Albaniyanın və Kiprin 8, Macarıstan
və Sloveniyanın 7 balları da qədirbilənliklə
qarşılandı. Almaniya, İspaniya, İngiltərə,
İtaliya kimi nəhənglərin Azərbaycana, sənətə
biganəliyi, "bazarlığa" önəm verməsi ilə
müqayisədə Fransanın 6 balı bu ölkənin həm
də yüksək musiqiyə hörmətinin göstəricisi
oldu. Ümumən, 12 ölkənin yerdə qalan 30 dövlətin
irili-xırdalı səsi ilə seçilmiş qaliblərin
istedad və məharətini "görməməsi"
onların ya zövqu, ya da obyektivliyi barədə şübhələnməyə
əsas verir.
Yarışmanın
finalındakı çıxışlar, səsvermə hələ
çox təhlil olunacaq, hər ölkə özü
üçün gərəkli, ibrətli nəticələr
çıxaracaq. Tabloda səsvermənin bitməsi, birinci yerdə
görünən Azərbaycan sözünün
qarşısında "221" rəqəminin
yazılması ilə xalqımızın aylardan bəri davam
edən intizarına, gecəyarı yaşadığı həyəcanlı
dəqiqələrə son qoyuldu. Həmin anda Almaniyadan
canlı yayımı "İctimai" televiziyada izləyən
soydaşlarımızın qəlbində sevinc vulkanları
püskürməyə başladı.
Komandamızın
üzvləri səhnəyə çıxıb sonsuz
sevincini bu qələbəni gözləyənlərlə
paylaşdılar, prizi misilsiz bir təntənə ilə qəbul
edib başları üstünə qaldırdılar.
Yarışma bitsə də, Azərbaycan nümayəndə
heyətinin rəhbəri Adil Kərimlinin növbəti ev
sahibliyinin sənədini müsabiqənin icraçı
direktoru Jon Ola Sanddan qəbul etməsi ilə ölkəmizin
yeni "Eurovision" ili başlandı.
Azərbaycanın
"Eurovision" müsabiqəsinə böyük inamla
qoşulması, yüksək hazırlıqla
çıxışlar etməsi dördüncü il zəfərlə
nəticələndi. Saz və muğam ölkəsi Avropa tələbələrini
qısa müddətdə cavablandırmağı da bacardı.
Avropa və dünya Azərbaycanın ənənəvi musiqi
imicinin yeni bir mükəmməl çalarını da
gördü. Dünya, ən azı, bir neçə
saatlıq, bir günlük də olsa gördü ki, 23 ildən
bəri tarixin son dövrünün ən dolaşıq
münaqişəsinə tərəfdaş olmuş Azərbaycan
xalqı necə bir mədəni səviyyənin
daşıyıcısıdır. Müsabiqədən dərhal
sonra keçirilən mətbuat konfransında Eldar və
Nigarın verdikləri cavablardakı nəcabət və
humanist mülahizələr də xalqımızın sivil,
sülhsevər imicini Düsseldorfdakı diqqət zirvəsindən
dünyaya sərgilədi.
Qələbə
sorağı həmin gecə mürgüləri qovdu, gözlərdən
sevinc yaşları süzüldü, yeniyetmələrin, gənclərin
alqışlar səsləndirməkdən səsləri
kallaşdı. Əvvəlcə Bakının boy verən ən
qədim, ən əzəmətli tikilisi "Qız
qalası"nin qarşısı təbii bir təntənənin,
atəşfəşanlığın mərkəzi oldu.
Yollardakı xətləri basıb keçən, siqnal verən,
tıxac yaradan maşınların pəncərə və
lüklərindən bayraqla bərabər bədənlərini
də çıxaran gənclərin kütləvi surətdə
"qaydapozma"larına yol polisi də qəribə bir nəvazişlə
baxmalı oldu. Bu anların qüdsiyyəti, həm də rəmzi
anlamı da diqqəti cəlb edirdi: xalqımızın
ayağı "Qız qalası"nda, başı sivil mədəniyyətin
zirvəsində görünürdü. İndiki nəsillər
bu böyük sənət qələbəsinin müjdəsini
babaların nişanələrini və dünənimizin izlərini
yaşadan İşərişəhərə gətirməklə
öz kökünə, milli varlığına
bağlılığın möhtəşəm bir
görüntüsünü yaratdılar.
Həmin
dəqiqələrdə və saatlarda Azərbaycanın hər
bucağı, hər şəhəri, kəndi bu təntənəni
hamılıqla, müqəddəs bir coşğunluqla
yaşayırdı. Türk ellərində də bayraqlar
dalğalanır, alqışlar söylənir, nəhəng
bir sevinc seli hamını ağuşuna alıb
yırğalayırdı. "Aztelekom" İstesalat
Birliyinin yarışmanı canlı izləməyə imkan
verən telekommunikasiya xətləri sonrakı saatlarda da
dünyanın hər yerinə təbriklər
daşıyır, gözaydınlığı yayırdı.
Tanınmış
sənət adamları, ziyalılar "İctimai"
televiziyanın studiyasından qazanılmış qələbəyə
isti-isti münasibətlərini bildirirdilər. İTV-nin səyyar
çəkiliş qrupları Bakı şəhərinin
müxtəlif yerlərindən göstərdiyi təntənə
fraqmentləri ilə qəribə bir çəkisizliyə
düşmüş, baş vermiş hadisənin mahiyyətini
birdən-birə anlamaqda çətinlik çəkən
insanlarda tarazlıq yaradırdı. Bu boyda şəhərdə,
sanki, özünə yer tapa bilməyən izdiham Azərbaycanın
"Eurovision" mərkəzinə çevrilmiş
"İctimai" televiziyanın yerləşdiyi Yasamala
üz tutdu.
Neçə
gündən bəri gecə-gündüzü olmayan, sevincdən
bir az da ayıq-sayıqlaşmış
"İTV"çilər adi günlərdə hər kəsin
xüsusi buraxılışla keçdiyi həyətin
qapılarını izdihamın üzünə taybatay
açdı. Bir neçə dəqiqədən sonra səsgücləndiricilər
gənc aşıq İlham Aslanbəylinin sazla ifa etdiyi
"Azərbaycan" havasını ətrafa yaydı. Dədə
Qorqud yadigarı saz Azərbaycan balalarının modern bir
yarışmada qələbəsini qutlamağa gəlmişdi.
Elə bu
vaxt sökülən dan yerinin fonunda bir parça bulud
"İTV"nin başı üstündə dayanıb
nurunu yerə səpələdi. Göylərin sevinc
yaşları gözlərdən axan
"yağışa" qarışıb könülləri
duyğulandırdı. Yallı, rəqs, mahnılar fonunda
çxış edən ziyalılar "İTV"nin
canlı yayımında xalqımıza
gözaydınlığı ünvanladılar, qalibləri və
onların arxasında dayanmış ölkə rəhbərliyini
təbrik etdilər. Mədəniyyət və turizm, gənclər
və idman nazirliklərinin, Heydər Əliyev Fondunun
yarışmaya verdikləri dəstək, İctimai Teleradio
Yayımları Şirkətinin yüksək, məqsədyönlü
təşkilatçılığı minnətdarlıqla
qeyd olundu.
Azərbaycan
üçün "Eurovision - 2011" bitdi, onun sevincləri
isə uzun müddət yaşayacaq. Bu il ölkəmizdə
"Eurovision - 2012" hazırlığı gedəcək.
Bir ildən sonra Azərbaycan dünyanın "Eurovision"
mərkəzi olacaq. Bu, İslam mədəniyyəti
paytaxtı olmuş Bakının, Şərq-Qərb dialoqunda
önəmli rol oynayan Azərbaycanın XXI əsr
reallığıdır, nəhayət, xoş sabahların
müjdəsidir.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2011.- 17 may.- S. 4.