Sevgilərdən
hörülmüş söz çələngi
Yeni kitablar
Gənc şair-publisist Ramin Sərdaroğlu Əhmədovun
son illərdəki fəal yaradıcılıq
axtarışları "Murovun xatirəsi" və
"Qayıt" kitablarında toplanıb. Azərbaycan
Yazıçılar Birliyində keçirilən mərasimdə
hər iki toplu söz sərraflarının xeyir-duası ilə
oxuculara təqdim olundu.
Məclisi
giriş sözü ilə açan Yazıçılar
Birliyinin əməkdaşı şair Dayandur Sezgin ədəbi
yaradıcılıqda inamlı addımlar atan, bədii
sözə qəlbən bağlı olan Ramin Sərdaroğlunun
hər iki kitabını söz xiridarları
qarşısında ilk ciddi hesabat kimi dəyərləndirdi. O
bildirdi ki, Şərur rayonunun Bərməziyar kəndində
dünyaya göz açmış Raminin ilk poetik
düşüncələri xalqımızın milli
azadlıq hərəkatı və dövlət müstəqilliyi
qazanması dövrünə təsadüf edir. Sevgi və
gözəllikdən qaynaqlanan kövrək bir şeiriyyət
ətrafda baş verən ağrılı, mürəkkəb
hadisələrin təsiri ilə getdikcə ictimai məna, məfkürəvi
mahiyyətlə dolğunlaşmışdır.
Ramin
Sərdaroğlu iqtisadçı ixtisasına yiyələnsə
də poeziyadan uzaq düşməmiş, redaktoru olduğu
"Yeni liqa" qəzetindəki yaradıcı mühit onu ədəbiyyat
aləminə daha möhkəm bağlamışdır. Gənc
şair poeziyanın əzəli-əbədi
mövzularında öz "lirik mən"ini inamla ifadə
edir. Milli-mənəvi dəyərlərimiz də onun qələmində
bütün doğmalığı ilə orijinal
düşüncələrə çevrilir,
çağdaş tələbatın süzgəcindən
keçir.
Respublika Ağsaqqallar Şurasının sədri, təbiətşünas akademik, milli poeziyamızın vurğunu Budaq Budaqov gənc şairin yeni kitablarının bədii-estetik məziyyətlərindən geniş söz açdı. Görkəmli alim bildirdi ki, o, həmişə təbiətin gözəlliyində şeiriyyət, poeziyada saflıq və təbiilik axtarmış, bu qoşa tələbin kəsişməsində misilsiz bir ülviyyətə, qüdsiyyətə qovuşmuşdur. Azərbaycanın ünlü şairləri ilə onun yaxınlığı, dostluğu, "Təbiət və poeziya" kitabı da bu məcrada yaranmışdır. Akademik daha sonra qeyd etdi ki, poeziyamıza yeni istedadların gəlişini də diqqətlə izləyir, mövzu və üslub yeniliyi ilə seçilən gənclərin qələm təcrübələrini xüsusi maraqla oxuyur. Onun Ramin Sərdaroğlunun poetik aləmi ilə yaxın tanışlığı da belə bir tələbat və diqqətin nəticəsidir. Gənc yazarın "Yadigar üzük", "Murovun xatirəsi" kitablarını oxuduqdan sonra poeziyamızın qocaman dostu Raminin yeni şeirlərini də nəzərdən keçirmiş və duyğu-düşüncələrini "Qayıt" kitabına yazdığı "Ön söz"də ifadə etmişdir.
Sevginin gücü ilə, şairə görə,
ölüm də mənasını dəyişir:
Kaş
ki, sən yanımda olaydın bu an,
İsti nəfəsində
donub qalardım.
Əgər
qucağında ölsəydim, inan,
Dünyada
ən xoşbəxt ölü olardım.
Raminin
başqa şeirlərindən də məna və duyğu
yüklü misralara istinad edən alim uğurlarına görə
onu təbrik etdi, xoş arzularını söylədi.
Mərasimdə
çıxış edən qocaman jurnalist Ələsgər
Cabbarov da Ramin Sərdaroğlunun sevgi dünyasının
sayrışan misralarından seçmələr səsləndirdi.
O bildirdi
ki, "Talan olmuşam", "Sevgi nədir?", "Niyə?",
"Məhəbbət nağılı",
"Ayrılıq", "Tənha qadın", "Sənə
vermişəm", "Heyf", "Bağışla",
"Ümidim" kimi şeirlərdə sevgi fəlsəfəsinin
pozulmaz düsturları qaynar bir ürəyin hərarəti ilə
bir daha mənalandırılır, sədaqət andı ilə
möhürlənir.
Hər
iki kitabın redaktoru, yazıçı-jurnalist Şərafət
Şəfa mərhum şair Ramiz Heydərin "Murovun xatirələri"
kitabına yazmış olduğu aşağıdakı
ön sözləri yada saldı: "Ramin Əhmədov
ixtisasca ədəbiyyatçı olmasa da onun mənəvi
dünyası çox-çox zəngindir. Quru, cılız
mövzulardan yan qaçmağa çalışan ədibin
yazılarında, şeirlərində bir dünyəvilik, bəşəri
ağrılar və kövrək sızıltı var:
Aç
Raminin köksünə bax,
Dəli
könlüm yamaq-yamaq.
Tufanımdan
verin soraq -
Vətənim
ağladır məni.
Yaxşı
dost, yaxşı insan və yaxşı ailə
başçısı olan gənc yazarımız, demək,
yaxşı da vətəndaşdır".
Məclisdə
çıxış edən digər natiqlər də yeni
kitablarla ilkin tanışlığın təəssüratını
bölüşdülər, Ramin Sərdaroğluya yeni
yaradıcılıq uğurları, bol sənət sevinci
arzuladılar.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2011.- 15 may.- S. 7.