Yarımçıq
ömür olmur, yarımçıq işlər qalır
Ali təhsil
diplomu aldıqdan sonra cəmi 13 il
yaşamışdı. Bu qısa müddətdə filologiya
elmləri namizədi elmi dərəcəsini almağa, beynəlxalq
konfranslarda rus, ərəb, ingilis və Azərbaycan dillərində
çoxsaylı mühazirələr oxumağa, cəmiyyət
həyatının tamamilə müxtəlif sahələrinə
aid - "İngiliscə-ərəbcə-Azərbaycanca
iqtisadi terminlər lüğəti" və "Rusca-Azərbaycanca
- ərəbcə müxtəsər diplomatik və siyasi
terminlər lüğəti" adlı iki kitab ərsəyə
gətirməyə, Misir ədəbiyyatı, Fələstin
teatrı, ərəb filologiyası mövzusunda mükəmməl
elmi məqalələr yazmağa, ərəbdilli xalqların
şair və yazıçılarından çoxsaylı tərcümələr
etməyə və nəhayət, özünü elmi ictimaiyyətə
istedadlı alim kimi tanıtmağa nail olmuşdu.
Nigar
Bakıxanova elm aləmində olduğu qısa müddətdə
respublikamızın üç görkəmli şərqşünasını
heyrətləndirəcək dərəcədə
yaradıcılıq nümunələri ortaya qoymuşdu.
Milli Elmlər Akademiyası Şərqşünaslıq
İnstitutunun direktoru, akademik Ziya Bünyadov onun ərəb
dilini mükəmməl bilməsini görəndə
Nigarın ali təhsil haqqında diplomuna yenidən
baxmışdı. Çünki İncəsənət
İnstitutunu teatrşünas ixtisası ilə bitirən bir gəncin
ərəb dilini bu qədər dərindən bilməsi, ərəb
filologiyasına və mədəniyyətinə bu şəkildə
bələd olması inandırıcı
görünmürdü. Ancaq görkəmli akademik gənc həmsöhbətinin
qeyri-adi istedadının şahidi olanda onun Şərqşünaslıq
İnstitutunun dissertantı olmasını məqsədəuyğun
saymışdı.
Nigar
ikinci görkəmli şərqşünası - filologiya elmləri
doktoru, professor Aida xanım İmanquliyevanı "Misir
yazıçısı Əhməd Şövqinin
dramaturgiyası" adlı namizədlik dissertasiyasını
yazarkən heyrətləndirmişdi. Gənc alimin elmi rəhbəri
olan professor Aida İmanquliyeva oxuduğu dissertasiya barədə
təqdiredici fikirlər söyləmiş və yazılı
şəkildə rəy verdikdən həm əvvəl, həm
də sonra bu işin qarşıya qoyulan bütün tələblərə
yüksək səviyyədə cavab verdiyini bildirmişdi. Əslində,
burada qeyri-adi heç nə yox idi. Böyük alimlərin
mükəmməl elmi işləri yüksək qiymətləndirməsi
tarixən həmişə rast gəlinən faktlar olub. Ancaq Aida
xanım Nigar Bakıxanovanın
yaradıcılığını ona görə səmimiyyətlə,
sidq ürəklə dəstəkləyirdi ki, Nigar
ömründə bircə gün də olsa ərəb dilində
dərs almamışdı. Teatr mütəxəssisinin ərəb
ədəbiyyatını orijinaldan oxuyaraq dəyərli bir
namizədlik dissertasiyası yazması Aida İmanquliyevanı
çox sevindirmişdi.
Nigar
Bakıxanovanın elmi yaradıcılığını
yüksək qiymətləndirən üçüncü
şərqşünas alim filologiya elmləri doktoru, professor
Gövhər xanım Baxşəliyeva olmuşdur. Professor
Baxşəliyeva Azərbaycan Milli Elmlər Akademiyası Ziya
Bünyadov adına Şərqşünaslıq
İnstitutunun 2000-ci ildə "Elm" nəşriyyatında
çap etdirdiyi "İngiliscə-ərəbcə-Azərbaycanca
iqtisadi lüğət" kitabının elmi redaktoru
olmuşdu. Müəllifin - Nigar Bakıxanovanın
dünyasını dəyişməsindən beş il sonra
işıq üzü görən bu kitaba ön söz
yazmış elmi redaktorun bütün cümlələri
sübut edir ki, o, Nigarı dərindən tanıyır, onun
yaradıcılığını yüksək qiymətləndirirmiş:
"Nigarın gələcəyə böyük planları
vardı. O, artıq doktorluq mövzusu haqda
düşünürdü. Kim bilir, ömür vəfa etsəydi,
bu istedadlı, çalışqan gənc alimin qələmindən
hələ neçə-neçə əsər
çıxardı. Min heyf ki, belə olmadı. Nigar bizdən
həyatının və yaradıcılığının ən
çiçəklənən dövründə
ayrıldı".
Bəs
Nigar Bakıxanova kim idi? Bu suala cavab verməzdən əvvəl
xalq şairi, professor Nəriman Həsənzadənin bir ifadəsini
yada salmaq istərdim. Nəriman müəllim Nigar
Bakıxanovanın müstəqil şəkildə bir
neçə xarici dil öyrənmək keyfiyyəti barədə
söz açarkən demişdi ki, bu keyfiyyət şəcərədən
gəlir. Çünki onun ulu babası Abbasqulu Ağa
Bakıxanov da müstəqil şəkildə 12 dil öyrənmişdi.
Abbasqulu Ağanın poliqlotluğunun bir hissəsinin
bakıxanovların gənc nəslində özünü
göstərməsi tamamilə təbii idi. Professor Telman
Hacıyevin fikrincə isə Nigarın bu qədər
istedadlı olmasının əsas səbəblərindən
biri də onun doğulub boya-başa çatdığı
mühit idi. XX əsrin ən görkəmli sənət
adamlarından və müəllimlərindən olan Əhməd
xan Bakıxanovun nəvəsi, 50 ildən çox Bakı
Musiqi Akademiyasında müəllimlik etmiş, xalq artisti,
professor, ölkənin musiqi ictimaiyyəti arasında
özünəməxsus yeri, nüfuzu olan Tofiq Bakıxanovun
qızı məhz bu şəkildə istedadlı ola bilərdi.
Ancaq tibb
elmləri doktoru, professor, Hacı Məhəmməd Hüseyn
Herisçi məsələyə bir qədər fərqli
müstəvidən yanaşır. Onun fikrincə,
oğlanın keyfiyyətləri atadan, qızın keyfiyyətləri
isə anadan əxz olunur. Nigarı dünyaya gətirən
qadın, onu həyat üçün yüksək səviyyədə
yetişdirən ana - son 30-40 ilin ən görkəmli həkimlərindən
olan Ofeliya xanım Məmmədzadə tərbiyə prosesində
hansısa addımı lazım olan səviyyədə
atmamış olsaydı, bu gün Nigarın elə
böyük uğurlarından danışa bilməzdik.
Üç tanınmış ziyalının söylədiyi
bu fikirlərin hamısı ilə razılaşır və
Nigar Bakıxanovanın qısaca tərcümeyi-halı ilə
yenidən tanış oluruq.
Nigar Tofiq
qızı Bakıxanova 1961-ci il may ayının 17-də
Bakı şəhərində dünyaya göz
açmışdı. M.A.Əliyev adına Azərbaycan
Dövlət İncəsənət İnstitutunun
teatrşünaslıq fakültəsini bitirmişdi. Şərq
mədəniyyətinə və bütövlükdə Şərq
aləminə olan böyük məhəbbəti onu müstəqil
şəkildə ərəb dilini öyrənməyə
sövq etmiş və nəhayət, AMEA Şərqşünaslıq
İnstitutuna gətirib çıxarmışdır. "Ərəb
filologiyası" şöbəsinin
dissertantlığına qəbul olunan Nigar Bakıxanova
görkəmli Misir dramaturqu Əhməd Şövqinin
yaradıcılığını öyrənir və 1992-ci
ildə "Əhməd Şövqinin dramaturgiyası"
adlı namizədlik dissertasiyasını uğurla müdafiə
edir. Bu illər ərzində Nigarın bir sıra əsərləri
çap edilir: "Misirdə kölgə teatrı",
"Fələstin teatrı", Əhməd Şövqinin
"Xanım Yuda" pyesi, "Şekspir
yaradıcılığında ərəb ünsürləri"
və başqa əsərləri nüfüzlu mətbuat vasitələrində
işıq üzü görür. Eləcə də
yuxarıda qeyd etdiyimiz kimi tamamilə müxtəlif sahələrə
aid olan iki müfəssəl lüğət ərsəyə
gətirir. Həmin illərdə dünyaya gələn
övladlarına da ərəb cocuqlarının adını
vermişdi - Rifat və Nadim. Atası - Tofiq Bakıxanovun
fikrincə isə Nigarın öz adı ilə işıq
üzü görməyən başqa bir əsəri də
var: "Xocalı faciəsi baş verəndən sonra o mənə
dedi ki, ata, bu faciəni ən kədərli muğamlardan olan
"Humayun" muğamı üstündə qələmə
al və bütün dünyaya çatdır. Mən
"Humayun"u yazdım və o faciənin
acılarını bütün dünyaya
çatdırdım. İndi elə bilirəm ki,
"Humayun"un müəllifi Nigardır... Mən Nigar
üçün "Nigar" mahnılar silsiləsi və
"Nigar" adlı (Beşinci simfoniya) böyük əsər
qələmə almışam".
Sonda bir
daha sərlövhəyə çıxardığımız
ifadə barədə. Doğrudan da yarımçıq
ömür olmur, yarımçıq işlər qalır.
Nigarın ömrü onun əsərlərində və
haqqında söylənilən xatirələrdə
tamamlanır. Onun yarımçıq işləri isə .. hələ
çox idi. Əminik ki, bu gün Avropada - İsveçin
Mtokholm şəhərində ali təhsil alan övladları
Rifat və Nadim onun yarımçıq qalmış əməllərini
yaşadacaq, zənginləşdirəcəklər.
İttifaq
MİRZƏBƏYLİ
Xalq qəzeti.- 2011.- 18 may.- S. 11.