"Eurovision-2011"-in
qalibləri:
"Azərbaycana
qələbə ilə qayıtmaqdan qürur duyuruq"
"Eurovision"
musiqi yarışmasında ölkəmizin qalib olması tək
Azərbaycan xalqının deyil, bütün türk
dünyasının sevincidir. Gələn il dünyaca
nüfuzlu bu musiqi yarışmasına Azərbaycan ən
yüksək səviyyədə ev sahibliyi edəcək. Bu
fikirlər Azərbaycanın "Eurovision-2011"
yarışmasında qalibiyyətinə həsr olunmuş mətbuat
konfransında səsləndirilib.
Tədbiri
giriş sözü ilə açan İctimai Televiziya və
Radio Yayımları şirkətinin baş direktoru
İsmayıl Ömərov Avropa səhnəsində uğurlu
çıxışına və Azərbaycan xalqına
birincilik sevincini yaşatdığına görə Eldar
Qasımov və Nigar Cemala təşəkkür etdi. O, bu
günlərdə hər kəsin, musiqisevərlərin bayram əhval-ruhiyyəsində
olduğunu qeyd etdi: "Elə qələbə var ki, bir
diyarın sevincidir, amma bizim bu qələbəmiz bütün
türk dünyasının sevincidir. Bu sevinci bizlərə
Eldar və Nigar bəxş edib. Hisslərimi ifadə etmək
üçün sözün gücü yoxdur və söz
tapmaq çox çətindir. İllərdir arxasınca
qaçdığımız, inanılmaz gördüyümüz
zirvəyə ucaldıq",-deyə o əlavə edib. O, həmçinin
14 may tarixinin Azərbaycan tarixinə qızıl hərflərlə
yazıldığını vurğulayıb: "Hər
şeyin əsası seçimdən asılıdır. Bu
seçimi edən, bu qərara gələn münsiflər heyətinə
təşəkkür edirəm. Münsiflər heyətinin
seçimi zamanı böyük tərəddüdlər oldu,
ancaq çox düzgün qərar verildi. Bu, ideal seçim
idi. Artıq bu, bütün dünyanın seçimidir".
İctimai
Televiziya və Radio Yayımları şirkətinin baş
direktoru Avropa Yayım Birliyinin artıq 2012-ci ildə
müsabiqəyə ev sahibliyini təsdiqləyən sənədi
Azərbaycana təqdim etdiyini vurğuladı. Onun sözlərinə
görə gələn ayın 20-də Cenevrədə, Avropa
Yayım Birliyinin mərkəzi ofisində yarışmanı
harada və necə keçirməklə bağlı məsələlər
müzakirə olunacaq. İ.Ömərov yarışmanın
Azərbaycanda ən yüksək səviyyədə
keçiriləcəyinə əminliyini ifadə etdi. Qeyd
olundu ki, bu qələbə ilə Avropanın diqqəti Azərbaycana
yönəltdi, bundan sonra hələ ölkəmiz haqqında
yarışma da daxil olmaqla çox reportaj hazırlanacaq.
"Eurovision-2011" müsabiqəsinin qalibi Eldar Qasımov qələbə münasibətilə xalqımızı və türk dünyasını təbrik edib və onlara dəstək olan hər kəsə təşəkkür etdi: "Bu tək bizim yox, hamımızın qalibiyyətidir. Əgər nə isə çatışmasaydı, o zaman istəyimizə nail ola bilməzdik. Çox sağ olun ki, bizə inandınız. Azərbaycana qələbə ilə qayıtmaqdan qürur duyuruq". Eldar Qasımov Bakıya qayıdarkən hava limanında hərarətli və coşğulu qarşılanmadan sevinc duyduğunu ifadə edib. Yarışmada tək görkəmi və ifası ilə deyil, bir neçə xarici dildə səlis danışması ilə diqqət çəkən müğənni bundan sonra karyerasını uğurla davam etdirməyi düşünür. O, gələcəkdə bir neçə xarici dildə ifa etməklə beynəlxalq musiqi sahəsində ölkəmizi şərəflə təmsil etmək niyyətindədir. Azərbaycan musiqisi və mədəniyyətinin olduqca zəngin olduğunu vurğulayan Eldar Qasımov muğamla da maraqlandığını və gələcəkdə muğam dərsi almaq arzusunda olduğunu qeyd etdi.
"Eurovision-2011"-in gözəli" seçilən Nigar isə onlara inanan və etibar edən hər kəsə təşəkkür edib və Azərbaycan xalqını qələbə münasibəti ilə təbrik edib. Birincilik xəbərini həyəcanla qarşıladıqlarını deyən müğənni yarışmada qardaş Türkiyənin finala keçə bilməməsinə üzüldüklərini dilə gətirdi. Ancaq buna baxmayaraq, qələbə sevinci ilə səhnəyə çıxarkən həm Azərbaycan, həm də Türkiyə bayraqlarını dalğalandırdıqlarını qeyd edib. "Əlimdə Türkiyənin bayrağını tutmuşdum. Bütün türk dünyasının təmsil etdiyimiz üçün səhnəyə bu bayraqla çıxdım. Bu, o deməkdir ki, biz doğrudan da bir millət, iki dövlətik. Əgər bu yarışmada təmsilçilik hüququnu yenə bizə versələr, Azərbaycana ikinci dəfə bu qələbəni bəxş edərik". Nigar Cemal uşaqlıqdan musiqiyə həvəsini və fortepiano ilə məşğul olduğunu bildirib. Hazırda Londonda yaşayan müğənni gələcəkdə təklif olarsa, bədii filmə çəkilmək arzusunu da ifadə edib. Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın onları qəbul edərək təbrik etmələrindən müğənnilər buna görə böyük sevinc və fəxr hissi duyduqlarını bildirdilər. Onlar ən böyük hədiyyələrin xalqın sevgisi olduğunu vurğuladılar. Mətbuat konfransının sonunda "Eurovision-2011"-in qalibləri onlara uğur gətirmiş və bütövlükdə Avropa tamaşaçı kütləsinin bəyəndiyi "Running scared" və Müslüm Maqomayevin repertuarından "Azərbaycan" mahnısını ifa etdilər. Daha sonra təmsilçilərimiz mətbuat nümayəndələri və pərəstişkarları ilə birgə xatirə şəkli çəkdirdilər.
Qeyd edək ki, 56-cı dəfə təşkil
olunan və "Ürəyinin döyüntüsünü
hiss et" şüarı ilə keçirilən
"Eurovision"yarışmasında ölkəmiz 221 xalla
qalib olub. Yarışda
ikinci yeri İtaliya (Raphael Gualazzi - "Madness Of Love" - 189
xal), üçüncü yeri İsveç (Eric Saade -
"Popular" - 185 xal) tutub. Azərbaycana müsabiqədə
ən yüksək - 12 xalı Türkiyə, Rusiya və
Malta, 10 xalı isə Ukrayna, Yunanıstan, Xorvatiya, San-Marino,
Rumıniya və Moldova verib.
Əfsanə
BAYRAMQIZI
Xalq qəzeti.- 2011.- 18 may.- S. 10.