"Vətəni tanı" ümumrespublika kampaniyası Qubada

 

Rəsmi olaraq Gənclər İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin dəstək verdiyi Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı vasitəsilə "Vətəni tanı" ümumrespublika kampaniyasının seçim turları davam etməkdədir.

 

Layihə çərçivəsində növbəti tədbir Azərbaycanın səfalı bölgələrindən sayılan Quba rayonunda baş tutub. Rayon Olimpiya Kompleksində baş tutan seçim turunun açılış mərasimində çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini Nəsrulla Vəliyev bildirib ki, bu gün gənclərimizin hərtərəfli inkişafı üçün dövlət tərəfindən bütün şərait yaradılır. Tədbirin əhəmiyyətindən danışan natiq onu da əlavə edib ki, bu cür tədbirlərin keçirilməsi gənclərimizdə yeni biliklərə yiyələnmək və milli dəyərlərimizin aşılanması, tariximiz, dünənimiz və bu günümüzün öyrənilməsində müstəsna rol oynayır.

Çıxış edən Milli Şuranın sədri, millət vəkili Fuad Muradov qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin hər zaman gənclərə xüsusi diqqət və qayğı ilə yanaşması göz qabağındadır. Gənclərlə bağlı hazırlanan yeni proqramdan danışan millət vəkili bildirib ki, burada ölkə gənclərinin hər birini narahat edən məsələlər öz əksini tapacaqdır. F. Muradov Milli Şuranın daim gəncləri dəstəkləyən layihələri həyata keçirdiklərini vurğulayıb. O, ölkə gənclərinin istər Azərbaycanda, istərsə də ölkədən xaricdə fəaliyyəti üçün bütün imkanlardan istifadə olunduğunu diqqətə çatdırıb.

Millət vəkili Vahid Əhmədov çıxışında bu layihənin təhsilə böyük töhfə verdiyini qeyd edərək bildirdi ki, gələcəkdə də bu cür tədbirlər davam etdirilməlidir. Natiq Quba gnclərini bu maraqlı layihədə fəal iştirak etməyə çağırdı.

Milli Şuranın baş katibi eyni zamanda, kampaniyanın rəhbəri Orxan Ərəbov çıxış edərək yarış haqqında gəncləri məlumatlandıraraq onlara seçim turunun gedişatı haqqında danışdı. O. Ərəbov dedi ki, bu layihədə əsas məqsədlərdən biri ölkəmizin ərazi bütövlüyünün qorunması, gənclərimizin coğrafi biliklərinin artırılmasıdır. Həmçinin biz bu layihədə 12 min gənci əhatə etməyi qarşımıza məqsəd qoymuşuq.

Qeyd edək ki, "Vətəni tanı" ümumrespublika kampaniyasının Quba rayon seçim turu çərçivəsində Azərbaycanın ən yüksəkdə yerləşən yaşayış massivi olan Xınalıq kəndinə (2300 m) kampaniyanın işçi qrupu tərəfindən səfər təşkil olunub. Xınalıqda yaşayan gənclər də kampaniyada iştirak ediblər.

 

 

Elçin ABBASOV

 

Xalq qəzeti.- 2011.- 18 may.- S.10.