Laçınlılar
tezliklə yurda dönəcəklərinə inanırlar
Biz imkan verə bilmərik ki, Laçın rayonunun azad edilməsi hansısa amillərlə əlaqələndirilsin. İşğal olunmuş bütün Azərbaycan əraziləri, o cümlədən də Laçın rayonu qeyd-şərtsiz işğaldan azad olunmalıdır.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Laçının işğalından 19 il
ötür. Düz 19 ildir ki, hər bir laçınlı
üçün may ayının ortaları ən ağır
günlərə çevrilmişdir. Bu gün biz tariximizə
qara hərflərlə düşmüş bir hadisəni-respublikamızın
dilbər guşələrindən olan, Azərbaycanın qala
qapısı sayılan doğma Laçınımızın
işğalını acı xatirələrlə yad edirik.
Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, cənubdan Qubadlı ilə, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir, ərazisi 1835 kvadratkilometrdir. Rayonun ərazisi təbii sərvətlərlə zəngin idi. Onların arasında gil, qrafit, dağ billuru, mərmər, əhəng daşı, civə, uran, kobalt, qızıl, xrom və dəmir yataqları, çoxlu sayda mineral bulaqlar, qırmızı palıd, vələs, fıstıq, ardıc və müxtəlif növ dərman bitkiləri üstünlük təşkil edirdi.
Azərbaycan ərazilərinin işğalı nəticəsində on minlərlə soydaşımız Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən öldürülmüş, əsir götürülmüş və ağlasığmaz işgəncələrə məruz qalmışlar. Beynəlxalq təşkilatlarda dəfələrlə Ermənistanın təcavüzkar olması haqqında sənədlər hazırlanmış, işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməsini tələb edən 4 BMT qətnaməsi qəbul edilmişdir. Lakin təəssüf ki, bu günə qədər həmin qətnamələr yerinə yetirilməmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev beynəlxalq təşkilatlar və dünyanın aparıcı dövlətləri tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həllinə göstərilən ikili münasibəti tənqid edərək açıq şəkildə bildirmişdir ki, necə olur, Liviyaya qarşı tətbiq edilən BMT qətnaməsi cəmi 3-4 saatdan sonra yerinə yetirilməyə başlayır, ancaq təsavüzkar Ermənistana qarşı BMT qətnaməsinin qəbul edildiyi vaxtdan 20 il keçməsinə baxmayaraq, hələ də onun tələbləri yerinə yetirilmir.
Bundan arxayınlaşan işğalçı Ermənistan sülh çağırışlarına məhəl qoymayaraq özünün təcavüzkar əməllərini davam etdirir, düşmənlər tez-tez cəbhə boyu yaşayış məntəqələrinə hücum edərək dinc sakinləri, qadını, qocanı və uşaqları qətlə yetirirlər. Çox təəssüf ki, dünya birliyi və özlərini sülhün, demokratiyanın çarçısı hesab edənlər hələ də bu təcavüzə göz yumur, susmaqları ilə günahsız insanların qətlə yetirilməsinə, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinə biganə münasibət bəsləyirlər. Biz bu gün sülhün və demokratiyanın qarantı rolunda çıxış edən beynəlxalq təşkilatları və dünya dövlətlərini münaqişəyə ədalətli yanaşmağa, işğalçı Ermənistanı təcavüzkar əməllərindən əl çəkməyə məcbur etməyə çağırırıq.
Laçının işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13 745 fərdi yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 101 məktəb, 5 məktəbdənkənar, 2 məktəbəqədər müəssisə, 142 səhiyyə, 217 mədəni-maarif, 460 ticarət obyektinin, 30 rabitə obyekti, 1 peşə məktəbi, tarix diyarşünaslıq muzeyi erməni vandalları tərəfindən dağıdılaraq yandırılmışdır. Bütövlükdə, rayona 7,1 milyard ABŞ dolları məbləğndə ziyan dəymişdir. Çox təəssüf ki, bu itkilərimiz içərisində ən ağırı və əvəzolunmazı rayonun müdafiəsi uğrunda ayağa qalxan igid oğul və qızlarımızdan 267 nəfərinin şəhid olması, 65 nəfərinin isə itkin düşməsidir. Doğma Azərbaycanımızın ərazi bütövlüyü uğrunda döyüşlərdə xüsusi sücaət göstərmiş qəhrəman Laçın oğullarından 5 nəfəri Milli Qəhrəman adına layiq görülmüşdür.
Tarix boyu ermənilər Laçını "Qarabağın qara qapısı" adlandırıblar. Laçın həmişə ermənilərin gözündə qorxulu və keçilməz bir yer idi. Onlar heç xəyallarında da güman etməzdilər ki, nə vaxtsa bu yurdun əhalisini dədə-baba torpaqlarından didərgin sala biləcəklər. Təəssüf ki, bu o vaxt hakimiyyətdə olanların xəyanətkarlığı, səriştəsizliyi üzündən baş verdi. Laçın Azərbaycanda hərbi-siyasi böhranın, hakimiyyətsizliyin, AXC - Müsavat cütlüyünün vəzifə-kürsü hərisliyinin qurbanı oldu.
1992-ci ilin o ağır günlərini xatırlamaq nə qədər çətin olsa da, bu bizim yaşadığımız tarixdir. Faciənin ilk günlərində ölkədə hökm sürən anarxiya, hakimiyyətsizlik, hökumət nümayəndələrinin evini, bütün var-dövlətini, yaxınlarını itirmiş insanlara ögey münasibəti, baş verənlərə biganəliyi nəinki laçınlılarda, eləcə də əraziləri işğal olunmuş digər rayonların sakinlərində də ata-baba yurduna qayıtmaq, həmçinin yaşamaq ümidini heçə endirmişdi. Belə bir ağır zamanda xalqımızın və dövlətçiliyimizin xilaskarı Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı o zaman Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı. Tez bir zamanda insanların düşdüyü ağır vəziyyətdən çıxarılması istiqamətində əməli tədbirlər görüldü. Ötən illərdə laçınlıların əksər problemləri həll edilib.
Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin laçınlılara diqqət və qayğısı sayəsində sakinlərimizin sosial rifahı və yaşayış şəraiti ötən illərdə xeyli yaxşılaşmışdır. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin inkişaf strategiyasını bu gün Prezident İlham Əliyev uğurla və qətiyyətlə davam etdirir. Respublikamız regionun lider dövlətinə çevrilməklə bütün sahələrdə sürətli inkişafa qovuşmuşdur. Artıq Azərbaycanı dünyanın aparıcı dövlətləri dayanıqlı sabitliyə və yüksək inkişafa çatmış layiqli tərəfdaş kimi qəbul edir.
Möhtərəm Prezidentimizin xüsusi diqqət və qayğısı ilə respublikamızın bütün regionlarında olduğu kimi, rayonumuzda da xeyli işlər görülmüşdür. Laçınlı məcburi köçkünlərin yaşayış şəraiti və məşğulluğunun yaxşılaşdırılması istiqamətində bir çox tədbirlər həyata keçirilmişdir. İlk növbədə, ötən müddət ərzində respublikanın 58 rayon və şəhərində məskunlaşmış laçınlı məcburi köçkünlərlə mütəmadi görüşlər keçirərək, onların sosial-iqtisadi problemlərinin həlli istiqamətində bir sıra zəruri tədbirlər həyata keçirmişik. Sakinlərimizlə əlaqələrimiz daha da möhkəmləndirilmişdir.
Ötən il müvafiq dövlət proqramına uyğun olaraq, Taxtakörpü ərazisində 1006 hektar sahədə meliorasiya işləri görülmüşdür. Taxtakörpü qəsəbəsi ərazidəki Kamallı, Cağazur obalarında artezian quyularının qazılmasına başlanılmışdır. Ötən il ölkəmizdəki Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə Taxtakörpü su anbarından Qarakeçdi və Şeylanlı obalarına gedən magistral içməli su xəttinin yararsız vəziyyətdə olan 8,7 km hissəsi plastik boru ilə əvəz olunmuş, obalarda 5 yerdə bulaq tikilmişdir. Eyni zamanda, Alxaslı və Qarakeçdi obalarında modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır.
2010-cu ilin ikinci yarısında əhalinin elektrik təchizatının yaxşılaşdırılması məqsədilə rayonun müstəqil elektrik şəbəkəsi müəssisəsi yaradılmışdır. "Dünyaya Baxış" Beynəlxalq Humanitar Təşkilatının xətti ilə Taxtakörpü ərazisində hər biri yüz yerlik, bütün inventar və avadanlıqlarla təchiz edilmiş iki uşaq bağçası tikilib istifadəyə verilmişdir. Ötən ilin yazında Kür çayının səviyyəsinin xeyli artması ilə əlaqədar rayon əhalisi səfərbər edilərək, bənd bərkitmə işləri aparılmış, suyun məcburi köçkünlərimizin məskunlaşdıqları ərazilərə keçməsinə imkan verilməmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin köməyi ilə laçınlı məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ötən ilin dekabrında Taxtakörpü ərazisində 552 ailə üçün yeni qəsəbənin tikintisinə başlanmışdır. Ərazidə əlavə 1500 evin tikilməsi ilə bağlı dövlət proqramına əlavələr edilmişdir. 552 evdən ibarət qəsəbədə isə son tamamlama işləri görülür və yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Yeni tikiləcək qəsəbənin təbii qazla təmin edilməsi istiqamətində işlər aparılır ki, bu da sakinlərimizin gələcəkdə mavi yanacaqdan istifadə etməsinə şərait yaradacaqdır.
Bütün bunları laçınlı məcburi köçkünlər ölkə başçısının onlara diqqət və qayğısının təzahürü kimi qiymətləndirirlər. Onlar bu gün Prezidentə dərin minnətdarlıqlarını bildirirlər. Ötən müddət ərzində Taxtakörpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında ulu öndər Heydər Əliyevin qranitdən yeni büstü ucaldılmış, ətrafında yaşıllıq və abadlıq işləri görülmüşdür. Ötən həftə abidənin açılış mərasimi keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin inzibati binası ətrafında 8 min kvadratmetr sahədə şoranlaşmış torpaq çıxarılaraq, yerinə münbit torpaq tökülmüşdür. Ərazidə 4500 ədəd gül və 500 ədəd həmişəyaşıl ağac əkilmişdir. Görülmüş bu tədbirlərin nəticəsində Taxtakörpü abad bir qəsəbəyə çevrilmişdir. Heydər parkının sahəsi genişləndirilmiş, Zərdab - Ağcabədi magistralından Taxtakörpü qəsəbəsinə gələn mərkəzi küçəyə ulu öndər Heydər Əliyevin adı verilmişdir.
Son bir il ərzində rayonda bir sıra mədəni kütləvi tədbirlər həyata keçirilmişdir. 2010-cu ildə Taxtakörpüdə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar və şairlərdən Fikrət Qoca və Ənvər Əhmədin, Aşıqlar Birliyinin sədri, Zəlimxan Yaqubun iştirakı ilə "Ulu sazın sehri " adlı mərasim olmuşdur. 30 aprel 2011-ci ildə Filarmoniyada rayon aşıqlarının iştirakı ilə geniş ümumrayon tədbirlərinin keçirilməsi yaddaqalan hadisələrdən olmuşdur. 2011-ci ildə xalq qəhrəmanı Sultan bəy Sultanovun 140 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq. Bununla bağlı hazırlıq işləri gedir, Sultan bəy barədə kitab hazırlanır. Bütün bayram günlərində rayon ictimaiyyəti nümayəndələrinin, ağsaqqalların, şəhid ailələri və gənclərin iştirakı ilə Ağdam bölgəsində hərbi hissələrdə xidmət edən əsgərlərlə görüşlər keçirilmiş, onlara bayram sovqatları aparılmışdır. Tədbir zamanı orduda nümunəvi xidmət keçən əsgərlərə hədiyyələr təqdim olunmuşdur.
Dövlət qulluqçularının peşə bayramı münasibəti ilə Prezident İlham Əliyevin sərəncamı ilə rayonun Pircahan kəndi üzrə icra nümayəndəsi Məhiyyəddin İmamverdiyev "Dövlət qulluğunda fərqlənməyə görə" medalı, polis işçilərinin peşə bayramı ilə bağlı Rayon Polis şöbəsinin rəisi Məhəmməd Kərimov "İgidliyə görə" medalı ilə təltif edilmişdir. Müəllim günündə Quşçu orta məktəbinin direktoru Sabir Mirzəyev "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür.
Bu gün hər bir laçınlı qəti olaraq inanır ki, ölkəmizin yeganə problemi olan Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, dəyişməz və qətiyyətli mövqeyi sayəsində ədalətli həllini tapacaq. Tezliklə işğal altındakı torpaqlarımız azad ediləcək.
Laçınlılar əmin-amanlığımızın, ölkəmizin hərtərəfli inkişafının təminatçısı Prezident İlham Əliyevin ətrafında bundan sonra daha sıx birləşəcək, Vətənimizin çiçəklənməsi naminə bütün qüvvələrini səfərbər edəcəklər.
Ramiz CƏBRAYILOV,
Laçın
Rayon İcra Hakimiyyətinin
başçısı
Xalq qəzeti.- 2011.- 18 may.- S. 9.