"Sarı
Aşıq işığında"
Bu günlərdə M.Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasında Laçın rayon
aşıqlarının "Sarı Aşıq
işığında" adlı konserti onların bu möhtəşəm
sənət məbədgahında ilk
çıxışı oldu. Konsertə dəvətli
qonaqlar sırasında respublikanın tanınmış elm, sənət
xadimləri, ziyalılar, Milli Məclisin deputatları, eləcə
də aşıq sənətinə dərin rəğbət
bəsləyən sənət pərəstişkarları var
idi. Konsertə düşmək arzusunda olanların sayı
çox olsa da, bəxti gətirən tamaşaçılar
zal tutan qədər oldu. Tədbiri giriş sözü ilə
açan folklorşunas alim Məhərrəm Qasımlı mənəvi
mədəniyyətimizin tərkib hissəsi olan aşıq sənətinin
xalqımızın tarixi qədər qədim olduğunu qeyd
etdi.
Laçın
Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov
öz çıxışında rayonunun Güləbird kəndində
yaşayıb-yaratmış Sarı Aşığın
öz bayatıları ilə xalq arasında böyük
hörmət qazandığını, cinas bayatı yaratmaq
sahəsində ustad kimi adını tarixə
yazdığını qeyd etdi. XVI əsrin sonu - XVII əsrin əvvəllərində
yaşayıb-yaratmış Sarı Aşıq
yaradıcılığının tədqiq və təhlil
edilməsi sahəsində Salman Mümtaz və Bəhlul Behcətlə
yanaşı professor M.N.Təhmasibin, Ə.Axundovun, eləcə
də şair-publisist Səbahəddin Eloğlunun da
böyük xidmətləri olduğunu açıqladı.
Sarı
Aşıq öz bayatılarında Azərbaycan təbiətini,
gözəllikləri yüksək sənətkarlıqla tərənnüm
etdiyi kimi, lirik nəğmələr ustası kimi də
tanınmışdır. Dərin məntiqə, bədahətən
söz demək qabiliyyətinə malik olan Sarı Aşıq
hazırcavablığı ilə də elin hörmətini
qazanmışdır. Çox təəssüf ki,
Laçın rayonu işğal edildikdən sonra Sarı
Aşıq xatirə muzeyi də ermənilər tərəfindən
yerlə-yeksan edilmişdir. Hazırda Abşeron rayonu Pirəküşkül
qəsəbəsində kiçik bir otaqda
köçkünlük həyatı yaşayan Sarı
Aşıq xatirə muzeyi məhz o günlərin
yadigarıdır. Bu gün Laçında Aşıq Cabbar
Cabbarovun rəhbərlik etdiyi "İşıqlı"
aşıqlar ansamblının 100-dək üzvü var. Ansambl
köçkünlük həyatı yaşasa da, bir gün də
olsun fəaliyyətini dayandırmayıb. Rayonun bütün mədəni,
kütləvi tədbirlərində fəal iştirak edir.
2008-ci ildə Aşıq Umbayın, 2010-cu ildə isə
Aşıq Cabbarın Taxtakörpü qəsəbəsində
böyük təntənə ilə qeyd olunan yubiley tədbirlərində
Aşıqlar Birliyinin sədri xalq şairi Zəlimxan Yaqubun
iştirak etməsi məcburi köçkünlərə əsl
bayram sevinci yaşatmış, gələcəyə olan
ümidlərini daha da artırmışdır.
Aşıq yaradıcılığına dövlətimiz tərəfindən göstərilən diqqət və qayğı, bu sahədə Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Aşıqlar Birliyinin həyata keçirdiyi tədbirlər aşıq sənətinin nəinki ölkəmizdə, onun hüdudlarından çox-çox uzaqlarda tanıtmışdır. Çıxışının sonunda Ramiz Cəbrayılov tədbirin belə yüksək səviyyədə təşkilinə görə Mədəniyyət və Turizm Nazirliyinə, eləcə də Aşıqlar Birliyinə öz dərin təşəkkürünü bildirdi.
Bədii hissə Laçın haqqında filmin nümayişi ilə başladı. Aşıqlar qrupunun - Şahsevən, Nəsir Laçınlının "Kərəm gözəlləməsi", Ələddin İmanovun "Baş sarıtel", Təbriz Sadıqov və Əbdul Axundovun "Yüngül Şərili", Elvin Axundov və Sahib İsmayılovun "Koroğlu dübeytisi" Şəhriyar Şahverdiyevin "Yanıq Kərəmi", Fənarə Həşimova, Aybəniz Laçınlı, Təbriz Sadıqov və Ələddin İsmayılovun "Müxəmməs"i və digər aşıq havaları o gecə hamını valeh etdi.
Rafiq SALMANOV
Xalq qəzeti.- 2011.- 19 may.- S. 8.