Müasir iqtisadiyyatda turizm: reallıqlar və perspektivlər

 

Ötən həftə Bolqarıstanın Svişov şəhərində yerləşən D. A. Tsenov adına Biznes Akademiyasında "Kommersiya fəaliyyətinin müasir aspektləri: elm praktika arasında əlaqə" adlı beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. 10 ölkədən dəvət olunan nümayəndələrin iştirak etdiyi bu beynəlxalq toplantıda müxtəlif mövzuları əhatə edən 169 məruzə dinlənilmişdir.

Konfransın işində ölkəmizi Azərbaycan Turizm İnstitutunun "Turizm biznesinin təşkili texnologiyası kafedrası"nın müdiri, dosent Bahadur Bilalov təmsil etmişdir. Bolqarıstandan böyük təəssüratlarla qayıdan Bahadur müəllimin bildirdiyinə görə çox yüksək səviyyədə təşkil olunmuş bu beynəlxalq elmi-praktik konfrans 4 modulda keçirilmişdir.

"Müasir iqtisadiyyatda turizm: reallıqlar və perspektivlər" adlanan 4-cü modulda turizmin problemləri ilə bağlı 39 məruzə dinlənilmişdir. Azərbaycan təmsilçisi bu modulda iki məruzə ilə çıxış etmişdir. B.Bilalovun professor Cabir Məmmədovla birgə hazırladığı birinci məruzəsi "Azərbaycan iqtisadiyyatında turizmin yeri: reallıq və perspektivlər" mövzusuna, kafedranın müəllimi Rəfiqə Nəcəfova ilə qarşılıqlı hazırladığı ikinci məruzəsi isə "Böyük Qafqazın Zaqatala-Lahıc rayonunun turizm-rekreasiya potensialının qiymətləndirilməsi" mövzusuna həsr edilmişdi. Dinlənilən hər iki məruzə konfrans iştirakçılarının marağına səbəb olmuş, onların çoxsaylı sualları Bahadur Bilalov tərəfindən hərtərəfli və dolğun cavablandırılmışdır. Bahadur müəllimin bildirdiyinə görə bu cür beynəlxalq səviyyədə təşkil olunan konfranslarda iştirak həm ölkə turizminin təbliği, dövlət səviyyəsində Azərbaycan turizminin dəstəkləndiyinin bariz nümunəsi, həm də elmi əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

 

 

Z. BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2011.- 19 may.- S. 8.