Azərbaycan mədəniyyət və incəsənət ustaları San-Fransiskoda

 

Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümü çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə Amerika Birləşmiş Ştatlarının Hyuston, Los-Anceles, Santa-Monika şəhərlərindəki konsert proqramlarından sonra Azərbaycan mədəniyyət və incəsənət ustaları San-Fransisko şəhərində növbəti dəfə uğurla çıxış etdilər.

Belə ki, San-Fransiskonun məşhur teatr salonlarından biri olan Cowel Teatrında iki hissəli konsert proqramı ilə çıxış edən incəsənət ustalarımızı izləməyə gələn tamaşaçılar onları ayaq üstə alqışladılar. "İki dünya" adlanan proqram, istedadlı caz-pianoçu Emil Əfrasiyaboğlunun fortepianoda ifası üzərində qurulmuş idi. O, məşhur Azərbaycan melodiyalarının müasir caz interpretasiyası və milli folklor muğamının sintezini nümayiş etdirmək məqsədilə ölkənin aparıcı musiqiçilərini (caz və milli musiqi ifaçıları) öz ətrafına toplamışdır. Tədbir zamanı istrumental musiqi və xanəndələrin ifasında milli muğamla yanaşı, xalq mahnıları səslənmiş, Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında valehedici Azərbaycan milli rəqsləri nümayiş olunmuşdur.

 

 

M.MÜKƏRRƏMOĞLU.

 

Xalq qəzeti.- 2011.- 20 may.- S. 8.