Otellərdə ön büro qeydiyyat kursunun ilk buraxılışı oldu

 

Azərbaycan Turizm İnstitutunda bu təhsil ocağının Təlim Mərkəzinin təşəbbüsü və rəhbərliyi ilə təşkil edilən Otellərdə ön büro qeydiyyat kursunun ilk müdavimlərinə sertifikatların verilməsi və "İROTEL" Mərkəzi arasında əməkdaşlıq haqqında müqavilənin imzalanması mərasimi keçirilmişdir.

Tədbiri giriş sözü ilə ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov açaraq 2011-ci ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Turizm ili" elan olunmasını qeyri - neft sektoruna ölkə rəhbərinin xüsusi diqqət və qayğısı kimi dəyərləndirmişdir. Rəhbərlik etdiyi ali təhsil ocağının yurdumuzun turizm sənayesinə verə biləcəyi yeniliklərdən söz açan rektor, eyni zamanda, Avropanın nüfuzlu ali təhsil müəssisələri ilə əlaqələrin, həmçinin qarşılıqlı tələbə mübadiləsinin əhəmiyyətindən danışmış, ali turizm təhsilli mütəxəssis və bacarıqlı xidmət personalının hazırlanması mexanizmi barədə tədbirdə iştirak edənləri məlumatlandırmışdır. Toplantıda qeyd olunmuşdur ki, ATİ yarandığı gündən turizm sənayesinin müasir tələblərinə cavab verə biləcək peşəkar kadr hazırlığını strateji hədəf seçmişdir.

Cəfər müəllim bildirmişdir: "Məqsədimiz budur ki, paytaxtla yanaşı, bölgələrdə fəaliyyət göstərən turizm müəssisələrində çalışanların peşəkarlıq səviyyəsinin yüksəldilməsinin təminatçısı funksiyasını yerinə yetirə bilək. Elə bu səbəbdən bölgələrdə qısa müddətli təlim kurslarının təşkilinə nail olmuşuq". Tədbirdə məlumat üçün bildirilmişdir ki, Təlim Mərkəzində həmçinin "bələdçilik", "turagent-turoperator", "aşbazlıq", "housekeeping" (təmizlik xidmətləri, camaşırxana), "qida və içki" (servis, bar, restoran) bölmələri üzrə kurslar keçirilir. "Otellərdə ön büro və qeydiyyat" kursunun təlimçisi Müzəffər Ağakərimov bu istiqamətli kursların təşkilinin vacibliyini bildirmiş və ATİ Təlim Mərkəzinin ilk müdavimlərini təbrik etmiş, onlara uğurlar arzulamışdır.

Sonra "İROTEL" Beynəlxalq Turizm İstehsalat Təcrübəsi Mərkəzinin direktoru Natiq Xəlilov və ATİ-nin rektoru C.Cəfərov mərkəz ilə institut arasında əməkdaşlıq haqqında müqavilə imzalamışlar. Müqaviləyə görə turizm ixtisası üzrə təhsil alan tələbələr üçün 8 proqram üzrə istehsalat təcrübəsi təlimləri keçiriləcək. Təlimlərin sonunda xüsusi qaydada təşkil olunacaq imtahanın nəticələrinə əsasən tələbələrə beynəlxalq sertifikatlar veriləcək.

Tədbirin sonunda rektor C.Cəfərov ATİ Təlim Mərkəzinin "Otellərdə ön büro və qeydiyyat" kursunun ilk müdavimlərinə sertifikatlar təqdim etmiş və gələcəkdə görəcəkləri hər bir işdə onlara müvəffəqiyyətlər arzulamışdır.

 

 

Z. BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2011.- 20 may.- S. 7.