Azərbaycan Avropanın musiqi məkanını fəth etdi

 

Avropanın ictimai teleradio yayımlarını birləşdirən Avropa Yayımları İttifaqının 1956-cı ildən bəri hər il keçirdiyi "Eurovision" telemusiqi müsabiqəsinin builki yarışmasında Azərbaycanın möhtəşəm qələbəsi xalqımıza və onun dostlarına sonsuz sevinc yaşatmaqdadır. Azərbaycan təmsilçiləri Eldar Qasımovun və Nigar Camalın istedad və məharətinin beynəlxalq musiqi müsabiqəsində ən yüksək nəticə - 221 balla qiymətləndirilməsi Azərbaycan mədəniyyətinin yüksəldiyi səviyyənin göstəricisi olaraq ölkəmizə layiqli imic gətirdi.

 

Yarışma başa çatsa da onun doğurduğu güclü əks-səda hələ uzun müddət eşidiləcək. Qarşıdakı 1 il növbəti "Eurovision" yarışımasına ev sahibliyi edəcək Azərbaycan üçün məsul hazırlıq dövrü olacaq. Bir ildən sonra "Eurovision" mərkəzi kimi, Azərbaycan dünyanın diqqət mərkəzinə çevriləcək.

Beynəlxalq müsabiqənin təşkilində fəal iştirak etmiş, yarışmanın keçirildiyi Almaniyanın Düsseldorf şəhəri ilə Azərbaycan arasında canlı körpü yaratmış İctimai Teleradio Yayımları Şirkəti bu günlər xalqımızın qələbə sevincini də yaxın-uzaqlara yayır. İctimai Teleradio Yayımları Şirkətinin baş direktorunun birinci müavini Çingiz Aslanovla müsahib olduq:

- Şirkətimiz fəaliyyətə başlayandan az sonra Avropa Yayımları İttifaqı ilə əməkdaşlığa başladıq. Bu quruma üzv olmaqda onun təşkil etdiyi "Eurovision" yarışmasına qatılmaq hüququ qazandıq. Keçən illərdəki uğurlarımız xalqımıza məlumdur. Builki müsabiqədə məqsəd yalnız qalib gəlmək idi. Ötən müddətdə qalib gəlməyin yollarını, tələblərini incəliklərinə qədər öyrənmişik. Ən əsası, qalib gəlməyi bacaran ifaçıları tapdıq, dostlarımızı da buna inandırdıq.

Şirkətimizin baş direktoru İsmayıl Ömərov Almaniyaya gedəndə qətiyyətlə bildirdi ki, biz Vətənə qələbə ilə dönəcəyik. Bu qələbə xalqımıza çox lazım idi. Həm dünyada özümüzü təsdiq etmək, həm də xalqımıza layiq olduğu sevinci yaşatmaq çox zəruri idi. Prezident İlham Əliyev, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva təşkilati və hazırlıq işlərində nə lazımdırsa yüksək səviyyədə etdilər. Eldarla Nigarın bu qələbəsini xalqımıza onlar bəxş etdilər.

Bəstəkar, xalq artisti, Faiq Sücəddinov bildirdi:

- Mən Eldarı istedadlı bir gənc kimi tanıyıram. Böyük Teatr xadimləri Abbasmirzə Şərifzadənin və Mərziyə Davudovanın nəticəsi, genetik varisi kimi əsl sənət adamıdır. Nigar da onun layiqli tərəfdaşı olmağı bacardı. Hədəf aydın seçiləndə, hazırlıq yüksək səviyyədə olanda, şərait düzgün qiymətləndiriləndə, məsuliyyət yetərincə olanda qələbə qaçılmazdır.

Akademik Teymur Bünyadovun telefonla dedikləri də günün gerçəkliyidir:

- Balalarımızın qələbəsinə bu ahıl yaşımda uşaq kimi sevinirəm. Bu, böyük mədəni hadisədir və Azərbaycanın son illərdəki iqtisadi-sosial yüksəlişi üzərində mümkün olmuşdur. İqtisadi inkişaf sürətinə görə neçə ildir öndə gedən ölkəmiz bu öncüllüyü mədəni sahədə də qazanır. Bu qələbədə bizim Qarabağ münaqişəsində qalib gəlməyimizin kiçik bir modelini görürəm. Özümüz qalib gəlməyə hazır olmalıyıq, buna mane olmaq istəyənləri isə kənarlaşdırmalıyıq, dostlarımızın dəstəyini qazanmayılıq. Biz artıq qalib gəlməyin açarını tapmışıq. Xalq bugünkü qələbəyə hamılıqla sevindiyi kimi, sabahkı qələbəyə də bir nəfər kimi hazır olmalıdır. Xalqımızın gözü aydın olsun!

Almaniyada yaşayan jurnalist həmkarımız Svetlana İsmayılova isə telefonla bunları dedi:

- Müsabiqədə Azərbaycanın qələbəsi məlum olan andan Almaniyada yaşayan soydaşlarımızın və türk qardaşlarımızın sevinci bir-birinə qarışmışdır. Hamı bir-birini bağrına basır, təbrik edir. Bu, Azərbaycan mədəniyyətinin böyük qələbəsidir. Artıq Azərbaycan təkcə Şərqin deyil, həm də Qərbin parlayan ulduzudur. İnşallah, bundan sonra Qarabağ savaşında qələbəmiz gəlir. Azərbaycanın qədim, mədəni, sülhsevər xalqı hər cür qələbəyə layiqdir. Qoy bu musiqi qələbəsi daha böyük uğurların müjdəsi olsun!

 

 

T.AYDINOĞLU

 

Xalq qəzeti.- 2011.- 20 may.- S. 6.