Qadınların
fəallığı yüksəlir
Astarada rayonun fəal qadınları ilə görüş
keçirilmişdir
Görüş
iştirakçıları əvvəlcə ümummilli lider
Heydər Əliyevin abidəsi önünə gül dəstələri
qoymuş, sonra Heydər Əliyev Mərkəzini ziyarət
etmişlər.
Tədbir
rayon icra hakimiyyətinin geniş zalında davam
etdirilmişdir. İcra hakimiyyətinin başçısı
Taleh Qaraşov qadınlarla bu görüşün vacibliyini
qeyd etmiş, rayonun sosial-iqtisadi inkişafı ilə əlaqədar
görüləcək işlər və mövcud problemlərlə
bağlı fəal qadınların sözünə, arzu, təklif
və rəylərinə ehtiyac olduğunu bildirmişdir. Qeyd
olunmuşdur ki, hər bir cəmiyyətin ictimai-siyasi həyatında,
dövlətin və dövlətçiliyin möhkəmlənməsində
qadınların rolu əvəzsizdir. Azərbaycan
qadını haqqında, onun şərəfli, zəngin
ömür yolu, fədakarlığı və misilsiz
şücaəti barədə neçə-neçə əsərlər
yazılmışdır. Qədim tarixdən indiyədək
Azərbaycan qadınları bütün məsul vəzifələrdə
ləyaqətlə çalışmış, müstəsna
xidmətləri ilə tarix yazmışlar. Keçmişdə
də, bu gün də Azərbaycanda qadın hörmət və
izzət sahibi hesab edilmişdir. 1918-ci ildə Azərbaycan Xalq
Cümhuriyyəti yarananda onun ilk tədbirlərindən biri
qadınlara seçmək və seçilmək hüququnun
verilməsi olmuşdur.
Bu
gün həyatımızın bütün sahələrində
qadınlar böyük rol oynayırlar. Ulu öndər Heydər
Əliyev həmişə Azərbaycan qadını
haqqında xöş sözlər söyləmiş,
qadınlara inanmış, onları cəmiyyətin
dayağı hesab etmişdir. Müstəqillik dövründə
də qadınların fəal mövqe tutmalarına ulu öndər
xüsusi önəm vermişdir. Onun siyasi kursunun layiqli
davamçısı, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev də bu ənənəni davam
etdirir.
Rayon
Qadınlar Şurasının sədri Bəsti Əliyeva, təhsil
şöbəsinin müdiri Qızbəs Məmmədova, Səncərədi
icra nümayəndəliyindən Sakitə Əliyeva, Dövlət
Sığorta Filialının müdiri İlhamə Həşimova,
Təhsil İşçiləri Həmkarlar İttifaqı
rayon təşkilatının sədri Laləzar Qurbanova,
Şahağac icra nümayəndəliyindən Solmaz Mirzəyeva,
Kijəbə qəsəbə orta məktəbinin müəllimi
Girdənaz Məmmədova çıxış edərək
rayon qadınlarının ictimai-siyasi həyatda fəal mövqeyi,
yeniyetmə və gənclərin tərbiyəsində
mühüm rolu haqqında geniş məlumat vermiş,
onları narahat edən məsələlər barədə təklif,
rəy və arzularını bildirmişlər. Qeyd
olunmuşdur ki, rayonun ümumtəhsil məktəblərində
müəllimlərin 1226-sı, səhiyyə müəssisələrində
həkim və kiçik tibb işçilərinin 718-i, mədəniyyət
sahəsində çalışanların 267-si
qadındır.
Tədbirdə
rayonda qadınların işlə təmin olunmasından
ötrü tikiş və toxuculuq fabriklərinin
açılması, qızların asudə vaxtının səmərəli
təşkili üçün müvafiq şəraitin
yaradılması, gənclərin zərərli vərdişlərə
meylinin qarşısının alınması, narkomaniyaya
qarşı mübarizənin daha təsirli aparılması ilə
bağlı təkliflər irəli
sürülmüşdür.
İcra
başçısı Taleh Qaraşov tədbirə yekun
vuraraq görüşdən razı qaldığını,
burada qaldırılan bütün məsələlərin
yerinə yetirilməsi üçün rayon ictimaiyyəti ilə
birlikdə ciddi səy göstəriləcəyini
bildirmişdir.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2011.- 21 may.- S. 6.