Məktəbəqədər təhsil müəssisələrindəki mövcud vəziyyət müzakirə olunub

 

Məktəbəqədər təhsillə bağlı keçirilən müşavirədə təhsil naziri Misir Mərdanov, nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov, məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, idarənin məsul əməkdaşları və paytaxtın məktəbəqədər təhsil müəssisələrinin müdirləri iştirak ediblər.

 

Müşavirəni təhsil naziri Misir Mərdanov açaraq ölkədə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin dövlət başçısı cənab İlham Əliyev tərəfindən diqqətdə saxlanılan başlıca məsələlərdən biri olduğunu nəzərə çatdırıb. Bu istiqamətdə görülən işlərdən söz açan nazir korrupsiyaya qarşı mübarizə ilə bağlı Təhsil Nazirliyi tərəfindən də davamlı tədbirlərin həyata keçirildiyini bildirib.

Məktəbəqədər təhsilin inkişafı ilə bağlı son illər bir sıra işlərin görülməsindən bəhs edən Misir Mərdanov bir çox yeni bağçaların tikildiyini və ya əsaslı təmir olunduğunu söyləyib. Təhsil naziri "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 may 2011-ci il tarixli sərəncamının məktəbəqədər təhsil sahəsində nəzərdə tutulmuş işlərin davamlı olaraq aparılmasına daha geniş imkanlar yaradacağına ümidvar olduğunu qeyd edib.

Nazir təhsil sahəsində əldə olunan uğurlarla yanaşı, bir sıra problem və çatışmazlıqların hələ də mövcud olduğunu təəssüf hissi ilə nəzərə çatdırıb. Məktəbəqədər təhsil müəssisələrindəki neqativ halların aradan qaldırılması istiqamətində ciddi tədbirlərin həyata keçirildiyini önə çəkən təhsil naziri bu məsələnin daim ciddi nəzarətdə saxlanıldığını vurğulayıb.

Misir Mərdanov Bakı şəhərinin məktəbəqədər təhsil müəssisələri ilə bağlı 2011-ci ilin yanvar-may aylarında Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə daxil olan müraciətlər barədə məlumat verib. Cari ildə paytaxtın məktəbəqədər təhsil müəssisələrində baş verən xoşagəlməz hallarla əlaqədar "Qaynar xətt" xidmətinə 50 müraciətin daxil olduğunu söyləyən nazir həmin bağçalardakı mövcud vəziyyətə dair konkret faktlar sadalayıb. Qeyd olunan məktəbəqədər təhsil müəssisələrindəki durumla bağlı kəskin narazılığını bildirən təhsil naziri bağça müdirlərinə ciddi xəbərdarlıq edib, mövcud nöqsanların tezliklə aradan qaldırılması ilə bağlı konkret təkliflər irəli sürüb. Nazir, həmçinin bağça rəhbərlərinə işlərində dönüş yaratmalarını, məsuliyyət hissini artırmalarını tapşırıb. Xüsusilə vətəndaşların daha çox şikayət etdiyi uşaq bağçalarının fəaliyyətinə toxunan Misir Mərdanov Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinə bu məktəbəqədər təhsil müəssisələrinin işində dönüş yaratmaq barədə müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlarını verib. Təhsil naziri, eyni zamanda, müvafiq qurumların bu sahə üzrə məsul əməkdaşlarının Bakıdakı məktəbəqədər təhsil müəssisələrində olmalarını, valideynlərlə görüşlərin keçirilməsini tövsiyə edib.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2011.- 21 may.- S. 7.