Hüquq elmi və
təhsilinin müasir problemləri və onların həlli
yolları
AMEA-nın Fəlsəfə, Sosiologiya və
Hüquq İnstitutunda keçirilən beynəlxalq elmi-nəzəri
konfrans bu aktual problemin müzakirəsinə həsr
olunmuşdu. Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr
edilmiş beynəlxalq tədbirin təşkilatçıları
AMEA-nın Rəyasət Heyəti və Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutu idi.
Konfransı
giriş sözü ilə açan Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor
İlham Məmmədzadə dünyanın səkkiz ölkəsini
- Azərbaycanla yanaşı, Türkiyəni, Amerika Birləşmiş
Ştatlarını, Almaniyanı, Yaponiyanı, Rusiyanı,
İran İslam Respublikasını və Gürcüstanı
təmsil edən görkəmli alim, hüquqşünas və
mütəxəssislərin müzakirəsinə çıxarılmış
mövzunun aktuallığını vurğulayaraq, bu problemin
həllinə ölkəmizdə dövlət səviyyəsində
diqqət yetirildiyini bildirdi. Qeyd etdi ki, ölkə Prezidenti
İlham Əliyevin modernləşmə kursu elmin və təhsilin
inkişafı sahəsində qarşıya mühüm vəzifələr
qoyur. Təsadüfi deyildir ki, bu yaxınlarda Milli Elmlər
Akademiyasının illik hesabat yığıncağında
etdiyi çıxışında dövlət
başçısı fundamental elmlərlə yanaşı,
ictimai elmlərin də inkişafının son dərəcə
əhəmiyyətli və vacib olduğunu diqqətə
çatdırdı. Bu problemdən danışarkən
ölkə Prezidenti gənclərin elmi tədqiqatlara cəlb
edilməsinə xüsusi önəm verildiyini, dövlətin
gənclər siyasəti proqramının hazırlanması
üzərində iş aparıldığını
vurğuladı. O, haqlı olaraq qeyd etdi ki, tarixi ənənələr
və varislik prinsipləri kontekstində bu gün gənclərin
yüksək təhsilə sahib olmalarına və sanballı
elmi tədqiqatlara cəlb edilmələrinə müstəqil
Azərbaycanın gələcək inkişafının əsası
kimi yanaşılmalıdır.
Elmin inkişaf strategiyasına dair Dövlət Proqramının və ölkə Prezidenti cənab İlham Əliyevin Milli Elmlər Akademiyasının hesabat yığıncağında qarşıya qoyduğu mühüm vəzifələri uğurla həyata keçirmək üçün, heç şübhəsiz , yeni elmi metodların və metodologiyaların işlənib hazırlanması ilə yanaşı, elmi əlaqələrin və əməkdaşlığın genişlənməsi məqsədilə elmin müxtəlif sahələrində birgə konfransların, müzakirələrin, elmi seminarların, fikir mübadilələrinin aparılmasının mühüm əhəmiyyəti vardır. Elə buna görə də bu gün bizim hüquqşünas-alimlərimizin dünyanın qabaqcıl ölkələrindən gələn görkəmli həmkarları ilə birlikdə keçirdiyi bu beynəlxalq konfransın müstəsna əhəmiyyəti var. Hüquqi, demokratik, dünyəvi dövlət quran gənc Azərbaycan Respublikasında hüquq elminin və təhsilinin ən aktual problemlərinin müəyyən edilməsi, üzə çıxarılması, dünyanın qabaqcıl hüquqşünas-alimləri ilə, tədqiqatçılarla və müəllimlərlə birlikdə müzakirə etməsi, müəyyən optimal yolların seçilməsi, nəzəriyyə və təcrübənin sıx əlaqələndirilməsi, heç şübhəsiz, öz faydasını verəcəkdir. Bu problemlər çətin və məsuliyyətlidir. Lakin ulu öndərin tövsiyə və göstərişdəri, onun siyasi kursuna sadiq olan ölkə Prezidenti cənab İlham Əliyevin modernləşmə kursu bu problemlərin uğurlu həlli üçün bizə ən yaxşı bələdçi idi. Bugünkü konfrans səylərimizi birləşdirmək, istiqamətləri düzgün seçmək və onu uğurla başa çatdırmaq baxımından böyük əhəmiyyət kəsb edir.
Hazırda ölkənin modernləşmə kursu bizdən tələb edir ki, təhsilin və elmin ən yüksək inkişafını və tərəqqisini təşkil və təmin etməklə cəmiyyət və dövlət quruculuğunun uğurla başa çatdırılmasına öz töhfələrimizi verək. Elmi tədqiqatlara münasibət kökündən dəyişməli, onun beynəlxalq standartlara uyğunlaşdırılmasına, elmi əməkdaşlığın genişləndirilməsinə, elmi tədqiqatların nəticələrindən təcrübədə istifadə edilməsinə diqqət artırılmalıdır. Bu gün qloballaşma şəraitində iqtisadi inkişafın, siyasətin, strategiyanın Azərbaycan modelinin tədqiqi dünyada böyük maraq doğurur. Bu baxımdan hesab edirəm ki, Azərbaycan cəmiyyətində təşəkkül tapan fəlsəfi, sosioloji, hüquqi proseslərin Azərbaycan modelinin tədqiqinə də zərurət vardır.
Dünyada gedən qlobal proseslər, Azərbaycanın geostrateji mövqeyi, yüksək inkişaf tempi, əhalinin maddi rifah halının gündən-günə yüksəlməsi, cəmiyyətdə gedən proseslərin dərk edilməsi, tənzimlənməsi və düzgün istiqamətə yönəldilməsi hüquqi dövlətin və vətəndaş cəmiyyətinin təşəkkülü ictimai və humanitar elmlər qarşısında mühüm vəzifələr qoyur. Əmin edirəm ki, institutumuzun filosof, sosioloq və hüquqşünasları tarixi ənənələrə və qabaqcıl elmi nailiyyətlərə söykənərək öz fəaliyyətlərini bir daha tənqidi təhlil edəcək və bugünkü konfransın ruhu baxımından daha fəal alim, daha fəal vətəndaş mövqeyi tutacaqlar.
İ.Məmmədzadə konfransın işinə uğurlar arzulayaraq, sözü AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Haşımova verdi.
Akademik A.Haşımov beynəlxalq elmi-nəzəri konfransın bütün iştirakçılarını, dünyanın müxtəlif ölkələrindən gəlib tədbirə qatılan qonaqları - görkəmli hüquqşünas alimləri, mütəxəssisləri salamlayaraq, onlara uğurlar arzuladı. O bildirdi ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin həm Sovet hakimiyyəti, həm də müstəqillik illərində elmin, xüsusilə hüquq elminin inkişafı sahəsində yeritdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan Milli Elmlər Akademiyası qorunub saxlanılmış, onun fəaliyyət dairəsi xeyli genişləndirilmiş və səlahiyyətləri artırılmışdır. Azərbaycan Respublikasının Konstitusiyasında hüquq elminin daha da təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması, gələcəkdə onun inkişaf yolları müəyyənləşdirilmişdir.
Digər sahələrdə olduğu kimi, dövlətin elm siyasəti sahəsində də ümummilli liderimiz Heydər Əliyevin ənənələrini davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin ölkənin elmi potensialının qorunması, inkişaf etdirilməsi, AMEA işçilərinin maddi rifah halının yaxşılaşdırılması, onun strukturunun təkmilləşdirilməsi, milli cəmiyyət və demokratik dövlət quruculuğu işində elmi potensialdan səmərəli istifadə olunması barədə imzaladığı sərəncamlar bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir.
Azərbaycan elmi bu gün dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya və strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın prinsiplərinə və tələblərinə uyğun fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın bu yaxınlarda keçirilmiş illik ümumi yığıncağındakı çıxışında elmin inkişafı ilə bağlı söylədiyi fikirləri konfrans iştirakçılarının diqqətinə çatdırıram. Cənab İlham Əliyev dedi: "Akademiyada Azərbaycanın intellektual elitası cəmlənib. Akademiyanın inkişafı Azərbaycanda elmin inkişafına birbaşa təsir göstərir. Əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, həmin ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Biz də ölkəmizdə müxtəlif istiqamətlərdə islahatlar apararkən müasirləşməyə üstünlük veririk. Müasir dövlətin qurulması elmin inkişafı olmadan mümkün deyildir. Biz elə etməliyik ki, Azərbaycan elmi inkişaf etsin, yaşasın və Azərbaycan dövlətinə, Azərbaycanın milli maraqlarına həmişə olduğu kimi xidmət etsin."
Bugünkü beynəlxalq elmi- nəzəri konfrans da, əslində, möhtərəm Prezidentimizin qarşıya qoyduğu vəzifələrin icrası baxımından əhəmiyyətlidir. Sizə bu mühüm tədbirin həyata keçirilməsində uğurlu nəticələr arzulayıram.
Bundan sonra məruzələr başlandı.
BDU-nun kafedra müdiri, AMEA-nın müxbir üzvü, hüquq elmləri doktoru Məsumə Məlikova "Elmin inkişafı üzrə "Dövlət Proqramı"ndan irəli gələn vəzifələr hüquq elminin əsas inkişaf istiqamətləri və yeni yanaşmalar" mövzusunda məruzə etdi. O dedi:
Azərbaycanda demokratik dəyişikliklər, xüsusilə də dövlət-hüquqi quruculuq sferasında aparılan islahatlar ictimai və humanitar elmlərin qarşısında həllinin Azərbaycan dövlətçiliyinin, onun hüquqi əsaslarının möhkəmləndirilməsi və inkişafına kömək edəcək bir sıra vəzifələri irəli sürür.
Azərbaycan Respublikası Prezidentinin 4 may 2009-cu il tarixli "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın və bu strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncamından irəli gələn müddəaların reallaşdırılması üzrə vəzifələrin keyfiyyətli həlli məqsədilə ictimai elmlərdə, o cümlədən hüquqşünaslıqda zamanla ayaqlaşan prioritet elmi istiqamətləri aydınlaşdırmaq zəruri hesab olunur. Yeni elmi istiqamətlərlə bağlı olan problemlərin həlli isə ictimai və humanitar elmlərin müxtəlif sahələrinin alimlərinin (filosofların, hüquqşünasların, sosioloqların, psixoloqların), müəyyən mövqelərdə isə təbiət elmlərinin nümayəndələrinin (riyaziyyatçıların, fiziklərin) səylərinin birləşdirilməsi yolu ilə mümkündür. Hüquqşünaslıqda yeni elmi istiqamətlərdən biri dövlət-hüquqi hadisələrin tədqiqi zamanı sinergetikanın - özütəşkilolunan, kortəbii, təsadüfi proseslər haqqında təlimin müddəalarının tətbiqidir. Məlumdur ki, bu təlimin əsası təbiət elmləri tərəfindən qoyulmuşdur (termin 1970-ci ildə alman nəzəriyyəçi-fiziki German Haker tərəfindən tətbiq edilmişdir). Sonralar sinergetika ideyaları ictimai elmlər, ilk növbədə fəlsəfə tərəfindən dünyanın dərk edilməsində, inkişafda olan ictimai sistemlərin izahında fənlərarası metodologiya qismində tanınmışdır.
Bu gün sinergetika özünün tətbiqi sferasını əhəmiyyətli dərəcədə genişləndirmişdir. O, hüquqşünaslıqda da böyük çəkiyə malikdir. Hüquqi təzahürlərin açılmasının instrumentariyası kimi onun qaydalarından istifadəyə doğru addımlar atılmaqdadır. Hüquqi ədəbiyyatda qeyd olunduğu kimi, ümumiləşdirmənin maksimal səviyyəsinə iddialı olan ümumi fəlsəfi paradiqmaları qismində o, bütün dünyadakı bütün sistemli prosesləri əhatə etməlidir.
Bu problemə hüquqşünasların
marağı məntiqidir. Müasir Azərbaycanda intensiv
hüquqyaratma prosesi gedir. Dövlətin hüquqi
bazasının yaradılmasının sürətli templəri,
tənzimlənən ictimai münasibətlərin dairəsinin
genişləndirilməsi, hüququn kompromis
funksiyalarının yerinə yetirilməsi müəyyən
hallarda "qısamüddətli" normaların qəbulu,
qanunvericilik sistemində kolliziyaların, boşluqların
yaranması və s. ilə şərtlənir. Bu
prosesdə buraxılan nöqsanlar və
çatışmazlıqlar yeni metodologiyaların işlənib
hazırlanmasını, müəyyən edilməsini gündəmə
gətirir ki, onların da tətbiqi mümkün
çatışmazlıqları aradan qaldıra bilər.
Ənənəvi üsullardan istifadə ilə
yanaşı, sinergetikanın metodoloji qaydalarına (qeyri-müvazinətilik,
bifurkasiyalar, qeyri-xəttilik, faza keçidləri, cüzi təsirlilik
və digərləri) müraciət edilməsinə bəraət
vermək olar.
Baxılan sistemdə insanın davranış faktoru ilə
bağlı olan və onun hüquqa, qanunlara neqativ münasibətində,
etinasızlığında ifadə olunan ən
ağrılı problemlərdən biri - hüquqda nihilizm
problemi kimi təhtəlsistem ayırd edilə bilər.
Nihilizm
(latınca "nihil" - heç nə, heç bir şey)
sosial təzahür kimi bir sıra obyektiv və subyektiv səciyyəvi
faktorla şərtləndirilir ki, onların da sırasına
insanın sosial cəhətdən arzuolunmaz
davranışını determinasiya edən sosial-iqtisadi, onun
hüquq və azadlıqlarının kifayət etməyəcək
səviyyədə hüquqi müdafiəsi,
hüquq-mühafizə orqanlarında yol verilən
süründürməçilik, insanın şəxsiyyətinə
hörmət bəsləməmə (hüquqi etikanın
pozulması), insanın hüquqi məlumatsızlığı,
hüquqi mədəniyyətinin aşağı səviyyədə
olmasını və digərlərini aid etmək olar.
Hüquqi
nihilizm özünün müxtəlif təzahürlərində:
qanuna etinasızlıq, hörmət bəsləməmə,
neqativ münasibət, şəkkaklıq, skeptisizm, hüquqi
pessimizm və s. elmi ədəbiyyatda qeyd olunduğu kimi,
insanın hüquq düşüncəsinin deformasiyasında
ifadə olunan neqativ sosial hadisədir.
Hüquq düşüncəsini onun deformasiyası kimi
nəzərdən keçirən bir sıra mövqelər
elmi mübahisə predmetinə çevrilə bilər. Belə ki,
göstərilmiş xarakteristika tam şəkildə işlənməmişdir
və burada, fikrimizcə, vacib faktorlar nəzərə
alınmamışdır. Xüsusilə də
hüquqi nihilizmin tədqiqi zamanı hüquq
düşüncəsinin struktur elementlərinin - hüquqi
ideologiyanın və hüquqi psixologiyanın hüquqi
nihilizmin formalaşmasında müxtəlif, bəzən
ziddiyyətli rollarının aşkara
çıxarılması üçün ayrılmasından
başlamaq lazımdır.
Azərbaycan
Respublikası təhsil nazirinin müavini, tarix elmləri
doktoru, professor İradə Hüseynova "Heydər Əliyev
və Azərbaycan dövlətçiliyi" adlı məruzəsində
qeyd etdi ki, XXI əsrin başlanğıcında Azərbaycanın
müstəqil dövlət kimi bölgədə və
dünyada layiqli yerini tapması, regional liderliyini təmin etməsi,
iqtisadi sahədə keçid dövrünü uğurla
başa vurması da məhz ümummilli lider, dünya
şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin
uzaqgörən siyasətinin nəticəsidir. XX əsr Azərbaycan
tarixinin fenomen şəxsiyyəti olan ümummilli lider
xalqı tarixən can atdığı müstəqillik
idealına qovuşdurmuş, mütərəqqi tarixi ənənə
əsasında yeni dövlətçilik konsepsiyasını
irəli sürmüşdür.
Dövlət idarəçiliyi sahəsində zəngin
təcrübəyə malik ümummilli lider xarici siyasətdə
yol verilmiş səhvlərin aradan qaldırılması
istiqamətində qətiyyətli addımlar ataraq birinci
növbədə, qonşu dövlətlərlə münasibətləri
sahmana salmağa çalışmış,
balanslaşdırılmış xarici siyasət yeritməklə
respublikamızın geosiyasi rəqabət meydanına
çevrilməsinə yol verməmişdir. "Respublikamızın
qarşısında duran əsas vəzifələrdən biri
Azərbaycanın mənafeyinin dünya miqyasında müdafiə
edə bilən ağıllı, səriştəli xarici
siyasətin yeridilməsidir. Vəzifə dünyanın
bütün dövlətləri ilə bərabərhüquqlu,
qarşılıqlı-faydalı əlaqələr yaratmaq və
inkişaf etdirməkdən, bu əlaqələrin həm Azərbaycan
Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək
üçün, həm də respublikanın
iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf
etdirmək üçün səmərəli istifadə etməkdən
ibarətdir" - deyən ümummilli lider həmçinin
bildirmişdir ki, müxtəlif dövlətlərlə və
beynəlxalq təşkilatlarla qarşılıqlı
faydalı əməkdaşlıq əlaqələrinin
qurulması, Avratlantik məkana inteqrasiya, sivil Qərb dəyərlərinin
mənimsənilməsi Azərbaycanın xarici siyasət
prioritetləri sırasında mühüm yer tutur.
Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik
qarşısında ən böyük, misilsiz xidmətlərindən
biri də müstəqil Azərbaycanın yeni neft
strategiyasının hazırlanması və 1994-cü ildən
uğurla həyata keçirilməsidir. Miqyasına görə XX əsrin
analoqu olmayan qlobal layihələrindən biri kimi alternativ
enerji mənbələri axtarışında olan müasir
dünyanın yeni geoiqtisadi xəritəsinin müəyyənləşməsinə
əsaslı təsir göstərən "Əsrin
müqaviləsi" Azərbaycanın siyasi və iqtisadi cəhətdən
möhkəmlənməsinə, beynəlxalq iqtisadi münasibətlər
sisteminə sürətli inteqrasiyasına da təkan
vermişdir.
Azərbaycanın beynəlxalq aləmə
inteqrasiyası baxımından hüquqi dövlət və vətəndaş
cəmiyyəti quruculuğu siyasətini də diqqət mərkəzində
saxlayan ümummilli lider bu istiqamətdə mühüm
islahatların həyata keçirilməsini təmin
etmişdir. Böyük strateq hər bir fərdin maraq və mənafelərini
təmin etmədən, ədalət meyarını qorumadan
güclü dövlət yaratmağın
mümkünsüzlüyünü nitqlərində
vurğulamış, vətəndaşlara göstərilən
hüquqi yardımın səviyyəsinin müntəzəm
surətdə artırılmasının əsas təşəbbüskarı
kimi çıxış etmişdir. Ulu öndərin rəhbərliyi
altında hazırlanaraq 1995-ci il noyabrın 12-də
ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş
müstəqil Azərbaycan Respublikasının
Konstitusiyası dövlətimizin tarixində hakimiyyət
bölgüsü prinsipini, demokratik hüquqi və dünyəvi
dövlət quruculuğunun hüquqi əsaslarını,
insan hüquq və azadlıqlarının qeyri-şərtsiz
təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan demokratik, hüquqi, dünyəvi
dövlət kimi ilk dəfə olaraq insan
hüquqlarının prioritetliyini və hakimiyyət
bölgüsünü özünün gələcək
inkişaf yolu kimi seçmişdir.
Konstitusiyanın qəbulundan sonra müstəqil Azərbaycanda
çoxpartiyalı sistem, siyasi plüralizm, söz, mətbuat
və sərbəst toplaşmaq azadlığı bərqərar
olmuş, dövlət idarəçilik sistemi tamamilə yenidən
qurulmuş, məhkəmə-hüquq islahatları uğurla
davam etdirilmişdir. Ölkənin idarəetmə sistemində
siyasi mədəniyyət elementləri güclənmiş,
icra hakimiyyəti orqanlarının işinin dinamikliyi
artmış, yerli özünüidarə orqanları
formalaşmışdır. Eyni zamanda, ulu öndərin
respublikaya rəhbərliyi illərində ölüm cəzasının,
mətbuat üzərində siyasi senzuranın ləğvi, Azərbaycanın
Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi,
respublikada üçpilləli məhkəmə sisteminin
formalaşdırılması, Konstitusiya Məhkəməsinin
fəaliyyətə başlaması, İnsan Hüquqları
üzrə Müvəkkil institutunun yaradılması demokratik
inkişaf yolunda əldə etdiyimiz mühüm nailiyyətlərdəndir.
Ulu öndər Heydər Əliyev birləşdirici
qüvvə kimi respublikamızdan kənarda güclü diaspor
və lobbi təşkilatlarının
formalaşdırılmasına da xüsusi qayğı ilə
yanaşmışdır. Onun Vətən və
xalq qarşısında göstərdiyi böyük xidmətlərdən
biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi
baxımından çox əhəmiyyətli olan azərbaycançılıq
ideyasını irəli sürməsi, milli birlik meyillərini
daha da dərinləşdirməsidir. 2001-ci il noyabrın
9-10-da Bakıda Dünya Azərbaycanlılarının I
qurultayının keçirilməsi, ümummilli lider Heydər
Əliyevin fərmanı ilə Xarici Ölkələrdə
Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsinin yaradılması da milli həmrəyliyə nail
olmaq amalının Azərbaycanın dövlət siyasətinin
tərkib hissəsinə çevrildiyini nümayiş etdirir.
İndi Heydər Əliyev cismən həyatda olmasa da, bu
gün əminliklə deyə bilərik ki, onun ölməz
ideyaları xalqımızın mütərəqqi inkişaf
yoluna parlaq işıq saçır, hər bir azərbaycanlını
vahid məram və məqsədlər ətrafında
toplayır. Həm
də onunla təsəlli tapırıq ki, ulu öndərin
möhtərəm Prezident İlham Əliyev kimi müasir
dünya siyasətinin incəliklərini dərindən bilən,
xalqının və dövlətinin maraqlarını daim uca
tutan, siyasətində hər bir vətəndaşın mənafeyini
nəzərə alan, bir sözlə, hər vədini əməli
işi ilə doğruldan layiqli siyasi davamçısı var.
Ölkəyə rəhbərlik etdiyi müddətdə qəbul
etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar
cənab İlham Əliyevin daim xalqın mənafeyindən
çıxış etdiyini, habelə verdiyi vədlərin
sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini,
reallığa adekvat olduğunu göstərmiş, onun ictimai
rəydə alternativsiz rəhbər kimi qəbul edilməsini
şərtləndirmişdir.
Prezident İlham Əliyevin fenomenal siyasi liderliyi sayəsində
Azərbaycan milli mənafelərini bəşəri miqyasda
müdafiə edə bilən praqmatik, çevik, təmkinli və
səriştəli xarici siyasətini yeritməyə nail
olmuşdur. Eyni zamanda, dünyanın bütün dövlətləri
ilə bərabərhüquqlu,
qarşılıqlı-faydalı əlaqələr yaratmaq və
inkişaf etdirməklə, Azərbaycanın heç bir
dövlətdən asılı olmadan tamamilə müstəqil
siyasət yeritməsini, beynəlxalq mövqelərinin güclənməsini
təmin etmişdir.
BDU-nun
hüquq fakültəsinin dekan əvəzi, hüquq elmləri
doktoru, professor Məhəmməd İmanlı "Hüquq təhsilinin
təkmilləşdirilməsi problemləri" mövzusunda
çıxış edərkən bildirdi ki, istər Sovetlər,
istərsə də müstəqillik dövründə Azərbaycanda
təhsilin inkişafının banisi ümummilli liderimiz Heydər
Əliyevdir. Məhz ümummilli liderimizin təşəbbüsü
ilə hazırlanmış və 1999-cu ildə təsdiq
olunmuş təhsil sahəsində İslahat Proqramı Azərbaycan
təhsilinin inkişafına verilən mühüm bir töhfədir.
Proqramda islahatların aşağıdakı strateji istiqamətlər
üzrə aparılması müəyyənləşdirilmişdi:
Normativ-hüquqi bazanın yaradılması sahəsində; təhsil
sisteminin strukturunda; kadr hazırlığı və təminatında;
təhsil sisteminin tədris, elmi-metodiki və informasiya təminatında;
təhsil sisteminin idarəolunmasında; təhsil sisteminin
maddi-texniki bazasında; təhsilin iqtisadiyyatında.
Proqram perspektiv inkişafı nəzərdə tutan uzun
müddət üçün qəbul olunmuşdu. Ulu öndərin
bu təşəbbüsü sanki qabaqlayıcı xarakter
daşıyırdı. Bundan 6 il
sonra Azərbaycanın ali təhsil sistemi Boloniya Bəyannaməsinə
qoşuldu. Ulu öndərin məlum islahat proqramının
icrasının sürətlənməsi və davamı kimi,
Prezident İlham Əliyev tərəfindən 2009-2013-cü
illərdə Azərbaycan Respublikasının ali
təhsil sistemində islahatlar üzrə Dövlət
Proqramının təsdiq edilməsi barədə sərəncam
imzalandı. Bu proqram Azərbaycan ali təhsil sisteminin Avropa təhsil
məkanına inteqrasiyası proseslərinin sürətləndirilməsi,
ali təhsilin məzmununun Boloniya prinsiplərinə uyğun
qurulması, ölkə iqtisadiyyatının inkişaf meyillərinə
müvafiq olaraq yüksək hazırlıqlı kadrlara tələbatın
ödənilməsi, həmçinin əhaliyə müasir
standartlar səviyyəsində ali təhsil almaq imkanı
yaradan səmərəli ali təhsil sisteminin
formalaşdırılması istiqamətlərini nəzərdə
tutur.
Bir-birini tamamlayan bu hər iki islahat proqramı
bütün elm sahələrinin qarşısında çox
ciddi vəzifələr qoyur. Hər iki proqramın məğzini
insan kapitalının inkişafının sürətlənməsi
təşkil edir. Bu isə yalnız təhsillə elmin
vəhdətində mümkün ola bilər.
Yeni qəbul olunmuş Təhsil haqqında Qanunda Azərbaycan
Respublikasının ali təhsil müəssisələrində
mütəxəssislər və elmi pedaqoji kadrların
hazırlığı 3 səviyyədə nəzərdə
tutulur: Bakalavriat, magistratura və doktorantura. Göründüyü
kimi istiqamətlərin ikisi elm yönümlüdür.
Bu mühüm sənədlər bütün elm sahələrində
olduğu kimi, hüquq elminin və təhsilinin də
müasir tələblərə və
çağırışlara uyğun inkişafına yeni
üfüqlər açdı. Hazırda hüququn
qarşısında həm təhsilin keyfiyyətinin yüksəldilməsi,
həm də elmi tədqiqatların aktivliyinin
artırılması istiqamətlərində həllini
gözləyən mühüm məsələlər durur.
Bu, həm qlobal, həm də lokal xarakterli problemlərdir.
Dünyada mövcud olan 20-yə yaxın qlobal
problemin 7-si sırf hüquq elminə aiddir. Bunlar
aşağıdakılardır: İntellektual mülkiyyət
hüququ; elektron ticarət hüquqları; beynəlxalq əmək
və miqrasiya normaları: sülhməramlılıq,
münaqişələrin çözülməsi və terrora
qarşı mübarizə; narkotiklərin qanunsuz dövriyyəsi;
ticarət, investisiya və rəqabət qayda-qanunları;
hamı üçün təhsil.
Hesab
edirik ki, lokal səviyyədə qarşıya qoyulan problemlər
bunlardır: hüquqi aspektdə insan, cəmiyyət və
dövlət münasibətlərinin optimallaşdırılması;
hüquq elminin normativ hüquqi aktlar layihələri və
konsersiyaların işlənməsində rolunun güclənməsi;
hüquq tədrisinin XXI əsrin tələblərinə
uyğun qurulması; həyat səviyyəsinin yüksəlməsinə
təminatın hüquqi mexanizmləri.
Azərbaycan
hüquq sisteminin effektivliyinin artırılması problemləri:
hüquq elmi və hüquq praktikası: uyğunluq problemi;
hüquq elminin fənlərarası inkişafı.
Hüquq elmi humanitar elmlər sahəsinə aid oldugu
üçün "fənlərarası yanaşma"
böyük əhəmiyyət kəsb edə bilər. "Fənlərarası"
dedikdə, müxtəlif elmlərin təmsilçiləri
bir masa ətrafında əyləşirlər. Eynən, müxtəlif millətlər BMT-yə
toplaşıb özlərinin milli hüquqları və
suverenliklərini bəyan etməklə qəsbkardan qorunmaq istəyirlər.
Hüquq bir elm kimi ya öz
anlayışlarında, ya da kənar elmlərin
anlayışlarında izah olunur. Bu
yönümdə tədrisin təşkili və elmi tədqiqatların
aparılması mühüm əhəmiyyət kəsb edə
bilər.
BDU-nun
cinayət hüququ kafedrasının müdiri, hüquq elmləri
doktoru, professor Firudun Səməndərov "İctimai təhlükəli
nəticə və onun cinayət məsuliyyətinin
diferensiasiyasında rolu" mövzusunda məruzəsində
qeyd etdi ki, cinayət hüququnda məsuliyyətin
diferensiasiyası mübahisə doğuran məsələlərdəndir.
Hüquq ədəbiyyatında məsuliyyətin
diferensiasiyası ilə bağlı iki əsas fikir yayılmışdır.
Əslində, belə mövqe məsuliyyətin
diferensiasiyasının əsasları ilə əlaqələndirilir.
Birinci mövqe məsuliyyətin
diferensiasiyasının cinayətin xarakterinə və ictimai təhlükəlilik
dərəcəsinə görə aparılması ilə
bağlıdır (1, s. 38). Digər
mövqeni müəlliflərdən əsasən T.V.Korobkov
söyləyir. Onun fikrincə, cinayətin
təhlükəlilik dərəcəsi ilə yanaşı,
məsuliyyətin diferensiasiyası cinayət törədənin
şəxsiyyətinin təhlükəliliyinə görə
də aparılmalıdır (2, s. 6).O, təklif edir ki, cinayətkarın
şəxsiyyəti sosial tip kimi öyrənilməli və
belə tiplər cinayət qanununda məsuliyyətin
diferensiasiyasının əsası kimi istifadə edilməlidir.
Şübhəsiz, bu "ölçü"
dəqiq kriteriyaya söykənmədiyindən, ondan məsuliyyətin
diferensiasiyasının vasitəsi kimi istifadə edilə bilməz.
Məruzəçi
Azərbaycan Respublikasının indiyədək qəbul edilən
cinayət məcəllələrində (1922, 1927, 1960 və
1999-cu il) bu məsələnin müqayisəli
təfsirini apararaq göstərdi ki, getdikcə maddi
quruluşlu tərkiblər yaratmaq yolu ilə qanunvericiliyin
inkişafına üstünlük verilir. Məsələn,
respublikanın 1922-ci il Cinayət Məcəlləsinin 198 tərkibindən
136 tərkib formal, 62 tərkib isə maddi quruluşa malik
olmuşdur; 1927-ci il CM-də təsbit edilən 232 cinayət tərkibindən
178-i formal quruluşlu olmuş, 54 tərkib isə ictimai təhlükəli
nəticə ilə əlaqələndirilmişdir. 1960-cı
il CM-də təsbit olunmuş 252 cinayət tərkibindən
164 tərkib formal, 88 tərkib isə maddi quruluşa malik
olmuşdur. Azad bazar iqtisadiyyatı dövründə qəbul
edilən 1999-cu il Cinayət Məcəlləsində təsbit
edilən 322 cinayət tərkibindən 135 tərkib formal, 197
tərkib isə maddi konstruksiyaya malik olmuşdur.
Bu göstərici qüvvədə olan cinayət
qanunvericiliyində insanlara, cəmiyyətə yetirilən
ziyana görə məsuliyyətin həllinin əsas istiqamət
kimi müəyyən edildiyini göstərir. İndiki cinayət
qanunvericiliyində məsuliyyətin təhlükəli nəticə
ilə əlaqələndirilməsinə ədalətlilik
prinsipi ilə və ictimai hüquqi şüurla haqq
qazandırılır. Lakin cinayət
qanunvericiliyində ictimai təhlükəli nəticədən
ancaq əməllərin kriminallaşdırılmasında
vasitə kimi deyil, həm də məsuliyyətin
diferensiasiyasının ölçülərindən biri kimi
istifadə edilir.
Qüvvədə olan cinayət qanunvericiliyində məsuliyyətin
təhlükəli nəticə ilə əlaqələndirilməsinə
ədalətlilik prinsipi ilə və ictimai hüquqi
şüurla haqq qazandırılır. Lakin cinayət
qanunvericiliyində ictimai təhlükəli nəticədən
ancaq əməllərin kriminallaşdırılmasında
vasitə kimi deyil, həm də məsuliyyətin
diferensiasiyasının ölçülərindən biri kimi
istifadə edilir.
1999-cu il Cinayət Məcəlləsinin Xüsusi hissəsinin
fəsillərində nəzərdə tutulan normaların
xeylisinə ictimai təhlükəli nəticə əsas tərkiblərə,
xüsusən məsuliyəti ağırlaşdıran
halı olan tərkiblərə daxil edilmişdir. Fəsillər üzrə ictimai təhlükəli
nəticəni nəzərdə tutan normaların nisbəti
müxtəlifdir.
Zənn edirik, bundan sonrakı dövrdə məsuliyyətin
diferensiasiyasında, məsuliyyəti araşdıran və ya
yüngülləşdirən halı olan tərkiblərin
qurulmasında istifadə edilən hallara, onların cinayətlərin
təhlükəlilik dərəcəsinə uyğun fərqli
seçim olmalıdır.
Cinayət Məcəlləsinin həyat əleyhinə
edilən cinayətə görə məsuliyyət müəyyən
edən 120.2-120.2.12-ci maddəsində sadalanan hallar məsuliyyəti
ağırlaşdırır və bu əsasda da məsuliyyətin
diferensiasiyası verilir. Bu maddədə tərkiblərin
qurulmasında məsuliyyəti ağırlaşdıran 12
haldan istifadə edilmişdir. Bunların içərisində
"iki və ya daha çox şəxsi öldürmə",
"təkrar qəsdən adam
öldürmə", "hamilə vəziyyətində
olan qadını öldürmə" və s. bu kimi hallar
cinayətin nəticəsi ilə - obyektə yetirilən
ziyanla bağlıdır. Məsuliyyəti
ağırlaşdıran halları olan tərkiblərin
qurulmasında istifadə edilən digər hallar, nəticə
ilə bağlı olan hallardan nisbətən az
təhlükəlidir. Lakin qüvvədə
olan cinayət qanunvericiliyində onlar məsuliyyəti
ağırlaşdıran digər hallardan fərqləndirilmir.
Biz məsuliyyətin bu qaydada
diferensiasiyasını məqbul saymırıq. Cinayət
Məcəlləsinin 120-ci maddəsində məsuliyyəti
xüsusilə ağırlaşdıran halı olan tərkiblər
formulə edilməklə qəsdən adam
öldürmənin nəticə ilə bağlı
halları zəminində məsuliyyətin daha adekvat diferensiasiyasına
nail oluna bilər (3, s. 152).
Qüvvədə olan cinayət qanunvericiliyi obyektə
yetirilən əmlak xarakterli zərəri ifadə edən
"xeyli miqdar", "küllü miqdar"
anlayışlarından istifadə edir. Biz qanunun belə
mövqeyini məqbul saymırıq. Ancaq
eyni obyektə qəsd edən əməllərin
yaratdığı nəticələr kateqoriyası eyni məzmunu
ifadə etməlidir. Hər bir söz ancaq
eyni anlama malik olan informasiya yükü
daşımalıdır. Bu hal, köhnə
qanundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsinin
müsbət cəhəti kimi qeyd edilməlidir. Təəssüf ki, qüvvədə olan Cinayət
Məcəlləsi bu məsələdə ardıcıl
mövqe tuta bilməmişdir. Belə ki, iqtisadi fəaliyyət
sahəsində edilən cinayətlərin obyekti eyni olsa da,
"vergi ödəmələrindən yayınma"ya
görə məsuliyyət müəyyən edən
213-cü maddənin dispozisiyasında "xeyli miqdar" və
"küllü miqdar" əlamətləri fərqli məzmuna
malik anlayışlar kimi müəyyən edilmişdir.
Biz
"xeyli miqdar" - nəticə əlamətinin miqdar
kriteriyasına dəyişiklik olunmasını təklif
edirik: həmin maddələrdə "xeyli miqdar"
anlayışı 30 manatdan 1000 manata qədər müəyyən
olunsun. Bunun üçün Cinayət Məcəlləsinin
190-cı maddəsinin qeydinə təklif edilən dəyişiklik
daxil edilsin (6, s.218).
Bakı
Dövlət Universiteti mülki proses, əmək və
ekologiya hüququ kafedrasının müdiri, hüquq elmləri
doktoru, professor Alış Qasımov
konfransda "Azərbaycan Respublikasının əmək
qanunvericiliyinin təkmilləşdirilməsinin bəzi məsələləri
haqqında" məruzə etdi. O dedi:
- İqtisadiyyatda baş verən dəyişikliklər əmək
qanunvericiliyinin məzmununa, onun sisteminə təsir göstərmişdir,
çünki müvafiq normativ hüquqi aktlar iqtisadi
münasibətlər, mülkiyyət münasibətləri,
bölgü münasibətləri və s. ilə sıx surətdə
bağlıdır.
Müasir əmək qanunvericiliyi beynəlxalq normalara
söykənir. Onun ilkin müddəları Azərbaycan
Respublikasının Konstitusiyasında təsbitini
tapmışdır. Əmək münasibətlərini
və onlarla bilavasitə bağlı olan digər münasibətləri
tənzimləyən əsas normativ-hüquqi akt qismində bu
hüquq sahəsinin məcəllələşdirilmiş
aktı olan Azərbaycan Respublikasının Əmək Məcəlləsi
(AR ƏM) çıxış edir. 1999-cu il fevralın 1-də qəbul edilmiş və həmin
il iyulun 1-dən qüvvəyə minmiş AR ƏM əmək
qanunvericiliyinin inkişafında mühüm mərhələ
olmuşdur. Məcəllə ölkənin
sosial-siyasi, iqtisadi, dövlət quruluşunda baş verən
köklü dəyişiklikləri əks etdirmiş, əmək
münasibətlərinin və onlarla bilavasitə bağlı
olan münasibətlərin tənzimlənməsini bazar
iqtisadiyyatına, mülkiyyət formalarının müxtəlifliyinə
xeyli dərəcədə uyğunlaşdırmağa imkan
vermişdir.
Məzmun baxımından qüvvədə olan əmək
qanunvericiliyi ilə əmək münasibətlərinin və
onlarla bilavasitə bağlı olan münasibətlərin yetərincə
tam tənzimləndiyini söyləmək mümkündür. Lakin AR ƏM-də olan
qeyri-dəqiqliklərin, ziddiyyətlərin, boşluqların
doldurulması və s. qüvvədə olan əmək
qanunvericiliyinin təkmilləşdirilməsini tələb
edir.
Professor A.Qasımov mövcud Əmək Məcəlləsinə
20-dən çox əlavə və düzəliş təklif
etdi. Bunlar əsasən AR ƏM-in III fəslinə, IX
bölməsinə, 1-ci, 2-ci, 3-cü, 10-cu, 11-ci, 12-ci, 15-ci,
132-ci, 182-ci, 185-ci, 186-cı maddələrinə aid əlavə
və düzəlişlər idi.
AR ƏM-də
həmkarlar ittifaqlarının işçilərin əmək
sahəsində hüquq və mənafelərinin müdafiəsi
üzrə hüquqi imkanları zəif təqdim olunduğunu
qeyd edən professor A.Qasımov bildirdi ki, yalnız nəzarət
hüquqları və işəgötürən tərəfindən
lokal normativ aktlartın qəbul edilməsi və işəgötürənin
təşəbbüsü ilə əmək müqaviləsinin
ləğvi zamanı həmkarlar ittifaqı orqanının
razılığının alınması nəzərdə
tutulmuşdur.
Məcəllədə həmkarlar ittifaqlarının bu
sahədəki digər hüquqlarının təsbitini
tapmaması "Həmkarlar ittifaqları haqqında" AR
Qanunun normalarının tətbiqini çətinləşdirir. Qüvvədə
olan əmək qanunvericiliyinin ciddi
çatışmazlıqları sırasına həmkarlar
ittifaqı orqanlarının üzvlərinə verilən əlavə
əmək təminatlarının kəskin surətdə
azaldılması, işçilərin həmkarlar
ittifaqlarında birləşmək hüququnun müdafiəsinin
real vasitələrinin və həmkarlar ittifaqlarının
özlərinin geniş hüquqlarının olmaması
aiddir.
Müasir
əmək qanunvericiliyinin ən ciddi
çatışmazlıqlarından biri qloballaşma proseslərini
nəzərə alan hüquqi tənzimləyicilərin
mövcud olmamasıdır. Bu səbəbdən
ölkə ərazisində fəaliyyət göstərən
böyük şirkətlərdə sosial tərəfdaşlıq,
sazişlərin bağlanması və əmək münasibətlərinin
tənzimlənməsi ilə bağlı bir sıra digər
məsələləri müstəqil surətdə həll
etmək lazım gəlir. Azərbaycandan kənarda
da müəssisələri olan şirkətlərdə
çalışan işçilərin barəsində
hansı əmək normalarının tətbiq edilməli
olması məsələsinə aydınlıq gətirilmir.
Formal surətdə işçinin ərazisində
çalışdığı ölkənin qanunvericiliyi tətbiq
edilməlidir. Qloballaşmanın əmək
münasibətlərinin tənzimlənməsinə təsiri
yalnız ölkəmizin problemi deyildir. Aydındır
ki, onun yalnız AR ƏM-də deyil, həm də beynəlxalq
aktlar səviyyəsində həlli zəruridir.
AMEA Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunun şöbə
müdiri, hüquq elmləri doktoru İsaxan Ömərov
"Hüquq elmi və təcrübəsinin
qarşılıqlı əlaqəsi: problemlərin həlli
yolları" mövzusunda etdiyi məruzədə bildirdi ki,
bütün elm sahələrində olduğu kimi, müasir
dövrdə cinayət hüququ və cinayət prosesi elmlərinin
inkişaf perspektivləri Azərbaycan Respublikası
Prezidentinin 4 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq
edilmiş Azərbaycan Respublikasında 2009-2015-ci illərdə
elmin inkişafı üzrə Milli Strategiyanın müddəaları
əsasında müəyyən edilməlidir. Strategiyada
bütün elm sahələrinə qarşı irəli
sürülmüş tələblər sırasından
hüquq elmi üçün daha aktual olan problem milli təhlükəsizliyin
təminatıdır. Sənəddə elmi potensialın
ölkənin milli təhlükəsizliyinin təminatında
fəal iştirakına nail olmaq dövlətin milli təhlükəsizlik
siyasətinin həyata keçirilməsində elmin rolunun
artırılması isə həmin strategiyanın vəzifəsi
kimi təsbit edilmişdir.
Hesab
edirik ki, hüquq elmi bu məqsəd və vəzifənin
öhdəsindən aşağıdakı yollarla gələ
bilər:
1) Elmi
proqnozlaşdırmanın ön plana çəkilməsi. Müasir dövr sürətli qloballaşma ilə
xarakterizə edilir. Bu isə o deməkdir
ki, həm yaxın, həm də uzaq xaricdə baş verən
siyasi proseslər Azərbaycan Respublikasına bu və ya digər
dərəcədə təsir göstərir.
Elmi
proqnozlaşdırmanın əhəmiyyəti ondadır ki,
xarici ölkələrdə baş vermiş siyasi böhran
hadisələrinin təhlili nəticəsində onların səbəbləri
və bu səbəblərin aradan qaldırılmasının
ən optimal yolları, hadisələrin mümkün
inkişaf ssenariləri və s. müvafiq orqanlar tərəfindən
araşdırılır və qabaqlayıcı tədbirlərin
həyata keçirilməsi təmin olunur.
2)
Korrupsiyaya qarşı mübarizənin elmi təminatı. Müasir dövrdə milli təhlükəsizliyə
qarşı ən real təklükələrdən biri
korrupsiyadır. Ölkəmizdə korrupsiyaya
qarşı spesifik mübarizə orqanları mövcuddur: Azərbaycan
Respublikasının Korrupsiyaya qarşı mübarizə
üzrə Dövlət Komissiyası və Azərbaycan
Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya
Qarşı Mübarizə İdarəsi. Bununla
belə, "Korrupsiyaya Qarşı Mübarizə
haqqında" AR Qanunun 4.1-ci maddəsinə əsasən,
bütün dövlət orqanları və vəzifəli
şəxslər səlahiyyətləri çərçivəsində
korrupsiyaya qarşı mübarizəni həyata keçirməlirdilər.
Hesab edirik ki, hüquq elmi həm spesifik mübarizə
orqanlarının, həm də bütün digər
orqanların korrupsiyaya qarşı mübarizə fəaliyyətində
daha effektiv mexanizmlərin tətbiqini təmin etməlidir. Baş Prokuror
Yanında Korupsiyya Qarşı Mübarizə İdarəsi fəaliyyət
ğöstərməkdədir. Bu idarənin
mövcudluğunu hüquqşunas alimlər anoloqu olmayan zəruri
bir qurumun yaradılması kimi qiymətləndirirlər.
Lakin prokurorluq orqanlarına korrupsiya ilə
mübarizə fəaliyyəti ilə əlaqədar əməliyyat-axtarış
fəaliyyəti funksiyasının verilməsi, əslində,
hüquq elmində yolverilməz hesab edilən müddəadır.
Çünki doktrinal müstəvidə əməliyyat-axtarış
fəaliyyəti ilə bu fəaliyyət üzərində nəzarət
funksiyaların eyni subyektdə birləşdirilməsi məqsədəuyğun
hesab edilmir. Prokurorluq orqanlarının statusu və s.
kimi məsələlər illərdən bəri fundamental
şəkildə tədqiq edilmiş və milli xüsusiyyətlər
nəzərə alınmaqla dünya təcrübəsinə
uyğunlaşdırılmışdır. Dünyanın
heç bir dövlətində isə əməliyyat
axtarış fəaliyyəti funksiyasına malik olan prokurorluq
mövcud deyildir. Halbuki, alimlərimiz tərəfindən
dəfələrlə belə bir ideya irəli
sürülmüşdür ki, prokurorluğun fəaliyyət
istiqamətinə insan hüquq və azadlıqlarının təmin
edilməsində, korrupsiya ilə mübarizədə, dövlət
intizamının möhkəmləndirilməsi işində
müstəsna rola malik olan ümumi nəzarət funksiyası
əlavə edilməlidir. Bu təklif qismən
nəzərə alınmış, hərbi prokurorluq sistemində
bərpa edilmişdir. Onun bütün
prokurorluq orqanlarında bərpası prokurorluğu dövlət
hakimiyyətinin müxtəlif qolları arasında tarazlıq
yarada biləcək əvəzsiz mexanizmə çevirməklə
onu məqbul sayılmayan əlavə yüklərdən azad
etmiş olardı.
3) Təcrübə
göstərir ki, hüquqtətbiqi prosesində
rastlaşılan ən böyük problemlərdən biri
qanunlarda olan boşluqlarla bağlıdır. Bunun
əsas səbəbi isə, hazırlanmış normativ sənədlərin
elmi ekspertizasının həyata keçirilməməsidir.
Halbuki, AMEA-nın müvafiq şöbələri
bu fəaliyyətin ohdəsindən layiqincə gələ bilər.
Hesab edirik ki, Milli Məclis tərəfindən
qanunun qəbul edilməsindən əvvəl müvafiq elm sahəsinin
tədqiqatçılarının həmin qanun layihəsini
yüksək ixtisaslı ekspertizadan keçirməsi yalnız
işin xeyrinə olardı. Təklif edirəm
ki, AMEA prezidenti yanında qanunların elmi ekspertizası
komissiyası yaradılsın və bu komisiya içtimai əsaslar
üzrə fəaliyyət göstərsin. Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun hüquqşunas alimləri təmənnasız
olaraq bu vəzifəni yerinə yetirməyə
hazırdırlar. Yeri gəlmişkən,
BDU-nun hüquq fakültəsində "Qanunyaradıcı fəaliyyət"
ixtisasının açılmasının zəruriliyi barədə
dəfələrlə irəli sürdüyümüz fikirlərin
həyata keçirilməsi vaxtının
çatdığı qənaətindəyik.
4) Beynəlxalq
əməkdaşlığın genişləndirilməsi. Strategiyada beynəlxalq elmi əməkdaşlıq
xüsusi kateqoriya kimi nəzərdən keçirilmişdir.
Hesab edirik ki, cinayət hüququ və cinayət prosesi kimi
elmlərin inkişafında, xüsusilə korrupsiyaya
qarşı mübarizə təcrübəsinin öyrənilməsi
məqsədi ilə beynəlxalq elmi əməkdaşlıq
daha geniş anlamda, yəni Azərbaycan tədqiqatçılarının
təkcə xarici dövlətlərin elm və təhsil
müəssisələrinə deyil, qabaqcıl dünya
dövlətlərinin hüquqtətbiqetmə təcrübəsinin
öyrənilməsi baxımından onların həm də
xarici dövlətlərin məhkəmə və
hüquq-mühafizə orqanlarında işlə tanış
olmaq üçün ezamiyyətinin təmin edilməsi kimi
başa düşülməlidir.
5)
Hüquq təhsilinin təkmilləşdirilməsi. Hüquq elmi ilə hüquq təhsilinin
qarşılıqlı əlaqəsi məsələlərinə
də adı çəkilən strategiyanın prizmasından
baxmaq lazımdır. Strategiyada elm, təhsil
və istehsalatın inteqrasiyası məsələlərinə
müstəqil bənd həsr edilmişdir.
Strategiyanın bu hissəsinin təhlili nəticəsində
belə qənaətə gəlmək olar ki, hüquq elminin və
hüquq təhsilinin qarşılıqlı əlaqəsinin
təkmilləşdirilməsində aşağıdakı məsələlərə:
tədris proqramlarının və dərsliklərin mütəmadi
olaraq təkmilləşdirilməsinə; elmi tədqiqat
işlərinin, dissertasiyaların tədris müəssisələrində
icbari aprobasiyasına; hüquq tədrisi ilə məşğul
olan kadrların elmi tədqiqat işlərində
iştirakının genişləndirilməsinə; ali məktəb
tələbələrinin təkcə magistr pilləsində
deyil, bakalavr pilləsində də AMEA-da təcrübə
keçməsinin təmin edilməsinə; elmi tədqiqat
institutlarında fəaliyyət göstərən alimlərin
bilavasitə hüququn tədrisi prosesinə, məhkəmə,
hüquq-mühafizə və vəkillik orqanları əməkdaşlarının
ixtisasartırma kurslarının həyata keçirilməsinə
cəlb edilməsinə; elmi-tədqiqat işlərinin məhkəmə,
hüquq-mühafizə və vəkillik orqanlarında məcburi
aprobasiyadan keçirilməsi və müvafiq rəylərin
alınmasına diqqət yetirilməlidir.
Konfransda
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
Qanunvericilik və hüquq ekpertizası şöbəsinin
müdiri, professor Şahin Əliyev "Qanunvericiliyin təkmilləşdirilməsinin
müasir problemləri"mövzusunda məruzə etdi və
çoxsaylı suallara cavab verdi.
Tədbirdə
həmçinin Azərbaycan Respublikasının İnsan
Hüquqları üzrə Müvəkkili, professor Elmira
Süleymanova, Rusiya Federasiyası DİN Moskva Universitetinin elmi
katibi, hüquq elmləri doktoru, professor Viktor Nikolayeviç
Qriqoryev, RF EA Dövlət və Hüquq İnstitutunun
bölmə müdiri, hüquq elmləri doktoru, professor Qalina
Semyonovna Skaçkova, Əmək və Sosial Münasibətlər
Akademiyasının əmək hüququ kafedrasının
professoru Vladimir Qriqoryeviç Soyfer, RF-nin əməkdar elm
xadimi, AAK-nın üzvü, hüquq elmləri doktoru, professor
Oleq Aleksandroviç Zaytsev, Qriqola Robakidze adına Universitetin
Hüquq Məktəbinin rəhbəri, professor Qeorqi
Şotayeviç Qlonti, İran İslam Respublikası Pəyami
Nur İnstitutunun müəllimi Soltanəli Mohammədi
Eiravanlou Salman oğlu və başqaları məruzə etdilər.
Hüquqşünas
alimlərin beynəlxalq tədbirinə yekun vuran institutun
direktoru İlham Məmmədzadə əmin olduğunu bildirdi
ki, ümummilli lider Heydər Əliyevin ad gününə həsr
olunmuş bu elmi-nəzəri konfransda səslənən fikirlər,
verilən təkliflər ölkədə hüquqi dövlət
quruculuğu, hüquq elminin və təhsilinin inkişafı,
qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi
sahəsində problemlərin həllinə öz töhfəsini
verəcəkdir.
Konfrans iştirakçıları sonda yekdilliklə qətnamə
qəbul etdilər.
Qələmə aldı: Qüdrət
PİRİYEV
Xalq qəzeti.- 2011.- 21 may.- S. 5-6.