Səsin də su kimi lətafəti var

 

Respublikanın xalq artisti Səkinə İsmayılovanın "Ey Füzuli, mən dəxi aləmdə bir ad eylərəm" və "Muğam dünyamıza səyahət" adlı möhtəşəm solo konsertlərindən xeyli vaxt ötsə də, sənət pərəstişkarlarının o ülvi gecələrdən aldıqları xoş təəssürat hələ də xatirələrdən silinməyib. Ötən əsrin sonlarına təsadüf edən bu möhtəşəm konsertlər Səkinə İsmayılovanın sənət uğurlarının uzunömürlü olduğunu bir daha təsdiq etdi. Orijinal ifa üslubu ilə muğamsevər tamaşaçıların dərin rəğbətini qazanmış Səkinə İsmayılova 35 ilə yaxındır ki, milli musiqi sənətimizin təbliği və tərəqqisində yorulmadan çalışır, əlindən gələni əsirgəmir.

 

Şöhrətli sənətçinin müxtəlif illərdə opera teatrında yaratdığı "Leyli və Məcnun"da Leyli, "Aşıq Qərib"də Şahsənəm, "Əsli və Kərəm"də Əsli, "Gəlin qayası"nda Gülbahar, "Şah İsmayıl"da Ərəbzəngi və digər surətlər xalq tərəfindən sevilərək razılıqla qarşılanmışdır. Yüksək səs diapazonuna, zil və şaqraq səsə malik olan Səkinə İsmayılova muğam ifalarında da öz sözünü demiş xanəndələrdən, qavalla səhnəyə çıxan ilk qadın muğam ifaçılarımızdandır. Onun ifasında lentə alınmış "Rast", "Çahargah", "Şüştər", "Humayun" kimi qadın xanəndələri tərəfindən az oxunan muğam dəsgahları, eləcə də opera tamaşaları bu gün də teleradionun qızıl fondunda hörmətlə qorunub saxlanılır.

Dünyanın 40-dan çox ölkəsində Azərbaycan incəsənətini layiqincə təmsil etmiş Səkinə İsmayılovanın yaradıcılığının başlanğıcı zamanın elə bir dövrünə təsadüf edir ki, bu dövrdə səhnədə Xan Şuşinski, Zülfü Adıgözəlov, Şövkət Ələkbərova, Sara Qədimova, Zeynəb Xanlarova, Rübabə Muradova, Əbülfət Əliyev kimi xalq tərəfindən sevilən sənət korifeyləri vardı. Belə bir vaxtda səhnəyə çıxmaq, bir sənətkar kimi özünü təsdiq edib xalqa sevdirmək asan məsələ deyildi. Lakin o, az müddətdə təkcə ürəyəyatımlı səsi ilə deyil, yüksək səhnə mədəniyyəti, ifaçılıq məziyyətləri və ən nəhayət, bir şəxsiyyət kimi də özünü təsdiq edir.

Bu günlərdə sevimli xanəndəmizin ad günü və yaradıcılığının 35 ili tamam olur. Deyirlər, ad günü keçmişi xatırlamaq üçün bir fürsətdir. Biz də bu ənənəyə sadiq qalaraq bir sənətkar ömrünün çoxşaxəli yaradıcılıq yolundan, sənət uğurlarından söz açmağa çalışacağıq. Bu, eyni zamanda, çoxsaylı oxucularımızın da arzusudur.

Çoxları kimi, böyük səhnəyə o da bədii özfəaliyyətdən gəlmişdi: - Dərs əlaçısı idim. Musiqiyə böyük həvəsim vardı. Şövkət Ələkbərovanın, Zeynəb Xanlarova və Rübabə Muradovanın repertuarlarından əksər mahnıları əzbər bilirdim. Bəzən sinifdə bir kəs olmayanda o mahnıları oxuyar, bir anlıq özümü böyük səhnədə hiss edərdim. Bir gün musiqi müəllimim Vidadi Xəlilov (bu gün artıq o, pedaqoji elmlər doktoru, professordur) səsimi eşidib bəyəndi. Məni 70 nömrəli məktəbin ansamblına dəvət etdi. Açığını deyim ki, həyatımda ilk dəfəydi ki, böyük bir musiqi kollektivinin müşayiəti ilə oxuyurdum. O günün sevincini necə yaşadığımı yalnız qəlbən sənətə bağlı olanlar, səhnəyə ilk dəfə qədəm qoyanlar bilərlər, - deyə Səkinə xanım o günləri yada saldıqca üzünə xoş bir təbəssüm qonurdu.

Səkinənin gələcəyinə böyük ümid bəsləyən Vidadi Xəlilov 1972-ci ildə onu ümumrespublika "Oxu tar" müsabiqəsinə hazırlayır. 14 yaşlı Səkinənin oxuduğu Rübabə Muradovanın repertuarından olan "Yurdumuz geyib əlvan" mahnısını tamaşaçılar sürəkli alqışlarla qarşılayır. Və o, müsabiqənin I dərəcəli diplomuna layiq görülür. Bu uğur sənət zirvəsinə aparan çətin, lakin şərəfli bir sənət ömrünün başlanğıcı olur. Bir il sonra, 1973-cü ildə Səkinə İsmayılova daha bir mötəbər yarışa - "İstedadlar axtarırıq" müsabiqəsinə qatılır. "Oxu tar"dan fərqli olaraq, bu dəfə müsabiqə iştirakçılarının əksəriyyəti Asəf Zeynallı adına musiqi məktəbinin tələbə və yetirmələri olur. Zaur Rzayev, Ruhəngiz Musəvi, Ağadadaş Ağayev, Zeynəb Dostəliyeva, Sabir Novruzov kimi həm yaş, həm də sənət təcrübəsi baxımından fərqli olan gənc istedadlarla birgə öz məharətini göstərməli olur. Respublika sarayında keçirilən bu müsabiqədə münsiflər elə tamaşaçılar olur. Şaqraq, zil səsə malik Səkinə o gecə yanıqlı, bir az da kövrək səslə "Segah" üstündə "Gəl bizə yar" xalq mahnısı ilə hamının zövqünü oxşayır. Müsabiqənin I dərəcəli diplomu və Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif olunur. Dövrün bir çox nüfuzlu mətbu orqanları, o cümlədən də "Kommunist" qəzeti bu müsabiqəyə çox böyük önəm verərək Səkinə İsmayılovanın ifasına öz səhifəsində geniş yer ayırır. Çox qısa zaman kəsiyində iki müsabiqə laureatı olan Səkinə İsmayılova sənətində arxayınçılığa yol vermir. Muğam sənətini, xalq havacatını dərindən öyrənmək istəyi ona bir an belə rahatlıq vermir...

Zahirən qaradinməz, zabitəli görünən Qulu kişi daxilən çox həlim adam idi. Gözəl səsi, incəsənətə böyük rəğbəti olsa da, bu sənətin dalınca getməmişdi. Qızı Səkinəni həkim görmək arzusundaydı. Onun incəsənətə olan uşaq marağının ötəri olacağını düşünürdü. Lakin illər ötdükcə, Səkinənin bu sahəyə daha sıx bağlandığını görüncə onu bu yoldan çəkindirməyə çalışır. Ancaq respublikanın bir çox tanınmış incəsənət ustaları Səkinənin gözəl səsi və gələcəyi olduğunu söyləyərək onu bu fikirdən daşındıra bilirlər. 1974-cü ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olan Səkinə ustad xanəndə, pedaqoq Nəriman Əliyevdən dərs alır. Muğam sənətinin incəliklərini həvəslə öyrənir. Gənc ifaçıların filarmoniyada keçirilən konsertlərində tez-tez çıxış edir.

Məhz belə konsertlərin birində Səkinə İsmayılovanın ifasını bəyənən Əhsən Dadaşov onu rəhbərlik etdiyi ansambla dəvət edir. Respublikanın bir çox tanınmış müğənni və ifaçıları ilə birlikdə çalışmaq Səkinənin ən böyük arzusu idi. Əhsən Dadaşov onun səsinə uyğun repertuar seçməsində, muğam və təsnif ifaçılığında dəyərli məsləhətlər verir. Klassik Azərbaycan bəstəkarları Arif Məlikovun "Qonaq gəl bizə", Cahangir Cahangirovun "Sevgilim" və digər mahnılarla yanaşı, muğam və təsnifləri də həvəslə oxuyur. Və bu gün radio-televiziyanın qızıl fondunda Səkinə İsmayılovanın ifasında saxlanan bir çox mahnılar məhz bu ansambl ilə lentə alınıbdır. Səkinə İsmayılovanın yaradıcılığında önəmli yer tutan musiqi kollektivlərindən biri də Nəriman Əzimovun rəhbərlik etdiyi Xalq çalğı alətləri orkestridir. Bəxtiyar Kərimovun "Ana", "Zaqatala", Ramiz Mustafayevin "Şamaxı" mahnısı bu kollektivlə yazılan ilk lent yazılarıdır.

Rübabə Muradova, Zeynəb Xanlarova, Nəzakət Məmmədovadan sonra opera teatrında yeni bir Leyli, Şahsənəm obrazını yarada bilən gənc istedada böyük ehtiyac duyulurdu. Məhz bu 17 illik boşluğu doldurmaq üçün 1980-ci ildə opera teatrının rəhbərliyi gənc ifaçılar arasında seçim dinləmələri keçirir. Bu dinləmələrdə iştirak etmək üçün Səkinə İsmayılova da dəvət olunur. Bəhram Mansurov, Gülxar Həsənova, Rauf Abdullayev, teatrın direktoru Azər Rzayev, Şəfiqə Axundova və respublikanın digər tanınmış sənət adamları bu dinləmələrdə iştirak edirlər. Səkinənin ifasına çox böyük dəyər verən münsiflər onu Şəfiqə Axundovanın "Gəlin qayası" operasında Gülbahar roluna təsdiq etsələr də, altı aylıq gərgin məşqlərdən sonra Səkinə İsmayılova 1981-ci ilin mayında "Leyli və Məcnun" operasında ilk dəfə Canəli Əkbərovla tərəf müqabili olaraq Leyli obrazını ustalıqla yarada bilir. Gözəl səs çaları ilə yanaşı, Səkinə İsmayılovanın aktyorluq bacarığını da görən rejissor onun Arif Babayev və Baba Mahmudoğlu ilə çıxış etməsinə də razılıq verir.

Gənc xanəndə üçün Rübabə Muradova, Zeynəb Xanlarova, Nəzakət Məmmədova kimi sənətdə öz sözünü demiş sənətkarlardan sonra Leylini oynamaq həm böyük məsuliyyət, həm də fəxarət idi. Opera muğam tamaşalarında günü-gündən püxtələşən, səsi cilalanan Səkinə İsmayılova çox çəkmir ki, "Əsli və Kərəm"də Əsli, "Aşıq Qərib"də Şahsənəm, "Şah İsmayıl"da Ərəbzəngi, "Gəlin qayası"nda Gülbahar, "Vaqif"də xanəndə qız və bir çox digər rollarda uğurla çıxış edir. Opera teatrının tarixində ilk dəfə olaraq "Leyli və Məcnun" tamaşası qardaş Türkiyəyə qastrol səfərinə gedir. Süleyman Dəmirəlin ad günündə oynanılan tamaşada ümummilli lider Heydər Əliyev, yaxın dostu İhsan Doğramacı iştirak edirlər. Türkiyə "Leyli və Məcnun" operasında Alim Qasımovun (Məcnun) və Səkinə İsmayılovanın (Leyli) ifalarına çox böyük qiymət verir. Ölkənin nüfuzlu mətbu orqanlarında "Sənətin əlçatmaz zirvəsi" başlığı altında geniş yazılar dərc edilir. Bu cütlük on ildən artıq uğurla çıxış edir. Daha sonra Alim Qasımovu İbn Salam rolunun mahir ifaçısı Mənsum İbrahimov əvəz edir. Tərəf müqabilləri dəyişsə də Səkinə İsmayılovada hər bir Məcnuna olan əsl sənət sevgisi, gözəl aktyor oyunu dəyişmir.

Səkinə xanımın çoxşaxəli yaradıcılığında önəmli yer tutan, unudulmaz qastrol səfərlərindən biri də onun 1988-ci ildə dünya şöhrətli müğənnimiz, SSRİ xalq artisti Rəşid Behbudovla Hindistan səfəri olur. Dehli, Bombey, Simli və Hindistanın bir sıra digər şəhərlərində 40 gün konsertlər verilir. Səkinə İsmayılovanın ifasını bəyənən Rəşid Behbudov onun yüksək səhnə mədəniyyəti və ifaçılığına dəyər verərkən həmişə - "Tamaşaçı öncə ifaçının simasına, geyiminə, sonra isə sənətinə qiymət verib alqışlayır" - deyərdi. Digər yadda qalan qastrol səfərlərindən biri də həmin ildə ilk dəfə olaraq qadın muğam üçlüyü ilə ABŞ-a səfəri və 2003-cü ildə Hollandiyada keçirilən "Dünyanın ulduz qadınları" festivalı olur. Hər yerdə hörmət və ehtiramla qarşılanan Səkinə İsmayılova Azərbaycan incəsənətinin, ulu muğam sənətimizin təbliği və tərəqqisi sahəsindəki xidmətlərinə görə 1988-ci ildə əməkdar, 1992-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülmüşdür.

Bu gün Səkinə İsmayılova Milli Konservatoriyanın dosenti, İncəsənət Universitetinin baş müəllimidir. Bütün bilik və təcrübəsini səfərbər edərək ulu muğam sənətinin incəliklərini gənc nəslə həvəslə öyrədir. Çoxsaylı tələbələri içərisində gələcəyinə böyük ümid bəslədiyi gənc istedadlar da az deyil. 2007-ci il Televiziya Muğam Müsabiqəsinin qaliblərindən olmuş Rəvanə Ərəbova deyilənlərin ən bariz nümunəsidir.

Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında Mədəniyyət və Turizm Nazirliyinin yaxından iştirakı və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən muğam televiziya müsabiqələrində münsif kimi iştirak edən Səkinə İsmayılova bu yarışlarda hər bir ifaçıya fərdi yanaşıb, hər kəsin ifaçılıq bacarığına görə obyektiv qiymət verməyə çalışır.

2009-cu ilin martında ölkəmizdə ilk dəfə olaraq keçirilən I Beynəlxalq Muğam Festivalında Səkinə İsmayılova da respublikamızı təmsil edir. Xalq artistləri tarzən Möhlət Müslümov və kamançaçı Fəxrəddin Dadaşovun müşayiətilə oxuduğu "Humayun" muğamı festifal iştirakçılarını valeh edir, zövqünü oxşayır. Bu möhtəşəm festivalda da Səkinə İsmayılova öz bənzərsiz ifasıyla mükafata layiq görülür. Hindistanın məşhur muğam ifaçısı Basi Moti Azərbaycan muğamına valeh olduğunu bildirərək - "Səkinə İsmayılovanın oxuduğu muğam raqanı da keçdi" - başlığı altında Hindistan qəzetlərinə müsahibə verir. Çox çəkmir ki, Basi Moti yenidən Bakıya gəlir. Səkinə xanımla müştərək bir layihə hazırlamağı təklif edir. Bu yönümdə artıq iş gedir. Tezliklə sənət pərəstişkarları bu unikal layihə ilə tanış olacaqlar.

Sevimli sənətçinin ad günündə daha çox onun yaradıcılığından söz açmağa çalışdıq. Ömür kitabını vərəqlədikcə hər səhifəsində bir uğur, sənət eşqi ilə yanan bir qəlbin səsini və heç zaman sönməyən bir odun, alovun şöləsini gördüm. Yalnız ürəkdən gələn, qəlbin süzgəcindən keçib oxunan mahnıların xalqın qəlbinə yol tapa bildiyinin bir daha şahidi oldum.

 

 

Rafiq SALMANOV

 

Xalq qəzeti.- 2011.- 22 may.- S. 8.