Ümumrespublika
"Vətəni tanı" kampaniyasının növbəti
turları bölgələrdə davam etdirilir
Azərbaycan Respublikası Gənclər Təşkilatları
Milli Şurasının təşkil etdiyi, Gənclər və
İdman, Təhsil, Rabitə və İnformasiya
Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin dəstək verdiyi "Vətəni
tanı" ümumrespublika kampaniyasının seçim
turları davam etdirilir. Layihə çərçivəsində
növbəti tədbirlər Gədəbəy, İmişli
və işğal altında olan Xocalı rayon gəncləri
arasında keçirilib.
Gədəbəy rayonu 1 saylı orta məktəbdə baş tutan tədbirdə layihələr departamentinin rəhbəri və eyni zamanda, "Vətəni tanı" ümumrespublika kampaniyasının əlaqələndiricisi Natiq Nəsirov, Milli Şuranın mətbuat katibi Orxan Əli, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Gədəbəydə keçirilmiş kampaniyada iki gənc ən yaxşı nəticə göstərib. Daha sonra işçi qrupu Goranboy rayonunda məskunlaşmış Xocalıdan olan məcburi köçkün gənclər arasında treninq həyata keçirib. Açılış mərasimində çıxış edənlər bildiriblər ki, ölkəmizin ərazi bütövlüyü uğrunda hər bir işdə gənclərimiz aktiv olmalıdırlar.
Elə həmin gün "Vətəni tanı" kampaniyasının digər işçi qrupu İmişlidə tədbir keçirib. Qrupun rəhbəri, Milli Şuranın üzvü Əligül Ağayev imişlili gənclərə kampaniyanın əhəmiyyətindən danışıb.
Digər tədbirlər Masallı, Kəlbəcər və Yardımlı rayonlarında davam etdirilib. Masallı şəhər 4 saylı Digah orta məktəbində baş tutan tədbirin açılış mərasimində Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı kampaniyanın önəmli olduğunu gənclərin diqqətinə çatdırıb.
Çıxış edən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov bu sahədə işlərin Şura tərəfindən müntəzəm aparılacağını diqqətə çatdırıb. Kampaniyanın əsas məqsədinin ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı aydın və qəti qərarına cəmiyyətin aktiv təbəqəsi olan gənclər tərəfindən güclü dəstəyin olduğunu bildirib. Millət vəkili Nəriman Əliyev də bu kampaniyada Masallı gənclərini aktiv olmağa dəvət etdi. Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının baş katibi, "Vətəni tanı" layihəsinin rəhbəri Orxan Ərəbov çıxış edərək gənclərə kampaniyanın məqsəd və vəzifələri haqqında ətraflı məlumat verdi. Bildirdi ki, əsas məqsədlərdən biri də dünya ictimaiyyətinə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunun çatdırılması, Azərbaycanın suverenliyinə qarşı müxtəlif daxili etnik amillərdən istifadə olunmasının mümkünsüzlüyünün bəyanı, ölkəmizi təşkil edən inzibati-ərazi vahidləri barədə informasiyanın gənclərimiz tərəfindən daha dərindən əxz olunmasına yardımçı olmaqdır.
Gəncə rayonu, Gülüstan qəsəbəsində Kəlbəcər rayonundan məcburi köçkün olan gənclər arasında trerinq keçirildi. Layihənin əlaqələndiricisi Natiq Nəsirov bildirdi ki, gənclərimizin hərtərəfli inkişafı, onların Avropaya inteqrasiyası məsələləri, istər təhsil, istərsə də digər sahələrdə olan layihələr Milli Şura tərəfindən mütəmadi olaraq həyata keçirilir. Digər işçi qrupu Yardımlıda "Vətəni tanı" nın seçim turlarını həyata keçirib. Milli Şuranın regionlarla iş üzrə departamentinin katibi və eyni zamanda, cənub bölgəsi üzrə işçi qrupunun rəhbəri Ziya Ağayev açılış mərasimində bu kampaniyanın vacibliyini bir daha vurğulayaraq bildiridi ki, ölkə gəncləri bütün sahələrdə fəaliyyət göstərməli, Azərbaycanın inkişafı üçün çalışmalıdırlar. Hər bir rayon üzrə Azərbaycan xəritəsini ən tez toplayan iki gənc respublika turuna vəsiqə qazanıb.
Elçin ABBASOV
Xalq qəzeti.- 2011.-22 may.- S. 8.