Xalq şairinin yaradıcılıq gecəsi

 

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının yaradıcılıq gecəsi keçirilib.

...O, ucqar Yardımlıda "Qan yaddaşı"nı oyadaraq "Ömür kitabı"nı götürüb yola varid oldu. "Sağ ol, ana dilim" deyib "Gəncə qapısı"ndan keçdi və "Cavad xan"a doğru inamla irəlilədi. "Bütövlük" arzusu ilə getdiyi yolun üstündə "Atamın ruhu" na poetik dualar oxuyaraq pıçıldadı ki, "Ölüm yaşamaqdan şirinmiş". Sonra "Xətai yurdu"ndan adladı, "Göy tanrı"ya şükranlıq elədi, "Difai fədailəri"ni andı və şərəfli bir tale yaşadığına sevinə-sevinə gəlib ömür səfərinin 65-ci dayanacağına çatdı.

Bu münasibətlə düzənlənən yaradıcılıq gecəsi ədəbi mühitdə və cəmiyyətdə geniş tanınmış vətəndaş şair və ictimai xadim Sabir Rüstəmxanlının ömür kitabından fotosəhifələrin video təqdimatı ilə başlandı. Sonra tədbiri keçirən "Azərbaycan - Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti"nin aparıcıları 80-ci illərin ikinci yarısında milli ruhumuzun formalaşmasında mühüm rolu olmuş Sabir Rüstəmxanlının yaradıcılıq gecəsinin iştirakçılarını onun misraları ilə salamladılar. Millət vəkili Rafael Hüseynov qələm dostunun yazıçı xarakteri, ömür amalı, ictimai-siyasi həyatda mövqeyi barədə birnəfəsə bir saat danışdı. 1500 illik şeirimizin iki Sabirindən biri olan Rüstəmxanlının sovet dönəmində doğulsa da, o quruluşun vakuumunda boğulmadığını, "sərhədsiz ruhu" ilə türk dünyasını inamla dolaşdığını söylədi. Millətin, ulusun tarixini həm də duyğu həqiqəti ilə yazan, doğudan-batıya bütün dünyaya səpələnmiş ulu türk qövmünün gerçəklərini tərənnüm edən şairin xalq taleyi ilə bağlı məsələlərdə heç vaxt susmadığını, hər zaman ziyalı, siyasətçi prinsipiallığı göstərdiyini faktlarla xatırlatdı.

Digər çıxışçılar özünün 20-dən artıq kitabı çıxmış və haqqında 20-dən çox kitab yazılmış Sabir Rüstəmxanlı yaradıcılığından sevgilərlə bəhs elədilər. Ömür yolu o qədər də hamar olmayan, amma Yardımlı rayonunun Hamarkənd adlı bir obasında dünyaya gəlmiş Sabirin hələ uşaqkən kəndin gədiyində, Savalan dağının qarlı zirvələri ilə üz-üzə dayanıb məhz Ərdəbil tərəfə baxandan sonra bütövlük istəyi ilə şairləşdiyi anlar gözlər önündə canlandı. Elə o zirvədəncə öz milli möhtəşəmliyinə yüksələn, "Şairlər bu dünyanın itmiş tarazlığını düzəltmək üçün dünyaya gəlirlər",- deyən ünlü şairin sözü və ruhu ilə yurdunun bölünməz xəritəsinə çevrildiyi məqamlar diqqətə çatdırıldı.

Türkiyənin Qazi Universitetinin professoru Çetin Elmas, Dünya Azərbaycanlıları Konqresi sədrinin müavini Abuzər Bayramov və başqaları bütöv Azərbaycan amalı uğrunda mücadiləni davam etdirən Sabir Rüstəmxanlını türk dünyasının milli şairi kimi dəyərləndirdilər. Hər kəs üçün bir daha aydınlaşdı ki, doğrudan da, millətin varlıq mənsubiyyəti onun yazıçılarının taleyinin və qələmə aldıqlarının tarixidir.

Yaradıcılıq gecəsinin sonunda incəsənət ustaları maraqlı konsert proqramı təqdim etdilər.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2011.- 22 may.- S. 8.