Söz mülkünün bahadırı

 

Azərbaycan poeziyasının nəhəng simaları arasında Dədə Ələsgərin öz dəsti-xətti, özünəməxsus bir zirvəsi vardır.

Aşıq Ələsgər xalq şairidir. Onun poeziyası xalqın ruhuna, dilinə, dininə, adət-ənənələrinə o qədər yaxındır ki, Azərbaycan folklor ədəbiyyatını Aşıq Ələsgərsiz təsəvvür etmək qeyri-mümkündür. Elə bir azərbaycanlı tapılmaz ki, Dədə Ələsgərin şeirlərini əzbər bilməsin, masasının üstündə onun kitabı olmasın. Aşıq Ələsgərin əsərləri şəxsən mənim üçün həyat məktəbi olub. Elə bir gün olmaz ki, ibrətamiz Ələsgər deyiminin hiss və duyğularından ləzzət almayım. Böyük sənətkarın hikmətli kəlamlarından, mənalı ifadələrindən zövq alır, eləcə də yetkinləşir, təzələnir və saflaşıram. Ələsgərin hər şeirində, hər misrasında və kəlamında yeni bir məni, gözəllik və qüdrət var.

 

Gövhər olar dəryalarda, dərində,

Onu qəvvaas çəkər ay üzə tək-tək.

 

Yaxud:

 

Sızıldar həmişə, şan çəkər arı,

Gövhəri axtarıb tapar xırıdarı.

 

Nəhəng bir ümmana bənzəyən Aşıq Ələsgər poeziyası öz böyüklüyünə dərinlikdə, təlatümlü, tufanlı dəryalarda qovuşur.

Bu günlərdə fəaliyyətə başlayan Dərnəgül Əyləncə Mərkəzində Aşıq Ələsgər pərəstişkarları ilə görüşmək qərarına gəldik. Məqsədimiz Aşıq Ələsgərə həsr olunmuş yaradıcılıq gecəsi keçirməkdir. Ümidvaram ki, mayın 27-də Dədə Ələsgər yaradıcılığının pərəstişkarları ustad şairin adına layiq bir tədbirin keçirilməsinə nail olacaqlar.

 

 

Akif NƏBİYEV

 

Xalq qəzeti.- 2011.- 22 may.- S. 7.