Cərrahın
sehirli bıçağı və publisist qələmi
Elə adamlar var ki, sanki yalnız
yaxşılıq etmək, xeyirdə-şərdə öndə
olmaq, əlsizə əl uzatmaq, dara düşənin
dadına çatmaq, bir sözlə, insanlıq nümunəsi
göstərmək missiyası ilə dünyaya gəlirlər.
Belə insanlar istər el-obada, istərsə də işlədikləri
kollektivlərdə böyük hörmət-izzət sahibi
olurlar.
Respublikanın
əməkdar həkimi, səhiyyə əlaçısı,
tibb elmləri namizədi, məşhur cərrah-travmatoloq-ortoped
Hacı Balağa Rəzzaq oğlu Bağırov 1929-cu ildə
Lerikin Zuvand mahalında, füsünkar Xəlifə kəndində
sənətkar ailəsində anadan olmuşdur.
Valideynləri
əsrin əvvəllərindən Lənkəran şəhərində
məskunlaşıblar. B.Bağırov 1946-cı ildə Lənkəranda
orta təhsilini əla qiymətlərlə bitirərək N.Nərimanov
adına Azərbaycan Tibb İnstitutunun (indiki ATU-nun) müalicə-profilaktika
fakültəsinə qəbul olunub. İnstitutda əlaçı
tələbə kimi diqqəti cəlb edib, müəllimlərinin
dərin rəğbətini qazanıb.
1952-ci
ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirən
Balağaya institutda qalmaq təklif edilib. Lakin ailə vəziyyəti
buna imkan verməyib. Təyinatı Lənkəran şəhərinə
verilsə də, o, dağ rayonu Lerikin həkimə
böyük ehtiyacı olduğunu nəzərə alaraq
işləməyə ora gedib. Lerik rayon xəstəxanasında
cərrahiyyə şöbəsinin müdiri kimi fəaliyyətə
başlayıb. Qısa vaxtda şöbənin işini
canlandırıb. Burada cərrahiyyə üzrə tibb
bacıları yetişdirib, təxirəsalınmaz, planlı
cərrahi əməliyyatların genişləndirilməsinə
cəhd edib. Eyni zamanda, əhali arasında kompleks profilaktik tədbirlər
aparıb. Belə ki, ölümə səbəb olan uşaq
yoluxucu xəstəliklərinin - qızılca,
göyöskürək, difteriya, malyariya, qarın
yatalağı, səpkili yatalaq, vərəm və s. kimi təhlükəli
xəstəliklərin müalicə-profilaktikası ilə
ciddi məşğul olub.
Bu
coşqun təbiətli, çalışqan gənc həkimin
işgüzarlığı, təşkilatçılıq
bacarığı rayon ictimaiyyətinin diqqətini cəlb
edib. O, 1954-cü ilin mart ayında rayon səhiyyə
şöbəsinə müdir təyin olunub.
Peşəsinin vurğunu olan gənc həkim at belində dağ kəndlərini qarış-qarış gəzib. Əhali arasında sorğu və tibbi müayinələr aparıb, onların qayğıları ilə yaxından maraqlanıb, ehtiyacı olanlara yardım göstərib. Vərəm, malyariya, keçəllik, traxoma, çiçək, difteriya, tetanus, polimielit, qızılca və s. xəstəliklərin tam aradan götürməsinə nail olub. Bu uğurları respublikada əks-səda doğurub. O, rayonda səhiyyə xidmətini daha da yaxşılaşdırmaq üçün əlavə həkim kadrlarının gətirilməsinə, rayon xəstəxanasının 35 çarpayılıqdan 100 çarpayılığa çatdırılmasına, yeni şöbələrin yaradılmasına, kəndlərdə xəstəxanaların və feldşer-mama məntəqələrinin açılmasına nail olub. 10-12 il ərzində rayon səhiyyəsinin təşkilində müstəsna xidmətlər göstərmiş bu gənc həkim respublikada nüfuz qazanmışdı, həm rayon rəhbərliyi, həm də nazirlik ona xüsusi diqqət yetirirdi. Balağa Bağırovun həkimlik fəaliyyəti Lerik səhiyyəsinin tarixinə müstəsna hal kimi yazılasıdır. Elə bu xidmətlərinə görə də o, 1955-ci ildən 1964-cü ilə kimi ardıcıl olaraq rayon Sovetinin deputatı və rayon partiya komitəsinin üzvü seçilib və şəkli uzun illər Səhiyyə Nazirliyinin "Şərəf" lövhəsində asılıb.
B.Bağırov Lerikdə baş həkim işləyərkən Bakıya kursa gəlmişdi. Yeri gəlmişkən, o hər dəfə paytaxta gələndə ən tanınmış alimlərlə həmsöhbət olmağı, onların tövsiyələrini dinləməyi xoşlayırdı. Bu dəfə, yəni 1950-ci illərin sonlarında Elmi-Tədqiqat Bərpa Cərrahiyyə İnstitutunun (indiki ET Travmatologiya və Ortopediya İnstitutu) elmi işlər üzrə direktor müavini Bağır Axundov onu institutun direktoru, professor Əziz Əliyevin kabinetinə aparıb tanış etdi. Görkəmli alim gənc həmkarına dəyərli məsləhətlər verdi. Bu diqqət və qayğı Balağa Bağırovun sonrakı taleyində çox mühüm rol oynadı...
Hələ tələbəlik illərindən tibb elminə olan sonsuz sevgisi onu 1964-cü ildə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun aspiranturasına gətirdi. O, aspiranturanı müvəffəqiyyətlə bitirdi. Professor Azad İsmayılovun rəhbərliyi ilə 1968-ci ildə "Fəqərə sütununun müxtəlif plastik materiallarla fiksə edilməsinin müqayisəli qiymətlənlirilməsi" mövzusunda dissertasiya müdafiə edərək, tibb elmləri namizədi alimlik dərəcəsini aldı. Bundan sonra institutda kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb. 1969-cü ildən 1981-ci ilə kimi institutun baş həkimi olub.
1973-cü ildən indiyədək bu sətirlərin müəllifinə Hacı Balağa ilə birgə işləmək səadəti nəsib olub. Bu müddət ərzində Balağa Bağırov, sözün həqiqi mənasında, gənc həkimlərin həyat və təcrübə müəllimi kimi kollektivdə böyük nüfuz qazanıb. Bu gün fəxrlə deyə bilərəm ki, o, istedadlı alim, gözəl cərrah, təcrübəli travmatoloq-ortoped, müdrik insan, etibarlı dost, kamil din-tarix-ədəbiyyat bilicisi, yaxşı publisist və el ağsaqqalıdır. Onlarca cərrah, travmatoloq-ortopedin, eləcə də şəxsən mənim bir mütəxəssis kimi yetişməyimdə Balağa müəllimin böyük əməyi olmuşdur. İlk cərrah bıçağını o mənə etibar etmişdir və buna görə də özümü ömrüm boyu ona borclu sayacağam.
Balağa Bağırov uzun illər institutumuzun baş həkiminin müalicə işləri üzrə müavini vəzifəsində çalışıb. 50 ildən çox tibb sahəsində fəaliyyət göstərən bu fədakar insan ömrünün müdriklik yaşına çatsa da, yenə gənclik eşqilə, həvəsilə işləyir. Onun işgüzarlığına qibtə edirik. O, işlədiyi illər ərzində tabeliyində olan əməkdaşlara qarşı nə qədər tələbkar olsa da, bir o qədər qayğıkeşdir. Yüzlərlə xəstəni şəfalı əllərilə həyata qaytarmışdır.
O, dörd kitabın, bir neçə tibbi vəsaitin, 100-ə yaxın elmi-publisistik məqalənin müəllifidir. Elmi məqalələri Azərbaycanda, MDB məkanında və digər xarici ölkələrdə çap olunmuşdur. Fəqərə sütununun və periferik sinirlərin travmatik zədələnmələri, uşaqların uzun lülə və dirsək oynağı sümüklərinin sınıqları, xroniki osteomivlitlərin müalicəsinə dair yazdığı elmi məqalələr müsbət rəylər almışdır. Bir təcrübəli həkim kimi o, respublikada və keçmiş SSRİ-nin müxtəlif şəhərlərində qurultaylarda, konfrans və simpoziumlarda maraqlı çıxışları ilə fərqlənmişdir.
Balağa Bağırov publisistika sahəsində də qələmini sınamışdır. Onun elmi-publisistik yazıları "Kommunist" ("Xalq qəzeti"), "Bakı", "Azərbaycan gəncləri" qəzetlərinin və müxtəlif elmi-populyar jurnalların oxucularına yaxşı tanışdır. Beynəlxalq ahıllar ilinə həsr olunmuş "Hər kəs yüz il yaşamasa..." kitabı çoxsaylı oxucuların rəğbətini qazanmış və "Vətən" diplomu mükafatına layiq görülmüşdür. Hacı Balağa Bağırov səhiyyə sahəsində xidmətlərinə görə dəfələrlə medal, döş nişanı, pul mükafatı, fəxri fərmanlar almışdır. İnsanlara şəfa bəxş edən bu xeyirxah, nəcib insan 1994-cü ildə müqəddəs Həcc ziyarətində olmuşdur. O, əsl Allah adamı kimi ehtiyacı olanlara əl tutur, kömək edir.
Hacı Balağanın şərəfli və mənalı həyat yolunun bügünkü gəncliyə örnək ola biləcəyini nəzərə alıb bu sətirləri qələmə aldım. Hər gün neçə-neçə gəncin qəlbinə nur çiləyən ağsaqqal müəllimimiz Hacı Balağanın "Hər kəs yüz il yaşamasa..." kitabındakı bu sözlərlə fikrimi tamamlamaq istəyirəm: "Neçə il yaşayırsan, yaşa. Bunu Tanrıdan başqa heç kim bilməz. Dərk etməlisən ki, bu gün varsan, sabah yoxsan. Odur ki, daim yaxşılıq toxumu səp. Sən olmayanda da, əməllərin cücərəcək və buna görə sənə rəhmət oxuyacaqlar. İnsan üçün ən böyük səadət sağlığında rəhmət qazanmaqdır!"
Əli DAVUDOV,
Travmatologiya və
Ortopediya
ETİ-nun
şöbə müdiri, tibb elmləri
namzədi
Xalq qəzeti.- 2011.- 22 may.- S. 7.