Vətən həsrəti,
azadlıq eşqi
Azərbaycan diaspor hərəkatının liderlərindən
biri, ədəbiyyatşünas
və şair Qulamrza Səbri Təbrizi oxucularla yeni görüşə son illərdə qələmə
aldığı şeirlərdən ibarət "Günəşə
doğru" toplusu ilə gəlmişdir. Dünya Azərbaycanlılarını
Əlaqələndirmə
Şurasının qərargahında keçirilən təqdimat
mərasimində şairin ictimai-mədəni
fəaliyyətində olduğu
kimi, poetik
yaradıcılığında da
azadlıq, insan haqları, Vətən həsrəti,
milli həmrəylik, əmin-amanlıq və
gözəllik mövzularının aparıcı yer tutduğu
vurğulandı.
Filologiya
elmləri doktoru, şair Sabir Əmirov bildirdi ki, Təbrizdə
doğulub, mükəmməl filoloji təhsil almış
Qulamrza Səbri Təbrizi Avropada Qərb ədəbiyyatının
tədqiqatçısı, Edinburq Universitetinin professoru olmaqla
yanaşı, həm də elmi-mədəni dairələrdə
şərqşünas və azərbaycanşünas kimi
tanınır. Uzun illər Vətəndən uzaqlarda
yaşamağa məhkum olmuş soydaşımız Azərbaycan
dövlət müstəqilliyi qazanandan sonra taleyini Arazın
bu tayı, Bakı ilə sıx bağlamışdır. Dünyaya
göz açdığı torpağı azad, Vətənini
bütöv görmək istəyən şair Dünya azərbaycanlılarının
etnik-mədəni birliyinin yaradılması yolunda fədakarlıqla
çalışır.
Qulamrza
Səbri Təbrizi Dünya Azərbaycanlıları Konqresinin
fəxri sədri kimi mübarizəsini ədəbi-bədii
platformada da davam etdirir. Onun "Vətən həsrəti",
Mənim iki dünyam", "Fikir dalğaları",
"Həyat fəlsəfəsi", "Sönməz
ocaq", "Seçmə şeirlər", "Ümid
çırağı", Qürbət harayı",
"Xudafərin", "Körpü", "Səssiz
haray", "Pozulmamış dünya" şeir
kitabları, adlarından da göründüyü kimi, vətəndaşlıq
poeziyasının susmaz səsini, istək və həyəcanlarını
ardıcıl olaraq soydaşlarımıza ünvanlayıb. Yeni
kitabında şair bu baxımdan daha qətiyyətlidir:
Azad
olmaq üçün
Millət
ayağa qalxmalıdı.
Qırmalıdı
birdəfəlik
Köləlik
buxovlarını,
Əsarət
zəncirini.
Bir
kimsəyə
ümid
etməməlidir
Özgəyə
arxayın olmamalıdı.
Öz
gücüylə alışmalı,
Öz
gücüylə yanmalıdı.
Sabir
Əmirov yeni toplunun ideya-sənətkarlıq cəhətlərindən
də söz açdı, şairin bədii uğurunu ətraflı
səciyyələndirdi.
Tanınmış
azərbaycanşünas Elməddin Əlibəyzadə, professor
Məhəmməd Teymurlu, musiqişünas Səadət
Qarabağlı, jurnalist Qüdrət Piriyev, pedaqoq Babaxan
Muradov, filosof Eliza İsmayılova, şair Sədaqət
Qarabağlı və digər natiqlər Qulamrza Səbri Təbrizinin
elmi, bədii və ictimai fəaliyyətinin Vətənə
məhəbbət və ona övladlıq borcunun
qaytarılması çevrəsində bütövləşdiyini
söylədilər, şairin estetik məramını poetik
nümunələrlə açıqladılar.
Kitabın
redaktoru Ənvər Börüsoy bildirdi ki, professor Qulamrza Səbri
Təbrizi Vətəndən uzaqlarda həmişə ürəyində
bütöv bir Azərbaycan yaşatmışdır. Azərbaycanın
quzeyi dövlət müstəqilliyi qazanan gündən
şair-ədəbiyyatşünas məmləkətinin
istiqlal qazanmış parçasının xidmətindədir.
Onun kitablarını oxuduqca hər bir misranın arxasında əyilməz
bir mübariz dayandığını görürük. Bu əsərlərdə
böyük bir insanın düşüncəsi, fikri və həyat
fəlsəfəsinin çalarlarından ibarət möhtəşəm
bir palitra ilə üz-üzə qalırıq.
Çağdaş
dünya ədəbiyyatının bütün üslub və
cərəyanlarını dərindən bilən, forma və
məzmun baxımından yeni düşüncəyə
söykənən deyim və ifadələr şairin
özünəməxsus yolu olduğunu təsdiq edir. Onun hər
bir yeni şeirində çağdaş sosial
düşüncənin, ictimai qavramların, hər şeydən
uca hesab etdiyi Vətən sevgisinin isti nəfəsi duyulur. O,
sanki, bu şeirlərdə təkcə öz
düşüncələrini deyil, həm də mənsub
olduğu milləti təmsil edən milyonların diləklərini
qələmə almışdır.
Təqdimat
mərasiminin sonunda professor Qulamrza Səbri Təbrizi söylənən
xoş sözlərə görə təşəkkürünü
bildirdi, yeni yaradıcılıq planları və cari ictimai fəaliyyəti
barədə məlumat verdi.
Tahir AYDINOĞLU
Xalq qəzeti.- 2011.- 22 may.- S. 7.