Abşeron təhsili: qayğılar çoxalsa da, uğurlar artır, nəticələr sevindirir...

 

Son illərdə dünyanı bürümüş iqtisadi maliyyə böhranına baxmayaraq Azərbaycan iqtisadiyyatı inamla inkişaf edir. Bu isə ölkədə bir çox digər sahələrin, eləcə də yeniləşən milli təhsil sisteminin inkişafına öz müsbət təsirini göstərir. Artıq ölkəmizdə elə bir rayon tapmazsan ki, burada heç olmasa yeni bir məktəb, yaxud müasir təhsil kompleksi tikilməmiş, yaxud yenidən qurularaq, təmir edilərək yeniyetmələrin istifadəsinə verilməmiş olsun. Bu istiqamətdə ölkə rəhbərliyinin, şəxsən Prezident İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın həyata keçirdiyi tədbirləri xüsusi qeyd etmək lazımdır.

 

Hazırda təhsilin inkişafı, tədris məsələlərində keyfiyyətin yüksəldilməsi Azərbaycanın hər yerində pedaqoji kollektivlərin başlıca qayğısına çevrilib. Bakı şəhərinin yaxınlığında yerləşən Abşeron rayonunun təhsil sistemi ilə yaxından tanış olduğumuz zaman yeniləşmə, müasirləşmə istiqamətində mühüm işlər görüldüyünün şahidi olduq. Təhsil şöbəsinin müdiri Nadir Ağayevlə ətraflı söhbətimiz də məhz təhsil sahəsindəki vəziyyətlə bağlı idi.

 

İslahatlar günün tələbidir

 

Rayon Təhsil şöbəsinin müdiri bildirdi ki, bu gün Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatının bütün sahələrində olduğu kimi, təhsil sahəsində də köklü islahatlar aparılır. "Təhsil haqqında" yeni qanunun qəbul edilməsi ölkədə təhsilin gələcək inkişaf konsepsiyasını müəyyənləşdirib. Ölkənin pedaqoji kollektivləri, o cümlədən, Abşeron rayonunun təhsil işçiləri islahatlardan irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsi üçün bilik və bacarıqlarını səfərbər edirlər.

Təhsil şöbəsi müdirinin sözlərinə görə, keçən tədris ilində rayonun təlim-tərbiyə müəssisələrində bir sıra müsbət işlər görülüb, uğurlu nəticələr əldə edilib. Əsasən məktəblərdə təlim-tərbiyənin keyfiyyətinin yüksəldilməsi, məktəb-ictimaiyyət-valideyn münasibətlərinin yaxşılaşdırılması, təlim-tərbiyə işlərində demokratikləşmə, humanistləşmə və fərdiləşmə prinsiplərinin geniş tətbiqi məsələlərinə diqqət yetirilib. Bu sahədə rayonun, demək olar ki, bütün məktəblərinin müəyyən uğurları olub. Ən çox fərqlənən məktəb və müəllimlər isə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən müxtəlif mükafatlara, "İlin ən yaxşı ümumtəhsil məktəbi" və "İlin ən yaxşı müəllimi" adlarına layiq görülüblər.

 

Qabaqcıl müəllimlər- təhsilin flaqmanları

 

Abşeron məktəblərində çalışan müəllimlərdən 10 nəfəri 2005-ci ildən bəri "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Bunlar Xırdalan şəhər 1 saylı orta məktəbin sabiq direktoru Tahirə Ələkbərova, Xırdalan şəhər 1 saylı orta məktəbin direktor müavini Şərqiyyə Fərəcova, Ceyranbatan qəsəbə 1 saylı orta məktəbinin coğrafiya müəllimi Nurəddin Piriyev, Novxanı kənd 1 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Tahirə Nağıyeva, Saray qəsəbə 3 saylı orta məktəbinin direktoru Təyyubə Hüseynova, Saray qəsəbə 1 saylı orta məktəbinin xarici dil müəllimi Mahirə Mikayıl qızı Qasımova, Saray qəsəbə 14 saylı uşaq bağçasının müdiri Rəhilə Əliyeva, rayon təhsil şöbəsinin müdiri Nadir Ağayev, Fatmayı kənd orta məktəbinin direktoru Nuru Nadirov, Uşaq-Gənclər İdman Məktəbinin direktoru Qiyas Məsimovdur.

Bundan əlavə, rayonun qabaqcıl təhsil işçilərindən 7 nəfəri - Xırdalan şəhər 9 saylı orta məktəbinin sabiq direktoru Elmira Yaqubova, Qobu qəsəbə 2 saylı orta məktəbin direktoru Lətifə Əmiraslanova, Xırdalan şəhər 1 saylı orta məktəbinin direktoru Sevinc Əliyeva, Mehdiabad qəsəbə 2 saylı orta məktəbinin xarici dil müəllimi Ərkinaz Həsənova, Qobu qəsəbə uşaq bağçasının sabiq müdiri Bibixanım İmaməliyeva, Digah qəsəbə uşaq bağçasının sabiq müdiri Validə Kərimova, Masazır uşaq bağçasının müdiri Sona Mustafayeva Prezidentin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb. Eyni zamanda, təhsil prosesində fərqlənmiş 175 müəllim Abşeron Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif edilib.

2010-cu ildə keçirilmiş müsabiqənin yekunlarına görə isə, Xırdalan şəhər 1 saylı orta məktəbin xarici dil müəllimi S.Kazımova tədris etdiyi fənn üzrə yüksək nailiyyətlər və şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işində yaxşı nəticələr əldə etdiyinə görə "İlin ən yaxşı müəllimi"adına layiq görülmüşdür.

 

Yeni məktəblər inşa edilib

 

Rayon Təhsil Şöbəsindən alınan məlumata əsasən 2005-ci ilin avqust ayından sonra rayonda 12 məktəb binası tikilərək istifadəyə verilib. 2006-cı ildə Güzdək qəsəbəsində 260 yerlik, Mehdiabadda 3 saylı, Ceyranbatanda 2 saylı orta məktəblər, 2007-ci ildə Xırdalan şəhərində (600 yerlik) 6, 7, 8 və 9 saylı orta məktəblər, Qobu qəsəbəsində 3 saylı, Saray qəsəbəsində 3 saylı, Novxanı qəsəbəsindəki 2 saylı orta məktəblər, 2008-ci ildə Masazırda 2 saylı, 2009-cu ildə 3 saylı orta məktəblər tikilib. Rayon ərazisindəki qalan bütün məktəblər isə əsaslı təmir olunub, istilik sistemi ilə təmin edilib.

Bütün bunlarla yanaşı qeyd edilməlidir ki, rayon ərazisindəki uşaq bağçaları da əsaslı təmir edilərək körpələrin ixtiyarına verilib. Bəzi uşaq tərbiyə müəssisələri üçün də yeni binalar tikilib. 2005-ci ildə Xırdalandakı 2 və 15 saylı, Hökməlidəki 5 saylı, Mehdiabaddakı 18 saylı, Ceyranbatandakı 1 saylı, Çaylıdakı 21 saylı, 2006-cı ildə Masazırdakı 4 saylı, Digahdakı 6 saylı, Məhəmmədidəki 10 saylı, 2007-ci ildə Görədildəki 9 saylı, 2010-cu ildə Saraydakı 14 saylı, Xırdalandakı 3 saylı və 17 saylı uşaq bağçaları əsaslı təmir olunmuşdur. Fatmayıdakı 8 saylı, Qobudakı 11 və 10 saylı, Novxanıdakı 13 saylı uşaq bağçaları üçün yeni binalar tikilmişdir. Bütün bu işlər rayon ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanmışdır.

Eyni zamanda, Təhsil Nazirliyi tərəfindən 2006-2010-cu illərdə məktəblərə aşağıdakı inventarlar verilib: 8045 ədəd şagird partası, 741 ədəd yazı lövhəsi, 857 ədəd müəllim stolu, 677 ədəd müəllim stulu, 464 ədəd kompyuter, 12 ədəd noutbuk.

 

Bir az da onları dinləyək

 

Yazının bu məqamında yeni tikilmiş təhsil müəssisələrinin bəzilərinin rəhbərlərinin fikirlərini dinləyək . Görək onlar son illər konkret olaraq öz məktəblərində görülmüş işləri necə qiymətləndirirlər.

Təyyubə Hüseynova, 3 saylı Saray orta məktəbinin direktoru, əməkdar müəllim:

- Müasir tələblərə cavab verən, yaxşı maddi-texniki bazaya malik birnövbəli məktəbimiz 2007-ci ildə istifadəyə verildi. Qətiyyətlə deyə bilərəm ki, bu orta məktəb, sözün əsil mənasında, saraylılara hədiyyə oldu. Çünki o vaxta qədər qəsəbədə iki orta məktəb fəaliyyət göstərsə də, bu təhsil ocaqlarında ciddi şagird sıxlığı açıq-aşkar hiss edilirdi. Bundan başqa, son illər xeyli genişlənmiş Yeni Saray yaşayış massivinin sakinləri də uşaqlarını Bakı və Sumqayıt şəhərlərindəki məktəblərə aparmaq məcburiyyətində qalırdılar. Bu gün bizim üçün ən sevindirici hal odur ki, həmin şəhərlərin ən adlı-sanlı məktəblərindən də bəzi valideynlər uşaqlarını bizim məktəbə gətirirlər. Təbii ki, onları buna sövq edən ilk növbədə burada yaradılmış yüksək şərait və təhsilin keyfiyyətidir. Bu təhsil ocağının tikilib araya-ərsəyə gəlməsində müstəsna xidmətləri olan icra başçısı Zakir Fərəcovun açılış zamanı dediyi sözləri indi də xatırlayıram: "Çalışın, Azərbaycana layiq kamil, yüksək intellektli gənclər yetişdirin". Biz də işə başlayandan "Gözəl görən gözəl düşünər" məsəlini nəzərə alaraq məktəbdəki yüksək səviyyəni qoruyub saxlamağa çalışırıq.

Möhtərəm Prezidentimiz İlham Əliyev demişdir: "Müəllimlər ən gözəl məktəblərdə işləyəcək, şagirdlər ən gözəl məktəblərdə təhsil alacaqlar". Dövlətimizin başçısı bu sözləri sanki bizim təhsil ocağımız üçün deyib. Biz də bu şəraitə görə ölkə başçısına minnətdarlığımızı bildiririk.

 

Həcər İbrahimova, Xırdalan 9 saylı orta məktəbinin direktoru:

- Məktəbimizin təməli 2006-cı ildə hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən qoyulub, 2007-ci dərs ilində isə məktəbin açılışı olub. Hazırda ikinövbəli məktəbdə 2200-ə yaxın şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 200-ə qədər qabaqcıl və təcrübəli müəllim məşğul olur. Onlardan biri - İradə Talıblı "İlin müəllimi" müsabiqəsinin qalibi olub. Burada üç xarici dil - ərəb, alman və ingilis dilləri tədris olunur. Ərəb dilinə meyl daha güclü olduğuna görə məktəb ərəb təmayüllüdür. Müasir texnologiyalar ilə təmin edilib. Üç kompyuter otağı, 40 kompyuteri var. Heydər Əliyev muzeyi məktəbimizə xüsusi əzəmət verir. 2009-2010-cu ildə məktəbimizi bitirən şagirdlərdən 39-u müxtəlif ali məktəblərə daxil olub. Onlardan ikisi 600-dən, altısı isə 500-dən çox bal toplayıb. Məktəbdə istedadlı şagirdlərin üzə çıxarılmasına kollektiv xüsusi önəm verir.

 

Zemfira Orucova, Xırdalan 7 saylı orta məktəbinin direktoru:

- Məktəbimizin açılışı 2007-ci ilin sentyabrında olub. 200 şagird üçün nəzərdə tutulmuş məktəbdə hazırda 712 nəfər təhsil alır. Məktəbin yerləşdiyi ərazi yeni yaşayış massivi olduğundan şagird axını da güclüdür. Hazırda təlim-tərbiyə işləri ilə 62 müəllimimiz məşğul olur. Uşaqların sayı normadan çox olsa da, maddi-texniki bazanın yüksək səviyyədə olması tədris prosesində gərginliyi aradan qaldırır. Məktəb kompyuterlərlə təchiz olunub. Biz daim rayon rəhbərinin diqqət qayğısını hiss edirik. Sakinlər pedaqoji kollektiv ona hədsiz minnətdardır. Çünki bərbad vəziyyətdə olan yolların asfaltlaşması, məktəbin istiliklə təmin olunması, bir sözlə, yüksək səviyyədə abadlıq işlərinin aparılması məhz onun xidmətidir.

 

Qasım Dadaşov, Güzdək qəsəbə orta məktəbinin direktoru:

- Rəhbərlik etdiyim məktəbin tikintisinə 2006-cı ilin fevralında başlanılıb, elə həmin il sentyabrın 15-də məktəb ilk şagirdlərini qəbul edib. Bu ikimərtəbəli, yaraşıqlı təhsil müəssisəsinin açılışında Milli Məclisin sədri Oqtay Əsədov, rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov təhsil nazirinin müavini Elmar Qasımov iştirak edirdilər. Hazırda burada 384 şagirdin təlim-tərbiyəsi ilə 35 müəllim məşğul olur. Ürək ağrısı ilə qeyd etmək istəyirəm ki, uzun illər boyu bu məktəbin məzunlarından heç kəs ali məktəblərə daxil olmamışdı. Son illər məktəbdə yaradılmış yüksək şərait keyfiyyətli tədris prosesi məzunlarımızın ali məktəblərə daxil olması istiqamətində müsbət tendensiya yaradıb.

 

Afət Camalova, Mehdiabad 3 saylı orta məktəbinin direktoru:

- Rayonumuzda yeni istifadəyə verilmiş təhsil müəssisələrindən biri bizim məktəbimizdir. Bina 2006-cı il sentyabrın 15-də öz qapılarını şagirdlərin üzünə açıb. 360 şagird üçün nəzərdə tutulmuş məktəbdə hazırda 420 şagird təhsil alır. Onların təlim-tərbiyəsi 48 müəllimə həvalə olunub tam məsuliyyətimlə deyə bilərəm ki, bu gün elə siniflərimiz var ki, burada təhsil alan uşaqlar lisey səviyyəsində biliklərə malikdirlər. İstər məktəbimizin tikintisində, istərsə sonrakı təchizat mərhələsində rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcovun qayğısını hiss etmişik. RİH başçısı indinin özündə diqqətini əsirgəmir məktəbimizin savadlı, geniş dünyagörüşə malik şagirdlər yetirməsi üçün əlindən gələn hər şeyi edir, dəyərli tövsiyələrini verir. Bu da biz müəllimləri, əlbəttə, şagirdlərin təlim-tərbiyəsi ilə daha ciddi şəkildə məşğul olmağa ruhlandırır.

 

(davamı növbəti sayımızda)

 

 

Səməd HÜSEYNOĞLU

 

Xalq qəzeti.- 2011.- 22 may.- S. 6.