Zərdab: yeni yüksəliş mərhələsi

 

Bu günlər Zərdaba qədəm basan hər kəs böyük ruh yüksəkliyinin, əmək coşqunluğunun, yüksək səfərbərlik və mütəşəkkilliyin şahidi olar. Bu, heç də təsadüfi deyil. Ölkə Prezidenti İlham Əliyev may ayının 6-da Zərdaba tarixi səfəri çərçivəsində rayon mərkəzində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, heykəlin önünə gül dəstəsi qoymuşdur. Sonra dövlət başçısı Heydər Əliyev Mərkəzinin eskiz layihəsinə baxmış, parkla, mərkəzin tikintisi çərçivəsində hazırlıq işləri ilə tanış olmuşdur. Səfər zamanı Prezident rayon ictimaiyyətinin nümayəndələri ilə də görüşmüşdür.

 

Biz bu yazı üzərində işləyərkən ziyalılarla, veteranlarla, gənclərlə görüşüb söhbət etdik, müxtəlif idarə, müəssisə və təşkilatlara baş çəkdik, adamların əhval-ruhiyyəsi, işə münasibəti ilə, rayonda mənəvi-psixoloji vəziyyətlə tanış olduq. Gördüklərimizə, müşahidə etdiklərimizə və eşitdiklərimizə əsasən deyə bilərik ki, ölkə Prezidenti İlham Əliyevin Zərdab rayonuna səfəri sakinlər arasında böyük canlanma və ruh yüksəkliyi yaratmış, adamların sabaha olan inam və ümidlərini daha da artırmışdır.

 

Hüseyn Həsənov:

- Özümü dünyanın ən xoşbəxt insanlarından biri hesab edirəm. Ona görə ki, xalqımızın böyük oğlu Heydər Əliyevi, onun davamçısı, respublika Prezidenti İlham Əliyevi Zərdab torpağında qarşılamaq, onlarla görüşmək, söhbət etmək səadəti mənə də nəsib olmuşdur. Yaxşı xatırlayıram, 1978-ci ilin may ayı idi. Kür yenə də coşub məcrasından çıxmışdı. Çox təhlükəli vəziyyət yaranmışdı. Bax, belə həyəcanlı günlərdə respublika rəhbəri Heydər Əliyev rayonumuza səfər etdi, vəziyyətlə yerindəcə, yaxından tanış oldu. Mən o vaxt rayon üzrə fövqəladə komissiyanın sədri kimi ulu öndərə ətraflı məlumat verdim. Qısa müddət ərzində həyata keçirilən təsirli tədbirlər öz konkret nəticəsini verdi, fəlakət sovuşdu, Kür ram edildi. Həmin tarixi səfər və görüşlər, keçirilən söhbət və müzakirələr bu gün də qəlbimizdə əziz xatirə kimi yaşamaqdadır.

Belə bir xoş görüşü və unudulmaz anları bu günlərdə bir daha yaşadım. Ölkə Prezidentinin səmimi, ürəkdən gələn söhbət və görüşləri, həyatımızla, gün-güzəranımızla dərindən maraqlanması hər birimizin qəlbində hədsiz minnətdarlıq duyğuları oyatdı. Açığını deyim ki, mən hələ də o görüşün təsiri altındayam.

Vüsalə Kərimova:

- Respublika Prezidenti İlham Əliyevi 2-ci dəfə idi ki, qarşılayırdıq. O da məlumdur ki, ölkə başçısının hər səfəri böyük inkişaf, genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri ilə nəticələnir. Açığını deyim ki, cənab Prezidentə deməyə sözüm çox idi, ona görə ki, son illər rayonumuzda görülən işlər, həyata keçirilən tədbirlər də çoxdur. Elə yeni məktəblərin tikintisini, onların maddi-texniki bazasının möhkəmləndirilməsini götürək. Yaxud yolların abadlaşdırılmasını, şəxsi, sosial və ictimai binaların tikintisini, qaz-su, elektrik enerjisi ilə təminatdakı uğurları qeyd edək. Kürün şıltaqlığı bizi daha qorxutmur. Belə ki, Kür çayı boyunca 60,6 kilometr uzunluğunda 8 metr enində bəndbərkitmə işləri görülmüşdür. Zərdab şəhəri tamamilə qazlaşdırılıb. 41 kənddə isə qazlaşdırma işləri sürətlə davam etdirilir.

Bütün bunlar barədə ölkə Prezidentinə məlumat vermək olduqca xoş idi. Belə unudulmaz görüş və səmimi söhbətlər qəlbimdən və yaddaşımdan heç vaxt silinməyəcək.

Son illər respublikamızın bütün regionlarında olduğu kimi, Zərdab rayonunda da Dövlət Proqramları, büdcə vəsaiti və daxili imkanlar hesabına genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri həyata keçirilmişdir.

2008-ci ildə Məlikmahmudlu kəndində 360 yerlik məktəb binası tikilmiş, 3 saylı şəhər orta məktəbi əsaslı təmir olunmuşdur. Rayon Prokurorluğu üçün yeni inzibati bina istifadəyə verilmişdir. Dəli Quşçu, Gəlmə, Dəkkəoba, Çallı və Qoşaoba kəndlərinin yolları asfaltlanmışdır. Körpükənd, Qoruqbağı, Məlikumudlu, Əlvənd, Şahhüseynli kəndlərində modul tipli sutəmizləyici qurğular inşa olunmuşdur. Şəftəhal və Bıçaqçı kəndlərində daha məhsuldar su nasos stansiyaları işə salınmışdır. Zərdab şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan prospekt yenidən qurulmuşdur.

2009-cu ildə daha çox işlər görülmüşdür. Rayon icra hakimiyyətinin, Əhalinin Sosial Müdafiəsi Mərkəzinin yeni inzibati binaları, Heydər Əliyev İdeoloji Mərkəzi istifadəyə verilmişdir. Qələbə meydanında Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun büstü qoyulmuşdur. Göyçay-Ucar-Zərdab fiber-optik elektron rabitə xəttinin çəkilişi başa çatdırılmışdır.

Alıcanlı kəndində 360 yerlik, Xanməmmədli kəndində 100 yerlik məktəb binaları istifadəyə verilmişdir. Şəhər 1, 2 saylı orta və şəhər əsas məktəblərinin istilik sistemləri bərpa olunmuşdur. Qumlu yaşayış massivinə 6 km uzunluğunda qaz xətti çəkilmişdir. Rayon mərkəzini Dədə Qorqud meydanından Qoşaoba və Təzəkənd kəndləri ilə birləşdirən yola təzə asfalt örtük vurulmuşdur. 200 yerlik uşaq incəsənət məktəbinin yeni binasının və əsaslı təmirdən sonra 2 saylı uşaq bağçasının binasının açılışı olmuşdur.

Alıcanlı, Hüseynxanlı, Xanməmmədli, Gəlmə, Nəzəralılı kəndlərində yeni nasos stansiyaları quraşdırılmışdır. 600 kilometr su kanalı lildən təmizlənmişdir. Yuxarı Seyidlər, Məlikli, Gödəkqobu, Məmmədqasımlı və Yarməmmədbağı kəndlərində modul tipli sutəmizləyici qurğular işə salınmışdır. Çallı və Məlikli kəndlərində yeni poçt binaları istifadəyə verilmişdir.

Rayon mərkəzindəki Heydər Əliyev prospektinə, Ramiz Kərimov, 1 May, Babək İsmayılov, Şəhriyar, Azadlıq, Cəfər Cabbarlı, Azərbaycan küçələrinə təzə asfalt örtük döşənmişdir. 3,4 və 5 saylı kommunal binaların dam örtüyü təzələnmişdir.

2010-cu ildə Kür, Göyçay və Türyançay çayları Zərdabı və zərdablıları ciddi sınağa çəksə də, ölkə Prezidentinin diqqət və qayğısı sayəsində təbii fəlakət itkisiz ötmüşdür. Son 3 ildə ən çox iş məhz 2010-cu ildə görülmüşdür. Ötən il Zərdab-Mollakənd yolu asfaltlanmışdır. Zərdab-Otmanoba istiqamətində qaz çəkilişinə başlanmış və bu ilin Novruz bayramı ərəfəsində Qaravəlli kəndində qaz xəttinin açılışı olmuşdur.

Şıxbağı və Cilovxanlı kəndlərində yeni məktəb binaları istifadəyə verilmişdir. Təhsil, səhiyyə və mədəniyyət müəssisələrində yüksək səviyyəli təmir-bərpa işləri yerinə yetirilmiş, şəhər 1 saylı uşaq bağçası əsaslı təmir olunmuşdur. Şəftəhal və Aşağı Seyidlər kəndlərinin daxili yolları asfaltlaşdırılmışdır.

100 nəfərə qədər insanın işlə təmin olunacağı süd emalı zavodunda işlər davam etdirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yeni yaradılan rayon şöbəsində 4 nəfər gənc kadr işlə təmin olunmuşdur.

Zərdab rayonunda ilk dəfə Telemetrik Seysmik Stansiya tikilmişdir. Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbəsi üçün tikilən inzibati binada işlər başa çatmaq ərəfəsindədir. Rayon mərkəzində yollara 55 min kvadratmetr təzə asfalt örtük döşənmişdir. Alıcanlı, Dəli Quşçu, Qaravəlli, İsaqbağı kəndlərində və Bəyimli qəsəbəsində modul tipli sutəmizləyici qurğular yaradılır. Ümumi dəyəri 3 milyon manatadək olan Heydər Əliyev Mərkəzinin tikintisi başa çatdırılmışdır. Parkda 2400 kvadratmetr sahəyə mərmər və beton plitə döşənmiş, giriş qapısı yenidən qurulmuşdur. Qısa müddətdə 14 Qarabağ əlili üçün yeni fərdi yaşayış evləri tikilmişdir. Uzun müddətdən sonra şəhid ailələri və Qarabağ əlilləri üçün inşa olunan 16 mənzilli binanın ətrafı zəhərli, kimyəvi maddələrdən təmizlənmişdir.

Ötən ilin yaz aylarında baş vermiş təbii fəlakət nəticəsində ziyan çəkmiş 4885 ailəyə yeni evlərin tikilməsi nəzərdə tutulub. Artıq bu işlərə başlanılıb. 51 ailəyə yeni evlər tikilib istifadəyə verilib, hazırda 20 ev tikilir. Qalan evlərin də tədricən, mərhələ-mərhələ tikilməsi təmin olunacaqdır. Hazırda Ağabağı kənd məktəbinin, Şəftəhal tibb məntəqəsinin, Qoruqbağı uşaq bağçasının, Çallı kənd doğum palatasının tikintisində işlər yekunlaşmaq üzrədir. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Zərdab şöbəsi üçün müasir binanın tikintisində işlər sürətlə davam etedirilir. 7 kənd məscidində təmir işləri başa çatıb. Su və kanalizasiya xəttinin çəkilməsi ilə bağlı artıq rayona vəsait ayrılıb və yaxın aylarda işə başlanılacaqdır.

Bu il rayon üzrə 10 kənddə yeni poçt binasının tikintisi aparılacaq. Artıq Gəlmə və Qaravəlli kəndlərində bu işlərə başlanılıb. Rayon üzrə 10 məktəb qəzalı vəziyyətdədir. İndi bu məsələ də öz həllini tapmaqdadır. Belə ki, yaxın vaxtlarda Pərvanlı və Lələağacı kəndlərində yeni məktəb binalarının tikintisinə, Aşağı Seyidlər və Hüseynxanlı kəndlərində isə məktəb binalarının əsaslı təmirinə başlanılacaqdır. Qalan məktəblərin tikintisinə isə ilin sonuna kimi başlanılması nəzərdə tutulur.

Sadaladığımız bütün bu işlər ölkə Prezidenti İlham Əliyevin Zərdaba və zərdablılara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Zərdablılar isə daim dövlətə və onun başçısına sədaqətlərini öz əməli fəaliyyətləri ilə sübut edirlər.

Ölkə Prezidentinin Zərdaba tarixi səfərindən sonra rayonda ictimai-siyasi və mənəvi-psixoloji mühit bax belədir. Yaşından, sənətindən, ictimai mənsubiyyətindən asılı olmayaraq hamı ölkə rəhbərinin ətrafında sıx birləşdiklərini bəyan edir. Zərdablılar Prezident İlham Əliyevin daxili və xarici siyasət xəttini müdafiə etdiklərini, bu istiqamətdə öz səy və bacarıqlarını, var qüvvələrini sərf edəcəklərini bildirirlər.

Uğur olsun, zərdablılar...

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2011.- 22 may.- S. 6.