Azərbaycan üzümçülüyünün inkişafı yeni mərhələyə qədəm qoyur

 

Bu il martın 1-də Bakı Biznes Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda iqtisadiyyatın müxtəlif sahələri ilə yanaşı, əsas diqqətin kənd təsərrüfatına, onun inkişafı istiqamətlərinə, ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəldilməsi təsadüfi deyildi. Bu, günümüzün tələblərindən irəli gələn vacib və təxirəsalınmaz məsələlərdir. Unutmaq olmaz ki, Azərbaycan tarixən aqrar ölkə sayılıb və 9 milyonluq əhalimizin, demək olar ki, tən yarısı kənd yerlərində yaşayır. Möhtərəm Prezidentimiz İlham Əliyev birinci rübün yekunlarına həsr edilmiş Nazirlər Kabinetinin iclasındakı nitqində kənd təsərrüfatı məsələlərindən danışarkən xüsusi vurğuladı ki, biz öz gücümüzə arxalanaraq ərzaq təhlükəsizliyimizi təmin edə bilərik.

 

Heç kimə sirr deyil ki, respublikamız müstəqillik əldə etdikdən sonra ən çox sərbəstlik qazanan kənd camaatı olmuşdur. Aqrar islahat nəticəsində şəxsi torpaq mülkiyyətçisinə çevrilən kəndlinin taleyi öz əlinə keçmişdir. O, sözün əsl mənasında, hərtərəfli sərbəstlik əldə etməklə yanaşı, dövlətin tam qayğısı ilə əhatə olunmuşdur.

Hər şeydən əvvəl aqrar islahatın hansı sosial-iqtisadi şəraitdə aparıldığını yada salaq. 1985-90-cı illərdə Azərbaycanın iqtisadiyyatı sürətlə tənəzzülə uğramışdı. Respublikanın kənd təsərrüfatının inkişafına subyektiv, volyuntarist münasibət bəslənilirdi. Keçən əsrin 70-80-ci illərində ulu öndərimiz Heydər Əliyevin gərgin zəhməti, tükənməz istedadı, zəngin təcrübəsi və qətiyyətli tələbkarlığı sayəsində aqrar-sənaye kompleksində toplanmış böyük potensial, maddi-texniki baza o vaxtkı respublika rəhbərliyinin səriştəsiz idarəçiliyi dövründə dağıdılmışdı.

Müstəqillik qazanmış Azərbaycan Respublikasında keçid dövrünün ilk illərində ümumi daxili məhsul 70 faizdən çox aşağı düşmüş, iqtisadiyyatın bütün sahələri iflic vəziyyətində olmaqla yanaşı, dövlətin valyuta ehtiyatları tam tükənmişdi. Ölkənin makroiqtisadi sabitliyi kökündən sarsılmış, respublikanın iqtisadi problemlərindən biri olan aqrar-sənaye kompleksinin dirçəlməsi, onun yeni dünyaya inteqrasiya olunması, baş alıb gedən işsizlik və yoxsulluq kimi çətin, ağrılı məsələləri araşdırıb yoluna qoymaq unudulmuşdu.

1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyev ölkənin və xalqın müqəddəratını həll edən, çoxları üçün olduqca mürəkkəb görünən islahatların həyata keçirilməsinin öhdəsindən məharətlə gəldi. Ölkənin aqrar sektorda iqtisadi siyasətinin ümumi strategiyası bir çox qanunlarda, o cümlədən "Ərzaq Təhlükəsizliyi Proqramı", "Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı", "2003-2005-ci illərdə kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üzrə Dövlət Proqramı" kimi siyasi sənədlərdə öz əksini tapdı. Ümumiyyətlə, 1995-2010-cu illərdə aqrar sahə ilə bağlı 100-dən çox qanun, fərman, sərəncam, qərar və digər hüquqi-normativ sənədlər qəbul edildi.

Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində respublikada yanacaq-energetika sahəsindən sonra ölkə iqtisadiyyatında ikinci yeri tutan aqrar-sənaye kompleksinin inkişafında keyfiyyət və məzmunca yeni bir mərhələnin təməli qoyuldu. Çətin və riskli sınaq yolu keçmiş aqrar islahatın birinci mərhələsinin nəticələri artıq göz qabağındadır. Aqrar sahə dinamik inkişafa başlamış, sahibkarlığın təməli qoyulmuş, sağlam və sərbəst rəqabət mühiti yaradılmış, makroiqtisadi sabitliyə nail olunmuşdur.

Aqrar islahatın birinci mərhələsi başa çatdıqdan sonra ölkənin kənd təsərrüfatında, daha doğrusu, aqrar-sənaye kompleksində yaranmış ümumi vəziyyətə nəzər saldıqda onu qeyd etmək lazımdır ki, artıq ölkə əhalisinin ərzaq məhsulları ilə təminatında daxili istehsalın rolu ilbəil artır, idxal olunan kənd təsərrüfatı, o cümlədən ərzaq məhsullarının xüsusi çəkisi azalır, ixrac məhsullarının çeşidi və həcmi isə artır. Ölkədə ərzaq təhlükəsizliyi balansı müsbət saldoda dəyişməyə başlamışdır. Milli aqrar emal sahələri getdikcə inkişaf edir, yenidən qurulur, burada müasirləşmə prosesi həyata keçirilir. Bu müəssisələrin istehsal etdikləri bir sıra meyvə-tərəvəz konservləri, şirələr və şərablar, bitki yağları və çaylar, ət-süd emalı məhsulları beynəlxalq standartlara uyğundur. Onların bir çoxu ölkəmizin bayrağı altında nüfuzlu beynəlxalq sərgilərdə nümayiş etdirilərək qızıl, gümüş medallara və diplomlara layiq görülür.

Aqrar islahatın ən başlıca uğurlarından biri də islahatlar dərinləşdikcə, bazar münasibətləri təkmilləşdikcə Azərbaycan kəndlisi yeni sahibkar kimi formalaşır, onların istehsala və əməyə münasibətlərində, psixologiyalarında, dünyagörüşündə köklü dəyişikliklər baş verir, idarəetmə səriştəsi təkmilləşir. Artıq bugünkü kəndli sahibkar sovet dövründəki kəndli deyildir.

Kəndli sahibkarların fəaliyyəti "Kəndli (fermer) təsərrüfatı haqqında" və "Ailə (fərdi) təsərrüfatı haqqında" Azərbaycan Respublikasının Qanunları ilə qorunur və tənzimlənir. Dövlət sahibkarlıq fəaliyyətini özünün vergi, pul, kredit, gömrük və hüquq sistemləri vasitəsilə tənzimləyir. Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi, Sahibkarlığa Kömək Milli Fondunun yaradılması buna parlaq misaldır.

Torpaq mülkiyyətçilərinə geniş hüquqlar verilmişdir. Onlar özlərinin mülkiyyətində olan torpağı qanunvericilikdə müəyyən olunmuş qaydada satmaq, icarəyə vermək, girov qoymaq, bağışlamaq, vərəsəyə irsən keçirmək hüququna malikdirlər. Kəndli sahibkar torpaq vergisi istisna olmaqla bütün vergilərdən, bir sıra istehsal vasitələrinin və toxumların gömrük rüsumlarından azad edilmiş, yanacağın və suyun satışında onlara böyük güzəştlər olunmuşdur.

Fermerlərin kənd təsərrüfatı texnikası ilə təminatını yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2004-cü il 23 oktyabr tarixli sərəncamı ilə "Aqrolizinq" ASC yaradılmışdır. Artıq bu öz bəhrəsini verməkdədir. 2005-ci ildən bəri həmin təşkilat tərəfindən büdcə vəsaiti hesabına beş minə yaxın kombayn, traktor və başqa müxtəlif təyinatlı kənd təsərrüfatı maşınları alınaraq hüquqi və fiziki şəxslərə lizinq yolu ilə satılmış və ya uzun müddətə icarəyə verilmişdir.

Qeyd etmək lazımdır ki, iqtisadiyyatın digər sahələrindən fərqli olaraq aqrar-sənaye kompleksində qısa müddət ərzində yaranmış yeni ab-hava, əhval-ruhiyyə, əsaslı inkişaf möcüzəyə bərabər hadisəyə çevrilmişdi. Bu, böyük qüdrət və zəka, işıqlı əməllər sahibi olan ulu öndər Heydər Əliyevə məxsus nadir keyfiyyətlər sayəsində mümkün olmuşdu. Yeri gəlmişkən, fürsətdən istifadə edərək gənc fermerləri bu tarixi şəxsiyyətin çoxşaxəli fəaliyyətinin bəzi məqamları ilə qısaca tanış edək.

Azərbaycan qədim vaxtlardan aqrar ölkə olsa da, 1960-69-cu illərdə respublikamız kənd təsərrüfatının bütün sahələri üzrə dövlət tapşırıqlarını ilbəil yerinə yetirə bilmir, məhsul istehsalçıları arasında pessimist əhval-ruhiyyə hökm sürürdü. Həmin illərdə respublikamızda hər hektardan cəmi 9,5-10,7 sentner taxıl, 15,7 sentner pambıq, 119 sentner tərəvəz, 39,4 sentner üzüm götürülürdü. 1969-cu ildə hər 100 baş ana maldan 48 buzov, hər 100 qoyundan cəmi 43 quzu alınır, hər inək və camışdan 714 kiloqram süd sağılırdı.

Azərbaycan KP MK-nın iyul (1969-cu il) plenumunda Heydər Əliyevin Mərkəzi Komitənin birinci katibi seçilməsi respublikanın iqtisadi həyatında baş alıb gedən geriliyə son qoymağın başlanğıc nöqtəsi oldu. Bu dahi şəxsiyyətin çevik siyasəti, gərgin əməyi nəticəsində qısa zaman kəsiyində - 1970 və 1975-ci illərdə Sov.İKP MK və SSRİ Nazirlər Soveti Azərbaycanda kənd təsərrüfatının inkişafına, məhsul istehsalının intensivləşdirilməsinə dair dalbadal iki mühüm qərar qəbul etdilər. Həmin qərarların həyata keçirilməsi məqsədilə Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın tarixi salnaməsində misli görünməmiş irimiqyaslı təşkilati-təsərrüfat və ideoloji tədbirlər kompleksi hazırlandı.

1969-cu ildə bu göstəricilər müvafiq olaraq 299 min ton və 17,4 sentner təşkil etmişdi.

O dövrdə respublikada üzümçülüyün inkişaf etdirilməsinə xüsusi diqqət yetirilirdi. 1969-cu ildə ölkədə seyrəkliyi 60-70 faiz olan cəmi 50 min hektar üzüm sahəsi var idi. Mövsüm ərzində 230 min tona yaxın məhsul istehsal olunurdu. Qısa müddət ərzində ən iri aqrar-sənaye kompleksi kimi fəaliyyət göstərən Dövlət Üzümçülük və Şərabçılıq Komitəsi yaradıldı. Onun tərkibinə 256 ixtisaslaşdırılmış sovxoz, o cümlədən 97 sovxoz-zavod, 8 ilkin emal və 10 təkrar emal zavodları daxil edilmişdi. Təkcə bu sahədə 132 min fəhlə, mütəxəssis və qulluqçu çalışırdı.

Hər il 20-22 min hektar sahədə yeni üzümlüklər salınırdı. Artıq 1984-cü ildə Azərbaycanda üzümlüklərin sahəsi 284 min hektara, hər hektarda məhsuldarlıq 100 sentnerə, ümumi məhsul istehsalı isə 2,1 milyon tona çatdırılmışdı. Ölkədə 60 markadan çox şərab istehsalına nail olunmuş, 70,7 milyon dekalitr şərab, 11,6 milyon dekalitr konyak istehsal edilmiş, hər il respublikadan kənara 230-250 min ton süfrə üzümü göndərilirdi.

1969-1982-ci illərdə Azərbaycan hərtərəfli inkişaf yolunda idi. Ölkənin iqtisadiyyatı ilə yanaşı, mədəniyyət, incəsənət, ədəbiyyat və başqa sahələrində də diqqətəlayiq nailiyyətlər əldə olunurdu. Bütün bu işlərin başında duran ulu öndərimiz Heydər Əliyev dövlət və xalq qarşısındakı xüsusi xidmətlərinə görə iki dəfə Sosialist Əməyi Qəhrəmanı adını almışdır.

Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də ölkədə üzümçülüyün inkişaf etdirilməsinə xüsusi önəm verir. "Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nin ikinci ilinin yekunlarını müzakirə edən konfransdakı nitqində üzümçülyün əhəmiyyətindən danışan dövlətimizin başçısı demişdir: "... Biz üzümçülüyün inkişafına da xüsusi diqqət göstərməliyik. Sirr deyil ki, vaxtilə Azərbaycanda ulu öndər Heydər Əliyevin səyləri və təşəbbüsü nəticəsində üzümçülük çox sürətlə inkişaf etmişdi. O, 1969-cu ildə Azərbaycana rəhbərliyə gələndə üzüm istehsalı 300 min tondan az idi. Amma onun dövründə görülmüş işlər nəticəsində bu rəqəm 2 milyon tona qalxmışdı. Bu, həm Azərbaycan Respublikasının inkişafına xidmət edirdi, ilk növbədə isə insanların rifah halının yaxşılaşdırılmasına çox müsbət təsir göstərmişdi.

Kənddə yaşayan insanlar üzümçülüyün inkişafı sayəsində özlərinin həyat səviyyəsini böyük dərəcədə yüksəldə bilmişdilər. Hazırda Azərbaycanda üzüm istehsalı 120 min ton səviyyəsindədir. Əlbəttə ki, bunun da səbəbləri vardır. O səbəbləri biz bilirik. 1980-ci illərin sonlarında Sovet İttifaqının rəhbərləri antialkoqol kampaniyasına başlamışdılar və nədənsə, bu kampaniyanın ən böyük ziyanı və zərbəsi Azərbaycana dəymişdi. Azərbaycanda bütün üzüm bağlarını məhv etdilər, insanları pis vəziyyətə qoydular, insanlar gəlir mənbələrindən məhrum oldular. Azərbaycanda böyük səylər nəticəsində, böyük zəhmət hesabına yaradılmış üzümçülük, demək olar ki, tamamilə məhv edildi. Biz yaxşı bilirik ki, burada da Azərbaycana və azərbaycanlılara qarşı ayrı-seçkilik tətbiq olundu. Üzüm istehsalı təkcə Azərbaycanda inkişaf etmirdi. Digər respublikalarda üzümçülüyün inkişafına o qədər də böyük ziyan vurulmadı. Ukrayna, Gürcüstan, Ermənistan, Moldova - bu respublikalarda da üzümçülük inkişaf edirdi. Yəni oralarda bu, Azərbaycandan daha da əvvəl ənənəvi xarakter daşıyırdı. Ancaq o respublikalarda üzüm bağları məhv edilmədi. Azərbaycana qarşı qərəzli və mənfi münasibət isə ona gətirib çıxardı ki, burada üzümçülüyün kökü kəsildi...

Ancaq sözüm ondadır ki, ola bilər, biz üzümçülüyün inkişafı üçün xüsusi bir proqram da qəbul edək. Maliyyə resurslarını da cəlb edək, xüsusi proqram çərçivəsində üzümçülüyün inkişafı üçün lazım olan bütün tədbirləri görək. Çünki hamı yaxşı bilir ki, üzümçülüyün inkişafı uzun bir prosesdir. Bəzi hallarda bir ilə, iki ilə, hətta üç ilə verilən kreditlər hesabına üzümçülüyün inkişafını irəliyə apara bilmərik. Yəqin ki, burada uzunmüddətli kreditlər haqqında fikirləşməliyik. Bəlkə əlavə bir vəsait də ayrılsın, yaxud üzümçülüyün inkişafı üçün xüsusi bir fond da yaradıla bilər ki, orada uzunmüddətli, misal üçün, 10 ilə veriləcək kreditlər təşkil olunsun, sahələr müəyyən edilsin. Yenə də böyük fermer təsərrüfatlarının yaradılması, inkişafı üçün səylər göstərilsin".

 

 

Telman ƏLİYEV

 

Xalq qəzeti.- 2011.- 22 may.- S. 5.