Azərbaycan - Çexiya münasibətləri bütün istiqamətlərdə uğurla inkişaf edir

 

Rəsmi Praqa beynəlxalq təşkilatlar çərçivəsində daim Azərbaycanın mövqelərini müdafiə etmişdir

 

Əminəm ki, səfər və onun nəticələri əlaqələrimizi daha da gücləndirəcəkdir. Biz ölkələrimiz arasında ikitərəfli münasibətlərə olduqca böyük əhəmiyyət veririk. Əlaqələrimiz çox uğurla inkişaf edir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 may 2011-ci il

 

Biz o faktı dəyərləndiririk ki, ölkələrimiz arasında münasibətlər son bir neçə il ərzində daha da intensivləşir. Bir sıra siyasətçilərin və iş adamlarının həyata keçirilmiş səfərləri çox müsbət haldır.

 

Vatslav KLAUS,

Çexiya Prezidenti

Bakı, 17 may 2011-ci il

 

Son illər Azərbaycan rəsmilərinin xarici ölkələrdə apardığı danışıqlarda və ölkəmizə gələn rəsmi nümayəndə heyətləri ilə keçirilən görüşlərdə xüsusi bir məqam hamının diqqətini cəlb edir. Elə bir görüş və ya müzakirə olmur ki, gündəliyə enerji məsələsi gətirilməsin. Yəni Azərbaycanın karbohidrogen ehtiyatları ölkəmizi beynəlxalq aləmdə hamı üçün vacib tərəfdaşa çevirib.

 

Əlbəttə, təbii resursların zənginliyi və ölkənin geosiyasi əhəmiyyəti dövlətin beynəlxalq imicini tamamilə təmin edə bilməz. Çünki bu prosesdə ölkənin düşünülmüş şəkildə idarə edilməsi, mükəmməl siyasi kursun mövcudluğu, çevik diplomatiyanın yeridilməsi və beynəlxalq aləmdə gedən iqtisadi proseslərin mahiyyətinin düzgün qiymətləndirilməsi əsas amillərdir. Müstəqil Azərbaycanın bəxti onda gətirib ki, burada təbii ehtiyatlar və geosiyasi əhəmiyyətlə yanaşı ən müasir dövlət idarəçiliyi kursu da mövcuddur. Azərbaycanın yeritdiyi xarici siyasət nəticəsində bu gün dünyanın bütün ölkələri respublikamızın dostuna çevrilmişdir. Həmin sırada Çexiyanın özünəməxsus yeri vardır.

İki il əvvəl - Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində növbəti toplantının keçirildiyi Praqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Çexiya Prezidenti Vatslav Klaus görüşmüş və dövlət başçımız çexiyalı həmkarını respublikamıza dəvət etmişdi. Cənab Klausun həmin dəvət əsasında Azərbaycana reallaşdırdığı üçgünlük rəsmi səfəri hər iki ölkədə böyük maraqla qarşılanır və diqqətlə izlənilirdi. Çünki Azərbaycan postsovet məkanında Avropa dəyərlərinə ən böyük ehtiramla yanaşan, Avropa demokratiyasını qəbul edən və Avropa ailəsinə öz layiqli töhfələrini verən ölkə kimi tanınmışdır. Ona görə də Çexiyada Azərbaycana olan marağın bir üzündə ölkəmizin təbii ehtiyatları durursa, digər üzündə bu mühüm amillər dayanır.

Azərbaycanda Çexiyaya olan marağa gəlincə isə onu demək lazımdır ki, bu maraqlar üç istiqamətdən qaynaqlanır. Əvvəla, Çexiya Avropa miqyaslı beynəlxalq təşkilatlarda söz sahibidir və Dağlıq Qarabağ kimi həlli uzanan münaqişəsi olan Azərbaycanın həmin sözə ehtiyacı vardır. Çexiya bütün beynəlxalq təşkilatlarda rəsmi Bakının mövqeyini dəstəkləməklə xarici siyasətdə ədalətli mövqe tutduğunu sübut etmişdir. İkinci, Azərbaycan öz karbohidrogen ehtiyatlarını dünya bazarına çıxararkən Çexiya sədaqətli və etibarlı istehlakçı kimi ölkəmizin iqtisadi tərəfdaşına çevrilmişdir. Azərbaycan nefti artıq xeyli vaxtdır ki, Çexiya bazarlarındadır. Üçüncü, 2003-cü ildən bəri Azərbaycanda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərində Çexiya sərmayədarlarının, xüsusən, bu ölkənin banklarının böyük rolu olmuşdur. Cənab Vatslav Klausun Bakı səfəri çərçivəsində ölkəmizin paytaxtında keçirilən Azərbaycan-Çexiya biznes forumundan sonra həmin tendensiyanın daha da genişlənəcəyi gözlənilir. Ümumiyyətlə, ekspertlər dost ölkə prezidentinin üçgünlük rəsmi səfərinin Azərbaycan-Çexiya əməkdaşlığında xüsusi mərhələnin başlanğıcı olacağını söyləyirlər.

Səfər çərçivəsində Azərbaycan və Çexiya prezidentlərinin təkbətək görüşü zamanı tərəfləri maraqlandıran bütün məsələlər əhatəli şəkildə müzakirə olunmuş və müvafiq razılaşmalar əldə olunmuşdur. Hətta bu danışıqlar tərəfləri o səviyyədə qane etmişdir ki, cənab Vatslav Klaus dövlət başçılarının geniş tərkibdə danışıqları zamanı maraqlı bir etiraf dilə gətirdi: "...yeri gəlmişkən, onu deməliyəm ki, biz cənab Prezidentlə artıq bütün problemləri həll etmişik... Bizim dostluq mühitində keçən intensiv və səmərəli danışıqlarımız olub". Dostluq mühitində keçən həmin danışıqları Azərbaycan Prezidenti İlham Əliyev bu şəkildə qiymətləndirib: "Biz gündəliyimizdə olan müxtəlif mövzular, ikitərəfli münasibətlərimizə, o cümlədən Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa aid çox yaxşı müzakirələr apardıq".

Səfər çərçivəsində imzalanan Azərbaycan-Çexiya sənədlərinin məzmunu da göstərirdi ki, tərəflər artıq cəmiyyət həyatının ən müxtəlif sahələrində də əhatəli əməkdaşlığa start verirlər. Məsələn, standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu adından da görünür ki, müasir iqtisadi, siyasi və elmi-texniki əməkdaşlıq üçün nə qədər əhəmiyyətli olan sahələri əhatə edir. Yaxud, hökumətlər arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında saziş artıq bu iki dövlətin bir-birinə nə qədər inandığının və qarşılıqlı etimadın nəticəsi kimi qiymətləndirilir. "Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş" isə yuxarıda qeyd etdiyimiz sosial-iqtisadi inkişaf prosesində çexiyalı iş adamlarının daha yaxından iştirakını təmin etməklə yanaşı azərbaycanlı iş adamları üçün Çexiyada münbit şəraitin yaranmasını sürətləndirəcək. Ümumiyyətlə, bu üç sənəd - bir memorandum, iki saziş - indiyədək Azərbaycanla Çexiya arasında imzalanmış onlarla sənədin sırasının daha da təkmilləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Sənədlərin imzalanmasından sonra dövlət başçılarının mətbuata verdikləri bəyanatlar kütləvi informasiya vasitələri tərəfindən böyük maraqla qarşılandı. Məsələn, Azərbaycan Prezidentinin bəyanatında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamış qalmasına münasibət bildirilərkən qeyd edilir ki, ATƏT-in qərarları, Avropa Parlamentinin, Avropa Şurasının və digər beynəlxalq təşkilatların qətnamələri eyni tərzdədir və eyni məna daşıyır. Münaqişə beynəlxalq hüququn normaları əsasında həll olunmalıdır və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Bundan sonra regionda sülh bərqərar olunacaqdır. Yəni Azərbaycan Prezidenti avropalı həmkarına növbəti dəfə məlumat verir ki, münaqişə həll olunmayınca Qafqazda sülh təhlükə altında qalacaq. Prezident Vatslav Klausun bu məsələyə münasibəti isə ənənəvi Avropa münasibətlərindən fərqli idi. Belə ki, digər Avropa rəsmiləri bu barədə söz açarkən dərhal qarşılıqlı kompromisləri yada salırlar. Cənab Klaus isə münaqişənin həllini Azərbaycanla Ermənistanın öhdəsinə buraxmaq kimi absurd bəyanatlardan uzaq olan bir fikir söyləyir: "Ermənistanla olan ağrılı münaqişədən xəbərimiz vardır və bu münaqişənin həllinə kiçik də olsa, öz yardımımızı etmək istərdik".

Dövlət başçılarının mayın 17-də Bakı Biznes Mərkəzində keçirilən Azərbaycan-Çexiya biznes forumunda iştirakı da tərəflərin bu tədbirə verdiyi əhəmiyyətin göstəricisi idi. Prezident İlham Əliyev tədbirdə çıxış edərək əmin olduğunu bildirdi ki, biznes forumun nəticələri tərəflərin gözlədiyi şəkildə səmərəli olacaq, ölkələrimiz arasında yaranmış münasibətlərə uyğun gələcəkdir. Biznes forumda çıxış edən Vatslav Klausun azərbaycanlı biznesmenlərə üz tutaraq söylədiyi bir fikir isə dost ölkə rəhbərinin sabah üçün olan nikbinliyindən xəbər verirdi: "Biz Qarabağ problemini hiss edirik. Ümid edirik ki, bu problemi həll edə biləcək müəyyən perspektiv vardır. Biz bu istiqamətdə sizi dəstəkləməyə hazırıq".

Bu isə Azərbaycan diplomatiyasının, dövlətimizin xarici siyasətinin uğurlu nəticələrindən biri kimi qiymətləndirilir.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2011.- 22 may.- S. 1.