Neft və qaz
hasilatı üzrə tapşırıqlar uğurla yerinə
yetirilir
Ölkə iqtisadiyyatının lokomotivi
sayılan neft sənayesinə dövlət
qayğısının artırılması, neftçilərin
rifah halının yaxşılaşdırılması
üçün məqsədyönlü tədbirlər həyata
keçirilir. Bundan əlavə, ölkə Prezidenti İlham Əliyevin
diqqət və qayğısı sayəsində Dövlət
Neft Şirkətinin modern bir quruma çevrilməsi, neft sənayesinin
maddi-texniki bazasının xeyli gücləndirilməsi,
mütərəqqi texnologiyaların tətbiqinə diqqətin
daha da artırılması neft sənayesinin sürətli
inkişafına imkan yaradır. Bütün bunların nəticəsidir
ki, son illər neft və qaz hasilatına dair dövlət
tapşırıqları vaxtından əvvəl və
artıqlaması ilə yerinə yetirilir...
Neft
sənayesində əldə olunmuş uğurlardan
"Azneft" İstehsalat Birliyinin Hacı Zeynalabdin
Tağıyev adına Neft və Qazçıxarma İdarəsinin
kollektivinə də xüsusi pay düşür. Artıq uzun
illərdir ki, bu qocaman neft və qazçıxarma müəssisəsinin
adı ölkəmizin neft sənayesinin qabaqcılları
sırasında çəkilir. İdarə üzrə neft və
qaz hasilatına dair proqnoz tapşırıqlar vaxtından əvvəl
və artıqlaması ilə yerinə yetirilir, neftçilərin
rifah halının yaxşılaşdırılması sahəsində
mühüm tədbirlər həyata keçirilir. Bu
baxımdan 2011-ci ilin birinci rübünü adı çəkilən
idarənin kollektivi üçün uğurlu hesab etmək
olar. Elə müəssisənin cari ilin ilk üç
ayının təsərrüfat fəaliyyətinin nəticələri
də bunu deməyə əsas verir. Belə ki, hesabat
dövründə idarə üzrə 16400 ton əvəzinə
16717 ton neft hasil edilərək proqnoz
tapşırığı 101,9 faiz yerinə yetirilmişdir. Bundan
əlavə, birinci rübdə 16625 tondan artıq "qara
qızıl" təhvil verən neftçilər bu göstərici
üzrə də yüksək nəticə əldə
etmişlər.
H. Z.Tağıyev adına NQÇİ-nin qaz hasilatı və təhvili üzrə əldə etdiyi göstəricilər isə daha uğurlu olmuşdur. Belə ki, cari ilin birinci rübündə idarə üzrə 900 min kubmetr əvəzinə 1 milyon 310 min kubmetr qaz hasil edilərək dövlət proqnoz tapşırığına 145,5 faiz əməl olunmuşdur. Bununla yanaşı, yanvar-mart aylarında dövlətə 1 milyon 240,4 min kubmetr səmt qazı təhvil verilmişdir ki, bu da tapşırığın 229,7 faiz yerinə yetirilməsi deməkdir.
H. Z.Tağıyev adına NQÇİ "Buzovna-Maştağa", "Qala", "Köhnə Qala" və "Zirə" yataqlarının istismarını həyata keçirir. Adı çəkilən yataqlar uzun illər istismarda olmasına baxmayaraq, ehtiyatlar hələ tükənməyib. Mütəxəssislərin rəyinə görə, bu yataqlarda çıxarılması mümkün olan təqribən 14-15 milyon ton neft ehtiyatları mövcuddur. Məhz buna görə də işlənmənin son mərhələsində olan həmin yataqlarda hasilatın sabit saxlanması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Məlumat üçün bildiririk ki, hazırda H. Z. Tağıyev adına NQÇİ-nin istismar fondunda 221 quyu var. İstismar fondundakı quyuların 153-dən neft çıxarılır. Həmin quyulardan 125-i ştanqlı dərinlik nasosu, 17-si elektrik dalma nasosu, 10-u erlift üsulu ilə istismar olunur. Bir quyudan isə neft fontan üsulu ilə çıxarılır. 2011-ci ilin üç ayında fəaliyyətsiz fonddan 5 quyu istismara daxil edilmiş, bunun da hesabına 330 ton əlavə neft çıxarılmışdır. Bundan əlavə, 2010-cu ildə qazmadan alınmış 1 quyu da hazırda uğurla istismar olunur.
Birinci rüb ərzində mədənlərdən çıxarılan neftin 98,3 faizi keçici, 1,7 faizi isə fəaliyyətsiz fondun payına düşmüşdür. H. Z. Tağıyev adına NQÇİ-nin istismar etdiyi yataqlarda neftin əsas hissəsi ştanqlı dərinlik nasosu ilə çıxarılır. Yanvar-mart aylarında sözügedən üsulla 9324 ton neft hasil olunmuşdur ki, bu da idarə üzrə çıxarılan ümumi neftin 55,9 faizini təşkil edir. Bundan əlavə, hesabat dövründə neftin 27,8 faizi erlift, 16,2 faizi isə elektrik dalma nasosu, 0,2 faizi isə fontan üsulu ilə çıxarılmışdır.
Son illər ölkə Prezidenti İlham Əliyev Dövlət Neft Şirkəti qarşısında neft və qaz hasilatının artırılması kimi mühüm vəzifə qoymuşdur. Bu vəzifənin yerinə yetirilməsi neftçilərin məsuliyyətini birə-beş artırır. Dövlət Neft Şirkəti və "Azneft" İstehsalat Birliyi rəhbərliklərinin diqqət və qayğısını daim hiss edən neftçilər də öz növbəsində tapşırılan bütün işlərin öhdəsindən layiqincə gəlməyə çalışırlar. İdarə üzrə neft və qaz hasilatına dair tapşırıqları vaxtında və artıqlaması ilə yerinə yetirmək üçün bütün imkanlar səfərbər olunmuşdur. Hər şeydən əvvəl, neft hasilatının səviyyəsini sabit saxlamaq məqsədilə geoloji-texniki tədbirlərin sayı xeyli artırılmışdır. Belə ki, cari ilin üç ayında nəzərdə tutulmuş 150 əvəzinə 186 texniki tədbir həyata keçirilmiş, bunun da hesabına 500 tona qarşı 1568 ton neft hasil olunmuşdur. Bundan əlavə, hesabat dövründə mədənlərdə aparılmış 41 geoloji tədbir hesabına 821 ton neft çıxarılmışdır. Hasilatın səviyyəsini sabit saxlamağın əsas şərtlərindən biri də quyuların ahəngdar rejimdə işləməsini təmin edən yeraltı və əsaslı təmirlərin vaxtlı-vaxtında aparılması ilə bağlıdır. 2011-ci ilin üç ayı ərzində idarənin istismar etdiyi quyularda 300 yeraltı və 144 əsaslı təmir işləri aparılmışdır ki, bu da nəzərdə tutulduğundan xeyli çoxdur.
H.Z.Tağıyev adına NQÇİ üzrə yeni infrastruktur obyektlərinin inşası istiqamətində də son zamanlar mühüm işlər görülür. 2011-ci ilin birinci rübü ərzində "Qala" yatağındakı neft-yığım məntəqələri üçün iki inzibati bina tikilərək istifadəyə verilmişdir. Bundan əlavə, adı çəkilən yatağın 5-ci sahəsində yeni inzibati binanın inşası başa çatdırılmışdır. Yaxın günlərdə həmin bina neftçilərin istifadəsinə veriləcəkdir. İdarənin istismar etdiyi "Köhnə Qala" yatağında inşa olunmuş inzibati bina isə artıq neftçilərin sərəncamındadır. Eyni zamanda, idarənin balansında olan bütün mədənlərin inzibati binalarında təmir işləri aparılmış, ətraf ərazilər abadlaşdırılmışdır.
Hazırda "Buzovna-Maştağa" yatağı üzrə mühüm bir layihə həyata keçirilir. Belə ki, buradakı mövcud neft-yığım məntəqəsi istismar müddətini başa çatdırdığına görə yenisinin tikintisinə zərurət yaranmışdı. Tikintisi sürətlə davam etdirilən yeni neft-yığım məntəqəsinin isə ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.
Cari ilin birinci rübündə H.Z.Tağıyev adına NQÇİ-nin əsas inzibati binası da əsaslı təmir olunmuş, dam örtüyü dəyişdirilmişdir. İdarənin bütün otaqları ən müasir mebel və məişət cihazları ilə təchiz olunmuşdur. Bundan əlavə, idarə üzrə vahid internet şəbəkəsi yaradılmış, yeni kompyuterlər alınmışdır. Əsas binada Azərbaycanın neft strategiyasının müəllifi, ölkə neftçilərinin sevimlisi ulu öndər Heydər Əliyevin büstü qoyulmuş, ümummilli liderin neft sənayesinin inkişaf etdirilməsi üçün göstərdiyi titanik fəaliyyətin ayrı-ayrı məqamlarını əks etdirən fotolardan ibarət muzey yaradılmışdır.
Son illər neftçilər mədən ərazilərinin abadlaşdırılması, neftlə çirklənmiş sahələrin təmizlənməsi ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirirlər. Ölkə Prezidenti İlham Əliyevin 2010-cu ili "Ekologiya ili" elan etməsindən sonra bu vacib iş xeyli intensivləşmişdir. Təkcə ötən il neft tullantılarından təmizlənmiş 10 hektar sahədə 4500-dən artıq zeytun, şam, çinar və tuya ağacı əkilmişdir. Bu işlər cari ilin birinci rübündə də davam etdirilmiş, "Köhnə Qala" yatağının ərazisindəki təbii gölün ətrafı təmizlənmişdir. İdarə üzrə həyata keçirilən yaşıllaşdırma tədbirləri çərçivəsində ayrı-ayrı sahələrdə mindən çox ağac əkilmiş, mövcud yaşıllıqlara qulluq göstərilmişdir. Bütün bunlar isə onu deməyə əsas verir ki, bu ərazilər yaxın vaxtlarda tamamilə yaşıllığa, abad və yaraşıqlı bir guşəyə çevriləcək.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2011.- 22 may.-S. 3.