Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu və memarıdır.

 

 (əvvəli qəzetin 5 may 2011-ci il tarixli sayında)

 

Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən dahi rəhbər ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. İttifaq səviyyəsində mövcud olan iqtisadi əlaqələr dağıldıqdan sonra milli iqtisadiyyatın dirçəldilməsi üçün ölkənin malik olduğu təbii resurslardan istifadə edilməsi və milli məhsulların xarici bazarlara çıxışının təmin edilməsi mühüm əhəmiyyət kəsb edirdi. Məhz belə bir dövrdə, Azərbaycanın zəngin neft ehtiyatlarının mövcudluğunu nəzərə alan ümummilli lider Heydər Əliyev, müasir dinamik inkişafımızın əsasını təşkil edən yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin təminatçısı oldu. "Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir", deyən dahi Heydər Əliyev bu məqsədin reallaşması üçün lazım olan hər şeyi etdi və Azərbaycanı sürətlə inkişaf edən bir ölkəyə çevirdi. 

 

Hamımıza məlumdur ki, 20 sentyabr 1994-cü ildə Bakı şəhərində Xəzər dənizinin Azərbaycana aid sektorunda yerləşən "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə istismarı ilə bağlı neft hasilatı üzrə ixtisaslaşmış, yüksək nüfuza malik dünya dövlətlərini təmsil edən 12 iri neft şirkəti arasında beynəlxalq müqavilə imzalandı və bununla da Azərbaycanın yeni neft strategiyası uğurla həyata keçirilməyə başlandı. Bağlanmış müqavilələr Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi.

Ölkəmizin iqtisadi inkişafında əvəzsiz rol oynayan və sonradan "Əsrin müqaviləsi" adlandırılan bu iri layihə üzrə ilkin neft 12 noyabr 1997-ci ildə hasil edildi. Təqribən 730 milyon ton neft və 200 milyard kubmetrə yaxın təbii qaz ehtiyatına malik olan yataqlarda görüləcək işlərə 12-14 milyard ABŞ dollarına yaxın investisiya qoyuluşu nəzərdə tutulurdu ki, bu da müstəqilliyini yenicə əldə etmiş Azərbaycan Respublikası üçün çox vacib məsələ idi. "Əsrin müqaviləsi" üzrə hasil edilən Azərbaycan neftinin dünya bazarlarına ixracı üçün ilkin dövrlərdə Bakı-Novorossiysk və Bakı-Supsa neft boru kəmərlərindən istifadə olunurdu. Lakin yaxın illərdə müqaviləyə daxil olan yataqlar üzrə illik hasilatın 50 milyon tona çatdırılacağını nəzərə alan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə daha böyük nəqletmə imkanına malik ixrac marşrutları araşdırıldı və optimal variant kimi Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri seçildi. Məhz buna görə də layihənin həyata keçirilməsində fenomen siyasətçi Heydər Əliyevin əvəzsiz xidmətlərini nəzərə alan layihə iştirakçıları 2004-cü ildə BTC əsas ixrac boru kəmərinə Heydər Əliyevin adının verilməsi barədə qərar qəbul etdilər. Beləliklə, "Üç dənizin əfsanəsi" adlandırılan BTC layihəsi reallığa çevrilərək xalqımızın maddi rifah halının yaxşılaşdırılması və doğma Azərbaycanın qüdrətli dövlət olmasına öz töhfəsini verməkdədir.

Ümumilikdə neft strategiyası ilə sürət götürən inkişaf dinamikası sonrakı illərdə də daha genişmiqyaslı formada davam etdirildi. 1995-1998-ci illər əsasən müvafiq normativ hüquqi bazanın yaradılması ilə yadda qalsa da, bu dövrdə həm də dövlət mülkiyyətinin özəlləşdirilməsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi və s. istiqamətlərdə dövlət proqramları qəbul edilmişdir. Bazar iqtisadiyyatı şəraitində iqtisadi inkişafın əsas amilinin özəl mülkiyyət və sahibkarlığın müxtəlif formalarının təşəkkül tapması olduğunu çox düzgün qiymətləndirən dahi şəxsiyyət Heydər Əliyev ölkədə stabilliyə nail olunan kimi sahibkarlığın inkişaf etdirilməsinə xidmət edən qərarlar qəbul etdi. Bu sahədə görülən işlərin əsl mahiyyətini qiymətləndirmək üçün ümummilli lider Heydər Əliyevin hələ 1996-cı ildə söylədiyi bir fikri yada salmaq məqsədəuyğun olardı: "Bir Prezident kimi, mən iqtisadiyyatda dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara bərabərlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılması zəruridir. Bu, dövlət siyasətimizin əsas prinsipləri olur".

Məhz bu diqqət və qayğının nəticəsidir ki, ölkədə yerli sahibkarlıq fəaliyyəti ilbəil genişlənir, möhkəmlənir və dövlət büdcəsinin əsas gəlir mənbələrindən birinə çevrilir. Artıq başlıca məqsəd bu mühüm sahənin inkişafını genişləndirməklə ölkənin sosial-iqtisadi inkişafında əhəmiyyətini artırmaqdan ibarətdir. Bu məqsədə nail olmaq üçün dövlət başçısı möhtərəm Heydər Əliyev təkcə 2002-ci ilin avqust-sentyabr aylarında altı mühüm fərman imzalamışdır. Bu tarixi fərmanların qəbul edilməsi mahiyyət etibarı ilə, ilk növbədə ölkəmizin sosial-iqtisadi durumunun keyfiyyətcə yeni inkişaf mərhələsinə qalxmasında böyük potensiala malik milli sahibkarlığın qarşısında konkret vəzifələr qoyaraq onun həlledici rolunu daha da gücləndirdi. Məhz həmin dövrdə məqsədyönümlü formada həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir ki, artıq sahibkarlıq iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrilərək istər məşğulluğun təmin olunması, istərsə də büdcə gəlirlərinin artırılması istiqamətində öz bəhrəsini verməkdədir.

Hazırda isə dövlətimizin sosial-iqtisadi inkişafı və digər istiqamətlərdə əldə edilən uğurlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev kimi dahi şəxsiyyətdən idarəetmə sahəsində zəngin təcrübə toplamış cənab İlham Əliyevin yüksək idarəçilik keyfiyyətləri ilə bağlıdır. Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında təbii-iqtisadi imkanlardan istifadə etməklə çox güclü və dayanıqlı bir iqtisadiyyat formalaşmışdır. İstər ümumi iqtisadi göstəricilərdə, istərsə də sənaye, kənd təsərrüfatı, sosial və s. sahələrə dair göstəricilərin dınamik formada dəyişməsi, ilbəil artması ölkəmizin iqtisadi qüdrətini və inkişaf tempini xarakterizə edir. Eyni zamanda, dünyada davam edən iqtisadi böhran nəticəsində ayrı-ayrı ölkələrin iqtisadi vəziyyətinin pisləşdiyini, ÜDM həcminin azaldığını, investisiya qoyuluşları və kreditlərin cəlb edilməsi imkanlarının məhdudlaşdığını, bir çox ölkələrin milli pul vahidlərinin devalvasiya edildiyini, işsizlik səviyyəsinin artdığını və bütün bunların Azərbaycanda ciddi formada hiss edilmədiyini nəzərə alsaq, ölkəmizin iqtisadi qüdrətini daha aydın təsəvvür etmək olar. Uzağa getmədən, MDB ölkələrinin timsalında iqtisadi böhranın ümumi mənzərəsi ilə tanışlıqdan aydın olur ki, bir çox qonşu respublikalarda iqtisadi vəziyyət kəskin pisləşmiş və 2009-cu ilin əvvəlindən həmin ölkələrin iqtisadi durumunu xarakterizə edən makroiqtisadi göstəricilər aşağı düşmüşdür. Konkret olaraq bu ölkələrdə ÜDM 9 faiz, sənaye istehsalı 14 faiz, o cümlədən, ölkələr üzrə, Rusiyada 14 faiz, Qazaxıstanda 1,5 faiz, Belarusda 4,6 faiz, Qırğızıstanda 12,7 faiz, Ukraynada 29,6 faiz və s. azalmışdır. Təsadüfi deyil ki, artıq öz iqtisadi inkişaf yolu olan, qlobal maliyyə böhranının təsirini minimum həddə endirməyi bacaran Azərbaycanın uğurları bütün dünyada diqqətlə izlənilir və ölkəmızin inkişaf tempini təmin edən şərtlər geniş təhlil olunur. Bunu son vaxtlar dünyanın aparıcı mətbu orqanlarında Azərbaycanın iqtisadi artımına dair dərc olunan yazılardan, beynəlxalq reytinq agentliklərinin ölkəmizə verdiyi qiymətlərdən də əyani görmək mümkündür. Bütün bu uğurlar isə cənab İlham Əliyevin dediyi kimi, Azərbaycana imkan verir ki, makroiqtisadi sabitliyi qoruyaq, ölkədə gedən bütün sosial proqramları, bütün infrastruktur layihələrini vaxtında icra edək.

Sevindirici haldır ki, ölkəmizdə 2011-ci ilin I rübündə də bu uğurlar davam etdirilmişdir. Belə ki, həyata keçirilən uğurlu daxili və xarici iqtisadi siyasət nəticəsində 2010-cu ildə ÜDM həcmi 41 milyard manatı ötmüşdür. Strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 50 faiz artaraq 29 milyard dollara çatmışdır ki, bu da ölkənin dayanıqlı inkişafı üçün möhkəm zəmindir. 2010-cu il ərzində 51 milyon ton neft, 27 milyard kubmetr qaz hasil edilmiş, sənaye istehsalı 2,6 faiz artmışdır. Hökumətin iqtisadi siyasətində prioritet sahə olan qeyri-neft sektorunun dinamik inkişafı da 2010-cu ildə davam etmiş və bu sahədə real artım tempi ümumi artım tempini üstələyərək 7,6 faiz, o cümlədən, qeyri-neft sənayesində 6,6 faiz, rabitədə 29,7 faiz, nəqliyyatda yük daşınması 3,1 faiz artmışdır. Eyni zamanda, paralel olaraq, qeyri-neft sektorunda sənayeləşmə siyasəti davam etdirilmiş, yeni və müasir texnologiyalara əsaslanan elektrotexnika, əlvan metallurgiya, maşınqayırma, emal, tikinti materiallarının istehsalı da daxil olmaqla, il ərzində 60 sənaye müəssisəsi istifadəyə verilmişdir. O cümlədən, 80-dən çox sənaye müəssisəsinin tikintisi davam etdirilir ki, bu da gələcəkdə daha miqyaslı uğurlara imkan verəcəkdir.

Hər zaman olduğu kimi, 2010-cu ilin də prioritet məsələlərindən biri regionların sosial-iqtisadi inkişafı olmuşdur. İl ərzində 2009-2013-cü illəri əhatə edən regional inkişaf proqramı çərçivəsində 2010-cu il üçün müəyyənləşdirilmiş işlər uğurla başa çatdırılmışdır. Nəticədə ötən il 53 mini daimi olmaqla 70 mindən çox iş yeri açılmışdır. Ümumilikdə isə regional inkişaf proqramlarının icrasının başlanmasından, yəni 2004-cü ilin fevralından bu günə qədər ölkəmizdə 900 mindən artıq iş yeri açılmışdır ki, bu da işsizliyin aradan qaldırılması üçün, demək olar, əsas amildir. Bununla bərabər, iş yerlərinin açılması, yeni müəssisələrin işə salınması nəticəsində ölkə daxilində istehsal olunan əmtəələrin sayı, həcmi və çeşidi artır ki, bu da istər daxili bazarda tələbatın ödənilməsi, istərsə də ölkəmizin ixrac potensialının yüksəldilməsi baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.

Milli iqtisadiyyatın və yerli istehsalın inkişafı nəticəsində 2010-cu ilin 11 ayı ərzində 145 ölkə ilə ticarət aparılmış, xarici ticarət dövriyyəsi 34,8 faiz artaraq 25,1 milyard dollar təşkil etmiş, 13,7 milyard dollar müsbət saldo əldə edilmişdir. Xüsusilə, qeyri-neft ixracında 16 faizdən çox artım qeydə alınmışdır. İnsanların normal yaşayışı üçün xüsusi əhəmiyyət kəsb edən sosial sektorda müxtəlif obyektlər, o cümlədən 45 səhiyyə müəssisəsi, 70-dən çox məktəb binası tikilmiş və təmir edilmişdir.

Əlbəttə, ölkəmizin bütün sahələrdə, o cümlədən maliyyə sahəsində 2010-cu ildə əldə etdiyi uğurlar qarşıdakı illər üçün daha genişmiqyaslı tədbirlərin planlaşdırılmasına və reallaşdırılmasına imkan verəcəkdir. Artıq iqtisadi sahədə əldə edilən uğurlar davamlı xarakter almışdır ki, bunu NK-nın iclasında səslənən fikirlər də bir daha təsdiq edir. Belə ki, iclasda qeyd edilən fikirlərdən aydın olur ki, son 10 il ərzində ölkədə real iqtisadi artım 4 dəfə olmuş, ixracın həcmi 15 dəfədən çox, dövlət büdcəsi 15 dəfəyə qədər, investisiya xərcləri 96 dəfə, strateji valyuta ehtiyatları isə 31 dəfə artmışdır, bank aktivləri 15, əhalinin əmanətləri isə 36 dəfə çoxalmışdır. Bu müddətdə, eyni zamanda, bank sektoru dayanıqlılığını qorumuş və inkişafını davam etdirmiş, bank aktivlərinin orta illik artım tempi 25 faiz, əmanətlərin artım tempi 20 faizdən çox olmuşdur. 2010-cu il ərzində əhalinin əmanətləri 23 faiz, bütövlükdə bank aktivləri, kreditlər və məcmu kapital 8 faizdən çox artmışdır. Eyni zamanda, il ərzində 2435 nəfərə, o cümlədən 473 nəfərə güzəştli şərtlərlə kredit verilmişdir ki, bundan da 6200 ailə faydalanmışdır.

Təbii ki, bütün bunlar Azərbaycan xalqının xilaskar oğlu, dünya şöhrətli siyasətçi Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan iqtisadi strategiyanın real nəticələridir.

 

 

İsa ALIYEV,

AMEA İqtisadiyyat İnstitutunun

direktoru, iqtisad elmləri doktoru,

professor

 

Aqil ƏSƏDOV,

İqtisadiyyat İnstitutunun şöbə

müdiri, iqtisad elmləri namizədi

 

Xalq qəzeti.- 2011.- 22 may.- S. 3.